Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərdəbil Tarixi

Ərdəbil Azərbaycanın qədim şəhərlərindən biridir. Bu şəhər dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir. Ərdəbil şəhərinin məhsuldar torpağa malik düzənlikdə yerləşməsinə baxmayaraq onu hündür dağlar əhatə etmişdir. Şəhər Qərbdən Savalan dağı, Şərqədən Bağro dağı, Cənubdan Büzgüş, Şimaldan isə Talış dağları ilə əhatə olunur.

Ərdəbil əlverişli təbii-coğrafi şəraitə malikdir. Dəniz səviyyəsindən 4820 m hündürlüyə malik olan Savalan dağı keçmişdə vulkan olmuşdur.Hazırda bu vulkan sönmüşdür. Bu dağ Ərdəbil şəhərinin iqliminə yaxşı təsir edir. Həmin dağın ətəyində Ərdəbil şəhərindən az aralıda yerləşən Səreyin, Sarı dava və Qotur suyu adlı mineral sular da bu qədim şəhəri şöhrətləndirmişdir.

Şəhər tarixi yaxşı tədqiq edilməmiş, şəhər ərazisində və ətrafında arxeoloji qazıntı işləri aparılmamışdır. Ərdəbil şəhəri və onun ətrafında bir sıra abidələr, o cümlədən bir metr uzunluğunda ağır dəstəkli qılınclar, müxtəlif xəncərlər, baltalar, ox ucluqları, ox qablarının metal hissələri, sırğa və boyunbağılar da tapılmışdır və yüksək sənətkarlıq nümunəsi kimi qiymətləndirilən bu tapıntılar hal-hazırda Tehran şəhərində, İran Bastan Muzeyində "Ərdəbil tapıntıları" bölməsində saxlanılır.

İranın tarixçi və coğrafiyaşünaslarından Fəxrəddin Musəvi Ərdəbili, Cəmşid İbadulla Məliki, Əli Rəzməra, İsmayıl Dibac, Ələkbər Dehxuda, Məsud Keyhan, Daryuş Behazin, Baba Səfəri və başqaları orta əsr mənbələrinə əsaslanıb şəhərin orta əsrlər tarixi haqqında məlumatlar vermişlər. İran Ensiklopediyasının müəllifi Dehxuda Fidovsi və Yaqut Həməviyə istinad edərək yazmışdır: "Sasani sülaləsinin nümayəndəsi Firuz tərəfindən salınmış Ərdəbil şəhəri mühüm iqtisadi rola malik olan Zaqafqaziya və Azərbaycan şəhərləri arasındakı ticarət yolu üzərində bina edilmişdir. Oradan meyvə qurusu, xalça və yun ixrac edilirdi. Əməvilərin dövründə isə Azərbaycanın paytaxtı Marağadan buraya köçürülmüşdür."

Bir çox alimlər buradakı şəhərin əsasının Sasani çahı Firuz tərəfindən qoyulması fikrini qəbul etmirlər. Çünki şəhərin adı hələ Atropatenada Atropatidlər sülaləsinin dövründən yazılı mənbələrdə çəkilir. Bu isə şəhərin əsasının da farslar (Sasanilər) yox, atropatenlilər tərəfindən qoyulduğunu sübur edir.

Dehxuda "Hüdudülaləm"ə istinad edərək şəhərin adını Ordvil, "Anandrac"ın müəllifinə görə Ərdəbil (bu mənbədə sözün mənası acıqlı fil kimi izah olunur), Yaqut Həməviyə görə Bazane Firuz, Firuzkerd,Firuzabad adlandırılır.

D.Behazin Şahnaməyə əsaslanıb Ərdəbili "İranın" qədim və mühüm şəhərlərindən biri hesab edir. Ona görə Kəyanilərin hakimiyyəti dövründə Bəhmən qalası (farsca Dej-Bəhmən) Ərdəbilə yaxın ərazidə yerləşmişdir. Keyxosrov bu qalanı fəth etdikdən sonra Azərgüşnasp məbədini orada tikdirmişdir (mənbədə göstərilən fikri yalnışdır, çünki, Azərgüşnasp məbədi Qazaka şəhərində yerləşir). D.Behazin sözünə davam edərək yazır: "Ərdəbil Sasanilərin və ərəblərin ilk dövründə Azərbaycanın paytaxtı, Abbasilərin dövründə isə iranlıların (müəllif azərbaycan türklərini iranlı (fars) hesab edir) ərəblərə qarşı apardığı mübarizənin mərkəzi olmuşdur.

D.Behazin də öz növbəsində şəhərin V əsrdə Firuz tərəfindən bina edilməsi və Bazane Firuz adlanması fikrini müdafiə edir. Lakin o, yazır: "Mənim tədqiqatım görə Ərdəbil şəhərinin bina edilməsi Firuzun vaxtından daha qədimdir. Ona görə ki, V Bəhram Firuzdan 34 il əvvəl hunların hücumu zamanı Ərdəbil yolu ilə Amilə, Gurgana və sonra isə Xorasana getmişdir. O, Vis və Ramin əsərinə istinad edərək Ərdəbil şəhərinin bina edilməsini Parfiya dövrünə aid edir (lakin müəllif Manna dövləti zamanında burada şəhərin və şəhər ətrafı yaşayış məntəqələrinin olmasını nəzərə almır). Müəllifə görə Ərdəbil, yaxud Artabil Avesta dilindədir. Ərdəbil iki "arta" və "vil" sözlərindən ibarət olmaqla müqəddəs anlamını daşıyır. Ona görə "ər" şəxs adlarının əvvəlində – Ərdəvan, Ərdəşir, Ərdəviraf, yaşayış yerlərində isə Ərdəstan, Ərdəkan sözlərində müqəddəslik mənasında işlədilmişdir.

Fars dilində vil ya da bil təklikdə işlədilmir. Bu sözlərə ancaq yer adlarında sonluq kimi Devil, Şorabil, Əndəbil, Ləndovil, Şabil, Mobil formalarında təsadüf edilir. Bir sözlə, müəllif Ərdəbil şəhərinin salınması tarixini Sasanilərin dövründən daha əvvələ aid edir. Ona görə məhz bu şəhər Qafqaza yaxın olduğuna görə, Firuz oranı ordu mərkəzi edib və onun abadlaşdırılmasına səy göstərmişdir.

Antik müəlliflərin əsərlərindən fərqli olaraq orta əsr müəlliflərinin əsərlərində şəhərin tarixi, abidələri, ictimai həyatı və sairə ilə əlaqədar çoxlu dəyərli məlumatlar vardır. Lakin antik mənbələrdə məlumatın qıtlığı heç də o anlama gəlmir ki, bu dövrdə şəhər az inkişaf etmişdir. Çünki, əldə olan azsaylı arxeoloji tapıntılar (əgər şəhər ərazisində arxeoloji tədqiqat işləri aparılmış olsaydı daha zəngin materiallar əldə edlərdi) şəhər ərazisində yaşayışın ən azı Tunc dövründə olduğunu göstərir. Firdovsi əsərində Bəhmən qalasının Keyxosrov tərəfindən atəşgaha çevrilməsindən və bu qalanın Ərdəbildə yerləşməsindən danışır. Həmdullah Qəzviniyə görə Ərdəbil Siyavu.un oğlu Keyxosrov tərəfindən bina edilmişdir. Əfsanəvi hökmdar olan Keyxosrov tərəfindən şəhərin bina edilməsi fikri də özü-özlüyündə şəhərin qədim tarixindən xəbər verir. Firdovsinin Bəhmən qalası və Ruinqala adlandırdığı toponimlər hazırda Ərdəbilin Qərbində, Savalan dağının ətəyində farslaşdırılmış şəkildə Ruyin-dizeq və Dej-Vican formada təsadüf edilir. Bundan başqa şəhər ətrafında bir başa atəşpərəstliklə bağlı ay adlarına, o cümlədən Şəhrivar və Əmərdad toponimik adlarına da rast gəlmək olur. Buna əsasən bir sıra müəlliflər şəhərin əsasnın Zərdüşt dövründə qoyulduğu fikrini irəli sürürlər.

Ərdəbil şəhəri ətrafında faydalı qazıntıların olması, Yaxın və Orta Şərqi Şimal ölkələri ilə birləşdirməsi, strateji və ticarət yollarının bu şəhərdən keçməsi hələ qqədim dövrlərdən onun iqtisadiyyatına böyük təsir göstərmişdir. Bu ticarət yolları haqqında məlumat verən ərəb coğrafiyaşünası İstəxri yazır: "Bərdədən Yunanıstana 7 ağac (bir ağac təqribən 6 km-ə bərabərdir), oradan Beyləqana 7, Beyləqandan Varsana 7, buradan Bəlbaxa 7, Bəlbaxdan Bərzəndə 7, Bərzənddən isə Ərdəbilə 15 ağac məsafə vardır."

Ərdəbil şəhərində olmuş Yaqut Həməvi əsərində bu şəhərin abadlığı, əhalisi, sənətkarlıq və ticarəti haqqında geniş məlumat verir. O, bu şəhəri Bazani Firuz adı altında təsvir edir.

Sasanilər dövründə mərzbanlıq mərkəzlərindən biri də bu şəhər olmuşdur. Şəhərin iqtisadi və ictimai əhəmiyyətindən istifadə edən ərəblər öz ordularını burada saxlayırdılar. Sonralar Yusif ibn Divdad Azərbaycanın paytaxtını Marağadan Ərdəbilə köçürmüşdü. Monqol yürüşləri dövründə şəhər əhali tərəfindən inadla müdafiə olunsa da monqollar şəhəri ələ keçirərək əhaliyə divan tutmuş və şəhəri dağtmışdı.

Bəzi müəlliflər şəhərin adını azəri dili əsasında izah etməyə çalışırlar. Belə ki, İran dilləri qrupuna daxil olan azəri dilində "arta" – müqəddəs, "vil" – şəhər deməkdir. Bu fikrin tərəfdarları iddia edirlər ki, Ərdəbilin müqəddəs şəhər adlandırılması bilavasitə atəşpərəstliklə əlaqədardır.

Bu fikrin nə qədər doğru olmasında asılı olmayara hal-hazrda da şəhərin ətrafında atəşgahların qalıqları qalmaqdadır.

Ərdəbilin əmələ gəlməsi haqqında Azərbaycan xalq yaradıcılığnın nümunəsi olan "Savalan əfsanəsi" də maraqlı məlumat verir. Həmin əfsanədə göstərilir ki, bu ərazidə Ərdə və Bil adlı iki qoçaq türk tayfası yaşayırmış. Bu tayfalar yadelli düşmənlə (güman ki, burada Azərbaycana soxulan İran dillilər nəzərdə tutulur) vuruşa-vuruşa zirvəsi qarla örtülmüş əzəmətli bir dağa gəlib çatmışlar. Onlar xan çobanın dağa döndüyünü görüb dağı Savalan adlandırmışlar. Əfsanədə deyildiyinə görə hər iki tayfa birləşib orada şəhər salır və adını da Ərdəbil qoyurlar.

Abdulla Fazili qeyd edir ki, məlumat müəyyən qədər əfsanəvi xarakter daşısa da şəhərin adının izal baxımından diqqəti cəlb edir.

1220-1221-ci illərdə şəhərdə olmuş Əbuon şəhərin abadlığı və bolluğu haqqında belə yazır: "Səfalı və ürəkaçan yerdə bina edilmiş bu böyük şəhərin bol suyu, meyvə ağacları və çoxlu ərzaq malları var. Xəzər dənizindən Ərdəbilə iki günlük yoldur. Şəhərdən bir günlük məsafədə yerləşən meşələr olduqca əzəmətlidir. Şəhərə düşmən təhlükəsi üz verdikdə əhali qaçaraq bu meşədə özünü qoruya bilir."

Ərdəbil şəhəri Elxanilər və Teymurlular dövründə də inkişaf edir. Xüsusilə Səfəvilərin hakimiyyəti zamanı Ərdəbil ictimai-iqtisadi nöqteyi-nəzərdən özünün yüksək səviyyəsinə qalxaraq Yaxın Şərqin ən məşhur şəhərlərindən birinə çevrilir. II Şah Abbasın dövründə Azərbaycanda və İranda olan fransız səyyahı Tavene Ərdəbil şəhərinə aid olan ipək ticarətinin əhəmiyyətini dönə-dönə vurğulayır.

1746-cı ildə Muğanın Ultan qalasında (Suqovuşanda) Nadir şahın tacqoyma mərasimi keçirildikdən sonra, o, bu hadisəni Ərdəbildə təntənə ilə qeyd etmişdr. Qacarların hakimiyyəti dövründə isə Azərbaycanın başqa şəhərləri kimi Ərdəbil də yavaş-yavaş öz əhəmiyyətini itirməyə başlayır. Ərdəbildə gözəl memarlıq nümünələri var.

.== Abidələri == XIX əsrin əvvəllərində Abbas Mirzənin göstərişi ilə fransız generalı Qardan Ərdəbildə müdafiə xarakterli qala tikintisinin layihəsini verir və tikintisinə rəhbərlik edir. Qala xalq tərəfindən Narınqala adlandırılır. Rza şahın dövründə qala sökülərək yerində yeni binalar, o cümlədən poçt-teleqraf binası inşa edilir.

Şəhər daim təcavüzlərə məruz qaldığından şəhərdə ən qədim və qədim dövrün abidələri o qədər də çox deyil. Ruinqala şəhər ətrafında olan ən qədim abidələrdən biridir. Ərdəbil Cümə məscidi də qədim abidələrdən olmaqla, Azərbaycanın ən qədim məscidlərindən biri, Azərbaycan memarlığının qiymətli incisidir. Məscid Səlcuqlular dövründə tikilmişdir. Mütəxəssislərin qeyd etdiyinə görə Ərdəbil Cümə məscidi ərəb işğalından sonra şəhərdə yaradılmış ilk abidədir. Uca minarəsinin uçmasına baxmayaraq məscid öz əzəmətini saxlamışdır. Səfəvilər dövründə yaradılmış memarlıq abidələri isə şəhərə xüsusi əzəmət və gözəllik verir. Burada Azərbaycan incəsənətinin ən qiymətli nümunələrindən olan Şeyx Səfi türbə kompleksi xüsusilə diqqətə layiq əsərdir. Türbədə Şeyx Səfinin məzarı üstündəki sənduqə Seyid Sədrəddin Musa dövründə hazırlanmışdır. Bu türbənin arxasında Seyid Sədrəddinin oğlunun məzarı, onun yanında isə Xacə Əli Siyahpuşun məzarı yerləşir. Şeyx Heydər və Şah İsmayıl Xətainin türbələri kompleksi tamamlayır. Həmçinin Həlimə xatun və Fatma xatun türbələri də buradadır. Şeyx Səfi türbə kompleksinə daxil olan Çinixana binası da gözəl memarlıq nümunəsi hesab olunur. Buraya Çinixana adı ona görə verilmişdir ki, binanın divarlarında hər çini qabın özünə məxsus, sənətkarın istedad və zövqünə uyğun olaraq yerlər hazırlanmışdır. Azərbaycan ustaları tərəfindən hazırlanan qablar və onların divardakı yerləri adamı heyrətə salır.

Ərdəbil xalçaçıları tərəfindən toxunmuş Şeyx Səfi xalçası Azərbaycan xalçaçılıq tarixinin ən mükəmməl nümunələrindən olmaqla, İngiltərənin Viktoriya və Albert Muzeyində saxlanılır.

Ərdəbildəki Saleh abidələri, Ərdəbil kilsəsi, Ərdəbil İmamzadəsi, Yəqubiyyə, İbrahimabad, Daşkəsən, Təpə, Almas və Asəf körpüləri də Azərbaycanın maraqlı və qiymətli abidələridir. Bunlar hamısı Memar Əcəminin hünərləridir.


Tarix: 08.01.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 315 Bölmə: Azərbaycan paytaxtları
loading...