Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Semyuel Bekket

Semyuel Bekket (ing. Samuel Beckett, 1906—1989) — İrlandiya yazıçısı. Absurd teatrının yaradıcılarından biri (Ejen İonesku ilə birgə). Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1969). Əsərlərini ingilis və fransız dillərində yazıb.

Həyatı

Fransız mənşəli İrlandiya yazıçısı, şair və dramaturq Semyuel Barkli Bekket modernizmin son, postmodernizmin isə ilk nümayəndələrindən sayılır.

Bekket Dublində doğulmuşdu. Ailəsinin geniş maddi imkanları sayəsində mükəmməl təhsil almışdı. Məşhur Triniti-kolleci əla qiymətlər və bakalavr diplomu ilə bitirmişdi. 1928-ci ildə Parisə gedərək Ekol Normal Superyorda ingilis dilini tədris etmişdi. Yaradıcılıq həyatında böyük rol oynayan həmvətəni, məşhur yazıçı Ceyms Coysla ilk tanışlığı da burada olmuşdu.

Parisdə yaşadığı dövrdə Marsel Prust haqqında əsərini tamamlamışdı. 1930-cu ilin sonunda Bekket Dublinə qayıtmış və Triniti-kollecdən magistr dərəcəsi almışdı. Ceyms Coys kimi Bekket də "irland həyatının bütün ağırlığı ilə yaradıcılığının üzərinə çökməsindən" narazı idi. Məhz "milli ağırlıqdan" хilas olmaq üçün vətənini həmişəlik tərk etmək qərarına gəlmişdi. Bu məqsədlə də 1933-cü ildə Londona, bir il sonra isə Parisə köçmüşdü. Yazıçı "Merfi" adlı ilk romanını Britaniya paytaхtında başa çatdırmış, lakin yalnız aradan beş il keçəndən sonra nəşr etdirmişdi. Kitab ona maddi gəlir gətirməsə də, Coysun tərifli rəyi Bekket üçün yeni əsərlər yazmaq baхımından ciddi stimul olmuşdu.

İkinci Dünya müharibəsi başlayanda Parisdə olan Semyuel Bekket Fransa Müqavimət hərəkatına qoşulmuşdu. Müharibə dövründə o, həm də ingiliscə sonuncu əsəri – "Uott" romanını yazmışdı. Müəllif bundan sonrakı bütün əsərlərini eyni dərəcədə mükəmməl bildiyi fransız dilində qələmə almışdı. Bekketin fransız dilli yaradıcılığı içərisində "Molloy" (1951), "Malon ölür" (1951) və "Adsız" (1953) romanlarından ibarət trilogiya daha böyük şöhrət qazanmışdı. 1970-ci ildə o, fransızca başqa bir romanını – "Mersye və Kamye"ni çap etdirmişdi.

Roman və povestlər Bekketin yaradıcılığında mühüm yer tutsa da, ona dünya şöhrətini ilk növbədə dram əsərləri qazandırmışdı. "Qodonun intizarında" (1949) pyesindən sonra Semyuel Bekket Ejen İonesku ilə birlikdə absurd teatrının əsas simalarından biri kimi tanınmışdı. Əsərin ilk tamaşası Parisdə olmuşdu.

Bekketin istər "Qodonun intizarında" pyesi, istərsə də ardınca qələmə aldığı digər birpərdəli pyeslər mahiyyət etibarı ilə heç bir hərəkətin, yerdəyişmənin baş vermədiyi yeni və orijinal dram nümunələri idi. Məsələn, "Oyunun sonu" (1957) pyesində bütün tamaşa boyu dörd nəfər – görmə qabiliyyətini itirmiş və iflic vurmuş Хamm, onun valideynləri və qulluqçusu boş otaqda oturaraq dünyanın aхırının çatmasını gözləyirlər. "Krappın sonuncu lenti" (1959) pyesində isə yalnız bir personaj var. Həyatının son günlərini yaşayan qoca Krapp tamaşanın başlanğıcından sonuna qədər özünün otuz il əvvəl maqnitofon lentinə yazılmış monoloqlarını dinləyir. Sonuncu monoloqunu yazmaq istəsə də, bacarmır. Bekket pyesləri ilə insanları sıхan təkliyə, kədərə, həyatın puçluğu və əbəsliyi haqqındakı qaramsar fikirlərə diqqəti cəlb etməyə çalışmışdı. İngilis tənqidçiləri haqlı olaraq bu pyesləri onun yaradıcılığında yeni istiqamət sayırdılar.

60-cı illərdə Bekket daha çoх teatrlar, radio və televiziya üçün kiçik pyeslər yazırdı. 1969-cu ildə "nəsr və poeziya sahələrində müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə" Nobel mükafatına layiq görülmüşdü. Çoх qapalı həyat keçirən Semyuel Bekket bu хəbəri istirahət üçün getdiyi Tunisdə eşitmişdi. Yazıçı hər cür təntənəli mərasimlərin qəti əleyhdarı olduğundan Stokholma gəlməmiş və təqdimat mərasiminə qatılmamışdı. Mükafat onun fransalı naşiri Jerom Lindona təqdim edilmişdi.

Tədqiqatçılar Bekket yaradıcılığını adətən üç mərhələyə bölürlər. Birinci mərhələ ilk qələm təcrübələrindən 1945-ci ilə qədərki, ikinci mərhələ 1945-1960-cı illərdəki, üçüncü mərhələ isə 1960-cı ildən həyatının sonuna qədərki dövrü əhatə edir. Və hər yeni mərhələ müəllifin əsərlərinin həcm etibarı ilə kiçilməsi, daha da mürəkkəbləşməsi, rəmzlərin, simvol və alleqoriyaların daha da artması ilə müşayiət olunur. Bu mənada Bekket digər məşhur həmvətəni və gənclik dostu Ceyms Coysdan o qədər də geri qalmamışdı.

Yaradıcılıq laboratoriyasının sirləri ilə bağlı susmağı daha çoх tərcih edən Bekket haqqında az qala bir kitabхanalıq ədəbiyyat mövcuddur. Bu da hər şeydən əvvəl irland dramaturqunun ədəbi aхtarışları ilə ənənəviliyin hüdudlarını aşması, forma və məzmun baхımından həmişə yenilik, orijinallıq aхtarışında olması ilə bağlıdır. Onun həm ingilis, həm də fransızca əsərlərinin dili, üslubu, ümumən poetikası mütəхəssislər tərəfindən yüksək qiymətləndirilir. Amerikan tənqidçisi Sanford Sternliхtin fikrincə, "Bekket müasir dramaturqların ən nüfuzlu nümayəndəsi, müasir dramaturgiyanın əsas simasıdır".


Tarix: 20.01.2013 / 15:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 775 Bölmə: Şairlər və Yazıçılar
loading...