Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəli Xuluflu

Xuluflu Vəli Məmmədhüseyn oğlu — ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), professor (1931). Azərbaycan Elmlər Akademiyası Azərbaycan İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır.

Həyatı

Vəli Xuluflu 1894-cü il mayın 26-da Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində doğulmuşdur. İbtidai təhsilini mollaxanada almışdır (1905-1907). Sonra "Mədrəseyi-Ruhaniyyə"ni bitirmişdir (1912). Həmin məktəbdə müəllim saxlanmışdır (1913). Bu vaxtdan gizli inqilabi işə qoşulmuş, sonra RSDFP sıralarına daxil olmuşdur (1919). Gəncə quberniyasında qəza partiya komitəsinin katibi işləmişdir (1921-1922). Bakıda ADU-nun şərqşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda yeni türk (Azərbaycan) əlifbası komitəsində işləmişdir (1922-1927). "Bakı fəhləsi" kooperativ nəşriyyatında və Azərnəşrin bədii ədəbiyyat şöbəsində əməkdaşlıq etmişdir (1927-1929). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib, onun yenidən təşkili vaxtı isə Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru olmuşdur (1929-1932). Şifahi xalq ədəbiyyatının toplanmasına və nəşrinə qayğı göstərmişdir. "El aşıqları" (1927) toplusunu tərtib və çap etdirmişdir. İnstitut ləğv ediləndən sonra bir müddət Mərkəzi Arxiv İdarəsində müdir vəzifəsində çalışmışdır (1933). Sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığında universitet və elmi-tədqiqat müəssisələri idarəsinin rəisi və Dövlət Elmi Şurasının sədr müavini, eyni zamanda SSRİ EA Azərbaycan şöbəsinin baş mütəxəssisi olmuşdur (1933-cü ildən). Yeni türk əlifbası komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə təlimatçı kimi onun fəaliyyəti böyükdür. Bu münasibətlə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan respublikalarında, Krımda, Kazan və digər şəhərlərdə olmuşdur. Azərbaycanı Tədqiq və Təbliğ cəmiyyətinin işlərində fəal çalışmışdır (1924-cü ildən). Zaqafqaziya federasiyasının 10 illiyində ictimai-elmi və ədəbi xidmətlərinə görə Fəxri tərifnamə və qızıl saatla təltif olunmuşdur.

1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur.

Əsərləri
1.Yeni türk əlifbası ilə yazı qaydaları. Bakı: "Yeni türk əlifbası komitəsi" nəşrıyyatı, 1925, 24 səh.
2.«Koroğlu» (1927)
3.«İmla lüğəti» (1929)
4.«Din və qadın» (1930)
5.«Din və mədəni inqilab» (1930)


Tarix: 19.01.2013 / 16:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 366 Bölmə: Şairlər və Yazıçılar
loading...