Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Transmilli şirkət

Transmilli şirkətlərin beynəlxalq hüquqda yeri və diplomatik müdafiəsi[1]

Beynəlxalq hüquqda – o cümlədən beynəlxalq iqtisadi hüquqda transmilli şirkətlər (TMŞ) haqqında artıq kifayət qədər müddəalar və fikirlər formalaşmışdır. TMŞ-lər dünyanın bir çox ölkələrində müəssisələri və filialları olan nəhəng şirkətlər birliyidir. Hazırda müsbət və mənfi cəhətlər baxımından TMŞ-lərin rol və fəaliyyətləri müasir dünyada olduqca ziddiyyətli qiymətləndirilir.

TMŞ-ləri bir çox iqtisadçı alimlər texniki tərəqqinin daşıyıcısı olan proqressiv iqtisadi fenomen adlandırırlar. Şəksiz bu fikirlə razılaşmamaq mümkün deyil. Digər tərəfdən isə "üçüncü dünya" ölkələrinin təbii sərvətlərini xammal şəklində mənimsəyən, bu zaman həmin ölkələrin vətəndaşlarını misli görünməmiş və heç bir beynəlxalq normaya uyğun olmayan qayda və üsullarla istismar edən və neokolonializmin başlıca zərbə qüvvəsi sayılan TMŞ-lərin beynəlxalq leqal mafiya imici də formalaşmışdır. Lakin hər nə olursa-olsun TMŞ-lərin fəaliyyəti və inkişafı ilə bağlı proseslər dövrün qanunauyğun, obyektiv inkişafının nəticəsidir və bu proses qarşısıalınmazdır.

Bu gün dünyada TMŞ-lər qədər fəaliyyət göstərdikləri ölkələrin milli qanunvericiliyinə, eləcə də beynəlxalq hüquq normalarına etinasızlıq göstərən ikinci bir qüvvə çətin ki, tapılsın. TMŞ-lərin iqtisadi qüdrətini və dünya siyasətinə ciddi təsirini nəzərə alaraq bəzi qərb dövlətlərində bu qurumlara beynəlxalq hüququn subyekti statusunun verilməsi haqda fikirlər söyləyirlər. Bu fikirləri irəli sürənlərin arqumentləri şəksiz ki, kifayət qədər əsaslıdır, ən azı bu baxımdan ki, bu gün TMŞ-lərin beynəlxalq arenadakı istər iqtisadi, istərsə də siyasi təsir qüvvəsi dünyanın əksər dövlətlərinin təsir qüvvəsindən qat-qat üstündür. Lakin bu fikirlərə əks fikirlər də söylənilməkdədir. Belə ki, digər tərəflər hesab edir ki, TMŞ-lərin fəaliyyəti beynəlxalq hüquqla deyil, beynəlxalq xüsusi hüquqla tənzim olunur və bu baxımdan onlar beynəlxalq hüququn subyekti ola bilməzlər.

Əslində isə beynəlxalq hüququn subyektinə çevrilmək heç TMŞ-lərin özlərinə də əl vermir. Ən azı ona görə ki, bu statusun olmaması onların neokolonialist sifətlərini bir qədər maskalaya bilər. Bununla belə TMŞ-lər bir çox hallarda beynəlxalq iqtisadi hüququn subyektləri rolunda çıxış edirlər. Bir qayda olaraq onların imzaladıqları kontraktlarda tərəflərdən biri dövlətlər olur. Digər tərəfdən inkişaf etməkdə olan bir sıra dövlətlər TMŞ-lərin artmaqda olan iqtisadi və siyasi təzyiqləri ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən, BMT qarşısında dəfələrlə məsələlər qoymuşlar. BMT hələ 1974-cü ildə TMŞ-lərlə bağlı dövlətlərarası komissiya və TMŞ-lər üzrə mərkəz yaratmışdır. Bu qurumların məqsədi TMŞ-lərin fəaliyyətini nizamlayan normalar sistemi yaratmaq və onları bu normalara əməl etməyə vadar etmək idi. Bu komissiyanın topladığı materiallar əsasında YUNKTAD (Beynəlxalq Ticarət Mərkəzi) tərəfindən bir sıra qaydalar və prinsiplər müəyyən olunmuşdur və bunlar BMT Baş Məclisinin 1980-ci ildə keçirilən XXX sessiyasında qəbul olunmuşdur. Bundan əlavə sessiyada Baş Məclis "TMŞ-lər və digər korporasiyalar, onların vasitəçiləri və aidiyyatı olan digər tərəflərin tətbiq etdikləri korrupsiyaya qarşı tədbirlər" haqqında 3514 nömrəli qətnamə qəbul etmişdir. Ən ali beynəlxalq təşkilat tərəfindən həyata keçirilən bütün bu tədbirlər TMŞ-lərin mənfi fəaliyyətinə heç bir təsir göstərə bilməmişdir. Əksinə TMŞ-lər təzyiq vasitəsi kimi yeni-yeni üsullar və yollar mənimsəmiş və hazırda bu üsullar tətbiq olunmaqdadır. Bu monopoliyalar özlərinə aid olan şirkətlərin yerləşdiyi yerdə dövlətin müstəqil hüquqi şəxs forması olmasından istifadə edərək həmin firmalar üzərində yerli qanunvericiliyin şamil olmasını istəyirlər. Belə ki, bu, ilk növbədə əgər dövlət öz şirkətləri üçün xarici firmalardan güzəştli şərtlər (vergi sahəsində) nəzərdə tutursa, həmin dövlətin hüquqi şəxsi sayılır. Digər hallarda TMŞ-lər xarici dövlətlərdə öz filiallarını yaradırlar. Filiallara müstəqil hüquqi şəxs statusu verilmir. Beləliklə, transmilli kompaniyaların iqtisadi anlayışı, iqtisadi-mahiyyəti və hüquqi forması arasında uyğunsuzluq olur. Vahid birlik hüquqi çoxluqla rəsmiləşdirilir ki, (yerli hüququn hüquqi şəxsi, filialı və s.) bu da TMŞ-lərin mülkiyyətçilərinin maraqlarına cavab verir. 1974-cü il dövlətlərin iqtisadi hüquq və vəzifələri xartiyasında nəzərdə tutulur ki, hər bir dövlətin öz yurisdiksiyası çərçivəsində TMŞ-in fəaliyyətini nizama salma və nəzarət etmə hüququ vardır. BMT Baş Assambleyasının qətnaməsi formasında qəbul edilən bu xartiyada eyni zamanda TMŞ davranış kodeksindəki kimi, inkişaf etməkdə olan dövlətlərin öz iqtisadiyyatlarını TMŞ-in təsirindən müdafiə etməsi təşəbbüsünü əks etdirir. Beynəlxalq Həmkarlar Təşkilatlarının TMŞ-lərlə uzunmüddətli mübarizəsi də uğursuzluğa düçar olmuşdur. Bunlara cavab olaraq TMŞ-lər fəaliyyət göstərdikləri bir sıra ölkələrin milli qanunvericiliyində həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran qanunların qəbul olunmasına nail olmuşdur. TMŞ-lər fəaliyyət göstərdikləri sahələrdə bir qayda olaraq fəal həmkarlar ittifaqlarını ya əzərək məhv edir, ya da onları ələ alırlar. Amma onu da qeyd etmək lazımdır ki, TMŞ-lər heç də həmişə buna nail ola bilmirlər.

Bəs TMŞ-lər fəaliyyət göstərdikləri ölkələrdə təsir dairəsini necə formalaşdırırlar? İlk əvvəl imzaladıqları kontraktlar vasitəsi ilə... Bir çox hallarda onlar yüksək vəzifəli dövlət məmurlarını öz korrupsiya torlarına salırlar. Özləri üçün əlverişli olan şərtləri bu yolla kontraktlarda əks etdirirlər və əlavə imtiyazlar (məsələn, güzəştli vergilər, yerli işçilərə görünməmiş dərəcədə aşağı əmək haqları verilməsi və s.) əldə edirlər. TMŞ-lər öz şərtlərini bir sıra hallarda birbaşa deyil, dolayı yollarla diktə edirlər. Bunun üçün onların çoxsaylı üsul və metodları mövcuddur. Buna misal olaraq həmin ölkələrə kreditlər və maliyyə yardımları ayıran xarici və beynəlxalq banklar, maliyyə qurumları vasitəsi ilə diktə olunan şərtləri göstərmək olar. Bu qurumlar tərəfindən irəli sürülən şərtlərin bir çoxunda TMŞ-lərin təsiri şəksizdir.

Lakin özünəməxsus şərtlərlə fəaliyyət göstərərək "yeni müstəmləkə siyasəti"ni yürüdən bu şirkətlər bir sıra ciddi problemlərlə üzləşir ki, bunlardan da ən əsaslarından biri diplomatik müdafiədir. Hər bir dövlətin öz fiziki və hüquqi şəxslərini diplomatik müdafiə hüququ var. Diplomatik müdafiə adı altında bir dövlətin digər dövlətə olan iddiasından belə başa düşülür ki, bu vaxt sonuncu beynəlxalq hüquq normalarını pozur, iddiaçı dövlətə aid olan şirkətin hüquqi və fiziki şəxslərinə ziyan vurur və bu ziyan cavabdeh dövlətin daxili hüquqi müdafiə vasitələri ilə ödənilir.

Bu problem əsasən hələ ötən əsrin 50-60-cı illərində müstəqillik əldə edən dövlətlər öz ərazilərində xarici mülkiyyət obyektlərini milliləşdirən zaman yaranmağa başladı. Həmin vaxt TMŞ-in sahibkarı olan inkişaf etmiş dövlətlər öz çoxmilli müəssisələrinin maraqlarının müdafiəsi üçün diplomatik müdafiə tədbirlərini tətbiq etdilər. Buna cavab olaraq inkişaf etməkdə olan dövlətlər də doktrina işləyib hazırladılar. Həmin doktrinaya görə, qəbul edən dövlətə münasibətdə xarici şəxsin tələbi bu dövlətin müstəsna olaraq məhkəməsində həll edilməsidir, xarici şəxsin aid olduğu dövlətin oradakı münasibətə diplomatik müdafiə hüququ yoxdur və inkişaf etməkdə olan dövlətlər xarici şəxslərə öz şəxslərinə verdiyi hüququ verirlər. Bu prinsiplər həm inkişaf etməkdə olan dövlətlərin daxili hüququnda həm də xarici investorlarla bağlanmış ikitərəfli sazişlərdə öz əksini tapdı.

Ancaq beynəlxalq iqtisadi münasibətlər sistemində beynəlxalq hüquq özlərinin çoxmilli münasibətlərin diplomatik müdafiəsi üzrə dövlət hüququndan kənarda tapılmasının tərəfində oldu.

Beləliklə, 1970-ci ildə "Barcelona Traction" işi üzrə BMT-nin Beynəlxalq Məhkəməsinin materiallarında qeyd edilir ki, dövlətlərin beynəlxalq hüquqa uyğun olaraq öz milliliyi olan, şirkətlər üzərində özlərinin diplomatik müdafiələrini yaymaq hüququ var. Həmin işin məğzi belə idi ki, Kanadanın "Barcelona Traction, Light and Power Company Ltd." şirkətinin İspaniyada qız müəssisəsi vardı. Qız müəssisənin aktivlərinin əksər hissəsi-85 faizi isə belçikalı fiziki və hüquqi şəxslərə məxsus idi. Belçika şəxslərinə aid olan mülkiyyət İspaniya hökumətinin fəaliyyəti nəticəsində qeyri-qanuni olaraq ispan şəxslərin əlinə keçdi. Belçika səhmdarlarına aid olan ziyan 90 milyon dollar idi. Belçika belçikalı hüquqi və fiziki şəxslərin diplomatik müdafiəsi məqsədilə İspaniyaya qarşı iddia ilə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etdi. Lakin BMT-nin Beynəlxalq Məhkəməsi iddiadan imtina etdi və onu əsas gətirdi ki, həmin halda Belçika iddia irəli sürə bilməz. Çünki şirkətin səhmdarları Belçikaya aid olsa da şirkətin milliliyi Kanadaya aiddir. Diplomatik müdafiə isə səhmdarlara yox, şirkətə aiddir. Səhmdarların hüququ isə ümumi beynəlxalq hüquqa görə diplomatik müdafiə hüququndan kənarda yerləşir. Çoxmilli müəssisələrin diplomatik müdafiəsi problemi BMT-nin Beynəlxalq Məhkəməsində "Electronica Sicula S.p.A" (ELSI) işi kimi məşhur olan digər işi ilə də əlaqəli olub. Göstərilən italyan müəssisəsi tamamilə iki amerikalı müəssisəyə aid idi. İtaliya hakimiyyəti onda günahlandırıldı ki, onların qeyri-qanuni fəaliyyəti nəticəsində Amerika və İtaliya arasında bağlanmış dostluq, ticarət və naviqasiya haqda müqavilənin pozulması ilə Amerika səhmdarlarına ziyan vurulub. ABŞ öz hüquqi şəxslərinin diplomatik müdafiəsi məqsədilə İtaliyaya qarşı iddia ilə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etdi. BMT-nin Beynəlxalq Məhkəməsi ABŞ-ın iddiasından imtina etdi və müəyyən etdi ki, bu hadisə İtaliya tərəfindən müqavilənin pozulması sayılmır. Həmin iş üzrə BMT-nin Beynəlxalq Məhkəməsinin qərarında göstərilirdi ki, əvvəlki mövqeyi təsdiq edir: diplomatik müdafiə şirkətə aiddir, səhmdara yox.

Onu da qeyd etmək lazımdır ki, diplomatik müdafiə dövlətin vəzifəsi yox, hüququdur. Belə bir nəzəriyyə də mövcuddur ki, TMŞ-in diplomatik müdafiəsini məskunlaşdığı dövlət yox, onun bütün tərkib hissələrinə nəzarəti həyata keçirən dövlət göstərməlidir. Eyni zamanda o da mümkündür ki, TMŞ-in məskunlaşdığı dövlətlə onu qəbul edən dövlət arasında belə bir qarşılıqlı razılaşma ola bilər ki, hüquqi şəxsin diplomatik müdafiəsi milli mənsubiyyət meyarına görə yox, mülkiyyət meyarına görə müəyyən edilsin.

Bizim üçün yeni olan, lakin "üçüncü dünya" ölkələrini az qala 50 ilə yaxın bir müddətdə öz burulğanında saxlayan "transmilli şirkət" anlayışı respublikamızın keşməkeşli həyatının yeni, lakin görünür, davamlı olacaq reallığına çevrilməkdədir. Ancaq biz bu məsələyə mümkün qədər obyektiv yanaşmalıyıq. TMŞ-lərin fəaliyyətinin nəticəsi kimi bu gün Küveyti, BƏƏ-ni, Səudiyyə Ərəbistanını və oradakı həyat tərzini nümayiş etdirərkən Nigeriyanı da yaddan çıxarmamalıyıq.

Transmilli şirkətlərdə həmkarlar təşkilatı problemi[2]

Dövlətlər arasında ticari əlaqələrin genişlənməsi iqtisadiyyatın beynəlmiləlləşməsinə gətirib çıxarır. İndi iqtisadi əlaqələrin qurulmasını dövlətlərdən çox transmilli şirkətlər (TMŞ) həll edirlər. Bu gün beynəlxalq kapital qoyuluşunun həcminin hiss olunan artımı nəticəsində istehsalat dövlətlərin sərhədlərini aşmaqdadır. Bütün dünyada qarşısıalınmaz bir proses gedir: Dünya qloballaşır. Bu proses millətlərin həyatına sürətlə yeniliklər gətirir və millətlərin minillərlə topladıqlarını sürətlə dağıda bilir. Qloballaşma prosesinin əsas göstəricisi kapitalın çox sürətli və güclü hərəkətidir. Bu zaman elmin ən son nailiyyətlərindən bəhrələnən və külli miqdarda kapitala sahib olan, insanın istismarını getdikcə təkmilləşdirən nəhən TMŞ-lərin rolunu vacib edən birbaşa xarici investisiyaların həcmi və əhəmiyyəti artır, maliyyə bazarları beynəlmiləlləşir, kommunikasiya və nəqliyyat texnologiyaları yayılır və inkişaf edir, liberallaşma artır və tənzimlənmə yumşalır, dövlət sektoru özəlləşdirilir və milli hökumətlərin proseslərə müdaxiləsi məhdudlaşdırılır.

Adətən, geniş imkanları olan iri TMŞ-lər enerji ehtiyatlarına malik, amma iqtisadiyyatı zəif inkişaf edən dövlətlərin ərazisində özlərinə asanlıqla yer edə bilirlər. Bir qayda olaraq, inkişaf və iqtisadi siyasət üzrə demokratik institutların olmadığı və ya zəif olduğu, bunun da nəticəsində iqtisadiyyatı geri qalan ölkələrdə qanunlar da zəif işləyir. Bundan faydalanan TMŞ-lər vaxt itirərməyək fürsəti qaçırmır. Onlar yerli hakimiyyətin "nazı ilə oynayır", "münbit şəraitdən" yararlanaraq özləri üçün əlverişli kontraktlar bağlayır və gözlədiklərindən də artıq gəlir götürürlər. Bu cür "münbit şərait"də iri layihələrin maliyyə fəaliyyətində çox vacib bir şərt olan obyektiv auditlər və şəffaf maliyyə hesabatları olmadan da "ötüşmək" olur. İctimai nəzarəti həyata keçirəcək həmkarlar təşkilatı yaratmağa isə müxtəlif təzyiqlər vasitəsi ilə imkan verilmir. Bununla da demokratik ölkələrdə yaradılmış TMŞ-lər yerlərdəki eybəcərliklərə sadəcə adaptasiya olunurlar. Nəticədə vətəndaşın öz ölkəsinin konstitusiyasında nəzərdə tutulmuş ictimai birliklər yaratmaq hüququ və eləcə də Beynəlxalq Əmək Təşkilatının (BƏT) 1948-ci il tarixli "Assosiyasiyalar azadlığı və təşkilatlanma hüququnun qorunması haqqında" Konvensiyasının tələbləri TMŞ-lər tərəfindən kobud şəkildə pozulur və bunun qarşısı milli hökumət tərəfindən alınmır. Əslində isə TMŞ-lər istəsə Ümumdünya Müqaviləsinin tövsiyyələrini nəzərə alaraq istənilən "çətin" ölkədə korrekt fəaliyyət qura bilər. Burada Ümumdünya Müqaviləsinin doqquz əsas prinsipini xatırlatmaq yerinə düşər:

İnsan haqları üzrə:
Öz nüfuz dairəsi çərşivəsində insanların beynəlxalq hüquqlarının müdafiəsinin dəstəklənməsi və onlara əməl olunması.
Öz nüfuz dairəsi çərşivəsində insan hüquqlarının pozulmamasının təmin edilməsi

Əmək standartları üzrə:
Təşkilatlanma azadlığı və kollektiv danışıqların aparılması hüququnun tanınması.
İcbari əməyin bütün formalarının ləğv edilməsi.
Uşaq əməyinin qadağan edilməsi.
Əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin qadağan edilməsi.

Ətraf mühit üzrə:
Ətraf mühitin problemlərinə ehtiyatlı yanaşmanın dəstəklənməsi.
Ətraf mühitin vəziyyətinə görə öz üzərinə müəyyən məsuliyyətlər götürülməsi barədə təşəbbüs irəli sürülməsi.
Ətraf mühitə zərər yetirməyən texnologiyaların inkişafına və yayılmasına yardım göstərilməsi.

Layihələrin tez və daha çox qazancla başa çatdırılmasına can atan TMŞ-lər, adətən, gətirdikləri iri investisiyaların əhəmiyyətini şişirdərək onu milli hökumətin baş qaxıncına çevirir və onun layihə üzərində nəzarət imkanlarını daraldır ki, bu da onun sosial proqramlarının həyata keçirilməsini əngəlləyir. Buna misal olaraq neft yataqlarının tammiqyaslı işlənməsi layihələrində əsas normativ sənəd kimi "BP" Şirkətinin və Azərbaycan Hökumətinin imzaladığı "Hasilatın Pay Bölgüsü Haqqında Saziş"i göstərmək olar. Bu Sazişdə Azərbaycan Hökumətinin öz vətəndaşları üçün nəzərdə tutduğu işçilərin tibbi sığortası, həyat sığortası və sair kimi vacib sosial proqramlar qəbul edilməyib.

Əgər qloballaşma strategiyası düzgün qurulmasa, antisosial proseslərlə müşahidə olunan qloballaşma cəmiyyətin dağılmasına gətirib çıxara bilər. Yolundan azmış qloballaşmanın dağıdıcı təsirindən cəmiyyəti qorumaq üçün həmkarlar təşkilatlarının rolu böyük ola bilər. Belə ki, insanların əmək hüquqlarının və ümumilikdə insan haqlarının pozulduğu və milli hökumətin müdaxilə edə bilmədiyi sahələrdə həmkarlar təşkilatları lazım gələrsə beynəlxalq səviyyədə həmrəylik yolu ilə ən güclü TMŞ-in belə rəhbərliyini danışıqlar stolu arxasında oturda bilər. Bu zaman həmkarlar təşkilatları BƏT-in, Avropa İttifaqının və BMT-nin institutların hazırladığı və dövlətlərin qoşulduğu normativ aktların gücündən istifadə etməlidirlər.

Avropada ticarət və investisiya qaydalarının əsasları 1957-ci ildə Avropa İttifaqının yaradılması ilə qoyulub və bir qədər sonra Avropa Şurası Sosial Xartiyası imzalanıb. Burada yoxsul regionların inkişafı üzrə sosial fondların yaradılması, yoxsul ölkələrdə onların qəbul etdiyi yüksək standartlara çəkilən xərclərin kompensasiya olunması nəzərdə tutulurdu. 1989-cu ildə İşçilərin Əsas Sosial Hüquqlarının İctimai Xartiyası imzalansa da, Avropa inteqrasiyasının sosial ölçüləri uğrunda mübarizə hələ yekunlaşmayıb və həmkarlar ittifaqları həm sosial, həm də iqtisadi inkişaf uğrunda mübarizə aparırlar. Ümumilikdə isə iqtisadi inteqrasiya üzrə bütün dünyada bağlanan müxtəlif sazişlərin taleyini sosial təminatlara və həmkarlar təşkilatlarının hüquqlarına, eləcə də insan haqlarına necə yanaşıldığı müəyyənləşdirəcəkdir.

Hər şeyi şəriksiz şəkildə öz nəzarətinə almaq istəyən TMŞ-in məqsədyönlü təbliğatı nəticəsində dövlət sektoru səmərəsiz və bədxərc nəhəng kimi təqdim olunur, özəl sektor isə səmərə və məsuliyyət mücəssiməsi kimi başa düşülür. Ayrı-ayrı şirkətlərin varlanması baxımından bu, belə görünə bilər. Amma unutmaq olmaz ki, o şirkətləri varlandıran insanların konstitusion hüquqları var və hər bir dövlət öz vətəndaşlarının hüquqlarının qorunması üçün məsuliyyət daşıyır. Yəni bu və ya digər dövlətin ərazisində layihələr həyata keçirərək sərvət toplayan şirkətlər həmin dövlətin qanunlarına və beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşmalıdır. Burada ən təhlükəli məqam özəl sektorun dövlət sektorunun iş yerləri açmaq kimi əhəmiyyətli sosial funksiyasını ələ keçirmək cəhdi ilə bağlıdır. Bəzən dövlət xərclərinin rasionallaşdırılması pərdəsi altında səhiyyə və təhsil kimi strateji sahələrin də özəlləşdirilməsinin zərurətə çevrilməsi görüntüsü yaratmaq istəyirlər. Kapitalın azad hərəkəti və azad ticarət milli vergiqoyma sistemləri arasında rəqabətə gətirib çıxarır ki, bu da vergilərdən daxil olan vəsaitlərin azalmasına və sosial kəsirin yaranmasına səbəb olur. Bütün ölkələrə təzyiq göstərilir ki, onlar vergi siyasəti sahəsində ümumi məxrəcə gəlsinlər. Bu strategiya isə bir çox ölkələrdə dövlət sektorunu boğur və onu vəsaitlərdən məhrum edir. Çox təəssüflər olsun ki, biz də bu yoldayıq. Qeyd etmək lazımdır ki, beynəlxalq ticarət və investisiyalar barədə sazişlər təkcə iqtisadiyyatı əhatə etmir, cəmiyyətin həyatının bütün sahələrinə təsir göstərir.

İstehsalatda texnologiyalar getdikcə çevikləşir və hərəkətləşir. TMŞ-in uzaq məsafədən idarə olunmasındakı çətinliklər aradan qalxır. İstehsalın çevikliyi və hərəkətliyi işçilərə də təzyiqi artırır. İnkişaf etmiş ölkələrdə yüksək ixtisaslı məktəblərdə təhsil almış işçilər yerlərdəki mütəxəssisləri üstələyir, rəqabətdə onları sıxışdırır. Nəticədə isə nə vaxtsa öz ölkəsində yaxşı mütəxəssis sayılan yerli işçi layihədə ikinci, üçüncü, hətta dördüncü dərəcəli işçiyə çevrilir və aşağı əmək haqqı alır. Burada isə Beynəlxalq Əmək Təşkilatının 1958-ci il tarixli "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik" haqqında Konvensiyası kobud şəkildə pozulur.

TMŞ-in hər şeyi nəzarətə götürdüyü və milli hökumətləri oyundankənar vəziyyətdə saxladığı bir vaxtda əmək münasibətlərini tənzimləyən beynəlxalq hüquqi bazaya ehtiyac artır. Sosial hüquqları kifayət qədər qorunmayan işçilərin etiraz aksiyalarına başlamaması və istehsal prosesini mümkün ziyanlardan qorumağın ən ağıllı yolu işçilərin həmkarlar təşkilatının yaradılmasına şərait yaratmaq və bu təşkilat ilə əməkdaşlıq etməkdir. Həmkarlar təşkilatının olmadığı və kollektiv əmək müqavilələrinin bağlanmadığı yerlərdə TMŞ və ya onların subpodratçıları işçilərə ən zəif əmək müqaviləsini sırıyır və tez-tez həddi aşaraq işçilərlə amansız davranırlar. Məsələn, istehsalatın bu və ya digər mərhələsinin uğurla başa çatdığı zaman işçilərə bonus verilir. Bonus almağa namizədlərin sayı "çox" olanda şirkət rəhbərliyi onların sayını süni şəkildə azaldaraq qənaət etmək naminə "qanunpozanlar" ovuna çıxır və onlara töhmət elan edir. Bu insafsız aksiyanı həyata keçirən rəhbərlik onsuz da istismara məruz qalan işçinin istismarında hər cür həddi aşır.

Müxtəlif QHT-lər tərəfindən aparılan monitorinqlər zamanı məlum olub ki, Azərbaycanda işçilərin hüquqları daha çox neft və tikinti şirkətlərində pozulur. Məsələn, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin apardığı monitorinqlər zamanı ən çox qanun pozuntularına yol verən şirkətin "Boss-Şelf" olduğu müəyyənləşdirilib. Demokratik İslahatlar Uğrunda Cəmiyyətin "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin tikintisi gedən ərazilərdə apardığı monitorinqlər zamanı isə kəmərin tikintisini aparan şirkət tərəfindən azərbaycanlı fəhlələrin hüquqlarının kobud və kütləvi şəkildə pozulduğu bəlli olub. Xatırladım ki, bu şirkətlərin heç biri indiyədək baş verənləri, ünvanlarına söylənən iradları qəbul etməyib. BTC-nin tikintisində iştirak edən BP şirkətinin rəsmiləri isə kəmərin tikintisində çalışan işçilərin hüquqlarının pozulması ilə bağlı yayılan məlumatları qəti şəkildə inkar ediblər. Tikinti şirkətlərinin isə arxasında yüksək çinli məmurlar durduğundan ora nə əmək müfəttişliyi, nə həmkarlar təşkilatları, nə də ictimai təşkilatlar girə bilirlər. Bu gün yoxlama aparılarsa, böyük tikinti şirkətlərində cəmi beş-on nəfərin işlədiyi məlum olar. Tikinti şirkətlərinin rəhbərləri işçilərlə əmək müqaviləsi bağlamır, dövlətə sosial ödəmələri ödəmir, vergidən yayınırlar. Fəlsəfədə "tezis" (hakimiyyət) və "antitezis" (müxalifət) anlayışları var. "Tezis" öz fəaliyyəti ilə öz "antitezis"ini yaradır. "Tezis" "antitezis"in qaldırdığı ptoblemləri vaxtında həll edə bilməyəndə ikincinin təşəbbüsü ələ alması üçün şərait yaradır. Əgər bu və ya digər şirkət rəhbərliyi işçilərin sosial problemlərini həll etmirlərsə və yerli hökumət buna müdaxilə edə bilmirsə, həmkarlar təşkilatı təşəbbüsü ələ alır və qloballaşmanın verdiyi imkanlardan yararlanaraq beynəlxalq qanunvericiliyə müraciət edir. O, lazım gələrsə, haqsızlığa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücündən istifadə edə bilər.


Tarix: 18.03.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 720 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...