Xilafət (ərəb. خلافة xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsulu[1]. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından XIII əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır.
)))Mündəricat
1 Tarixi
2 Xilafətdə iqtisadiyyat
3 Xilafətdə mədəniyyət
3.1 Xilafətdə ədəbiyyat
3.2 Xilafətdə incəsənət
4 Azərbaycan
5 İstinadlar
Tarixi
I — Məhəmməd vaxtı; II — Əbu Bəkr vaxtı; III — Ömər ibn Xəttab vaxtı; IV — Osman ibn Affan vaxtı
632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb işğalları genişləndi. Ərəblərin hərbi işğallarının səbəbləri aşağıdakılardır: Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər ikisini zəiflətmişdi; ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayı daha çox idi; Bizans və İran əhalisi ağır vergilərdən azad olmaq üçün ərəblərə xilaskar kimi baxır, onların tərəfinə keçirdi.
Xəlifə Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644-656), Əli (656-661) dövründə işğalçılıq müharibələri genişləndi. Əbu-Bəkr dövründə Suriya və İranın işğalına başlandı. Ömər Suriya, İraq və Misiri işğal etdi. 636-cı ildə baş verən Yərmuq döyüşündə Bizans, 638-cı ildə Kadsiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 642-ci ildə Nahavənd vuruşmasında ərəblər İrana qalib gəldilər. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı. Mədain (Ktesefon) 652-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu.
Ərəb xilafətinin II dövrü 661-750-ci illəri əhatə edir. 661-ci ildə xəlifə Əli Kufədə öldürüldü. Hakimiyyətə Müaviyə və onun oğlu Yəzid gəldi. Bu sülalə Əməvilər sülaləsi adlanırdı. Bu sülalənin dövründə xilafətin paytaxtı Mədinədən Şam (Dəməşq) şəhərinə köçürüldü.
Əməvilər dövründə ərəb işğalları genişləndi. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. 711-ci ildə ərəb sərkərdəsi Tariq öz ordusu ilə Afrika və Avropa arasındakı boğazı keçib İspaniyaya daxil oldu. Buradakı Ost-Qot krallığını məğlub etdi. Bu boğaz Tariqin adı ilə Cəbəllütariq adlanır. Ərəblər 732-ci ildə Puatye şəhəri yaxınlığında franklara məğlub oldular və Avropanın mərkəzinə irəliləyə bilmədilər. İslam ordusu Qafqaz və Mərkəzi Asiyanı VIII əsrin əvvəlində tutdu, 712-ci ildə Çinə və Hind çayına gedib çıxdı. Beləliklə, VII əsr və VIII əsrin I yarısında Atlantik okeanından Hindistan və Çinə qədər uzanan geniş bir ərazini əhatə edən ərəb dövləti yarandı. Bu dövlət Xilafət adlanırdı.
Ərəb xilafətinin ərazisi əmirliklərə (vilayətlərə) bölünürdü. Vilayətlərin idarə olunması əmirlərə (canişinlərə) tapşırılırdı. Dövlət dili ərəb dili idi. Xilafətdə gümüş dirhəm və qızıl dinarlarla alver etmək və vergi vermək olardı. Qanun qarşısında bütün müsəlmanlar bərabər idi. Ancaq varlılar çox, yoxsullar az vergi verirdilər. Ərəb xilafətində feodalizm quruluşunun meydana gəlməsinin xüsusiyyətləri aşağıdakılardır: torpaq dövlət mülkiyyəti idi, Xəlifə təyin etdiyi canişinlərə xidmətləri əvəzində iqta verirdi, asılı kəndlilər vergi ödəyirdilər. Bu vergi xəlifənin xəzinəsinə daxil olurdu.
Ərəblər ayrı-ayrı şəxsləri, ailələri, bütöv tayfaları işğal etdikləri ərazilərə köçürürdülər. Burada onların məqsədləri:
Dövlət təqaüd alan adamları buraya köçürməklə dövlət xəzinəsini bu adamlardan azad edirdilər.
Özlərinə burada etnik dayaq yaradırdılar.
Ərəb xilafətinin Abbasilər dövrü 750-1258-ci illəri əhatə edir. Abbasilər 750-ci ildə Kufə məscidində Əməvilərin sonuncu nümayəndəsi Mərvanı qohumları ilə edam etdilər və hakimiyyətə gəldilər. Onlar 762-ci ildə Bağdad şəhərinin əsasını qoydular və paytaxtı Dəməşqdən Bağdada köçürdülər. Elə buna görə də bu dövlət Bağdad xilafəti adlanır. Artıq IX əsrin ortalarında Bağdad 4 min hektar sahəni əhatə edirdi, dünyanın ən böyük şəhəri idi. Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah tikildi və bu iqamətgah Samirə adlandı. Xilafətdə ticarət çox inkişaf etmişdi. Təkcə Dəməşqdə 40 bazar var idi. Bura Xilafətin ticarət mərkəzlərindən biri idi. Böyük ipək yolu yenidən canlandı. Hindistan və Şərqi Afrikadan gələn mallar Suveyşə, oradan da İsgəndəriyyəyə, daha sonra Avropaya aparılırdı.
İşğal edilmiş ölkələrdə ərəb zülmü xalq üsyanlarına səbəb olurdu. Bu üsyanların səbəbləri bunlardır:
İri feodallar olan canişinlərin (əmirlərin) müstəqilliyinin artması.
Xalqların azadlıq mübarizəsi.
VIII əsrin 70-80-ci illərində Mərkəzi Asiyada ərəb zülmünə və feodal əsarətinə qarşı Müqənnanın başçılığı altında üsyan baş verdi. Onun əsl adı Haşım İbn Hakim idi. Üsyan 783-785-ci illərdə yatırıldı. Müqənna ələ keçib alçalmamaq üçün özünü öldürdü. Babəkin başçılığı altında olan üsyan Ərəb xilafətini zəiflətdi. Ərəb ordusunda türklərin nüfuzu getdikcə artırdı. Bunun bir səbəbi xəlifə Mötəsimin (833-842) anasının türk qızı olması idi. O, gəncliyində Türküstanda olmuş və burada türklərin döyüş məharətinin şahidi olmuşdu. Görkəmli sərkərdə Afşin, Əbu Sac və başqaları türk idilər. Türklərin etibarlı olması onların nüfuzunu yüksəldirdi. Məsələn, Tulun sülaləsinin əsasını qoyan Tulun Buxarada vergi əvəzinə alınan bir döyüşçü idi. Onun oğlu Əhməd-İbn Tulun Misirdə əvvəl canişin köməkçisi, sonra canişin olmuşdu. Misir tarixçiləri onun dövrünü Misirin qızıl dövrü adlandırmışlar.
VIII əsrdən başlayaraq Ərəb xilafəti tənəzzül etdi. VIII əsrin ortalarında İspaniyada Kordova əmirliyi yarandı. Ərəb xilafəti parçalandı. Xəlifənin əlində qalan torpaqlar Bağdad xilafətinə daxil oldu. IX əsrdə Bağdad xilafəti dağıldı. Misir, Mərkəzi Asiya, İran və Əfqanıstan ondan ayrıldı. Bağdad xilafətinin tərkibində ancaq Mesopotamiya qaldı. Beləliklə, iri feodalların güclənməsi və xalq üsyanları nəticəsində Ərəb xilafəti süquta uğradı.
Monqolların 1258-ci ildə Bağdadı ələ keçirmələrindən sonra, xilafətin mərkəzi Misirdə Məmlük sülaləsinin nəzarətinə keçmişdir. XVI əsrdə isə Osmanlı Yavuz Sultan Səlimin Məmlük dövlətinə son qoyması ilə sonuncu ərəb xəlifəsini III Mütəvəkkili İstanbula gətirdi və peyğəmbərin xəlifənin ancaq Qureyş tayfasından birin ola biləcəyi haqqında hədisinə baxmayaraq onu Ayasofya məscidində Səlimi xəlifə elan etməyə məcbur etdi. 1924-cü ilin 3 martında Türkiyə Böyük Millət Məclisinin qərarı ilə xilafət rəsmi olaraq ləğv edilmişdir.
Xilafətdə iqtisadiyyat
Abbasi sülaləsinin hakimiyyətinin ilk illərində (8-9-cu əsrlər) İran və Orta Asiya feodalları xüsusi mövqeyə malik idilər. Ərəb zədəganları isə getdikcə öz mövqe və imtiyazlarını itirirdilər. Xilafətin əsas məhsuldar qüvvələri asılı kəndlilər, əsas istehsal sahəsi süni suvarmaya əsaslanan əkinçilik idi. Maldarlıq da mühüm əhəmiyyət kəsb edirdi. Xilafətdə əsas torpaq mülkiyyət forması mülk idi. Ərəb dilində "mülkiyyət" malikanə deməkdir. Mülk sahibi mərkəzi hökümət qarşısında icbari xidmət və ya mükəlləfiyyət daşımırdı. Mülk şərti torpaq da sayılmırdı. Buna görə də sərbəst olaraq satıla, girov qoyula, bağışlana və ya irsən keçə bilərdi. İqta torpaq sahibliyi də geniş yayılmışdı. Bu, xidmət müqabilində feodallara verilmiş şərti olaraq mülkiyyət idi. İqta torpaqları dövlət torpaqları hesab edilsə də, 9-cu yüzillikdə faktiki olaraq feodal şəxsi torpaq mülkiyyətinə çevrilmişdi. İqta torpaqlarında vergilərin toplanması və onların idarə olunması iqtadarların əlində toplanmışdı. İqta dövründə meydana gələn vəqf, ərəbcə dini və ya xeyriyyə məqsədi ilə dövlətin və yaxud ayrı-ayrı vətəndaşların könüllü bağışladığı daşınan və daşınmaz əmlaka deyilirdi. Vəqf olunmuş torpaq satıla və ya bağışlana bilməzdi.
Torpaq vergisi olan xərac da geniş yayılmışdı. Xərac pul və ya natura şəklində toplanırdı. Xərac bəzən bütün torpaq vergilərinin cəmi olurdu. Cizyə vergisi də Xilafət dövründə yayılmışdı. Bu vergi qeyri-müsəlman əhalidən orduda xidmət etmədiklərinin müqabilindən onlardan alınan vergi növü idi. Cizyə ancaq kişilərdən alınırdı və əsasən pul ilə ödənilirdi. Bundan başqa Xilafətdə dini vergilər olan zəkat, xüms və titrə də alınırdı. Zəkat şəriət qanunu ilə əmlak və gəlir üzərinə qoyulan vergidir. Bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülürdü. Zəkatın adi məbləği illik gəlirin 2,5%-ni təşkil edir. Bunu ailə başçısı ödəyirdi. Xüms (və ya xums) müxtəlif mülkiyyət və qənimət növlərindən (qazancadan, dəfinələrdən, hərbi qənimətlərdən) xəzinəyə ödənilirdi. Fitrə isə ailənin hər bir yaşlı üzvündən ramazan ayında orucluq olan gün alınır və paylanırdı. Bu vergi növü ancaq varlı şəhərlilərdən alınırdı. Xilafətdə şəhər əhalisi xırda ticarətlə əlaqədar olan müxtəlif peşələrlə məşğul idi. Toxuculuq, bəzək və zərgərlik malları istehsalı, metal emalı yüksək dərəcədə inkişaf etmişdi. Sənətkarlıq və ticarətin genişlənməsi şəhərlərin inkişaf etməsinə kömək edirdi. Bağdad və Qahirə mühüm sənətkarlıq və mədəniyyət mərkəzləri idi. Xarici ticaarəti varlı tacirlər aparırdılar. 8-ci əsrin sonunda ərəb və İran dəniz səyyahları İndoneziya və Malayya dəniz sahillərinə, sonra isə Sinqapur boğazı ilə Sakit okeana çıxaraq, Çinlə ticarət edirdilər. Quanşjou (Kanton) şəhərində xilafətdən gələn müsəlman tacirlərinin məhəlləsi var idi. Şərqi Avropa xalqları ilə də daimi ticarət əlaqələri yaradılmışdı. Xilafətdə feodal cəmiyyətinin xarakterik cəhəti burada güclü quldarlıq-patriarxal qaydaların uzun müddət qalması idi. Qul əməyindən geniş istifadə olunurdu.
Ərəb xilafətində torpaq sahibliyinin aşağıdakı formaları vardı:
Xəlifə və dövlətə məxsus mülklər — buradan gələn gəlir xəzinəyə gedirdi.
Mülk — yerli feodallara məxsus idi.
İqta — xidmət əvəzinə verilən torpaqlar.
Vəqf — dini müəssisələrə məxsus torpaqlar.
İcma torpaqları — kəndlərin əkin yeri, otlaqlar, biçənəklər, qəbristanlıq və s.
Xilafət dövründə aşağıdakı vergilər alınırdı:
Xərac — torpaq vergisi (məhsulla torpağı olanlardan alınırdı).
Cizyə — can vergisi. Qeyri-müsəlman kişilərdən alınırdı.
Aşağıdakı dini vergilər alınırdı.
Xüms — daşına bilən əmlakdan, adamların faydalandığı bütün şeylərdən alınırdı.
Zəkat (sədəqə) — maldarlıqdan, ticarət və sənətkarlıqdan, əkin və meyvədən alınırdı. Şikəstlərin, əlacsızların ehtiyacı zəkatdan ödənilirdi.
Xilafətdə mədəniyyət
Əvvəllər mədəniyyətin inkişaf səviyyəsinə görə ərəblər əsarət altına alınmış xalqların əksəriyyətindən çox-çox aşağıda dururdular. Lakin ərəblər yavaş-yavaş bu xalqların elm və incəsənət sahəsindəki nailiyyətlərini mənimsədilər. Xilafətin tərkibində yüksək inkişaf etmiş qədim mədəniyyəti olan Misir, Suriya, Fələstin, Mesopotomiya, Orta Asiya kimi çox ölkələr daxil idi. Ərəb dili bu ölkələrdə geniş yayıldı. Məhkəmə işləri bu dildə aparılır, məktəblərdə bu dil öyrədilirdi. Ərəb dili ədəbiyyat və elm dilinə çevrilmişdi. Suriya, İran və Orta Asiyanın bir çox alim və yazıçıları öz əsərlərini bu dildə yazırdılar. Beləliklə, xilafətin mədəniyyətini təkcə ərəblər deyil, xilafətin tərkibinə daxil olan bütün xalqlar yaradırdılar. Təsərrüfat sahəsindəki uğurlar mədəniyyətin inkişafına kömək edirdi. Suvarılan torpaqlara arpa və buğda səpir, orada xurma və şəkər qamışı yetişdirirdilər. Asiyanın başqa ölkələrindən ərəblər pambıq və çəltik, portağal və limon gətirib əkdilər. Mahir sənətkarlar pambıq və yundan yüngül və davamlı parçalar toxuyurdular. İran öz xalçaları ilə məşhur idi. Suriyada ipək parçalar toxunur, şüşə qablar hazırlanırdı.Suriyanın silah ustaları bütün dünyada şöhrət qazanmışdılar. Dəməşq poladından hazırlanmış qılıncları və zirehli geyimləri bütün ölkələrin cəngavərləri yüksək qiymətləndirirdilər. Ərəb tacirləri çox geniş ərazidə ticarət edirdilər. Onlar bürkülü səhraları və uca dağları aşaraq Çindən ipək və qab-qacaq gətirirdilər. Dəniz yolu ilə Hindistandan müxtəlif parçalar və qiymətli daş-qaşlar gətirilirdi. Ərəb tacirləri tez-tez Avropaya da gedirdilər.
Xilafətdə riyaziyyat, astronomiya, coğrafiya kimi elmlər uğurla inkişaf edirdi. Böyük şəhərlərdə ali məktəblər açılırdı. Bağdadda yunan alimlərinin əlyazılarından ibarət kitabxana açılmışdı. Bu kitabxananı "müdrüiklik xəzinəsi" adlandırırdılar. Evklidin həndəsəyə aid əsərləri, hind astronomları və riyaziyyatçılarının tədqiqatları ərəb riyaziyyatçılarına məlum idi. Onlar cəbr (ərəbcə "əlcəbr" – hesab) elminin əsasını qoydular, hind rəqəmlərindən istifadə etməyə başladılar. Sonrada bu rəqəmləri ərəblərdən avropalılar öyrəndilər. İndiyədək Avropada bu rəqəmləri "ərəb rəqəmləri" adlandırırlar. Bağdad və Dəməşq şəhərlərində rəsədxanalar açıldı. Astronomlar mürəkkəb alətlərdən istifadə edərək Yer kürəsinin təxmini böyüklüyünü hesablaya bildilər. Onlar səmada gözlə örünən ulduzların vəziyyətini təsvir edirdilər. Orta Asiya alimi Əl-Biruni Yerin Günəş ətrafında fırlanması ideyasını irəli sürmüşdü, o zaman üçün bu dahiyanə fərziyyə hesab olunurdu. Ərəblər coğrafiyaya böyük şərafət göstərirdilər. Bunu belə bir atalar sözü sübut edir "Kim elm naminə səyahətə çıxırsa, cənnət qapıları onun üzünə açıqdır." Coğrafiyaşünaslar yalnız başqa ölkələr haqqında kitablar oxumaqla kifayətlənmir, özləri həmin ölkələrdə olmağa can atır, həyatlarını təhlükə qarşısında qoyaraq uzaq ölkələrə səyahətə çıxırdılar. Ərəb səyyahları xilafət ölkələrini, Hindistanı, Çini təsvir etmiş, Afrikanın və Şərqi Avropanın lap içərilərinə gedib çıxmışdılar. Onlar özlərinə məlum olan ölkələrin və dənizlərin xəritələrini çəkmişdilər. Xilafətdə təbabət uğurla inkişaf edirdi. Orta Asiyada böyük alim İbn Sina (980-1037) yaşayırdı. Avropada onu Avisenna adlandırırdılar. İbn Sina təbib kimi xüsusilə böyük şöhrət qazanmışdı. O, özündən əvvəl heç kəsin ayırd edə bilmədiyi bir çox xəstəliklərin əlamətlərini təsvir etmişdi. Onu yüzdən çox elmi əsəri vardı. Şərqdə onu "alimlərin başçısı" adlandırırdılar.
Xilafətdə ədəbiyyat
Tacirlər və sarbanlar başqa ölkələrdən qiymətli mallar gətirməklə yanaşı, həmin ölkələr barədə qəribə nağıllar da danışırdılar. Bu nağıllar xəlifə və əyanların saraylarında, bazarlarda, küçələrdə, Bağdadın evlərində danışılırdı. VArlılar möcüzəli səyahətlər və macəralar barədə nağıllar dinləməyi xoşlayırdılar. Bu nağıllar əsasında sonralar bütün dünyada məşhur olan nağıl toplusu – Min bir gecə nağılları yaradıldı. Ərəb şairləri öz şerlərində köçərilərin məişətini və hərbi qəhrəmanlıq hünərlərini tərənnüm edirdilər. Poeziya sahəsində İranda və Orta Asiyada xüsusilə böyük uğurlar qazanılmışdı. Burada şairlər öz əsərlərini adıtın tacik-fars dillərində yazırdılar. Ən məşhur şairlərdən biri Firdovsi idi. O, Şahnamə poeması üzərində 30 ildən çox işləmişdi. Bu poemada İran xalqının işğalçılara qarşı mübarizəsi təsvir olunur, əfsanəvi qəhrəmanların igidlikləri tərənnüm edilirdi.
Xilafətdə incəsənət
Xilafətdə incəsənətin bütün növlərindən ən çox inkişaf edəni memarlıq idi. Memarlar xəlifələr üçün gözəl saraylar, türbələr və qalalar tikirdilər. Qranadada (İspaniya) yerləşən ərəb hakimlərinin sarayı Əlhambra bütün dünyada məşhurdur. Xilafət memarları həm də məscidlər tikirdilər. Məscid binası adətən dördkünc olur, üzərində günbəz ucalırdı. Məscidin hasarları içərisində böyük həyəti, həyətdə isə hovuzu olurdu. Hovuzun dövrəsində çoxlu sütunları olan eyvan, ona yapışıq isə böyük salon tikilirdi. Müsəlmanlar bu salona namaz üçün toplaşırlar. Məscidin yanında uca qüllə olan minarə ucaldılırdı. Bu minarədən dindarları namaza dəvət etmək üçün azan oxuyurlar. Xilafət dövründə tikililərdə daş özərində oyma naxışlarla, kaşı ilə, divarlarda və döşəmələrdə mozaikalar yaratmaqla zəngin bəzək vurulurdu. Binaların divarları isə mürəkkəb şəbəkə naxışlarla bəzədilirdi. Oyma şəbəkə naxış və əlvan təsvirlər elə hiss oyadırdı ki, sanki həmin divarlar ağır daşlardan hörülməmişdir. İslam dini insan və heyvanların şəklini çəkməyi qadağan edirdi. Buna görə də Xilafət ölkələrində Orta əsrlərin ilk yüzilliklərində heykəltaraşlıq və rəssamlıq, demək olar inkişaf etmədi. Sonralar isə kitablarda xalq həyatından götürülmüş səhnələri, xəlifə sarayındakı hadisələri, möcüzəli heyvanları və quşları olan uzaq ölkələri təsvir edən miniatürlər verilməyə başlandı.
Tarix: 06.03.2013 / 13:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 3128 Bölmə: Dunya ve tarixi