Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çörçill Uinston-şlyapalı adam

Cənab Uinston Çörçill (Sir Winston Leonard Spencer-Churchill) həqiqətən da sitayiş olunası şəxsiyyətdir və onun - Nyuton, şahzadə Diana, Şekspir, Darvin və Con Lennon kimi görkəmli ingilislərlə bir sırada durması labüddür. Özünün 90 illik ömründə, o, bənna və bağ memarının yanında öyrənmiş, zabit və hərbi müxbir, redaktor və rəssam, yazıçı və tarixçi olmuş, 25 yaşından isə siyasi yola qədəm qoymuş, yarım əsr Britaniya Krallığı hökumətinin həyatını müəyyən etmişdir. O, dünya tarixinin görkəmli siyasi simalarından biri və bütün XX əsrin aqibətinə təsir göstərən siyasətçi olmuşdur.
Rəqs gecəsindəki uğurlar
1874-cü ilin payızında Londonun «Tayms» qəzetinin birinci səhifəsində Malboro hersoqları ailəsində növbəti övladın anadan olması haqqında xəbər yayılmışdı: «Noyabrın 30-da Blenxeym imarətində xanım Rendolf Çörçill vaxtından əvvəl doğmuşdur». Vaxtından əvvəl, ona görə ki, zahı vəziyyətinə düşməyə 2 ay qalmış, zalda həddindən artıq rəqs elədiyinə görə, özünü çox çətinliklə qarderob otağına çatdıra bilmişdir. Yeddiaylıq uşaq kürən və gursəsli idi - о hadisənin şahidləri sonradan belə xatırlayırdılar ki, doğum evində, hələ bu qədər gur uşaq səsi eşitməmişdilər. Bu oğlan uşağına Uinston Leo­nard Spenser adı qoyuldu, ancaq evdə Vinni çağırırdı.
Çörçillərin uzunəsrli qəbilə şəcərəsinə görə, Uinston cənabının qanında, İstilaçı Vilhelmin normandiyalı silahdaşlarının və pirat Frensis Dreykin ulu babalarının babasının genləri qarışmışdır, amerikan anası tərəfdən isə prezident Ruzveltin ailəsi ilə qohumluğu məlum olmuşdur. İyirmi yaşına qədər Uinston ümidvar idi ki, Malboro titulunu və üstəlik qədim mülkü də alacaq, lakin birbaşa varis doğulduğuna görə qardaş oğlunu varislikdən məğmun etdilər.
Ata-Çörçillin başı si­yasi fəaliyyətə qarışmış, anası isə kübar həyat sürdüyündən, balaca Vinninin tərbiyəsi evdəki mürəbbiyə qadının üzərinə düşürdü. О vaxtın zadəgan və aristokrat ailələrində bu cür qayda, ənənəvi şəkil almışdı və bununla belə «ikinci anası» - sevimli Everest xanıının portreti Çörçillin ölümünədək onun iş otağını zinətləndirmişdir.
balaca ÇörçillUşaqda digər tərbiyəçisi haqqında isə dəhşətli xatirələr qalmışdır: Askotdakı özəl hazırlıq məktəbinin direktoru, keçmiş İngiltərənin xeyirxah ənənələrinə uyğun olaraq, şagirdlərini müntəzəm surətdə çubuqla döyərdi. О vaxtlar ibtidai siniflərdə təhsil verməkdən daha çox təlim-tərbiyə ilə məşğul idilər, çubuqla döyülmə ən etibarlı üsul hesab olunurdu və bununla belə inadkar, həm də, heç bir nizam-intizamı qəbul etməyən yeniyetmə, söyüd çubuqlarının elastikliyini tamamilə dərk etməli olmuşdu. Hər hansı zorakılığı qəbul etməyən, xüsusən də döyülərək təhqir olunan Çörçillin heysiyyatı о qədər yüksək idi ki, həddi-büluğa çatar-çatmaz, yeganə bir məqsədlə Askota yola düşür ki, keçmiş düşməninin cəzasını versin. An­caq uşaqlıq incikliyi intiqamsız qaldı: müəllimi artıq dünyasını dəyişmişdi, məktəbə gedən yo­lu isə ot basmışdı.
Yüksək təbəqəyə aid «qapalı» məktəblər (İton, Kembric, Xarrou), avara həyat keçirən gənclərin təkcə universitetə daxil olmasını hazırlamaqla yanaşı, həm de buraxılış tələbələrinin, ingilis cəmiyyətinin ali təbəqələrinə mənsub olması haqqında attestat və şəhadətnamə verirdi. Çörçillər ailəsinin kişiləri üçün belə məktəbin İton olmasına baxmayaraq, Xarrou məktəbində tələblərin mülayimliyinə və təhsil alma şərtlərinin sadəliyinə görə, Uinstonun, müstəsna olaraq, bu məktəbdə oxuması məsləhət bilindi. Gənc Çörçill, qəbul imtahanı zamanı ayrılmış iki saat ərzində, vərəqdə «1» rəqəmi yazmaqla kifayətlənmiş, onu da mötərizəyə alaraq, yağlı ləkələr salmış və bütün sənədi mürəkkəblə bəzəmişdir. Belə bir vəziyyətdə, başqa bir abituriyenti boynundan tutub dərhal qova bilərdilər, ancaq bu, Malboro nəslinin. nümayəndələrinə aid deyildi (Böyük Britaniyanın məktəblərində pul və titullar həmişə həlledici əhəmiyyət kəsb etmişdir).

Dəbdəbəli gənclik
300 il ömrü olan və Londonun tarixi yerlərində yerləşən Xarrou məktəbinin yarısı bu gün xatirə yerinə çevrilib – cənab Çörçill isə, həmin məktəbin xüsusi iftixarı hesab olunur. Gənc Uinstonun simasında, məktəb tamamilə avara bır şagird tapdı - oxumamaq arzusunu hərtərəfli nümayiş etdirərək, o, latın və yunan dillərinin öyrənilməsində, əlifbanı bilməkdən başqa, heç bir şeyə nail olmadı, dəqiq elmlərdən isə zəhləsi gedirdi. Doğrusu, Vinninin möhkəm yaddaşı var idi, ancaq o, yaddaşından, Şekspiri dəqiqliklə sitat gətirməyən müəllimləri susdurmaq üçün istifadə edərdi. Onun sevdiyi şeylərdə: ancaq at üstündə gəzməkdə, müxtəlif cür atüstü oyunlarda, natiqlik sənətində, ingilis dilini mükəmməl bilməkdə müvəffəqiyyət qazanırdı (bununla yanaşı, Çörçill uşaqlıqdan pəltək idi və bir neçə hərfi tələffüz edə bilmirdi).
Əlbəttə, valideynləri həyəcan keçirirdilər: axı, oğlunun vəkil, yaxud hüquqşünas olması haqqında ümidləri, atasının gözü qabağında puça çıxırdı. Zadəganlar üçün münasib. olan axırıncı variant - uşaqlıqdan sayıqladığı əsgərlik karyerası (onun ən sevimli oyuncaqları min beş yüz ədəd qalaylı əsgərciklər idi) qalırdı. Xarrouda axırıncı tədris illərində, Uinston, hərbi məktəbə daxil olmağa hazırlıq keçən siniflərdə məşğul olurdu.
Təhsilində olan qüsurlar özünü büruzə verməyə bilməzdi - Çörçill, Sandxerst məktəbində qəbul imtahanlarında iki dəfə müvəffəqiyyətsizliyə uğramışdı. Lakin buna baxmayaraq, bir il yarımdan sonra, məktəbi ləyaqətlə qurtarmaq naminə, üçüncü dəfə qəbul olunur. Bu­nunla bərabər, atasının ona qarşı münasibəti yaxşılaşmadı. Cənab Rendolf oğlunu piyada zabit kimi təsəvvür edirdi və buna görə də, o, Kormaut hersoqu vasitəsi ilə oğluna, seçmə polkda ehtiyat üçün yer saxlatdırmışdı. Ancaq Uinston süvari qoşunda xidmət etməyi daha üstün tuturdu. Bununla bərabər, təhsilin qiyməti dəfələrlə artmışdı, axı, süvarilərə bir neçə at saxlamaq tələb olunurdu (xidmət üçün, atüstü oyun və idman üçün, ənənəvi ov üçün), ancaq Çörçillər ailəsinin büdcəsinə bu cür xərclər münasib deyildi.
Uinstonun Krallıq nəzdində olan hərbi məktəbi qurtarması və ona hərbi zabit rütbəsi verilməsi münasibəti ilə yaranan sevinci qəmlə nəticələndi - 1895-ci ilin yanvarında 45 yaşlı atası dünyasını dəyişdi. Oğlu ancaq indi dərk etdi ki, cənab Rendolf onun həyatında hansı rolu oynayırdı və sonralar etiraf etdiyi kimi, məhz atasının işini davam etdirməsi ilə əlaqədar on­da siyasi meydana addım atmaq meyli oyanmışdı.
İyirmi yaşlı Uinston üçün daha bir həqiqət açıqlandı: tələsmək lazımdır, axı, vaxt tez ötüb keçir! (Əlavə edək ki, tale Çörçill üçün əliaçıq oldu ona atasından düz iki dəfə çox ömür ayırdı.)
Çörçill dörd müharibə iştirakçısıdır
gənc ÇörçillGənc zabitin etibarlı karyera yüksəkliyi üçün cəbhə xəttinə düşmək ehtiyacı var idi. Krım kampaniyasından sonra İngiltərə heç bir ölkə ilə müharibə aparmırdı, həm də ətrafda sakitlik hökm sürürdü. Təkcə Kubada ispanlar yerli üsyançılarla vuruşurdular və Çörçill qeyri-adi inadkarlıq göstərərək, yad bir orduya düşdü (atasının əlaqələri lazım gəldi - ispan səfiri mərhum dostunun oğluna icazəverici viza aldı). Madam ki, atasının ölümündən sonra ailələri fəlakətli vəziyyətə düşmüşdür, Uinston əlavə gəlir probleminin qayğısını çəkməli oldu (zabit məvacibi onların gen-bol yaşamasına icazə vermirdi) və o, özünü hərbi müxbir kimi London qəzetinə təklif etdi. Hərbi əməliyyat meydanından reportaja görə, olduqca layiqli qonorar vəd edərək, təklifini qəbul etdilər: illik zabit məvacibi 120 funt sterlinq olduğu hal­da, hər məqaləyə 10 funt cəlbedici məbləğ idi.
Süvari leytenant Çörçill Kubaya gələrək, tezliklə ilk döyüşdə iştirak etməyə icazə aldı - aksiya zamanı onunla yanaşı, bir neçə əsgər bihuş vəziyyətinə düşmüşdü. Uinstonun öz dözümlülüyünə qəti inamı var idi, axı,bu döyüş onun 21-ci ad gününə təsadüf edirdi. Çörçillin hərbi reportajları daha çox öz igidliyi haqqında idi. О, baş verməkdə olan hadisələri təhlil etmək həvəsində olmayaraq, ancaq hekayəçinin coşğun intonasiyası və hadisə şahidinin iti baxışlar;, jurnalist diletantlığı diqqəti cəlb edirdi. Geri qayıtması ilə əlaqədar, tanınmış şəxslər tərəfindən onu ziyafətlərə dəvət edirdilər. Uinstonun xidmət etdiyi polku 1896-cı ilin avqustunda Hindistana yola saldılar - Çörçill aparıcı Britaniya qəzetlərinin sifarişini götürüb, növbəti müharibəyə yola düşdü. Ancaq Bombeydə və Banqalorda darıxdırıcı qarnizon xidmətindən başqa heç bir şey baş vermirdi - zabitlər vaxt keçirərək, əsgərlərə təlim verirdilər. Çörçill demək olar ki, əsl müharibənin barıt tüstüsünü iyləməkdən ümidini kəsmişdi. Lakin gözlənilmədən cəngavər puştunların üsyan qaldırmaları ilə əlaqədar, o, səkkiz ay yəhərdən düşməyərək, qanlı döyüşlərdə iştirak etdi. Hind kampaniyasının gedişindən alınmış təcrübə onu tələsik reportajlar verməməyə cəlb edərək, ədəbi debütə gətirib çıxartdı. 1923-cü ildə birinci kitabının buraxılması ilə, Çörçill özünü çox maraqlı yazılar təqdim edən yazıçı kimi göstərdi.
Hollandiyanın varlı müstəmləkəsini ələ keçirmək məqsədi ilə, 1899-cu ildə4Böyük Britaniya dövləti Cənubi Afrikada müharibəyə başlaması ilə əlaqədar, Çörçill peşəkar jurnalist rütbəsində səfərə yola düşür: məzuniyyət və yol xərclərini nəzərə almayaraq, 250 funt məbləğində maaş alması, onun özünü tamamilə qeyri-adi şəxsiyyət kimi hiss etməsinə imkan verirdi. Nəticədə Çörçillin qeyri-adiliyi onu xi­las etdi: ingilislərin uğursuz hərbi əməliyyatları zamanı, o, mauzer əlində, mülki paltarda, burlara əsir düşür və bu cür şəxsləri, müharibə qanunlarına görə, məhkəməsiz və istintaqsız güllələyirdilər, ancaq onun üçün müstəsnalıq etdilər: lord oğludur - qeyri-standart şəxsiyyətdir. O, hansısa möcüzə nəticəsində əsirlikdən qaçmağa nail oldu, holland dilində bir söz də bilməyən və camaat arasında itə bilməyən avantüristin başına görə 25 funt sterlinq məbləğində mükafat elan etmişdilər. Çörçilli bu cür ümidsiz halda Allah saxladı - yad bir ölkədə, o, yeganə bir ingilisə rast gəldi, həmvətənlisi onu daş kömür mədənində gizlətməli oldu və sonra isə yük vaqonunda özününkülərə tərəf yola saldı. Cənab Uinstonun: «Kişilik - yaramaz halların təzyiqi altında mənliyi saxlamaq məharətidir» məzmunlu məşhur aforizmi də həmin zaman yaranmışdı. Çörçill, əsirlikdən qaçması ilə bağlı gözlənilməz hadisələri növbəti reportajında təsvir etdi və onun «Morninq Post» qəzetində nəşr edilməsi müəllifi bütün İngiltərədə məşhur etdi.
Onun dördüncü müharibəsi olan Birinci Dünya müharibəsində Çörçill artıq siyasətçi idi. 1915-ci ilin payızında Çörçill dəniz naziri vəzifəsində bir sıra müvəffəqiyyətsizliklər və səhvlərdən sonra öz istefasını elan edərək, kapitan-leytenant rütbəsində qrenaderlərə komandanlıq etmək üçün Almaniyaya yola düşür: döyüşlərdə real iştirak edərək, o, səngər həyatının bürün çətinliklərini əsgərlərlə bölüşmüşdü.

Böyük yollarin mərhələləri
Çöçill 1904-cü ildəSiyasətlə məşğul olmaq, Çörçilli, hələ cavanlıqdan qeyri-iradi surətdə cəlb edirdi: İngiltərədə yaranmış ənənələrə görə, Nümayəndələr Palatasında edilən müzakirələr, ca­maat üçün açıq şəkildə keçirilirdi və gənc Uinston kollecdən daha çox yüksək həvəslə parlament qalereyasına baş çəkirdi.
Hindistan və Afrika hərbi əməliyyatları arasında Uinston cənab Rendolfun əsas prinsipindən istifadə edərək, siyasi fəaliyyətini sınamağa başladı: cəsarətlə hamını tənqid et, birinci növbədə də öz partiyanı. Çörçillin konservatorlar qurultayında söylədiyi nitq səs-küyə səbəb oldu, lakin əsas məqsədə çatmadı - öyüd-nəsihətlə küsdürülmüş partiya veteranları, parlamentə zorla gedən zirək bambılının fikirlərinə qarşı etinasızlıq göstərdilər.
Konservatorlarla bir nəticə əldə etmədiyinə liberal partiyada nail oldu: 1904-cü ildən, şəxsiyyəti ilə maraqlandığı Corc Loydla birlikdə Çörçill ölkədə sosial islahatlar aparmağa başladı. Liberal partiya hökumətində Uins­ton, ticarət nazirindən tutmuş daxili işlər nazirinə qədər bir neçə məsul vəzifələrdə çalışmışdır. «Baş polis» vəzifəsində işləyərkən, fəhlələrin öz hüquqları uğrunda etdikləri nümayişləri yatızdıraraq, Çörçill elə qəddarlıq göstərdi ki, 1911-ci ildə onu tezliklə dəniz nazirliyinə göndərdilər.
Çörçill 1920-ci illərin əvvəllərində yenidən Konservator partiyasının liderlərindən biri oldu. Onu «ora-bura qaçmaqda» günahlandırdıqda, belə cavab verirdi: «Partiyanı dəyişmək - əqidədən dönmək deyildir». O, öz məqsədini giz­li saxlamırdı: nəyə görə nazir olmaq istəyirlər? - Baş nazir olmaq üçün!» Uinston Çörçillin tutduğu vəzifələri nəzərinizə çatdıraq:
1917-1921 - hərbi nazir və aviasiya naziri;
1921-1922 - müstəmləkə işləri üzrə nazir;
1924-1929 - maliyyə naziri;
1939-1940 - hərbi-dəniz naziri;
1940-1945,
1951-1955 - Baş Nazir
Əlbəttə, bu siyahı onun iş fəaliyyətinin an­caq dəyərli olmasını deyil, həm də nə qədər gücçatmaz və uzunömürlü siyasətçi olmasını sübut edir.
1918-ci ildən sonra Kolçaka və Denikinə istinad edərək, Sovet Rusiyasına (Çörçillin genetik olaraq zəhləsi gedən) qarşı dərhal başlanan müdaxilə iflasa uğradı. Müstəmləkə altında qalmış ölkələr üzrə fəaliyyəti zamanı, Yaxın Şərqdə (əfsanəvi Ərəbistanlı Lourensin vasitəsi ilə) müəyyən tərəqqiyə nail olaraq, Ərəb liderləri ilə olan bütün məsələləri nizama salmışdı. İrlandiya terrorçuları ilə apardığı danışıqlar Çörçillin «siyasi qüvvəsinin» zəfər nöqtəsi hesab edilirdi. 1922-ci ilin seçkilərində Konservatorlar partiyası, amansızcasına məğlubiyyətə uğradı. İki il ərzində işsizlikdən əziyyət çəkən Çörçill, milyonçu sponsorun hesabına fəaliyyətə başlayaraq, 100 faizli tərəfdar olan seçki məntəqəsi tapır və müstəqil deputat kimi Nümayəndələr Palatasına qayıdır. Maliyyə naziri vəzifəsinə təyin olunur və maliyyə işlərində tamamilə səriştəsiz olması ölkəni faciəli böhrana gətirib çıxardır.
1930-cu illərin əvvəllərində, 60 yaşına çatmış cənab Uinstonun dövlət işinə qayıtmaq ehtimalı sıfıra bərabər idi. İkinci Dünya müharibəsi ərəfəsində, Britaniya ordusunun yenidən silahlandırılması ilə məşğul olmaqla, o, yüksək müvəffəqiyyətlərə nail oldu (onda istehsala buraxılan ağır tank, silahlar kataloquna «Churchill-crocodile» adı ilə daxil olmuşdur).
İkinci Dünya müharibəsi - Uinston Çörçillin zəfər saatıdır: ölkə üçün ən ağır olan zaman Böyük Britaniyanın Baş naziri vəzifəsinə təyin olunaraq, o, faşizmə qarşı mübarizə şüan altında milləti birləşdirmiş, antihitler koalisiyasının yaranmasında fəal iştirak etmiş, ABŞ prezidenti Ruzveltlə və SSSR-nin lideri Stalinlə birlikdə xalqların və dövlətlərin aqibətini müəyyən etmişdi. Çörçill siyasi fəaliyyətini «soyuq müharibə» nəzəriyyəçisi kimi qurtardı.
Çörçill, özünün siyasətçi adlandırılmasını sevmirdi - «ictimai xadim» kimi müraciət olunmasını daha üstün tuturdu. Onun fikrincə, «ictimai xadim siyasətçidən onunla fərqlənir ki, onlar növbəti seçkilər haqqında deyil, sonrakı nəsillər barədə fikirləşirlər».

Üslub-insan
Çörçill üslub-insandırƏgər xanım Çörçill, onun ərinin nöqsansız geyim sənətinə yiyələnmiş imtiyazlı adamlar sırasına daxil edilməsini bilsəydi, onda bu nailiyyəti əsaslı olaraq özününkü hesab edə bilərdi. Ona görə ki, 1908-ci ildə Klementina Xozyer ser Uinstonun həyat yoldaşı olan zaman, onun 'qarderobunu hərbi frençlər, işə yararlı kombinezonlar və parlamentariyanın «xüsusi geyim»ləri - ənənəvi frak və şlyapa kimi baş geyimlərindən (sovet rəssamları məhz Çörçillin şəklinə baxıb, burjuaziya nümayəndələrinin siya­si karikaturalarını çəkirdilər) ibarət idi.
Çörçillin həyatında müxtəlif tərzdə uğurlarla bir neçə qadın olsa da, bütün ömrü boyu ən vəfalı qadını Klementina - həyat yoldaşı olmuşdur. Həyat yoldaşı ser Uinstona oğlu Rendolfu və Diana, Saru, Meriqold (cəmi üç il yaşayan), Meri kimi qızlan bəxş etmiş və Çörçillin fikrincə, elə bunlar onun həyatına dinclik və rahatlıq gətirmişdi.
Xanım Klementinanın özünə isə həsəd aparmaq bir qədər çətin idi: ona, köhnəlmiş yaramaz vərdişli, patoloji intizamsız, maniakal depressiv əsəb sistemli və çox ağır xarakterli ər qismət olmuşdur.
Ser Uinstonun şüarı aşağıdakı məzmunda idi: «Gündə beş-altı siqar (əslində isə 8-10, arabir 15), üç-dörd stəkan viski və heç bir bədən tərbiyəsi!» Onun siqara olan həvəsi Kubada yaranmışdı, sonralar isə oradan hədsiz miqdarda sifariş edərdi (o, yalnız ehtiyatda 3-4 min siqar olduğu halda özünü rahat hiss edərdi). O, siqarı, demək olar ki, ağzından çıxartmırdı: siqarı yandırmağı yaddan çıxardaraq, sadəcə olaraq, tənbəkini çeynəyirdi, siqarı çəkərək - külünü hara gəlsə tökərdi, söndürülməmiş siqar ilə yuxulayaraq, köynək və şalvarlarını yandırıb deşmişdi (heç olmasa, qarderobun bir hissəsini qoruyub saxlamaq üçün, Klementina ərinə xüsusi yaxacıqlar tikmişdi). Çörçill siqarı hər yerdə və hər vaxt çəkməkdə özünü incitməyi lazım bilmirdi: qitələrarası aviauçuşa görə, siqar üçün deşiyi olan xüsusi oksigenli maska sifariş etmişdi, hətta o, səhər yeməyi zamanı, tənbəki tüstüsündən zəhləsi gedən Səudiyyə Ərəbistanı kralının yanında da siqar çəkmişdi.
Ümumiyyətlə, ser Uinston heç vaxt şəraitlə hesablaşmırdı. Afrikadakı müstəmləkə qoşunlarına nəzarət edərkən, əsgərlərə gündə bir qədər su verildiyi halda, onun könlünə vanna qəbul etmək düşən kimi, paravozun buxar qazanını boşaltmağı əmr verirdi. Həm də Çörçill hər hansı pis işləri, öz xeyrinə həll edə bilən heyranedicı qabiliyyətə malik idi. 1931-ci ildə ABŞ-da mühazirə oxumağa gedən zaman - ya diqqətsizliyinə görə, ya da sol tərəfli yol hərəkətinə vərdiş etdiyinə görə, bəlkə də ona görə ki, dekabr ayının 13-ü idi - maşın altına düşmüşdü. Amma o, 15 yerindən sındığı bir halda güclə özünə gələrək, «Kolyerz» jurnalında «Mənim xoşagəlməz Nyu-York macəralarım» adlı məqaləni diktə etmişdir. Bu rişxəndli esse, az qala bütün Amerika qəzetlərində yenidən dərc olunmuş, müəllifə isə, iki min beş yüz dollar pul gətirmişdi (qonorar, xəstəxanadan sonra Çörçillə həyat yoldaşının və qızının Baham adalarında üçhəftəlik istirahətinin dəyərini bütövlüklə çıxartdı) və bu mühazirəçinin əla istirahətini təmin etdi.
İngilis cəmiyyətində pul haqqında danışmaq, ümumiyyətlə, qəbul edilmir. Çörçill isə, həm siqarının xərclərini, həm də kazinodakı uduşların məbləğini, ucadan hesablamağı sevirdi (qızğın oyunçu kimi, о həmişə «18» və «22» rəqəmlərinə risk edirdi - kiçik qızlarının anadan olduqları tarixlərdir). О başqalarını utandırmağın məftunu idi - hətta o, tünlükdə, böyük aktyordan hərbi filmdəki Çörçill roluna görə aldığı qonorar haqqında soruşanda, olduqca yüksək rəqəmi eşitdikdən sonra, mızıldanaraq demişdi: «Bu miqdarda pula görə, mən özüm, bu rolu daha yaxşı oynayardım!»
Uinston Çörçill ingilis dahisiÇörçillin olduqca qarınqulu olmasını, portret və şəkilləri çox aydın göstərir: o, çox gözəl qurman və epikürçü olmuşdur. Yalta konfransı zamanı, ser Uinston, yüksək dağlardan Vorontsov sarayına gündəlik gətirilən alabalıq balığını о qədər sevirdi ki, hətta özünün qızıl saatını bu işə məsul olan DİXK əməkdaşına hədiyyə vermişdi. Çörçillin şotland viskisinə və Fransanın «Napoleon» konyakına vəfalı olması, bu günlərdə açıq-aydın ödənilmiş reklam kimi qiymətlendirilə bilərdi.
Tamamilə öhdəsindən gəlinməyən qarınqululuq tutması, «qara itlərin yürüşü» vaxtında ser Uinstonu lap əldən salırdı, o, hər dəfə işlərdən kənar qaldıqda, düşdüyü depressiya dövrünü, bu cür adlandırırdı. Bu ağır illərdə Çörçill, kolleksiya yığırdı: siqarın ucunu kəsməkdən ötrü gilyotinləri, kül qablarını, müxtəlif modelli avtomobilləri toplayırdı. O, özünə hər hansı məşğuliyyəti tapırdı: qazonu biçir və mənzərə şəkilləri çəkirdi, yaxud sevimli filmi olan «Xanım Hamiltona» yüzüncü dəfə olsa da baxırdı.


Tarix: 30.11.2014 / 19:14 Müəllif: Aziza Baxılıb: 281 Bölmə: Müxtəlif
loading...