Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağın yuxusu

Yuxu (xüsusən gecə yuxusu) uşaq üçün çox vacib hesab olunur. Məhz gecə saatlarında uşağın immun sisteminin mükəmməlləşməsi baş verir.

Gecə narahat yatan və ağlayan uşaqların immun sistemi rahat yatan uşaqlara nisbətən daha ləng şəkildə formalaşır. Məhz buna görə ana, uşağın gecə saatlarında normal vaxt ərzində rahat yatmasını təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.

Əgər uşağın 5 yaşınadək, onun gecə yuxusu ilə müəyyən problemləri qalmış olarsa, bu o deməkdir ki, yaşa dolduqca onda yuxusuzluğun olması ehtimalı daha çox olur. Bu isə, əlbəttə ki, onun immunitetinin zəifləməsi, sinir və digər sistemlərinin fəaliyyətində müxtəlif problemlərin yaranması ilə nəticələnə bilər.

Somnoloqlar (yuxu üzrə mütəxəssislər) təsdiq edirlər ki, valideynlər uşağı yatmağa öyrətməlidirlər. Bəs bunu necə etməli?

Yeni doğulmuş körpə nə az, nə də çox - ona lazım olan qədər yatır. O istənilən yerdə və istənilən səs-küydə də yata bilər. Onun yuxu tsikli adətən 3-4 saat davam edir – yedi, yatdı, paltarı dəyişdirildi və s. Bu stadiyada qida qəbulu və yuxu bir-biri ilə sıx şəkildə əlaqəlidirlər. Uşaq oyanır ki, o yemək istəyir və yatır ki, o yeyib doymuşdur.

Ancaq burada bir qədər diqqətli olmaq lazımdır: əgər uşaq ağlayırsa, bu onun yalnız yemək istəməsi ilə əlaqədar olmaya da bilər. Bir çox valideynlər asan üsul seçib uşaq ağlayan kimi ona dərhal yemək verirlər. Bu, əlbəttə ki, düzgün deyil. Əvvəlcə (uşaq bir qədər əvvəl yeibsə, qida qəbulları arasında fasilə 3-4 saat olmalıdır) bunun digər səbəblərdən ola bilməsini araşdırın: ona istidirmi? soyuqdurmu? yeri yaşdırmı? qarnı ağrayırmı? anasınının qucağına istəyirmi? Yalnız bu məsələləri aydınlaşdırdıqdan sonra ona yemək verə bilərsiniz.

Əgər siz, uşaq hər dəfə ağlayanda ona yemək versəniz, uşaq tez bir zamanda buna adət edəcəkdir ki - sakitləşmək üçün yemək lazımdır. Bunun nəticəsində isə siz ona lazım olandan daha tez-tez yemək verməli olacaqsınız. Əgər ana uşağınızı öz südünüzlə qidalandırır, tibbi nöqtəyi-nəzərindən bunun heç bir problemi yoxdur. Ancaq yadda saxlamaq lazımdır ki, bu son nəticədə uşaqda düzgün olmayan adətə səbəb olur. Belə uşaqlar böyüyəndə də bu adəti saxlayırlar yəni onlar bir qədər hirslənən kimi, sakitləşmək üçün yeməyə başlayırlar. Siz uşağınızı süni südlə qidalandırırsınızsa, uşağın normadan daha tez-tez qidalandırılması (qida qəbulları arasında 3-4 saat fasilə olmalıdır), erkən uşaq və ya böyük yaşlarında onun orqanizmində piylənmənin yaranmasına səbəb ola bilər.

Həyatının ilk 3 ayında uşaq gecə saatlarında 1-2 dəfə olmaqla yedizdirilə bilər. Həyatının sonrakı 3-6-cı aylarında onu gecə saatlarında yalnız 1 dəfə yedizdirmək olar. 6 aylığından sonra bioloji olaraq uşağın gecə saatlarında yedizdirilməsinə ehtiyac olmur. Əgər uşağın çəkisinin artmasında ciddi problemlər olmazsa, 6 aylığından sonra onun gecə saatlarında yedizdirilməsini ləğv etmək lazımdır.

Əlbəttə ki, uşağı gecə yedizdirilmələrindən xüsusən də uşaq ağzında olan qida ilə yuxuya getməyə adət etmişsə, onu bu vərdişindən qurtarmaq o qədər də asan olmayacaqdır. Bir qədər hövsələli olun! Uşağa bir neçə qurtum su verin, sonra bir az (!) yelləyin və yalnız müstəsna halda ona yemək verin. Bir müddət keçdikdən sonra uşaq buna adət edəcək və gecə yedizdirilmələri öz-özünə ləğv edilmiş olacaq. Bunun nəticəsində siz, uşağın normal yuxusuna mane olan problemlərdən birini aradan qaldırmış olacaqsınız.

Gecə yuxusundan qabaq körpəni yaxşıca yedizdirmək lazımdır. Uşağı heç bir halda onun yatdığı otaqda, xüsusilə də yatdığı çarpayıda yedizdirməyin!

3-4 aylığında olan körpə gecə saatlarında oyanmadan 5-7 saat ərzində yatmalıdır. Bu yaşda orqanizmin bioloji ritmi dəyişmiş olur. Əgər əvvəlcədən heç bir qaydalara əməl etməmisinizsə (onu yatızdırmaq üçün yellətdirdinizsə və s.), artıq tədricən bu adətlərdən imtina etmək vaxtı çatmışdır.

6-7 aylığından başlayaraq uşaqlar bunları bacarmalıdırlar:

- yatağına ağlamadan gedir;

- başqa adamın köməyi olmadan otaqda təkbaşına yata bilir;

- fasiləsiz olaraq 10-12 saat yatır;

- öz yatağında (valideynlərin yox), gecə lampası yandırılmadan yatır.

6 ayından böyük olan körpəni yuxuya vermək üçün hansı hərəkətlərdən imtina etmək lazımdır? Mahnı oxumaq, əmzik və ya döşlə əmizdirməklə, yataqda yelləməklə, qucağınızda yelləməklə, uşaq arabasında yelləməkə, başını sığallamaqla, valideynlərin yatağına qoymaqla və s. Oyanan kimi uşaq yuxuya getməmişdən qabaq gördüyü eyni şəraitin (valideynlərin yatağı, yelləmək, yedizdirilmə və s.) təkrarlanmasını tələb edəcəkdir. Əgər uşaq yuxuya getməyin normal qaydasına alışdırılmış olarsa, hətta o gecə vaxtı oyansa da, özünü yuxuya getdiyi eyni şəraitdə görərək valideynlərin iştirakını tələb etmədən yenidən yuxuya gedəcəkdir.

Uşaq valideynlərin daxili psixoloji vəziyyətinə qarşı çox həssasdır. Anası hirsləndikdə və ya hər hansı bir səbəbə görə narahatçlıq keçirdikdə o, bunu gözəl başa düşür. Buna görə də uşağınızı yatağına qoyarkən bu yarım saat ərzində özünüzü maksimal şəkildə sakitləşdirərək bütün davranışınızla özünüzü elə aparmalısınız ki, sanki, indiki halda başqa cür ola da bilməz və uşağın yuxuya getməsi ən təbii və ən gözəl bir şeydir.

Uşağı yatağına qoymaq üsulunu da dəyişmək olmaz. Hər şey praktik olaraq eyni qaydada aparılmalıdır. Yəni, müəyyən saatlarda hər şey təkrar olunmalıdır: siz uşağı çimizdirirsiniz, sonra yedizdirirsiniz, "pampers"ini dəyişirsiniz, gecə paltarını geyindirirsiniz, onu öpüb yatağına qoyursunuz, işığı söndürürsünüz, ona şirin yuxu arzulayıb otağından çıxırsınız. Uşağın yatağına sevimli oyuncağını, əmzik (hətta bir neçəsini) də qoya bilərsiniz. Sizin hərəkətlərinizin bu sadalanan ardıcıllığı dəyişsə də, onlar hər gün təkrar olunmalıdır.

Təkrarlanma halı uşaqda inam yaradır. Bir müddətdən sonra uşaq ədət etdiyi hərəkətləri görərək asanlıqla yuxuya gedəcəkdir. Bir qədər daha hövsələli və inadkar olun!

Uşağın çimizidilməsinə gəldikə isə, qeyd etmək lazımdır ki, ilin isti aylarında uşağı hər gün axşam yatmamışdan qabaq çimizdirmək olar. Bu halda uşaq daha rahat yuxuya gedir. Ancaq bu zaman mütləq, uşağın çimizdirilmə prosesinə necə reaksiya verməsinə də diqqət yetirin. Əgər su onun xoşuna gəlmirsə və ya o bundan xeyli narahat olursa, gecə cimizdirilmələrini çox qısa edin və ya cimizdirilməni səhərə saxlayın.

Bioloji nöqtəyi-nəzərdən kiçik yaşlı uşaqların yuxuya getməsi yay aylarında 20:30-dan 21:00-dək, qış aylarında isə 20:00-dan 20:30-dək daha rahat olur.

Heç bir halda uşağı otaqda işıq yana-yana yatmağa öyrətmək olmaz! Uşağın otağında gecə lampası olmalıdır. Ancaq bu işığı yalnız vacib tələb olunan hallarda (bezini dəyişmək, içməyə su vermək, yedizdirmək) yandırmaq olar.


Tarix: 05.01.2015 / 16:51 Müəllif: Aziza Baxılıb: 181 Bölmə: Körpəyə qulluq
loading...