Ultrasəs müayinəsi (USM) – hamiləliyin gedişinə nəzarət edilməsi üçün ən çox məlumat verə biləcək müayinə üsuludur. Məhz USM-in köməyilə hamiləliyin gedişi, dölün vəziyyəti barədə məlumat almaq olur.
Bu isə bir çox pozulmaları vaxtında aşkar edərək müvafiq tədbirlər görməyə imkan verir. Qadınlar hamiləlik dövründə USM-dən keçməkdən qorxmamalıdırlar. Bu barədə çox danışılsa da, ultrasəs müayinəsinin dölə mənfi təsir etməsi barədə ciddi sübutlar aşkar edilməmişdir.
Hamiləliyin müddəti ərzində ən azı 3-4 dəfə ultrasəs müayinəsindən keçmək lazımdır. Bu, hətta ideal şəkildə normal keçən hamiləlik üçün də ən minimal say hesab olunur.
İlk ultasəs müayinəsi hamiləliyin 5-6-cı həftəliyində olan dövrdə aparılmalıdır. Bu, dölün uşaqlığın daxilində olmasına əmin olmaq və bununla da uşaqlıqdan kənar hamiləliyi istisna etmək üçün tələb olunur. Hamiləliyin bu dövründə aparılan ultrasəs müayinəsi əksər hallarda vaginal (uşaqlıq yolundan) üsulu ilə aparılır: rüşeym yumurtasının ölçüləri çox kiçik olduğu üçün ultrasəs aparatı ilə onu qarın boşluğunun ön divarından görmək olmur. Narahat olmayın, bu təhlükəli deyil və hamiləliyin pozulmasına səbəb ola bilməz.
Ultrasəs müayinəsi 2-ci dəfə hamiləliyin 10-11-ci həftələrində aparılır. Bu, uşağın inkişafında mümkün ola biləcək ağır anomaliyaların aşkar edilməsi məqsədi ilə aparılır. Digər tərəfdən, məhz bu dövrdə hamiləliyin müddətini daha dəqiqliklə müəyyən etmək, həmçinin həmin dövrə qədər dölün, artıq formalaşmış olan ürək fəaliyyətinə nəzarət etmək də mümkün olur.
Üçüncü ultrasəs müayinəsi üçün optimal vaxt hamiləliyin 19-21-ci həftələri hesab olunur. Bu vaxta qədər olan müddət ərzində uşağın bütün əsas orqan və sistemləri formalaşmış olur ki, bu da onun inkişafının düzgün getməsinin qiymətləndirilməsinə imkan verir.
Sonuncu (4-cü) ultrasəs müayinəsi isə doğuşdan bir qədər əvvəl – hamiləliyin 30-cu həftəsindən sonra aparılır. Bu, təbii doğuşun aparılmasına maneçilik törədə bilən faktorların aşkar edilməsinə imkan verir: məsələn, dölün ana bətnində düzgün yerləşməməsi (köndələn və ya üzü qabağa olmaqla və s.); dölün baş ölçülərinin ananın çanaq ölçülərindən artıq olması və s.
Bir daha təkrar etmək istəyirik ki, aparılan bu ultrasəs müayinələri hamiləliyin hətta tam normal şəkildə getdiyi hallarda da vacib hesab edilir. Əgər hamiləliyin gedişində hər hansı patoloji dəyişikliklərin olmasına şübhə yaranarsa, bu halda USM daha tez-tez aparıla bilər. Bu, həmin patoloji halların inkişafına nəzarət edilməsinə və vaxtında müvafiq qərarların qəbul edilməsinə imkan verir. Bir sözlə, belə hallarda aparılan ultrasəs müayinələrinin sayı bir çox faktorlardan aslıl olur və müalicə həkimi tərəfindən müəyyən edilir.
Hal hazırda üç- və dörd-ölçülü (əvvəlki ultrasəs müayinələri iki-ölçülü idi) ultrasəs müayinələri daha çox populyarlıq qazanmağa başlayır. Fiziki mənada (ultrasəs dalğasının gücü) üç- və dörd-ölçülü ultrasəs müayinələri iki-ölçülü müayinələrdən heç də “daha zərərli” hesab olunmur. Əksinə, onlar diaqnostik baxımdan iki-ölçülü ultrasəs müayinəsinə nisbətən xeyli dərəcədə daha informativ hesab olunurlar. Hamilələr bu növ ultrasəs müayinələrinə o halda göndərilirlər ki, bu zaman dölün inkişafında hər hansı bir qüsurun (ətrafların, sifətin, onurğa sütununun, ürəyin, beyinin və s.) olmasına şübhə yaranmış olsun. Bütün digər hallarda isə iki-ölçülü utrasəs müayinəsinin aparılması adətən kifayət edir.
Tarix: 26.11.2014 / 15:42 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Ginekoloq Meslehetleri