Ana olmaq böyük məsuliyyət tələb edir. Övladını böyütmək, qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın məsuliyyəti çərçivəsində olsa da, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera uğruna işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara, çox zaman isə dayələrə etibar edilir.
Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan, səmimi, dürüst, etibarlı insan tapmağa çalışır. Əslində uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirdilməsi, yuxu zamanı yatırdılması analar tərəfindən kafi hesab edilsə də, təəssüf ki, yetərli deyil. Belə ki, mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, ana yox ikən onun yerinə onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir.
Uşaq psixoloqu Rəvanə Əliyevanın sözlərinə görə, laylalar, qarşılıqlı baxışıb gülümsəmələr körpələrin ilk ünsiyyət bacarıqlarıdır. Müsahibimiz bildirir ki, uşağı hər "dayəyəm" deyənə etibar etmək olmaz. "Bəzən 3-4 övlad böyüdən qadınlar düşünürlər ki, onlardan yaxşı dayə ola bilər. Siz elanlara da fikir verin. Çox zaman yaşlı qadınlar dayə ola biləcəkləri haqqında elanlar verirlər. Amma hər bir valideyn övladını yaxşı anaya yox, yaxşı mütəxəssisə etibar etməlidir. Çünki 3-4 övlad böyüdən qadının əsəbləri uşaq böyütdükcə pozula, gərginləşə bilər. Həmin şəxsin müəyyən psixoloji problemləri ola bilər. Və yaxud o bu işdə çarəsizlikdən işlədiyi üçün uşağa yaxşı baxmaz və s".
Buna görə də dayə seçərkən yaxınların, qohumların məsləhəti ilə deyil, bu işlə məşğul olan xüsusi insanların yardımından istifadə edin. Dayə uşağın yaşına uyğun davranış qaydalarını bilməlidir. Bunun üçün isə xüsusi kurs keçmiş dayələrə üstünlük verilməlidir. Dayə 0-3 yaşlı uşağa uyğun davranış qaydalarını bilməli, uşaq və böyük arasında qarşılıqlı münasibət qurmağı bacarmalı, uşaqla oyun oynamalı, sərhəd qoymağı bacarmalı, uşağın yaşıdları ilə münasibət qurmasına yardım etməli, uşağın ünsiyyət, danışma və dil inkişafını dəstəkləməli, yeyib-içməsinə xüsusi nəzər yetirməli, təmizliyinə fikir verməli, geyinib-soyunmasına yardım etməlidir. "Uşağı 2 ayından sonra dayəyə etibar etmək olar. Amma qeyd etdiyim kimi dayə düzgün seçilməlidir".
Dayə yaxşı təhsil almış, şüurlu, mehriban, sağlamfikirli və mehriban olmalıdır.
Təhsil eksperti Nigar Əhmədbəylinin dediyinə görə, dayə seçərkən birinci növbədə ondan sağlamlıq haqqında arayış tələb etmək lazımdır: "Əvvəlcə uşağınıza baxacaq şəxsin təhsil səviyyəsi, sağlamlığı, psixoloji sağlamlığı ilə maraqlanın. Dayənin düşüncə tərzinə də önəm vermək böyük əhəmiyyət daşıyır. Daha sonra o xanımın geyim tərzi, davranışlarına diqqət yetirin. Uşağınızın dayəsi ideal olmalıdır. Çünki uşağınız onunla böyüyəcək. Bu qadının uşağa həvəslə baxacağından və uyğun olub-olmamasına əmin olmaq lazımdır. Çalışın ki, hər zaman uşağınıza sizin evinizdə baxsın. Dayə təmiz, nizamlı və dürüst, ailə həyatı nizamlı olmalıdır. Həmin şəxsn dəqiq və cəld, mehriban və gülərüzlü olması, elastik və səmimi, yeniliyə və dəyişməyə açıq, sabit fikirli, ünsiyyət bacarığının, şəxsiyyət olaraq baxılacaq uşağın anasına bənzəməsi, təhsilli, özünü yetişdirmiş və şüurlu olması uşağa və ya işə davamına təsir edəcək bir narahatlığının olmaması mütləqdir".
Əhmədbəyli deyir ki, uşaq üçün dayə ən azı 20 yaşında olmalıdır. Çox azyaşlı və yaşlı şəxslərə o qədər də etibar etmək olmaz. Hər bir ana övladının dayəyə alışmasına yardım etməlidir. Uşağa onunla olacağını, ona baxacağını, onu yedirəcəyini başa salmalıdır. Belə olan halda uşağın dayəyə alışma müddəti o qədər də uzun çəkmir. "Uşaqlar analarını itirmək qorxusu olduğuna görə dayə ilə yaxşı davranmırlar. Uşaq düşünür ki, dayəyə yaxşı davransa, anasını itirəcək. Ana evə daha gec gələcək, ana ilə daha az vaxt keçirəcək. Buna görə də ana uşağı onu sevdiyinə inandırmalıdır. Uşağın anaya olan güvəni dayə və uşaq arasında olan münasibəti stabilləşdirə bilər".
Bəzən valideynlər dayə seçərkən çox gənc dayələrə üstünlük vermirlər. Düşünürlər ki, ana olmayan qadınlar uşaqla davrana bilməzlər. Amma unudurlar ki, dayəlik işdir və onlara uşağa baxmağa ana yox, dayə lazımdır.
Müsahibimizin sözlərinə görə, ailə dəyərlərinin uşağa aşılanması üçün ailə üzvlərindən biri uşağa baxsa, daha yaxşı olar. Çünki nənənin nəvəsinə baxdığı qədər, dayə baxa bilməz. Bəzən valideynlər dayə seçərkən uşağın təhsilini unudurlar. Buna görə də dayə axtararkən uşağa nə öyrədə biləcəyinə də diqqət yetirilməlidir.
Son dövrlərdə internet mediada "dayə və uşaq" problemləri ilə tez-tez qarşılaşırıq. Bəzi valideynlər evlərinə kamera qoyub dayələri izləyir, bəziləri isə sadəcə uşağın dediklərilə qane olub dayə ilə müəyyən davranışlar nümayiş etdirirlər. Mütəxəssislər bildirirlər ki, uşaq üçün ana ilə olan münasibətdən önəmli heç bir şey olmadığından ən azı hər bir ana öz övladına 3 yaşına kimi baxmalıdır. "Dayə seçən zaman dayə professional şirkətlərdən seçilməlidir. Təkbaşına fəaliyyət göstərən dayələrdən uzaq qalın. Çünki uşağa nəsə olsa, siz o dayəni göndərən şirkətə iradlarınızı bildirə biləriniz".
Tarix: 05.01.2015 / 16:14 Müəllif: Aziza Baxılıb: 96 Bölmə: Körpəyə qulluq