Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maliyyə

Maliyyə iqtisad elminin bir qolu sayılır və elmi fondların idarə edilməsi ilə məşğuldur. Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımını və adətən, pulun borc verilməsi də daxildir. Maliyyə, əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur.

Maliyyə prosesi, əsasən, fiziki və hüquqi şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə işləyir. Bank pulu digər fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya məqsədilə kredit olaraq verir və onlardan faiz tələb edir. Kreditlər, son vaxtlarda artan sürətlə, yenidən satış üçün paketlənir, yəni investor krediti (borcu) ya bankdan, ya da birbaşa şirkətdən alır. İstiqraz vərəqləri şirkətlər tərəfindən investorlara birbaşa satılan borcdur, bu zaman investor faiz əldə edir və ya istiqraz vərəqini təkrar bazarda satır.

Bank sektoru kredit təmin etməklə fondlaşmanın əsas vasitəçisi rolunda çıxış edir. Ancaq, şəxsi sərmayə, birgə fond, (mutual fund), qorunma fondları (hedge fund) və digər qurumlar müxtəlif istiqraz vərəqlərinə investisiya etməklə əhəmiyyət qazanmışlar. İnvestisiya kimi qeyd olunan maliyyə aktivləri maliyyə riskinə nəzarət etmək məqsədilə maliyyə riskinin menecmentinə xüsusi diqqət yetirilərək idarə edilir. Maliyyə alətləri müxtəlif növ qiymətli kağızların birjalarda alınıb satılmasına imkan yaradır. Bu qiymətli kağızlara istiqraz vərəqləri və səhmlər də daxildir. Mərkəzi banklar isə son çarə kreditoru rolunu oynayır və pul kütləsinə nəzarət edir. Pul kütləsi artdıqca faizlər azalır.Mündəricat
1 Maliyyənin texnikası və maliyyə sektorunun sahələri
2 Şəxsi maliyyə
3 Korporativ maliyyə
4 Kapital
5 Büdcəyə ehtiyac
6 Kapital büdcəsi
7 Nağd büdcəsi
8 Maliyyə iqtisadı
9 Maliyyə riyaziyatı
10 Təcrübi Maliyyə
11 Əlaqədar ixtisas dərəcələri
12 Maliyyə Terminləri
13 Mənbə


Maliyyənin texnikası və maliyyə sektorunun sahələri

Əsas bölmə: Maliyyə xidmətləri

Gəlirləri xərclərindən çox olan bir şəxs əlavə gəlirini borc verə və ya investisiya edə bilər. Digər tərəfdən, xərcləri gəlirlərindən çox olan bir şəxs borc alaraq və yaxud səhmlərini ixrac etməklə, xərclərini azaltmaqla və ya gəlirini artırmaqla kapitalını artıra bilər. Borc verən bir başa borc almaq istəyən tərəfi, bank kimi maliyyə vasitəçiliyi fəaliyyətini gösətərn qurumları tapa bilər və ya borc bazarında istiqraz vərəqi ala bilər. Vasitəçi iştirak edərsə, borc verən faiz əldə edir, borc alan borc verənin əldə etdiyindən daha yüksək faiz ödəyir, nəticədə aradakı fərqi maliyyə vasitəçisi qazanır.

Bank çox sayda borc alan və borc verənin fəaliyyətini cəmləşdirir. Bank borc verənlərdən depozit toplayaraq onlara faiz ödəyir. Sonra bank bu depozitləri borc alanlara verir. Banklar müxtəlif ölçüdə borc alan və borc alanın fəaliyyətini koordinasiya edir. Beləliklə, banklar pul axımının təzminatçısı kimi çıxış edir.

Korporativ maliyyənin bir nümunəsi səhmlərin şirkət tərəfindən investisiya bankları kimi institusional investorlara satılmasıdır. İnvestisiya bankları adətən bu səhmləri investorlara satır. Səhmi əldə edən şirkətdə pay sahibi olur. Əgər XYZ şirkətinin bir səhmini alırsansa və şirkətin 100 səhmi varsa (investorların əlində), sən şirkətin 1 faizinə sahib olursan. Əlbəttə, bunun müqabilində şirkət nağd əldə edir və bununla fəaliyyətini genişləndirir. Bu proses "sərmayə ilə maliyyələşmə" adlanır. Sərmayə ilə maliyyələşmə istiqraz vərəqlərinin satılması (və ya digər borc ilə maliyyələşmə) şirkətin kapital strukturunu təşkil edir.

Maliyyədən fiziki şəxlər (şəxsi maliyyə), hökümət (dövlət maliyyəsi), şirkətlər (korportaiv maliyyə) və məktəblərdən tutmuş qeyri-mənfəət qurumlarına qədər geniş spektrdə istifadə olunur. Ümumiyyətlə, yuxarıdaki fəaliyyətlər öz məqsədinə çatmaq üçün institusional mexanizmindən asılı olaraq uyğun maliyyə aləti və metodundan istifadə edir. Maliyyə biznesin idarə edilməsinin ən vacib amillərindən biridir. Uyğun maliyyə planı olmadan yeni müəssisə uğur qazana bilməz. Pulun (likvid aktiv) idarə edilməsi fiziki və hüquqi şəxslərin gələcəyinin təminatı üçün vacibdir.

Şəxsi maliyyə

Əsas bölmə: Şəxsi maliyyə Şəxsi maliyyə əsasən aşağıdakı suallara cavab axtarır:

• Bir şəxsin (və ya ailənin) nə vaxt, nə qədər pula ehtiyacı olacaq?

• Bu pul hardan və necə əldə ediləcək?

• İnsanlar özlərini gözlənilməz şəxsi və ümumi iqtisadi hadisələrdən necə qoruya bilərlər?

• Ailənin aktivləri gələcək nəsillərə (hədiyyə və vərasət) ən yaxşı halda necə transfer olunur?

• Vergi siyasəti (vergi endirimi və cəzası) şəxsi maliyyə qərarlarına necə təsir edir?

• Kredit şəxsin maliyyə vəziyətinə necə təsir edir?

• İqtisadi qeyri-sabitlik şəraitində şəxs gələcək maliyyə vəziyyətini necə möhkəmləndirə bilər?

Şəxsi maliyyə qərarlarına, eyni zamanda, təhsil haqqının ödənilməsi, davamlı malların, məsələn ev və maşının alınması, hər növ sığortanın əldə edilməsi, pensiya dövrü üçün nəzərdə tutulan investisiya və yığım qərarı və borcun qaytarılması mexanizmi də daxildir.

Korporativ maliyyə

Əsas yazı: Korporativ maliyyə

Menecment və ya korporativ maliyyə şirkətin fəaliyyəti üçün fondların təmin edilməsi vəzifəsini daşıyır. Kiçik bizneslər üçün bu KOB şirkətlər maliyyəsi adlanır. Ümumiyyətlə risk və gəlirliliyin tarazlığını qorumaq şərtilə qurumun varlıq dəyərini və səhminin qiymətinin maksimuma çatdırmaq məqsədi daşıyır.

Uzun müddətli fondlar səhmdarlar və uzun müddətli kredit (əsasən, istiqraz vərəqəsi) vasitəsilə təmin olunur. Fondların müxtəlif növləri arasında tarazlıq şirkətin kapital strukturu adlanır. Qısa müddətli fondlaşma və ya fəaliyyət kapitalı, adətən, banklardan kredit xətti alınaraq təmin olunur.

Maliyyə ilə yaxından əlaqəli olan bir başqa biznes qərarı isə investisiya və ya fondların idarə edilməsidir. İnvestisiya bir aktivin dəyərini qoruyacağı və ya artıracağı ümidi ilə əldə edilməsidir. İnvestisiya menecmentndə – portfelin seçilməsi – nəyə nə qədər və nə vaxt investisiya ediləcəyinə qərar verilməlidir. Bu məqsədlə şirkət aşağıdakıları etməlidir:

- Uyğun məqsədlərin və məhdudiyyətlərin müəyyən edilməsi: institusional və ya şəxsi məqsədlər, müddət üfüqü, riskdən qaçma və verginin nəzərə alınması,

- Uyğun strategiyanın müəyyən dilməsi: aktiv və ya passiv – qorunma strategiyası

- Portfelin performansının ölçülməsi

Maliyyə menecmenti muhasibatın maliyyə funksiyası ilə paraleldir. Ancaq, maliyyə muhasibatı keçmişə aid maliyyə hesabatlarının verilməsi ilə məşğuldursa, maliyyə qərarı birbaşa şirkətin gələcəyinə yönəlir.

Kapital

Əsas yazı: Maliyyə kapitalı

Kapital, maliyyə baxımından, pul miqdarıdır ki, biznesin gücünü artırır ki, lazım olan əmtəəni satın alaraq başqa malları istehsal etsin və ya xidmətləri təklif etsin.

Büdcəyə ehtiyac

Büdcə biznes planını göstərən sənəddir. Biznesin məqsədini, qoyulan hədəfləri və nəticələri maliyyə terminləri ilə; başqa sözlə satış üçün hədəflənən qiymət, xərc, artım, planlaşdırılmış satışın əldə olunması üçün tələb olunan investisiya və maliyyə mənbəyi. Büdcə həm qısa, həm uzun müddətli ola bilər. Uzun müddətli büdcə 5-10 ili əhatə edir və şirkətin gələcək görüntüsünü göstərir, qısa müddətli büdcə ilə bir illikdir və müəyyən bir ildə davam edən fəaliyyəti əhatə edir.

Kapital büdcəsi

Bu nəzərdə tutulan əsaslı aktivləri əhatə edir və onların alımının necə maliyyələşəcəyini göstərir. Kapital büdcəsi illik olaraq hazırlanır və uzun müddətli Kapitalın Təkmilləşdirilməsi Planının bir hissəsini təşkil etməlidir.

Nağd büdcəsi

Biznesin fəaliyyət kapitalı yetərliliyi daimi nəzarət altında olmalıdır ki, qısa müddətli xərcləri ödəyəcək fondlar vaxtında təmin olunsun.

Nağd büdcəsi gözlənilən nağd vəsaitin haradan əldə edildiyi və haraya sərf edildiyini göstərir. Nağd büdcəsi aşağıdakı əsas 6 hissədən ibarətdir:

1. İlkin Nağd Balansı – son periodun yekun balansı.

2. Nağd yığımlar – gözlənilən bütün nağd yığımları əhatə edir (əsasən satışlar)

3. Nağd ödənişlər – qısa müddətli borclara ödənilən faiz xərclərini çıxmaqla planlanan bütün nağd məxariclərin siyahısını göstərir. Nağd pul axımına təsir göstərməyən digər xərclər bura daxil deyil (amortizasiya və aşınma xərcləri).

4. Nağd artığı və ya çatışmazlığı – nağda olan ehtiyac ilə cari nağd vəsaitlərin fuksiyasıdır. Nağd ehtiyacını ümumi nağd məxarici və şirkətin tələb etdiyi minimum nağd balansının cəmi müəyyən edir. Cari nağd vəsaiti nağda olan ehtiyacdan azdırsa nağd çatızmazlığı yaranır.

5. Maliyyələşmə – planlaşdırılan borclanma və ödəmələri (faizlə birgə) əhatə edir.

6. Yekun Nağd Balansı – Nəzərdə tutulan yekun nağd balansını göstərir.

Maliyyə iqtisadı

Əsas yazı: Maliyyə iqtisadı

Maliyyə iqtisadı iqtisadiyyatın bir sahəsidir. Real iqtisadiyyatla maraqlanan digər sahələrdən fərqli olaraq, maliyyə dəyişkənləri olan qiymətlər, faizlər və səhmlərin əlaqəsini öyrənir. Xalis maliyyədən fərqli olaraq maliyyə iqtisadı real iqtisadi dəyişkənlərin maliyyə dəyişkənlərinə təsiri üzərində ixtisaslaşır.

Maliyyə iqtisadı aşağıdakıları təhlil edir: - Dəyərləndirmə – aktivin ədalətli qiymətinin müəyyən olunması - Aktivin riskinin müəyyən olunması (aktivin uyğun endirim-diskaunt faizinin tapılması) - Aktivin gətirəcəyi nağd pul axımlarının ölçülməsi (əlaqədar nağd pul axımının bu günkü dəyərinin tapılması, başqa sözlə diskaunt edilməsi) - Bazar qiymətinin bənzər aktivlərin qiyməti ilə müqaisə (nisbi dəyərləndirmə) - Nağd pul axımlarının həyata keçməsinin başqa hadisə və ya aktivdən asılılığı (törəmələr, şərti iddianın dəyərləndirilməsi) - Maliyyə bazarlı və alətləri - Əmtəə - Səhmlər - İstiqraz vərəqləri - Pul bazarı alətləri - Törəmələr - Maliyyə institutları və nizamnamə

Maliyyə ekonometriyası maliyyə iqtisadının bir hissəsidir. Dəyişkənlər arası əlaqəni ekonometrik metodlardan istifadə edərək ölçür.

Maliyyə riyaziyatı

Əsas yazı: Maliyyə riyaziyatı

Maliyyə riyaziyyatı tətbiqi riyaziyyatın maliyyə bazarları ilə məşğul olan sahəsidir. Maliyyə riyaziyyatı riyaziyyatı, əsasən statistikanı tətbiq edərək maliyyə ilə bağlı məlumatları təhlil edir. Maliyyə məlumatına qiymətli kağızların – səhm və istiqraz – hərəkəti və onların münasibəti aid ola bilər. Maliyyə riyaziyyatının əsas hissələrindən biri sığorta riyaziyyatıdır.

Təcrübi Maliyyə

Əsas yazı: Təcrübi maliyyə

Təcrübi maliyyə fərqli bazar mühitinin qurulması məqsədini daşıyır və bunun vasitəsilə agentlərin davranışı, yaranan ticarət axımının, informasiya diffuziyasının və toplanmasının, qiymətin əmələ gəlməsi mexanizminin və gəlirin əldə edilməsi prosesinin təcrübi müşahidələrlə öyrənilməsinə işıq tutur. Təcrübi maliyyəçilər cari maliyyə iqtisadının nəzəri modellərinin nə qədər etibarlı təxmin gücünü təhlil edir və bu nəzəriyyələrin necə təkmilləşdiriləcəyini araşdırır. Bu sahədə araşdırmalar apararkən ticarət simulyasiyaları təşkil edilə və ya süni yaradılmış rəqabətli bazar mühiti vasitəsilə insanların davranışları təhlil oluna bilər. [edit] Davranış maliyyəsi

Əsas yazı: Davranış maliyyəsi

Davranış maliyyəsi investorların və ya menecerlərin psixologiyasının maliyyə qərarlarına və bazarlarına necə təsir etdiyini təhlil edir. Davranış maliyyəsi son bir neçə onillikdə sürətlə inkişaf edərək maliyyənin əsaslarından birini təşkil etmişdir.

Davranış maliyyəsi aşağıdakı mövzularla maraqlanır: Klassik nəzəriyyələrdən kəskin fərqlənən tətbiqi analizlər Psixologiyanin ticarətə və qiymətlərə necə təsir etdiyini göstərən modellər Bu modellərdən istifadə edərək gələcəyin hesablanması Təcrübi aktiv bazarlarının təhlili və təcrübələrin təxmin edilməsi üçün istifadəsi

Davranış maliyyəsinin bir qoluna Riyazi Davranış Maliyyəsi deyilir ki, bu sahə riyazi və statistik metodlardan istifadə edərək davranışa bağlı əyrilikləri öyrənir. Bu istiqamətdə işlərin əsas hissəsi Gündüz Caginalp (Riyaziyyat professory və 2001-2004-cü illərdə Davranış Maliyyəsi Jurnalının redaktoru) və onun həmkarları Vernon Smith (2002 İqtisadiyyat üzrə Nobel mükafatı laureatı), David Porter, Don Balenovich, Vladimira İlieva, Ahmet Duran, Hüseyin Merdan tərəfindən görülmüşdür. Jeff Madura və Ray Sturm kimi alimlərin işləri davranışın səhmlərin və birja ticarət fondlarının üzərində əhəmiyyətli təsiri olduğunu müəyyən etmişdir. [edit] Mücərrəd Aktivlərin Maliyyəsi

Main article: Mücərrəd aktivlərin maliyyəsi

Bu sahə patent, marka, brend, etibar kimi mücərrəd aktivləri təhlil edir.

Əlaqədar ixtisas dərəcələri

Maliyyə sahəsində müxtəlif ixtisas dərəcələri var:

Muhasibat:

- İxtisaslı muhasib: Xartiyalı Muhasib (ACA – Birləşmiş Krallıq sertifikatı / CA – Birlik ölkələrinin sertifikatı), Xartiya Lisenziyalı Muhasib (ACCA, Birləşmiş Krallıq sertifikatı), Lisenziyalı İctimai Muhasib (CPA, ABŞ sertifikatı)

- Qanunla müəyyən edilməmiş ixtisaslar: Xartiyalı Məsrəf Muhasibi

Biznes ixtisası: Biznesin İdarə Edilməsi üzrə Magistr (MBA), Biznesin İdarə Edilməsi üzrə Bakalavr (BBM), Ticarət Magistri (M.Comm), Menecment Elmi üzrə Magistr (MSM), Biznesin İdarə Edilməsi Elmi Doktoru (DBA)

Ümumi maliyyə ixtisasları:

- Dərəcələr: Maliyyə üzrə elmlər magistrı (MSF), Maliyyə İqtisadı üzrə magistr, Maliyyə Meneceri Magistrı (MFM), Maliyyə İdarəetməsi Magistrı (MFA)

- Sertifikatlar: Xartiyalı Maliyyə Analisti (CFA), Lisenziyalı Beynəlxalq İnvestisiya Analisti (CIIA), Korporativ Xəzinədarlar Assosiasiyası (ACT), Lisenziyalı Bazar Analisti (CMA/FAD), Korporativ Maliyyə İxtisası (CF)

- Riyazi maliyyə ixtisasları: Maliyyə mühənsidliyi elmlər magistrı (MSFE), Riyazı Maliyyə Magistrı (MQF), Hesablama Maliyyəsi Magistrı (MCF), Maliyyə Riyazıyyatı magistrı (MFM)

Maliyyə Terminləri

Qurtarma(ing.Bailout). Dövlətin maliyyə siyasətinə baxan qurumları vasitəsilə özəl qurum olan bank və digər maliyyə qurumlarını iflas olmaqdan qurtarmaq üçün bu qurumların qarşılaya bilmədiyi maliyyə öhdəliklərini öz boynuna götürməsidir. (Həmç.bax son çarə kreditoru). Beynəlxalq maliyyə böhranları zamanı Beynəlxalq Valyuta Fondu (BVF), "Böyük Yeddilik" və bu kimi rəsmi kreditorların təcili kredit ayırmasına verilən addır. Adətən, belə qurtarmalar pulsuz olmayıb uzunmüddətli xüsusi kreditlər şəklində həyata keçirilir. Əsas məqsədi ölkəni kapital hesabı iflasından qurtarıb vaxtı yetmiş borclarını qaytarmağa imkan yaratmaqdır.

Cəlbetmə (ing. Bail-in) Özəl kreditorların verdikləri borclar vədəsinə çatanda bunların vaxtının uzadılmasına razılıq vermələri ilə, maliyyə böhranının həllinə müflis olan borclu maliyyə qurumlarından başqa bu maraqlı tərəfin də cəlb edilməsidir. Burada çox vaxt borclunun borcunu ödəyə bilməsi üçün borc verən tərəfin (məs. böyuk transmilli bankların)borcun ödənilməsi cədvəlində dəyişiklik etməsindən söhbət gedir. Bu yolla borclu ölkənin qeyri-likvidlikdən çıxmaq imkanı yaranır. Əsasən, dövlət vasitəçiliyi ilə həyata keçirilən bu addımın uğuru borc verən qurumun bu uyğunlaşmadan xeyir götürəcəyinə inandırılmasından asılıdır. Həmçinin, burden sharing – yükü paylaşma debt restructuring – borca yenidən baxılma, restrukturizasiya private-sector involvement (PSİ) – özəl sektorun qoşulması constructive engagement – konstruktiv iştirak Digər mümkün qarşılıqları : Paylaşdırma, birgə həllə cəlb etmə, cəlbedilmə

Tədiyyə balansı (ing.Balance of payments) Ölkə rezidentlərinin qeyri-rezidentlərlə müəyyən zaman aralığında (adətən bir il) həyata keçirdiyi ticarət və maliyyə əməliyyatlarını mühasibat uçotunun ikili yazılışı şəklində əks etdirən statistik hesabdır. Nəzəri baxımdan TB həmişə taraz olsa da, bu çox vaxt kor-təbii olmayıb dövlətin müdaxiləsindən irəli gəlir. Belə ki, ölkəyə daxil olan maliyyə-ticarət axınlarının pulla ifadəsi ölkədən çıxan axınlarınkından kiçik olduğu halda TB kəsri əmələ gəlir ki, bunun da mənfi nəticələrindən qorunmaq üçün dövlət maliyyə qurumları müdaxilə edib tarazlığı təmin edir. Daxil olan axınların dəyəri çıxanlarınkından böyuk olduqda yaranan TB artığı da mənfi hallara səbəb ola bilər (məs. bu vəziyyətdən yarana biləcək inflyasiyadan ehtiyat edən maliyyə investorları milli puldan qaçarlarsa, bu valyuta böhranına səbəb ola bilər.)

öhdəlik (ing.liability) İkili yazılışlı mühasibatda iqtisadi subyektin passiv sütununda yer alan məbləğdir.Bura adətən borc,faiz ödəmələri və s. aid edilir.

Vayuta məzənnəsi (ing.Exchange rate) Bir ölkənin pul vahidinin digərinkiylə ifadəsi olub, bu valyutanın nisbi dəyərini bildirir. Burada nisbilik həmin dəyərin müxtəlif valyutalara görə dəyişdiyindən irəli gəlir. İqtisadi ədəbiyyatda valyuta məzənnəsi anlayışını nominal və gerçək olmaqla iki qrupda təhlil edirlər.

Nominal valyuta məzənnəsi(ing.nominal exchange rate) Cari bazar qiymətlərini əks etdirir və inflyasiya və digər makroiqtisadi dəyişənləri nəzərə almır. Bazar iştirakçılarının gözləntilərinə həssas olub qısa zaman aralığında böyük dəyişmələr göstərə bilir. N.v.m. iki cür ifadə olunur. Tutaq ki, A "bizim", B isə "xarici" ölkənin pul vahidi, E və e isə n.v.m.-dir. 1) 1A = eB Bir vahid ölkə puluna alına bilən xarici pulun miqdarıdır. 2)1B= EA Bir vahid xarici pulu almaq üçün tələb olunan yerli pulun miqdarıdır. Məs. pul islahatından əvvəl Azəbaycanda məzənnəni ifadə etmək üçün ikinci yoldan (E) istifadə olunurdu (1$=4900AZM). Qeyd edək ki, anqlo-sakson ənənəsində iqtisadi təhlildə E-dən, kontinental Avropada isə daha çox e-dən istifadə olunur.

Gerçək valyuta məzənnəsi (ing.Real exchange rate) Yerli pul vahidinin xarici valyutaya nəzərən gerçək alıcılıq qabiliyyətini göstərir. Başqa sözlə, ölkədaxili inflyasiya ilə xarici ölkədə gedən inflyasiyanı nəzərə alan valyuta məzənnəsidir. Nominal valyuta məzənnəsi ilə sözügedən iki ölkədə hər hansı bir mal və ya xidmətin bazar qiymətləri nisbətinin hasilinə bərabərdir. N.v.m. pul vahidləri nisbəti olan halda g.v.m. konkret mal (və ya mal səbəti) miqdarlarının nisbətidir.İstifadə olunan nominal valyuta məzənnəsi yazılışından asılı olaraq aşağıdakı kimi yazılır: 1) ReR = e x (P/P*) Burada g.v.m.-nin tərifini belə veririk: g.v.m "bizim" ölkədə bir ədəd yerli pul vahidi ilə satın alına bilən malın miqdarı ilə "xarici" ölkədə bu pul vahidinə düşən xarici pulla satın alına bilən mal miqdarının nisbətinə bərabərdir.Yəni, P/(P*/e) 2) RER = E x (P*/P)

Valyuta rejimi(ing.Exchange rate regime) Dövlətin pul siyasətinə baxan qurumlarının valyuta bazarında tətbiq etdiyi qaydalar toplusu olub valyuta məzənnəsini müəyyən edir.V.r. sabit məzənnəli və üzən (sərbəst) məzənnəli olmaqla iki yerə ayrılır.

Kip bərkitmə (ing.Hard peg) Ölkə pulu məzənnəsinin hər hansı bir xarici valyutanın məzənnəsinə qəti bağlanmasıdır. Praktikada bu, tam dönərli dünya pullarından birinə (dollar, avro,yen) calanmaq deməkdir Yəni, ölkədəki makroiqtisadi mühitin necə dəyişdiyindən asılı olmayaraq, məzənnə daim sabit qalır. Valyuta sabitsizliyindən qorunmağa imkan versə də bu rejimin bir sıra mənfi xüsusiyyətləri vardır.

Ölkə pulu məzənnəsinin qeyri-sabitliyi(ing.Exchange rate volatility) Məzənnənin qısa müddət ərzində böyük dəyişmələr göstərməsidir. Bu hal beynəlxalq iqtisadi fəalliyətlə məşğul olanların gözləntilərinə əsaslı ziyan vurur. Belə ki, alqı-satqı müqavilələrinin cari məzənnə ilə tərtib olunduqları halda, pul məzənnəsinin dəyişməsi firmaları iflasa uğrada bilər. Hətta, müqavilələr dəyişkən məzənnə ilə ayaqlaşmaq üçün indeksləşdirərlərsə belə, məzənnənin hansı istiqamətdə və hansı böyüklükdə dəyışəcəyini bilməmək, tərəflərin böyük itkilərinə səbəb ola bilər. Bu, təkcə beynəlxalq ticarətə deyil, beynəlxalq maliyyə-kredit əməliyyatlarına da aiddir. Hətta yeni sənayeləşmiş ölkələrdə bu kapital əməliyyatlarına valyuta məzənnəsinin sabitsizliyindən dəyən zərər ticarətə vurulan zərərdən dəfələrlə artıq olur. Bu son məqam isə kapital bazarında tələb-təklifin qiymət dəyişmələrinə son dərəcə həssas olması və uyğunlaşmanın çox böyük sürətlə baş verməsidir. Bütun bunlar dövləti valyuta sabitsizliyindən qaçınmağa və valyuta bazarında kəskin dalğalanmaların qarşısını almaq üçün bütün mümkün makroiqtisadi vasitələrdən istifadə edərək ciddi addımlar atmağa vadar edir. Belə addımların içində ən çox yayılmışı sabit məzənnəli valyuta rejiminin tətbiqidir.

Valyuta məzənnəsinin zəifliyi(ing.Exchange rate vulnerability) Valyuta sabtsizliyindən fərqli olaraq iqtisadi sistemin zəifliyindən qaynaqlanır və potensial sabitsizlik kimi qiymətləndirilə bilər. Bura həm ölkənin xaricdən öz valyutasında borc ala bilməməsi, həm institusional quruluşunun zəifliyi, həm də daxili iqtisadiyyatın xarici amillərə həssaslığı daxildir. Daha doğrusu məzənnə zəifliyi halı bunların hamısının qarşılıqlı təsirindən doğan haldır. Bu hal kicik bir makroiqtisadi çətinliklə qarşılaşan ölkə pulu məzənnəsinin qeyri-sabitliyə düşməsi ilə nəticələnir.

Qaytarılmalı borc (ing.Oustanding loan) Borc alanın hələ də ödəməli olduğu və ödənilmə müddəti keçməmiş borc.

Anadangəlmə günah(ing.Original sin) İqtisadi ədəbiyyatda inkişaf etməkdə olan ölkələrin xaricdən öz valyutasında borc ala bilməməsi halına verilən ad. Burada həmin ölkələrin əzəldən belə olduqlarına və tarixçələri etibarilə borc verənlərin inamsızlığına düçar olduqlarına işarə olunur. (Məlumat üçün: A.g. adı İncildən gəlir (pervorodniy qrex) və xristian aləmində uşaqların üzərlərində Adəm peygəmbərin ilk günahı ilə doğulduqlarını bildirir.Aparılan analogiya ölkələrin bu mənfi durumdan qurtula bilməmələrindən ibarətdir). Xarici borcu xarici valyutada almaq isə onu həmin valyutada qaytarmalı olmaq deməkdir.Yəni, ölkədaxili əməliyyatları yerli pulla həyata keçirən firmalar xaricdəki kreditortlarına olan borclarını xarici valyutada qaytarmalı olduğundan, bu iki valyuta arasındakı məzənnədən birbaşa asılı vəziyyətə düşür. Başqa sözlə, ölkə pulu nə qədər dəyərdən düşərsə, firmaların borcu bir o qədər artar.Belə vəziyyət valyuta böhranının daha geniş maliyyə böhranına keçməsinə səbəb olar.

Meltzer Komitəsi(ing.Meltzer Commission) 1998-ci ildə ABŞ Konqresi tərəfindən yaradılmış Beynəlxalq Maliyyə Qurumları üzrə Məsləhətçi Komitənin qısa adıdır. Rəhbəri olmuş Allan Meltzerin adı ilə çağrılır. Məqsədi BVF və DB kimi dünya miqyaslı iqtisadi təşkilatlara ABŞ dövlətinin ayırdığı vəsaitin hədər gedib-getmədiyini üzə çıxarmaq və onların fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürməkdir. Komitənin verdiyi ən mühüm tövsiyələrdən biri BVF və DB arasında aydın əmək bölgüsünü bərpa edib təkrarlanan funksiyaları aradan götürməkdir. Bu baxımdan BVF-nin orta və uzun müddətə borc verməsini dayandırmaq və bunu yalnız DB-nın regional qollarının öhdəsinə buraxmaq məsləhət görülür. BVF isə son çarə kreditoru olaraq yalnız maliyyə sabitliyi baxımından əvvəlcədən müəyyən olunmuş şərtləri ödəyən ölkələrə qısamüddətli kreditlər ayırmalıdır. Həmçinin, Fondun kreditləri bazar qiymətlərindən xeyli yüksək faiz dərəcəsi ilə verilməlidir ki, ona doğrudan da son çarə kimi müraciət olunsun. Beləcə,BVF dünya maliyyə sabitliyini qoruyan və üzvü olan ölkələrdə sağlam fiskal siyasəti təbliğ edən "daha kiçik bir qurum" şəklinə düşər. DB-nin isə öz növbəsində "Dünya İnkişaf Agentliyinə" çevrilərək yoxsul ölkələrə borc verməkdənsə, səylərini texniki yardım və yoxsulluğu azaltma qrantlarının verilməsinə yönəltməsi lazım bilinir. Borcvermə də daxil olmaqla qalan funksiyaları regional inkişaf bankları yerinə yetirməlidir. Komitəyə görə, DB regional inkişaf banklarının arzuolunar səviyyədə olmadığı Afrika və bəzi Orta Şərq ölkələrinə xüsusi diqqət ayırmalıdır. Komitənin Beynəlxalq Hesablaşmalar Bankı və Dünya Ticarət Təşkilatı ilə bağlı daha kiçik miqyaslı tövsiyələri vardır. Meltzer Komitəsinin tövsiyələrinə münasibət birmənalı deyildir.Çox vaxt bu fikir bildirənin siyasi mənsubiyyətindən asılı olur.Belə ki, Komitənin tərkibində çoxluq təşkil edən konservativ görüşlü alimlərin respublikaçılar mövqeyindən, liberalların isə demokratların mövqeyindən çıxış etdikləri qəbul olunur.

Kapital hərəkətinə məhdudiyyətlər (ing.Capital controls) İqtisadi ədəbiyyatda bu ifadə adətən ölkələrarası kapital axınlarına aid edilir. (Ölkədaxili məhdudiyyətlər üçün adətən, maliyyə repressiyası ifadəsi işlənir).Çıxış və giriş məhdudiyyətlərinə ayrılır.

Çıxış məhdudiyyətləri(ing.Outflow controls) Ölkə rezidentlərilə xarici investorlar arasında yerli maliyyə aktivlərinin xarici aktivlərə dəyişdirilmə imkanlarını azaldır. Həmçinin, yerli rezidentlərin xarici borclarını qaytarmalarının da qarşısını ala bilər.

Giriş məhdudiyyətləri (ing.İnflow controls) Yerli rezidentlərin qeyri-rezidentlərdən borc alma və xarici investorların yerli maliyyə aktivlərini əldə etmə imkanlarını azaldır.

Girov(ing.Collateral) Bankdan alınan kreditin qaytarılmasına zəmanət vetmək üçün borc alanın bankda qoyduğu və bu kreditin dəyərinə bərabər olan maddi mülkiyyət və ya qiymətli kağızdır. Kredit müqaviləsinə görə kreditin əsas məbləği və faizləri vədəsi yetəndə ödənilməzsə, girov bankın mülkiyyətinə keçir (və vurulmuş ziyanı qarşılamaq üçün satılır). Misal üçün, ipoteka kreditinin girovu həmin kreditin sayəsində tikilmiş evin özüdür.

Maliyyə yoluxması (ing.Financial contagion) Bir ölkədə baş verən maliyyə böhranının bazar iştirakçılarının gözləntiləri üzündən başqa ölkəyə yayılması. Bu gözləntilər bəzən əsassız olub bazar iştirakçılarının məlumat qıtlığından irəli gəlir. Belə ki, müəyyən meyarlara görə (iqtisadi inkişaf səviyyəsi, ticarət strukturu, maliyyə reytinqi və s.) eyni qrupa aid etdikləri ölkələrə investorlar eyni gözlə baxır, hər bir ölkədəki durumu onun özünəməxsus cəhətlərinə görə qiymətləndirmirlər. Nəticədə qurunun oduna yaş da yanır: sağlam maliyyə sistemi olan ölkələr də investor qaçhaqaçına düçar olurlar.

Çoxluq qərarı maddəsi(ing.Collective Action Clause) İstiqraz müqaviləsinin bir hissəsi olub, istiqraz sahiblərinin əksəriyyətinin razılığı olduğunda və azlığın razılıq verməməsinə baxmayaraq borca yenidən baxılmasına imkan yaradır. Əvvəllər istiqraza ilkin yazılma mərhələsində istiqraz sahibləri bu cür maddələrin istiqraz müqaviləsinə salınmasına qarşı çıxsalar da, "yeni dalğa" böhranlarından sonra (xüs. Arg. 2001) çoxluq qərarı maddəsinə münasibət dəyişmişdir. Hazırda bu maddə daha yayğın hal almış və gələcəkdə daha köklü addımlardan qorunma çarəsi kimi görülür.

11-ci Fəsil (ing.Chapter 11) ABŞ İflas Məcəlləsinin bir bölməsdir. Firmanın borclarının yenidən təşkili qaydalarını müəyyən edir. 11-ci fəsil hətta borclarını ödəmək iqtidarında olmadıqda belə firmaya fəaliyyət göstərmək hüququ verir. Bu isə kredit dövriyyəsinin bərpasına kömək edir. Ümumiyyətlə, səmərəli qurulmuş iflas qanunvericiliyi firma fəaliyyətinin surətli bərpasına və dolayı yolla iqtisadiyyatın böhrandan çıxmasına zəmin yaradır.


Tarix: 19.03.2013 / 21:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1124 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...