Naxçıvan xan sarayı — Naxçıvan şəhərində yerləşən XVIII əsrə aid tarixi-memarlıq abidəsi.
Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir.
Xan Sarayı 3600 m2 sahəsi olan saray kompleksinin qərbində, xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Xan Sarayı kompleksində 42x8 m ölçüdə yardımçı bina, yeni inşa olunmuş hovuz, su quyusu, yaşıllıq zolaqları, bəzək və meyvə ağacları var. Bina iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Hal-hazırda sarayda muzey yerləşdiyinə görə yalnız cənub dəhlizdən istifadə olunur. Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlər əsas fasaddan qabağa çıxarıldığı üçün binaya xüsusi gözəllik verir. Dəhlizlərə qırmızı qum daşı ilə döşənmiş pilləkənlərlə qalxılır. Pilləkənlərin ətrafı kərpiclə hörülüb və ağac məhəccərlərlə bərkidilib.
Xan Sarayının ümumi sahəsi 382 m2, divarlarının qalınlığı 60 sm-dən 1,1 m arasında dəyişir. Bina 20x20x5 sm ölçüdə bişmiş kərpiclə tikilmişdir. Pəncərələrdə şəbəkə üslubundan və bütün otaqlarda Naxçıvan yaşayış evlərinə xas olan müxtəlif ölçülü taxçalardan istifadə olunmuşdur. 1 mərtəbədə 3 otaq, 2 mərtəbədə 8 otaq (2 zal) və otaq kimi istifadə olunan vestübüllərin üzərində 2 mansar yerləşir. Hər iki mansardan dəhlizlərin üstündəki açıq balkonlara çıxış var. Mansarlara vestübüllərdən açılmış kərpic pilləkənlərlə qalxılır. Xan Sarayının cənub zalı daha dəbdəbəlidir. Qonaq qəbulu üçün nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 sm hündürlükdə səhnə tipli taxt yaradılmışdır. Taxtlı güşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə kiçik güzgü parçaları ilə nəfis bəzədilmişdir. Zalın digər divarları taxçalar, nəbati və süjetli rəsmlərlə işlənmişdir. Sonralar aparılan çoxsaylı təmir və bərpa işləri zamanı rəsmlər pozulmuş və ya üzəriləri suvaqla örtülmüşdür. Zalın əzamətini cənub divardakı, ətrafı həndəsi formalar və güzgü parçaları ilə bəzədilmiş buxarı daha da artırır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş.
Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir, bunlardan biri Naxçıvan xanlarına həsr olunmuşdur. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda, hazırda onların sayı 2000-dən (305 xalça) artıqdır. Burada, demək olar, bütün xalça növlərinin (xovlu: gəbə, zili və xovsuz: sumax, vərni, kilim, palaz, şəddə, cecim və s.) və xalça məmulatlarının (məfrəş, heybə, xurcun, çuval, örkən və s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə–Qazax, Quba–Şirvan, Qarabağ, Təbriz–Naxçıvan xalçaçılıq məktəblərinə XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi", "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı" və s. xalçalarla yanaşı, süjetli xalçalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti toxunmuş xalça (xalq rəssamı K.Əliyev), "Leyli və Məcnun", "Qarabağ mənzərəsi", "Boz qurdlar", "Gəncə gözəli" və s. da əhəmiyyətli yer tutur. Muzeydə məişət əşyaları – misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir.
Tarix: 12.01.2015 / 18:36 Müəllif: Feriska Baxılıb: 109 Bölmə: Azərbaycan xanlıqları