Allah-təala öz qullarını Ona dua etməyə çağıraraq dua üçün onlara rəhmət olaraq müəyyən vaxtlar qoymuşdur və həmin anlarda Ona edilən dualara cavab verəcəyinə vəd vermişdir. Həmin vaxtlar bunlardır:
1. Azan verilərkən
Səhl ibn Sad əs-Saididən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“İki şey vardır ki, geri qaytarılmaz. Yaxud çox az hallarda olar ki, geri qaytarılar: Azan verilərkən və döyüş zamanı iki ordunun bir-biri ilə üzləşərək döyüşdükləri an edilən dua.”[1].
2. Azan və iqamə arasında edilən dua
Ənəs ibn Malikdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Azan və iqamə arasında edilən dua geri qaytarılmır.Ona görə də dua edin” [2]
3. Səcdədə olarkən edilən dua
Qul namaz qılarkən səcdədə olduğu vaxt Rəbbinə daha da yaxın olur. Ona görə də səcdə halında olarkən duanı çoxaltmalıdır.
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Qulun Rəbbinə ən yaxın olduğu vaxt səcdədə olduğu andır. (Ona görə də) duanı çoxaldın.” [3].
İbn Abbasdan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Bilin ki, mən rukuda, yaxud səcdədə olarkən “Quran” oxumaqdan qadağan olundum. Rukuda Rəbbinizə təzim edin (subhənə rabbiyəl azim deyin). Səcdədə isə çoxlu dua edin. (Çünki siz səcdədə olarkən etdiyiniz duanızın) qəbul olmasına layiqsiniz.”[4]
4. Fərz namazlarının axırında salamdan öncə edilən dua
Əbu Umamə əl-Bəhilidən (radiyallahu anhu) rəvayət olunan hədisdə demişdir:
“Deyildi: “Ey Allahın Rəsulu, hansı dua daha tez eşidilir?” Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: “Gecənin axırıncı üçdə birində və Fərz namazlarının axırında [edilən dua].” [5].
Həmçinin, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) Muaz ibn Cəbələ hər namazın axırında
“Allahım, sənə zikr, şükür və gözəl ibadət etməkdə mənə yardım et” - deməsini buyurmuşdur.[6]
5. Nafilə namazların axırıncı təşəhhüdündə Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) salavat gətirdikdən sonra
İbn Məsuddan (radiyallahu anhu) rəvayət olunan hədisdə demişdir:
“Mən namaz qılırdım. Əbu Bəkr və Ömər (radiyallahu anhumə) Peyğəmbərlə (sallallahu aleyhi va əlihi va səlləm) birlikdə idilər. O vaxt ki, oturub Allah-təalaya həmd-səna, Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) salavat gətirdim və sonra özüm üçün dua etdim, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: - İstə, [istəyin] verilər, istə, [istəyin] verilər.” [7]
6. Gecənin axırıncı üçdə birində edilən dua
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) demişdir:
“Rəbbimiz hər gecə dünya səmasına enər və gecənin axırıncı üçdə biri olduğu vaxt deyər: - Mənə dua edən bir kimsə varmı onun duasını qəbul edəm?! Məndən istəyən bir kimsə varmı onun dilədiyini verəm?! Məndən bağışlanma diləyən bir kimsə varmı onu bağışlayam?! ”[8]
7. Cümə günü edilən dua
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) demişdir:
“Cümə günündə elə bir an vardır ki, hər bir müsəlman o ana müvafiq olaraq Allahdan xeyir istəyərsə, Allah-təala onun istəyini verər. Həmin an az bir andır.” [9]
Cümə günündə olan həmin anın hansı vaxtda olması barədə alimlərin müxtəlif rəyləri vardır. Lakin ən güclüsü və dəlilə daha yaxın olanı iki rəydir.
Birincisi: İmamın minbərdə oturduğu vaxtla namazı qılıb bitirdiyi vaxt arasında olan andır.
Əbu Burdə ibn əbi Musa əl-Əşaridən Abdullah ibn Ömərin (radiyallahu anhum) ona belə dediyi rəvayət olunur:
“Atanın Peyğəmbərdən (sallallahu aleyhi va əlihi va səlləm) Cümə günündə olan o an barədə bir şey söylədiyini eşitdinmi? Dedi: - Bəli, onun belə dediyini eşitdim. Eşitdim ki, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) deyir: - O [an] imam minbərdə oturduğu vaxtla namaz bitənə qədər olan vaxt arasındadır.” [10]
İkincisi: Əsr vaxtından günəş batana qədər olan andır.
Abdullah ibn Salamdan (radiyallahu anhu) rəvayət olunan hədisdə demişdir:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) [yanımızda] oturmuşdu. Mən dedim: - Biz Allahın kitabında, yəni [“Tövrat”da] belə yazıldığını görürük. Cümə günündə elə bir saat vardır ki, hər bir mömin qul, o saata müvafiq olaraq namaz qılar və Allah-təaladan bir şey istəyərsə, Allah-təala onun ehtiyacını ödəyər. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) mənə işarə etdi ki, əksinə saatın bir anı. Dedim: - Doğru söylədin, ya Rəsulullah, əksinə, saatın bir anı. Sonra dedim: - O hansı saatdır? Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: - O gündüzün saatlarından olan ən axırıncı saatdır. Dedim: - O vaxt namaz vaxtı deyildir axı? Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: - Bəli. həqiqətən, mömin bir qul namaz qılar və yalnız növbəti namazı gözləmək üçün oturarsa, o, namazın içində olmuş kimi sayılar.”[11]
İbn Həcər (rahiməhullah) rəyləri zikr etdikdən sonra demişdir: “Şübhə yoxdur ki, xatırlanan rəylərin ən düzgünü əbu Musanın hədisi ilə Abdullah ibn Salamın hədisidir.” [12]
İbnu-l-Qayyim (rahiməhullah) ikinci rəyin daha düzgün olduğunu deyərək Abdullah ibn Salamın (radiyallahu anhu) keçən hədisini və bu fəsildə olan digər hədisləri dəlil gətirmişdir.[13]
8. Ramazan ayında edilən dua
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Ramazanda rəhmət qapıları açılar, Cəhənnəm qapıları bağlanar və Şeytanlar zəncirlənərlər.” [14]
Həmçinin, buyurmuşdur:
“Ramazanda dua edən hər bir müsəlmanın qəbul olunan duası vardır.”[15]
9. Qədr gecəsi edilən dua
Möminlərin anası Aişənin (radiyallahu anhə) belə dediyi rəvayət olunmuşdur:
“Dedim, ey Allahın Rəsulu, Qədr gecəsinin hansı gecənin olduğunu bilsəm, nə deyim? Dedi: “De ki, Allahım, həqiqətən, Sən bağışlayansan və bağışlamağı sevirsən. Məni bağışla. ”” [16]
Şeyx Abdullah əl-Bassam (rahiməhullah) demişdir: “Möminlərin anası (radiyallahu anhə) o gecədə ən üstün duanı deməyə həris olduğundan və həqiqətən də, o gecədə duanın eşidildiyini bildiyi üçün Peyğəmbərdən (sallallahu aleyhi va əlihi va səlləm) ona əgər Qədr gecəsinin nə vaxt olduğunu bilərsə, ən üstün olan duanı öyrətməsini tələb edir və Peyğəmbər də (sallallahu aleyhi va əlihi va səlləm) ona deyəcəyi ən gözəl və ən üstün duanı xəbər verir.” [17]
10. Oruclu olarkən edilən dua
Ənəsdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) demişdir:
“Üç dua vardır ki, geri qaytarılmır: Atanın, oruclunun və müsafirin duası.” [18]
11. Hacda və ümrədə olarkən edilən dua
Abdullah ibn Ömərdən (radiyallahu anhumə) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Allah yolunda düşmənə hücuma keçən, hac və ümrə üçün yola çıxan Allahın qonağıdır. Allah onları çağırmışdır və onlar da Allahın çağırışına cavab vermişlər. Onlar Allahdan istəyərlər [Allah da onların istəyini] verər.” [19]
12-13. Səfa və Mərva dağının üzərində olarkən edilən dua
Cabirdən (radiyallahu anhu) rəvayət olunan hədisdə buyurmuşdur:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) Səfa dağının üzərində durarkən üç dəfə təkbir (Allahu Əkbər) gətirər və deyərdi: “Allahdan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur. O, təkdir heç bir şəriki yoxdur...” Bunları üç dəfə deyər və [aralarında] dua edərdi. Həmçinin, Mərva dağının üstündə də belə edərdi.”[20]
14. Arafat günündə edilən dua
Ən üstün olan dua Arafat günündə edilən duadır. Çünki o gün duaların qəbul olunan günüdür. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Ən xeyirli dua Arafat günündə edilən duadır.” [21]
15. Müzdəlifədə olarkən
Allah-təala buyurmuşdur:
لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ فَإِذَا أَفَضْتُم مِّنْ عَرَفَاتٍ فَاذْكُرُواْ اللّهَ عِندَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِن كُنتُم مِّن قَبْلِهِ لَمِنَ الضَّآلِّينَ›
“(Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah deyildir. Arafatdan qayıdarkən Məşərül haramda (müzdəlifədə) Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!”[22]
Həmçinin, Cabirdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) necə həcc etdiyi barədə deyir:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dəvəyə minərək Müzdəlifəyə gəlib, qibləyə çevrildi. Allaha dua edərək, təkbir və təhlil[23] gətirərək hava açılana qədər ayaq üstə dua etməkdə davam etdi.” [24]
16-17. Kiçik və Orta daşa daş atdıqdan sonra
Səlim ibn Abdullahdan belə rəvayət olunur:
“Abdullah ibn Ömər (radiyallahu anhumə) Kiçik daşa yeddi daş atdıqdan sonra qibləyə tərəf yönələr, əlini qaldıraraq dua edər, Orta daşa daş atdıqdan sonra da eyni hərəkətləri edər, lakin Böyük daşa daş atdıqdan sonra dua etməz və Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) belə etdiyini söyləyərdi.” [25]
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) həcc edərkən adı çəkilən bu altı yerdə, yəni Səfa və Mərva dağının üzərində, Arafat dağında, Müzdəlifədə və Kiçik və Orta daşa daş atdıqdan sonra, yanında duraraq qibləyə tərəf yönələr və əllərini qaldıraraq dua edərdi.
18. Zəm-zəm suyunu içərkən edilən dua
Cabirdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Zəm-zəm suyunu içərkən edilən dua qəbuldur.”[26]
19. Yağış yağarkən edilən dua
Səhl ibn Saddan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“İki dua vardır ki, geri qaytarılmaz: Azan verilərkən və yağış yağarkən.” [27]
20. Xoruz banlayan zaman
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Xoruzların banlamağını eşitdiyiniz zaman Allahın fəzilətindən istəyin [Ona dua edin]. Çünki onlar mələk görmüşlər”[28].
Nəvəvi (rahiməhullah) demişdir: “Qazi demişdir ki, xoruz banlayarkən dua etməkdə məqsəd mələklərin duaya şahidlik etməsi və amin deməsidir...” [29]
21. Qəlbin Allaha tərəf yönəldiyi və ixlasın artdığı vaxt
Bəzən insan imanının daha da artdığını, qəlbinin Allaha tərəf daha da çox yönəldiyini hiss edir. Şübhəsiz ki, belə bir anlarda edilən dua səmimi qəlbdən olduğu üçün daha da qüvvətli olur. Ona görə də hər bir müsəlman həmin fürsətlərdən istifadə edərək, Rəbbinə dua etməyi çoxaltmalıdır.
22. Çətinlikdə və darda qalanın duası
Allah-təala buyurmuşdur:
أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاء الْأَرْضِ أَإِلَهٌ مَّعَ اللَّهِ قَلِيلًا مَّا تَذَكَّرُونَ›
“(Allahdan qeyri ibadət etdikləriniz yaxşıdır) Yaxud əli hər yerdən üzülüb darda qalan bir kimsə, ona dua etdiyi zaman onun duasını qəbul buyuran [sizdən] şəri sovuşduran, sizi yer üzünün varisləri edən kəs? Məgər Allahla yanaşı başqa bir (ibadətə layiq) İlahmı var? Siz nə az düşünüb daşınırsınız! [30]
Böyük təfsir alimi Qurtubi (rahiməhullah) ayənin şərhində demişdir: “Allah-təala Özündən xəbər verərək çətinlikdə olanın Ona dua etdiyi zaman duasını qəbul edəcəyinə zəmanət vermişdir.” [31]
23. Məzlumun duası
Necə ki, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) Muazı (radiyallahu anhu) Yəmənə göndərdiyi zaman demişdir:
“Məzlumun duasından qorx! [çəkin] Çünki onun duası ilə Allah arasında heç bir pərdə yoxdur.” [32]
Həmçinin, Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Məzlumumun duası qəbuldur, hətta, facir [günahkar] olsa belə günahı öz üzərinədir. ”[33]
24. Valideynin övladına etdiyi bəd-dua
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Üç dua vardır ki, qəbuldur. Onların qəbul olmasına heç bir şübhə yoxdur: Məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi bəd dua.”[34]
25. Valideynin övladına etdiyi dua
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Üç dua vardır ki, geri qaytarılmır: Valideynin övladına etdiyi dua, oruclunun və müsafirin duası”.[35]
26. Müsafirin duası
Ötən hədisə görə.
27. Saleh övladın ata-anasına etdiyi duası
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“İnsan öldükdən sonra [savab qazanmaq üçün etdiyi] əməli kəsilər. Yalnız üç şeydən - [qoyub getdiyi] daimi sədəqədən [tikdiyi məscid, məktəb, bulaq, əkdiyi ağac və s.], mənfəət qazanılan elmindən və yaxud saleh övladının onun üçün etdiyi duasından – başqa.” [36]
28. Xəstənin, yaxud ölünün yanında olarkən
Ummu Sələmədən (radiyallahu anhə) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Xəstənin, yaxud ölünün yanında olduğunuz zaman xeyir söyləyin (onun üçün dua edin və bağışlanma diləyin). Çünki mələklər sizin söylədiklərinizə amin deyirlər...” [37]
29. Gecə yuxudan oyanarkən
Ubadə ibn əs-Samitdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Kim gecə yuxudan oyanar və - Lə iləhə illəllah, vahdəhu lə şərikə ləh, ləhu-l-mulku va ləhu-l-həmdu va huva alə kulli şeyin qadir. Əlhəmdu lilləh, va subhənallah va lə iləhə illəllah, vallahu əkbar, va lə haulə va lə quvvatə illə billəh - (O təkdir və şəriki yoxdur, mülk və həmd ona məxsusdur, O hər şeyə qadirdir, Allaha həmd olsun, O bütün nöqsanlardan pakdır, Ondan başqa ibadət olunmağa layiq olan ilah yoxdur, Allah böyükdür, güc və qüvvət də yalnız Onunladır) –dedikdən sonra deyərsə “Allahım, məni bağışla”, - yaxud dua edərsə bağışlanar və duası qəbul olar. Əgər dəstəmaz alar və namaz qılarsa, namazı qəbul olar. ” [38]
30. Yunis peyğəmbərin (aleyhissələm) duasından sonra edilən dua
Sad ibn əbu Vaqqasdan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Balıq sahibinin [Yunis peyğəmbərin] balığın qarnında olarkən etdiyi duası budur: Lə iləhə illə əntə subhənəkə inni kuntu minə-z-zalimin. (Səndən başqa ibadətə layiq heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən, zalımlardanam (əmrinə qarşı çıxaraq özümə zülm edənlərdənəm.) Əgər bir müsəlman istədiyini bu dua ilə edərsə, Allah-təala onun duasını mütləq qəbul edər.” [39]
Allah-təala Zün-Nun (balıq sahibi) Yunis peyğəmbər (aleyhissələm) haqqında buyurmuşdur:
وَذَا النُّونِ إِذ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَن لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ .فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنجِي الْمُؤْمِنِينَ›
“Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbrsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında gecənin, yaxud dənizin zülmətində) “(Ey Rəbbim!) Səndən başqa ibadətə layiq heç bir haqq məbud yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,- deyib dua etmişdi.
Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz, Həmçinin, möminlərə də belə nicat verərik! ”[40]
Qurtubi (rahiməhullah) bu ayənin təfsirində demişdir: “Bu ayədəki xəbər ilə Allah-təala Ona dua edənə, Yunis peyğəmbərə cavab verdiyi kimi cavab verəcəyinə və onu çətinlikdən qurtardığı kimi dua edəni də çətinlikdən qurtaracağına vəd verərək buyurmuşdur:
“Biz, həmçinin, möminlərə də belə nicat verərik!” [41]
İbn Kəsir (rahiməhullah) Allah-təalanın: “Biz, həmçinin, möminlərə də belə nicat verərik!” - ayəsini təfsir edərək demişdir: “Yəni əgər çətinlikdə olarlarsa və bizə tərəf dönərək dua edərlərsə, xüsusi ilə də darda olarkən, bu duanı edərlərsə (onlara da nicat verərək çətinlikdən və dardan xilas edərik). Necə ki, Peyğəmbərdən (sallallahu aleyhi va əlihi va səlləm) həmin duanı etməyimiz üçün bizə tövsiyəsi varid olmuşdur.”[42]
31. Müsibət və xoşa gəlməyən hadisə baş verərkən bu duanı etmək
Ummu Sələmənin (radiyallahu anhə) Peyğəmbərdən (sallallahu aleyhi va əlihi va səlləm) belə eşitdiyi rəvayət olunmuşdur:
“Əgər bir müsəlmana müsibət baş verərsə və Allah-təala ona əmr etdiyini: - İnnə lilləhi va innə ileyhi raciun. Allahummə, əcirni fi musibəti vaxluf li xayran minhə - Həqiqətən də, biz Allahınıq və ona tərəf də qayıdacağıq. Ey Allahım, mənə bu müsibətə görə əcr ver və ondan xeyirlisini mənə əvəz et - deyərsə, Allah-təala mütləq ona müsibətindən xeyirlisinin əvəzini verər.”[43].
Necə ki, Allah-təala buyurmuşdur:
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفِ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الأَمَوَالِ وَالأنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ.الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ. أُولَـئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَـئِكَ هُمُ الْمُهْتَدُونَ›
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!
O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” – deyərlər, onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!” [44]
32. Allahı ən böyük adı ilə çağıraraq dua etmək
Ənəs ibn Malik (radiyallahu anhu) deyir ki, mən Peyğəmbərlə (sallallahu aleyhi va əlihi va səlləm) oturarkən bir kişi namaz qılaraq bu duanı etdi:
“Ey Allahım, mən yalnız Səndən istəyirəm. Çünki həmd və tərif sənə məxsusdur. Səndən başqa ibadətə layiq məbud yoxdur. Sən çoxlu əta edən və göylərin və yerin yaradıcısısan. Ey əzəmət və kərəm sahibi (səxavətli), ey həmişə diri olub bütün kainatı idarə edən!”
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi:
“O, artıq Allahı ən böyük adı ilə çağırdı. Hansı ki, o ad ilə çağırılarsa cavab verər və o ad ilə istənilərsə əta edər.” [45]
Həmçinin Əsma bint Yəziddən (radiyallahu anhə) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Allahın ən böyük adı bu iki ayədədir
وَإِلَـهُكُمْ إِلَهٌ وَاحِدٌ لاَّ إِلَهَ إِلاَّ هُوَ الرَّحْمَنُ الرَّحِيم ›
“Sizin ilahınız bir olan Allahdır, Ondan başqa ibadətə layiq məbud yoxdur. O, rəhmlidir, mərhəmətlidir.” [46]
ألم. اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ ›
“Əlif, Ləm, Mim. Allahdan başqa ibadət olunmağa layiq heç bir ilah yoxdur. Həmişə diri olan və kainatı idarə edən Odur.”[47] ” [48]
Başqa bir hədisdə Əbu Umamədən (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) belə dediyi rəvayət edilir:
“Allahın ən böyük adı “Quran”ın üç surəsindədir; “əl-Bəqərə”, “Əli İmran” və “Taha” (surəsində)”.
Hədisin rəvayətçilərindən olan Qasim deyir ki, “həmin surələri axtardım və gördüm ki, o ad “əl-Həyyu”(əbədi və həmişə diri olan) “əl- Qayyum” dur (bütün kainatı idarə edən və ya bəndələrinin işini yoluna qoyan). [49]
Həmçinin, Ənəs ibn Malikdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Yə zə-l-cələli va-l-ikram (ey əzəmət və kərəm sahibi,) ( sözü) ilə çoxlu dua edin”.[50]
------------------------------------------------------------------------
[1] - əbu Davud, 2540, Albani səhihləşdirmişdir, “Sahihu-l-cəmi”, 3079.
[2] - əbu Davud, 521, Albani səhihləşdirmişdir. “Sahihu-l-cəmi”, 3408.
[3] - Müslim, 482; əbu Davud, 875.
[4] - Müslim, 479.
[5] - Albani həsənləşdirmişdir, “Sahihu sunəni-t-Tirmizi”, 2782.
[6] - Albani səhihləşdirmişdir, “Sahihu sunəni əbi Davud”, 1347.
[7] - Tirmizi, 593, Albani həsənləşdirmişdir, “Təxricu-l-Mişkət”, 931.
[8] - Buxari. 1145; Müslim, 758.
[9] - Buxari, 935; Müslim, 1970.
[10] - Buxari, 853.
[11] - Əhməd. 5/451, İbn Həcər səhihləşdirmişdir. “Nətəicu-l-əfkar”, 2/410.
[12] - “Fəthu-l-Bəri”, 2/421.
[13] - “Zədu-l-Məad”, 1/390-391.
[14] - Buxari. 1899; Müslim, 1079.
[15] - əl-Bəzzar. “Kəşfu-l-əctər”, 962, Albani səhihləşdirmişdir. “Sahihu-t-tərğib va-t-tərhib”, 1/419.
[16] - Tirmizi, 3513, Albani səhihləşdirmişdir, “Sahihu-l-cəmi”, 4423.
[17] - “Tovdihu-l-əhkəm”, 3/592.
[18] - əl-Beyhəqi, 3/345, Albani səhihləşdirmişdir. “əs-sahihə”, 1797.
[19] - İbn Macə, 2893, Albani səhihləşdirmişdir. “Əs-sahihə”, 1820.
[20] - Müslim, 1218.
[21] - Tirmizi, 3585, Albani həsənləşdirmişdir. “Sahihu-l-cəmi”, 3274.
[22] -2) “əl-Bəqərə” - 198.
[23] - Lə iləhə illəllah deməyə təhlil deyilir.
[24] - Müslim, 1218.
[25] - Buxari, 1752. (ixtisarla).
[26] - Əhməd, 3/357, Albani səhihləşdirmişdir. “Sahihu-l-cəmi”, 5502.
[27] - əbu Davud, 3540, Albani həsənləşdirmişdir. “Sahihu-l-cəmi”, 3078.
[28] - Buxari, 3304; Müslim, 2729.
[29] - “Şərhu sahihi Muslim”, 17/49.
[30] -27) “ən-Nəml” - 62.
[31] - “əl-Cəmiu li əhkəmi-l-Quran”, 13/223.
[32] - Buxari, 1469; Müslim, 19.
[33] - Əhməd, 2/367, Albani həsənləşdirmişdir, “Sahihu-l-cəmi”, 3382.
[34]- əbu Davud, 1535, Albani səhihləşdirmişdir. “Sahihu-l-ədəbi-l-mufrad”, 372.
[35] - əl-Beyhəqi, 3/345, Albani səhihləşdirmişdir, “Sahihu-l-cəmi”, 2032.
[36] - Müslim, 1631; əbu Davud, 2880.
[37] - Müslim, 919; əbu Davud, 3115.
[38] - Buxari, 1154.
[39] - Tirmizi, 3505, Albani səhihləşdirmişdir. “Sahihu-l-cəmi”, 3383.
[40] - “ən-Ənbiyə” - 87-88.
[41] - “əl-Cəmiu li əhkəmi -l- Quran”, 11/334.
[42] - “Təfsiru-l-Qurani-l-azim”, 3/187.
[43] - Müslim, 918; əbu Davud, 3119.
[44] - 2) “əl- Bəqərə” - 155-157.
[45] - “Əbu Davud, 1495; Albani səhihləşdirmişdir. “Sahihu sunəni ibn Macə”, 3112.
[46] - 2) “əl- Bəqərə” – 163.
[47]- 3)”Əli- İmran”- 1-2.
[48] - Əbu davud, 1496; Albani həsənləşdirmişdir. “Sahihu sunəni ibn Macə,” 3109.
[49]- İbn Macə, 3856; Albani həsənləşdirmişdir. “Silsilətu-l-əhədisi-s-sahihə”, 476.
[50]- Tirmizi, 3525; Albani səhihləşdirmişdir. “Silsilətu-l-əhədisi-s-sahihə”, 1536.
Tarix: 07.05.2013 / 21:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1063 Bölmə: Dualar