Etikanı elm şəklinə rəsmən Aristotel salsa da, onun tarixi hələ çox-çox əvəllərdən başlayır. Hələ ibtidai dövrdə insanların davranışını tənzimləyən müəyyən əxlaq normaları və qaydaları mövcud idi. Bunlar müqəddəs sayılır, onlara riayət etməyənlər cəzalandırılır, hətta icmadan qovulurdular. Quldarlıq dövrünə xas əxlaq yalnız azad vətəndaşlar arasındakı münasibətlərə aid idi. Çünki qullar insan hesab edilmirdilər.
Fəlsəfə kimi etika da qədim Şərq ölkələrində inkişaf etməyə başlamışdır. Misir, Babilistan, Hindistan və Çində formalaşmağa başlayan etik nəzəriyyələr sonralar Qədim Yunanıstan və Qədim Romada özünün tam ifadəsini tapır.
Qədim Hindistanda xüsusi ayin şəklində mövcud olan əcdadlara münasibət sonralar müxtəlif etik nəzəriyyələrin formalaşmasında müəyyən iz buraxdı. İstər ortodoksal («astika», yəni ved nüfuzunu qəbul edən) – sankxya, yoq, vayşeşik, nyaya, vedanta, mimans; istərsə də qeyri-ortodoksal («nastika», yəni ved nüfuzunu inkar edən) – caynizm, buddizim, lokayata məktəbləri özünəməxsus etik məzmuna malik idi.
Vedant etikasına görə (məktəbin adı «Vedin sona çatması» mənasını verir) hər şeyin əsası və başlanğıcı mütləq substansiya olan Brahmanlardır, hər şey ondan əmələ gəlir və ona qayıdır, lakin o, etiqad obyekti yox, abstrakt təfəkkür obyektidir ki, bunun vasitəsilə dindarlar ona qovuşmağa çalışır və bu – yeganə reallıqdır. Bu fəlsəfəyə görə idrakın məqsədi dünya haqqında olan səhv təsəvvürlərdən xilas olmaq, Brahmanda ifadə edilən həqiqətə çatmaqdırsa, əxlaqın məqsədi aldadıcı bağlılıqdan, ehtiraslardan və «yeddi günahdan» (sərxoşluq, sümük oyunları, qadınlar, ovçuluq, çubuq vurma, söyüş və şəxsi mülkiyyət hüquqlarının pozulması) xilas olub təmizlənməkdir. Yalnız xeyirxahlıq nümunəsi olan brahmana bələd olanlar yüksək sərvətlərə nail ola bilərlər. Xeyirxahlıq 3 əməllə konkretləşdirilir: təmkinli olun, ürəyiyumşaq olun, hədiyyələr edin. İnsanın əxlaqi borcu hər kəs üçün müəyyn edilmiş həyat tərzi qanununa riayət etməkdir ki, buna da dharma deyilir. Vacib fərdi əxlaq qanunu kimi işlənən bu ifadə nəinki Vedant etikası, həm də bütünlükdə Qədim Hind etikası üçün mühüm əhəmiyyət kəsb edir. Bu haqda Upanişad və xüsusən də «Manu qanunları»nda ətraflı məlumat verilir. Müxtəlif davranış formaları (həzz, xeyir, borc, xilasolma) müxtəlif kateqoriyalı insanlar üçün (şagird, ailə başçısı, dilənçi, dərviş) başqa-başqa mənalar kəsb edir. Məsələn, həzz kimi xarakterizə edilən cinsi münasibət yalnız ailədə, ərarvad arasında baş verirsə və övlad dünyaya gətirmək məqsədi daşıyırsa, yalnız o halda əxlaqi məzmuna malik olur. İnsanların öz vəzifələrini yerinə yetirməsi – adət vəənənələrə riayət etmək, ata və babaların yolu ilə getməkdir. Bu yolla gedənlər məhv olmurlar. Xeyirxahlıqdan uzaqlaşanlar isə cəzaya düçar olurlar. Özü düçar olmursa da, övladı və ya nəvəsi düçar olur. Lakin özü dəəvvəl-axır ziyan çəkməkdən yaxasını qurtara bilmir. Vedant təlimi obyektiv idealizmə yaxın idi. Bu təlimin tərəfdarları üçün digər təlimlərə riayət edənlər kafirdirlər.
Yoq fəlsəfi-etik konsepsiyası «Yoqa–sutra» iləəlaqədar olub kifayət qədər son dövrləri əhatə edir (e.ə. II əsr). Lakin praktik baxımdan yoq məşğələlərinin tarixi daha qədim olub, nəinki «Mahabharata»da, hətta «Upanişad»da da xatırlanır. Yoqa aid edilən bəzi hərəkətlərə Vedlərdə də təsadüf olunur. Yoqla məşğul olanların əsas vəzifəsi ağılı yanlışlıqdan, səhv olandan təmizləmək və aydınlığa çıxmaqdır. Həyat sakitliyə və sülh axtarışlarına sərf edilməlidir. Bunun üçün bütün əzablardan yaxa qurtarmaq lazımdır. Yoq təlimini qədim hind fəlsəfəsinin digər cərəyanlarından fərqləndirən odur ki, o, insana passiv icraçı kimi deyil, (məsələn, vedantada olduğu kimi), aktiv və öz hərəkətləri üçün məsuliyyət hiss edən insan kimi baxır. Yoq məşğələlərinin populyarlığı yalnız bu təlimin tərəfdarları arasında deyil, daha geniş auditoriya daxilində mövcuddur. İnsanın fiziki və psixi halı arasında əlaqə yaratmağa çalışan yoq məşğələləri psixoloji problemləri həll edərkən özünəməxsus «psixoterapiya» və «autotreninq» üsullarından istifadə edir.
Caynizm. Ortodoksal məktəblər brahmanların maraqlarını ifadə etdiyindən demokratik təlimlərin yaranması zəruri oldu. «Kafir» təlimləri sayılan qeyri-ortodoksal məktəblər b.e.ə. VII–VI əsrlərdə yaranaraq, ənənəvi brahmanizmə qarşı müxalifətə çevrildi. Öz mövcudluğunun ilk yüzilliyində caynizm əhəmiyyətli dərəcədə geniş yayılaraq, e.ə. IV–III əsrlərdə hətta buddizmlə rəqabət aparırdı. Lakin Yeni dövrdə o, tədricən qapalı təriqətə çevrilməyə başladı. Caynist etikasında insanın ruhu mühüm yer tutur. Bədənə yapışmasına baxmayaraq ruhun azad seçim hüququ var. Ruhu azad etmək üçün onu materiyadan ayırmaq lazımdır. Kamil bilik, kamil intuisiya və ali nemətlər – ruhun bu dünyada insana məlum olmayan atributlarıdır. Bilik – ruhu materiyadan azad etmək üçün lazımdır, çünki cahillikdən ehtiraslar yaranır. Düzgün inam, düzgün idrak və düzgün davranış – azadlığa çıxmağın üç yoludur ki, bunun üçün də müəllimlərin dediklərini öyrənmək, onların nüfuzunu təsdiq etmək və onlara inanmaq lazımdır: Düzgün inam həqiqətə hörmət etməkdir. O, fanatik yox, rasionaldır. Həqiqət axtaran müəllimlərin baxışlarının dərininə getdikdə kamil inam əldə edilir. Düzgün idrak – «mən» və «qeyri-mənin», yəni ruhun və materiyanın real təbiətini dərk etməkdir. Kamil bilik və kamil inam birləşərək düzgün davranışa təsir edir. Düzgün davranışın məğzi buddistlərin də riayət etdiyi «5 böyük andın» yerinə yetirilməsindən ibarət idi: 1) canlıya ziyan toxundurmamaq (bura heyvanlar və bitkilər də aid idi, çünki onların ruhu var. Ov, balıqçılıq, hətta əkinçilik də qadağan edilirdi, çünki torpağı şumlayan zaman həşəratlar məhv ola bilər ki, bu da günah hesab edilirdi. Caynistlər hətta nəfəs alanda parçadan istifadə edirdilər ki, təsadüfən ağızlarına və ya burunlarına cücü girməsin); 2) yalandan uzaq olmaq, həmişə düz danışmaq; 3) oğurluq etməmək; 4) tamahını saxlamaq (həzz aldığın bütün şeylərdən imtina etmək, hətta evlənməmək, cənnətdə olmağı belə arzulamamaq); 5) bütün xoşun gələn şeylərdən imtina etmək – səs, təmas, rəng, dad, qoxu. Caynist təriqətlərinin birində – diqambarada hətta geyimdən də imtina edirdilər, çünki bədənin parça ilə örtülməsi gündəlik rahatlıq üçün edilən rəzil cəhddir. Onların avadanlığı kokos çanağından düzəldilmiş qab və oturmaqdan əvvəl yeri süpürmək üçün opaxalo idi. Onlar sərgərdan həyat sürür və dilənçilik edirdilər. Ən böyük qəhrəmanlıq isə yalnız rahiblərə icazə verilən aclıq vasitəsilə ölüm idi.
Buddizm – e.ə.VI-V əsrlərdə yaranıb. Banisi Sidxarta Qautama idi. Sonralar Budda (mənası nurlu deməkdir) adını alıb. Əvvəlcə buddizm varna və brahmanlara qarşı zəif protest kimi çıxış etdi. Ved və Upanişadın müqəddəsliyini inkar edən buddistlər insanların bərabərliyini, bərabər əzab çəkməsini təsdiq edirdilər. Bu təlim e.ə. VI-III əsrlərdə Hindistanda geniş yayılaraq dövlət dininə çevrildi. Seylonda, Birmada, Siamda, Tibetdə, Çində, Koreyada və Yaponiyada isə bu təlim çox populyar oldu. Düzdür, Hindistanın özündə VI-X əsrlərdə buddizmi onun yeni növləri – şivaizm və vişnuizm əvəz edir, lakin dini-fəlsəfi-etik təlim kimi o, bu günə qədər mövcuddur. Caynizm kimi buddizm də «allahsız, yaradansız bir dindir». Buddanın keçdiyi yol – hər kəs üçün nümunədir. Bunun əldə edilməsinə hamı nail ola bilər. Bunun üçün 8 fəzilətə çatmaq lazımdır: 1) düzgün baxışlar; 2) düzgün qərar qəbul etmə (bunun üçün dünyaya bağlılıqdan, pis işlərdən və düşmənçilikdən əl çəkmək lazımdır); 3) düzgün nitq (yalan və böhtandan, pis söhbətlərdən əl çəkmək); 4) düzgün davranış (canlını öldürməkdən, oğurluqdan imtina etmək); 5) düzgün həyat tərzi (yalnız düz yolla pul qazanmaq); 6) düzgün səylər (pis fikirlərdən uzaqlaşdırılması və yaxşı ideyalar əldə edilməsi. Bu səylər müntəzəm olmalıdır, çünki pis fikirlər qayıda bilər); 7) düşüncənin düzgün istiqamətləndirilməsi (öyrənilənin unudulmaması); 8) fikrin düzgün cəmləşdirilməsi.
Caynizmlə oxşarlığı olsa da, buddizmdə insanlara qarşı məhəbbət duyulur. Yeni əxlaq konsepsiyaları Qədim Hind ədəbiyyatının gözəl nümunəsi sayılan «Mahabharata» kitablarından birində – «Bhaqavadgita»da («Gita») öz əksini tapıb ki, onun da müəyyən ideyaları «Artxaşstra» və «Manu qanunlarına» daxil olub. «Bhaqavadgita»da brahman ənənələrinin izahı yoq, caynizm və buddizmin müddəaları nəzərə alınmaqla özünəməxsus şəkildə, novatorcasına şərh edilib. Buna baxmayaraq «Gita» heç də bir-birinə dəxli olmayan elementlərin eklektik birləşməsi deyil, burada harmonik şəkildə mövcud olan özünəməxsus yeni əxlaqi mövqe ifadə olunub. Poemadakı təlimlərin formalaşması o dövrdə baş verdi ki, brahmanizm, buddizm, caynizm, sankxya, yoq və s. kimi müxtəlif dini-fəlsəfi məktəb və cərəyanlar artıq mövcud idi. Onlarla qarşılıqlı təsirdə olan və bəzi müddəalarını qəbul edən «Gita» eyni zamanda özünü tamamilə orijinal və müstəqil baxışlar sistemi kimi göstərdi.
Lokayata. Materialist hesab edilən bu məktəbin nümayəndələrinin əsərləri barədə məlumat yoxdur. Onların adlarını materializmdən uzaq olan müəlliflərdən öyrənirik ki, bu da onların dünyagörüşü barədə olan təsəvvürlərin təhrif olunmuş, saxtalaşdırılmış olduğu haqqında fikir yaradır. Onların ateist olmaları fikri də mövcuddur. Hətta bəzi müasir hind tədqiqatçıları hesab edirlər ki, lokayata hər hansı şəxs və ya insanlarla bağlı olan fəlsəfə olmayıb. O, düşmən brahman doktrinasına qarşı çevrilən və kütlələrin həyatında dərin kök salan təcrübə vəəqidələrin məcmusudur. (108, səh.58). Çattopadxyaya lokayat sisteminin əsasını təşkil edən baxışların köklərini, nəinki vedəqədərki, hətta daha qədim dövrlərə aid edərək onların sadəlövh-materialist xarakterli olduğunu və hətta ibtidai dövrdə ana xaqanlıq zamanı mövcud olan bir çox həyat normalarını əks etdirdiyini qeyd edir. Buradakı mərasimlərin təsvirinə Upanişad və Vedlərdə də rast gəlirik ki, bu mənbələrdə onlardan günah iş kimi danışılır. Bu sadəlövh materializm ideyalarını ümumiləşdirən və fəlsəfi sistem formasında ifadə edən mütəfəkkirlər demək olar ki, əfsanəvidirlər. Upanişad, Mahabharata və ondan sonrakı şahidliklərə istinad edərək lokayata məktəbinin (hətta məktəblərinin, çünki Radxakrişnan Qədim Hindistanda 4 materialist məktəbin olmasından danışır) nümayəndələrini sadalamaq olar (62, səh.75). Adı çəkilən Brixaspati, Dxişan, Çarvak, çox güman ki, əfsanəvi mütəfəkkirlərdir. Uddilaki (e.ə.VII əsr), Kassapa, Acita, Kesakambal, Pakudxi Kaççayana (e.ə. VI-V əsrlər), həkim, şair və filosof Vatsyayan (b.e.-nın III-IV əsrləri) – daha real adlardır.
Lokayata təliminə görə insan həyata yaxşı yaşamaq üçün gəlir. Yer üzündəki həyat – yeganə həyat olduğu üçün onu xoşbəxt yaşamağa çalışmaq lazımdır. Asket olmaq mənasızdır. Həyatdakı əzablara görə həzzdən imtina etmək olmaz. Məgər içində dadlı düyü olan toxumu qabıqlı olduğu üçün tullayırlar? Həzz həmişə əzabla əlaqədardır. (62, səh.76). Bəzi hind tədqiqatçıları lokayatanı gedonizmlə eyniləşdirir, bəziləri onları həyata yüngül münasibət bəsləməkdə, «ye, iç, kef çək, sabah onsuz da öləcəyik» deməkdə günahlandırırlar. Bəziləri isə hətta lokayatanın ümumiyyətlə mövcud olmadığını söyləyirlər.
Çin. Qədim Çinin tarixi, fəlsəfəsi haqqında olan kitablarda əxlaq problemlərinə toxunulsa da, etik təlimlərə həsr olunmuş xüsusi əsərlər mövcud deyil. Ved kimi dini-fəlsəfi mənbəyi olan Qədim Hind fəlsəfəsindən fərqli olaraq, Çində etika iləəlaqədar belə dini-mifoloji mənbə yox idi. «Dəyişikliklər kitabı» – «İ tzin» fəlsəfə üçün yeganə istinad mənbəyi oldu ki, bu da əsasən falçılıqdan bəhs edən mətnlərdən ibarət idi. Əsas ideya – təbiətdə baş verən daimi dəyişikliklərdir. Təbiət və cəmiyyətdə «yan» və «in» kimi əksliklər (işıq – qaranlıq, bərk – yumşaq, kişi – qadın, uğurlu – uğursuz) mövcuddur.
Daosizm. Banisi Lao-tzı (e.ə. VI–V əsrlər) olan bu cərəyanın etik görüşlərində insanlar arasındakı münasibət, əsl əxlaqla qondarma əxlaq arasındakı fərq, təmənnasız və eqoist xarakterli davranış və s.-dən danışılır.
Konfutsiçilik. Bu cərəyan 3 adamın adı ilə bağlıdır: Kun-tzı, yəni Konfutsi (e.ə.552-478) təlimin banisi olub, onun əsas müddəalarını «Lun-yuy» – «Kəlmələr və söhbətlər» əsərində şərh edib; Man-tzı (e.ə.372-289) – təlimi sistemləşdirib; Syun-tzı (e.ə.313-238) Man-tzı iləəks mövqedə dayanırdı. Konfutsi təliminin əsas anlayışı və etik qanunu – adətən insanpərvərlik kimi tərcümə edilən «jen»dir. «Lun-yuy»da bu anlayışın rəngarəng interpretasiyaları verilir. Jen həm də cəmiyyətdə və ailədə insanlar arasındakı münasibətləri müəyyən edən əxlaq prinsipidir. Jenlə bağlı olan syao – valideynlərə və böyüklərə hörmət; li – mərasim, ritual; tzyun-tzı isəəxlaq nümunəsi olan sadiq, ədalətli, nəzakətli ər deməkdir.
Moizm. Mo-tzı (Mo Di, e.ə.470-400) Konfutsinin etik-siyasi konsepsiyası ilə rəqabət aparır və hətta e.ə. IV– III əsrlərdə onu üstələyirdi. Şər – konkretdir, onun daşıyıcısı isə varlılardır.
Qanunçular (Fa-tzyun). Bu məktəb «leqistlər» və ya «fa» da adlandırılır. Ölkənin idarə olunması konfutsiçilərin dediyi kimi mərasimlər, ənənələr, rituallarla deyil, qanunlar əsasında olmalıdır. Qanun imperatordan da yüksəkdə dayanır. Qanun qarşısında hamı bərabərdir. Cəmiyyətin həyatı üçün əxlaq yox, qanunlar əsas idi.
Materialist etika (Yan Çju və Van Çun). Yan Çjuya görə əgər fəzilətlər xoşbəxtliyə, sakit və sevincli həyata xidmət etmirsə, onda nəinki neytral deyil, hətta ziyandır. Van Çun hesab edir ki, xeyirxah adamlar öz təbiətlərinə görə belədirlər. Pis adamları isə tərbiyə etmək və yaxşılıq etməyə həvəsləndirmək olar. İnsanın fəaliyyətdə olması onu həm əxlaqlı, həm dəəxlaqsız edə bilər. Van Çun konfutsiçilik və Qədim Çin dinlərini tənqid edir, səma, ruhlar və qurbanvermə haqqında dini təlimlərdən imtina edirdi.
Tarix: 09.12.2014 / 14:14 Müəllif: Aziza Baxılıb: 242 Bölmə: Fəlsəfə