Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Cənnətə ən axırıncı girən barədə)

İbn Məsud (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Mən Cəhənnəmdən ən axırıncı çıxanı və Cənnətə ən axırıncı daxil olanın kim olacağını bilirəm. O kişi Cəhənnəmdən sürünərək çıxacaq və Uca Allah ona: «Get Cənnətə gir!» - deyəcək. O, Cənnətə girəcək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: «Ey Rəbbim! Mən Cənnəti dolu gördüm». Uca Allah ona: «Get Cənnətə gir!» - deyəcək. O, Cənnətə girəcək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: «Ey Rəbbim! Mən Cənnəti dolu gördüm». Allah ona: «Get Cənnətə gir! Dünya və onun on misli sənindir və ya dünyanın on misli sənindir!» - deyəcək. O deyəcək: «Sən Hökmdar ola-ola mənə gülürsən?» İbn Məsud (r.a) dedi: «Gördüm ki, Allah Elçisi (s.a.v_ güldü, hətta azı dişləri göründü. Allah Elçisi (s.a.v) buyurdu: «Bu Cənnət əhlindən ən aşağı dərəcəyə sahib olanıdır» - deyiləcək».

(Muslim 308/ 186 (272, 479).

İbn Məsud (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Cənnətə ən axırıncı girən (Cəhənnəmdən çıxarkən) gah yeriyəcək, gah üzü üstə düşəcək, gah da alov onun üzünü qarsacaq. Alovu keçdiyi zaman çevrilib ona baxaraq deyəcək: «Məni səndən qurtaran Allah nə qədər xeyirxahdır! Allaha and olsun ki, Allah nə əvvəlkilərdən, nə də sonrakılardan heç kəsə vermədiyini mənə verdi!» Onun önünə bir ağac çıxarılacaq və o deyəcək: «Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır, onun kölgəsində kölgələnim və suyundan içim». Uca Allah : «Ey Adəm oğlu, ola bilsin ki, Mən sənə bunu versəm, sən başqa bir şey istəyəcəksən» - deyə buyuracaq. Adam: «Xeyr, ey Rəbbim!» - deyəcək və başqa bir şey istəməyəcəyinə söz verəcək. Allah onu üzrlü sayacaq, çünki o qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Allah da onu ağaca yaxınlaşdıracaq. O da (ağacın) kölgəsində kölgələnəcək və suyundan içəcək. Sonra qarşısına əvvəlkindən daha gözəl bir ağac çıxarılacaq. O deyəcək: «Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır, suyundan içim və kölgəsində kölgələnim. Səndən başqa bir şey istəmirəm». Uca Allah buyuracaq: «Bundan başqa bir şey istəməyəcəyinə dair Mənə söz vermədinmi? Ola bilsin ki, Mən sənə bunu versəm, sən başqa bir şey istəyəcəksən». O da başqa bir şey istəməyəcəyinə söz verəcək. Uca Allah onu üzrlü sayacaq, çünki o qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Uca Allah da onu ağaca yaxınlaşdırır. O da (ağacın) kölgəsində kölgələnəcək və suyundan içəcək. Sonra qarşısına Cənnət qapısının yaxınlığında əvvəlki iki ağacdan daha gözəl bir ağac çıxarılacaq. Adam deyəcək: «Ey Rəbbim! Məni bu ağaca yaxınlaşdır, kölgəsində kölgələnim, suyundan içim. Səndən başqa bir şey istəmirəm». Uca Allah: «Ey Adəm oğlu, başqa bir şey istəməyəcəyinə Mənə söz vermədinmi?» - deyə buyuracaq. O deyəcək: «Bəli, ey Rəbbim! Bunu istəyirəm, başqa heç nə istəmirəm». Uca Allah onu üzrlü sayacaq, çünki o qarşısında tab gətirə bilməyəcəyi bir nemət görürdü. Allah da onu ağaca yaxınlaşdıracaq. O ağaca yaxınlaşdırılanda Cənnət əhlinin səsini eşidəcək. O deyəcək: «Ey Rəbbim! Məni ora daxil et!» Allah buyuracaq: «Məndən istədiklərinə nə son qoyacaq? Sənə dünya və bir o qədərini versəm, bu səni razı edərmi?» Adam: «Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda mənə istehza edirsən?» - deyəcək». (Bunları rəvayət etdikdən sonra) İbn Məsud (r.a) güldü və dedi: «Nəyə güldüyümü soruşmursunuz?» Dedilər: «Nəyə güldün?» O dedi: «Allah Elçisi (s.a.v) də beləcə güldü və ondan: «Nəyə gülürsən, ey Allahın Elçisi ?» - deyə soruşdular. O dedi: «Aləmlərin Rəbbinin qulun: «Sən bütün aləmlərin Rəbbi olduğun halda mənə istehza edirsən?» - sözünə gülməsinə gülürəm». Uca Allah da ona belə deyəcək: «Mən sənə istehza etmirəm, Mən istədiyimi etməyə qadirəm»
(Muslim 310/ 187 (274, 481).


Əbu Hureyra (r.a) rəvayət edir ki, (bir dəfə) camaat soruşdu: «Ey Allahın Elçisi! Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?» Allah Elçisi (s.a.v) dedi: «Məgər siz buludla örtülməmiş on dörd gecəlik ayı (görəcəyinizə) şübhə edirsiniz?» Onlar: «Xeyr, ey Allahın Elçisi!» - deyə cavab verdilər. Allah Elçisi (s.a.v) dedi: «Məgər siz buludla örtülməmiş günəşi (görəcəyinizə) şübhə edirsiniz?» Onlar: «Xeyr!» - dedilər. Allah Elçisi (s.a.v) buyurdu: «Rəbbinizi də beləcə aydın görəcəksiniz. Qiyamət günü insanlar məşhərə toplanacaq və Allah buyuracaq: «Kim nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!». Beləliklə, onlardan kimisi günəşin, kimisi ayın, kimisi də tağutların(Uca Allahla yanaşı ilahiləşdirilən və ibadət olunan hər hansı bir məxluq,cadugərlər və baxıcılar,şeytan və iblis) ardınca gedəcək. Axırda bu ümmət, içində olan münafiqlərlə birlikdə qalacaqlar. Allah onların yanına gəlib buyuracaq: «Mən sizin Rəbbinizəm!» Onlar (Onu tanımadıqlarına görə) deyəcəklər: «Rəbbimiz gələndək bura bizim yerimiz (olacaq), Rəbbimiz gələndə biz Onu tanıyacağıq». Sonra Allah onların yanına gəlib buyuracaq: «Mən sizin Rəbbinizəm!» Onlar (Onu tanıyacaq və): «Sən bizim Rəbbimizsən!» - deyəcəklər. (Bundan sonra) Allah onları çağıracaq, Cəhənnəmin üzərində körpü qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçilərin birincisi mən olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək, elçilər isə deyəcəklər: «Allahım, xilas et, xilas et!» Cəhənnəmdə sadan(tikanlı bir bitkidir) tikanlarına bənzər qarmaqlar vardır. Siz sadan tikanlarını görmüsünüzmü?» Əshabələr: «Bəli» - dedilər. Allah Elçisi  buyurdu: «Bu qarmaqlar sadan tikanlarına bənzəyirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük olduğunu bilmir. Onlar insanları əməllərinə görə tutacaqlar, kimisi əməlinə görə məhv olacaq, kimisi də didik-didik ediləcək, lakin axırda xilas olacaq. Nəhayət Allah Cəhənnəmə vasil olanlardan dilədiyinə mərhəmət göstərmək istədiyi zaman mələklərə Allaha ibadət etmiş kimsələri (oradan) çıxarmağı əmr edəcək. Mələklər onları (üzlərindəki) səcdə izindən tanıyıb (oradan) çıxaracaqlar. Belə ki, Alah Cəhənnəm oduna səcdə izlərini yandırıb-yaxmağı haram etmişdir. Beləliklə, onlar Cəhənnəmdən çıxacaqlar. Od Adəm övladının vücudunu-səcdə yerləri istisna olmaqla, başdan-ayağa yandırıb-yaxacaq və onlar sümüklərinə qədər yanmış halda oddan çıxacalar. Bundan sonra onların üstünə dirilik suyu töküləcək və onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Nəhayət Allah Öz qulları üzərində mühakiməsini bitirdikdə Cənnətlə Cəhənnəm arasında bir nəfər qalacaq. Bu adam Cəhənnəmdən çıxıb Cənnətə girən kimsələrin axırıncısı olacaq. Onun üzü Cəhənnəmə tərəf olacaq və o deyəcək: «Ey Rəbbim, mənim üzümü oddan döndər, çünki onun tüstüsü məni zəhərləmişdir, alovu da məni yandırıb-yaxmışdır!» Allah deyəcək: «Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəyəcəksənmi?» Bu adam: «Sənin İzzətinə and olsun ki, yox» - deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onun üzünü oddan döndərəcək. Allah onun üzünü Cənnətə tərəf çevirdikdə o, (Cənnətin) gözəlliyini görüb Allahın istədiyi qədər susacaq, sonra isə deyəcək: «Ey Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır». Allah ona deyəcək: «Məgər sən and içib söz verməmişdin ki, bu istədiyindən başqa heç nə istəməyəcəksən?» O deyəcək: «Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!» Allah deyəcək: «Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəməyəcəksənmi?» O (yenə): «Sənin İzzətinə and olsun ki, mən başqa heç nə istəməyəcəyəm» - deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onu Cənnətin qapısına yaxınlaşdıracaq. Cənnətin qapısına çatdıqda onun gözəlliyini, içindəki sevinc və zövq-səfanı görüb Allahın istədiyi qədər susacaq, sonra da deyəcək: «Ey Rəbbim, məni Cənnətə daxil et!» Allah deyəcək: «Vay sənin halına, ey Adəm oğlu, sən nə qədər vədinə xilaf çıxırsan! Məgər sən and içib söz verməmişdin ki, sənə verilənlərdən başqa heç nə istəməyəcəksən?» O deyəcək: «Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!» Belə olduqda Qüdrətli və Böyük Allah güləcək, sonra ona Cənnətə daxil olmağa izn verəcək və deyəcək: «(Nə diləyirsən) dilə!» O adam o qədər diləyəcək ki, axırda (heç bir) diləyi qalmayacaq və Qüdrətli və Böyük Allah deyəcək: «Filan və filan şeyləri də dilə!» Beləcə, Rəbbi ona (onun istəklərini) xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Uca Allah buyuracaq: «Sənə bu istədiklərin və bir o qədəri də (verilmişdir)»............

(əl-Buxari 10. Kitəbul-Azan 129 (764, 773, 806); Muslim 299/ 182 (267, 469)


Əbu Zərr (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Mən Cəhənnəmdən ən axırıncı çıxanı və Cənnətə ən axırıncı daxil olanın kim olacağını bilirəm. Qiyamət günü o, (Allahın hüzuruna) gətiriləcək və belə deyiləcək: «Onun kiçik günahlarını ona bildirin, böyük (günahlarını) isə, ondan qaldırın». Kiçik günahları ona bildirilir və belə deyilir: «Filan gündə bunları etdin, filan gündə bunları etdin». O: «Bəli» - deyəcək və ona bildirilən günahların böyüklüyündən qorxduğuna görə onları inkar edə bilməyəcək. Ona deyiləcək: «Hər bir günahının yerinə sənə bir savab veriləcək». O deyəcək: «Ey Rəbbim! Mən elə şeylər etmişəm ki, onları burada görmürəm». Mən Allah Elçisinin 9s.a.v) (bunları dedikdən sonra) azı dişləri görünənə qədər güldüyünü gördüm».
(Muslim 277, 487. əl-Albani «Mişkətul-Məsabih»də (? 5587) səhih olduğunu bildirmişdir.)


Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Həqiqətən, sizdən Cənnətdə ən aşağı dərəcəyə sahib olan o kəsdir ki, Allah ona: «İstədiyini arzu et!» - deyəcəkdir. O da istədiyini arzulayacaq. Sonra Allah ona: «İstədiyini arzuladınmı?» - deyəcək. O da: «Bəli» - deyə cavab verəcək. Allah ona: «Arzuladıqların və üstəlik bir o qədər də sənindir!» - deyəcək».
(Muslim 301/ 182 (268, 471).


Başqa rəvayətdə bu əlavələr vardır: «…(Allah o adama): «Bunları da istə!» - deyə xatırladacaq. İstədikləri qurtardıqdan sonra Allah: «İstədiklərinin hamısı və onların on misli də sənindir!» - deyəcək. Allah Elçisi 9s.a.v) buyurdu: «Sonra adam (Cənnətdəki) evinə girəcək və yanına iri gözlü hurilərdən olan iki zövcəsi daxil olub deyəcəklər: «Səni bizim üçün və bizi də sənin üçün dirildən Allaha həmd olsun!» Həmin adam deyəcək: «Mənə verilən (nemət) qədər heç bir kəsə verilməmişdir».
(Muslim 311/ 188 (275, 482).


Tarix: 23.04.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 392 Bölmə: Hedisler
loading...