Balqabaq qədim bostan bitkilərindəndir və ondan hazırlanan dadlı təamlar milli mətbəximizin ləziz yeməklərindən hesab olunur. Əsasən, öz buğunda bişən, qovrulan, marinadlaşdırılan, mürəbbə, marmelad və salatlar üçün istifadə edilən balqabağın toxumları da müalicəvidir. Balqabaq yeməklərini sevməyənlər onun orqanizmə olan faydalarını, xəstəliklərə güclü müalicəvi təsirini bilsə, ondan yan keçməzlər.
Balqabaq şirəsinin və ya toxumlarından alınmış yağın istifadəsi xəstəliklər üzrə müxtəlif cürdür. Şirəni və ya yağı acqarına, yeməyə bir saat qalmış qəbul etmək lazımdır və bundan sonra su içmək məsləhət deyil. Qanazlığında, qaraciyər xəstəliklərində, iltihab əleyhinə, skleroza qarşı, mədə xoralarına və allergiya əleyhinə içilən balqabaq şirəsi və balqabaq yağı öd və böyrək daşlarına qarşı məlhəmdir. Balqabaq qan təzyiqini salır, qana düşən zəhərli toksinləri məhv edir.
Prostat vəzin iltihabında və adenomalarda gündə üç dəfə 1 çay qaşığı, müxtəlif mənşəli hepatitlərdə və qaraciyər serrozunda 2 çay qaşığı gündə 3-4 dəfə, ümumilikdə bir müalicə kursuna 0,8-1 litr olmaqla tövsiyə edilir. Öddaşı olan xəstələr gündə 3-5 dəfə yarım çay qaşığı balqabaq yağı içəndən sonra üstündən 1:2 nisbətində limon şirəsi qəbul etməlidirlər.
Mədə-bağırsaq traktlarında da balqabağın az suda vam şəkildə bişmişi, təzə çəkilmiş şirəsi və yağı heyrətamiz təsirə malikdir. Mədə qıcqırmaları, mədədə köplər olanda, mədə və onikibarmaq bağırsağın xoralarında, qastritlər zamanı bir müddət gündə 2-3 çay qaşığı balqabaq yağı içilərsə, həmin xəstəliklərin sağalmasına çox faydası dəyər.
Balqabaq tumundan alınmış yağ dəri xəstəliklərində də əvəzsiz məlhəmdir.
Bütün bunlarla yanaşı, heç də unutmaq olmaz ki, hər məlhəm öz ölçüsündə daha effektlidir. Əgər balqabaq şirəsi gün ərzində cəmi 1 stəkan deyi, 3 stəkan içilərsə, bu da orqanizmə ancaq ziyan verər. Yaxud yağ 1 çay qaşığı deyil, xörək qaşığı ilə içilərsə, bu, mədə-bağırsaq ishallarına gətirər.
Tam sağlam insanlar və ya orqanizmində müəyyən xəstəliyi olanlar üçün balqabaq yeməyin heç bir problemi yoxdur. Balqabaq orqanizmi təmizləməklə, təzə qan yaratmaqla insana yeni həyat bəxş edir.
M.RƏHİMZADƏ
Mənbə: Azərbaycan qəzeti
UPD. Balqabağın ən önəmli xüsusiyyəti çox yüksək miqdarda beta-karoteinlə zəngin olmasındadır. Karotein dəri toxumalarını yeniləyən vitamindir. İmmunitet sisteminin güclənməsi üçün beta-karotein əsasdır. İmmunitet sistemi bizi xərçəng və bir sıra xəstəliklərdən qoruyan ən önəmli müdafiə sistemidir. Balqabaqda dəmir, kalium, sodium, fosfor, kalsium və maqnezium var. Tərkibindəki dəmirə görə qanazlığının qarşısını alır.
Balqabaq qandakı yağ nisbətini aşağı salır, ən güclü antioksidantların bir çoxu balqabağın tərkibindədir. Antioksidantlar isə vücudun, necə deyərlər, “paslanmasının“ qarşısını alan maddələrdir. Tərkibində bol miqdarda lif var, zərərli yağların bir qismini özünə çəkir, xolesterolun, qandakı zərərli yağ nisbətinin azalmasına yardım edir. Bu liflər həmçinin bağırsaq hərəkətlərinin artmasına səbəb olur.
Balqabaq mədə-bağırsaq xərçənginə qarşı qoruyucu vasitədir, qəbizliyin dərmanıdır. Balqabaqdan şirniyyatlar, tortlar, keks, mürəbbə və s. hazırlanır.
Tarix: 10.12.2014 / 16:56 Müəllif: Aziza Baxılıb: 164 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər