Naxçıvan XVII əsrin əvvəllərində Nadir şah Əfşarın qoşunları tərəfindən fəth edilmiş və Əfşarların hakimiyyəti altına keçmişdir. Nadir şah öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Nadir şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan etdi və Naxçıvan xanlığının əsasını qoydu. Naxçıvan şəhəri xanlığın paytaxtı oldu.
Heydərqulu xanın ölümündən sonra hakimiyyətə Hacı xan Kəngərli keçdi. Onun dövründə xanlıq xeyli zəiflədi. Hacı xanın oğlu Rəhim xanın hakimiyyəti illərində xanlıqda daxili çəkişmə başlandı. Əliqulu xan, Vəliqulu xan və Abbasqulu xan Kəngərlilərin zamanında xanlıq xeyli zəiflədi.
XVIII əsrin 80-ci illərində Xoy xanlığı, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxetiya çarlığı və İran zəifləmiş Naxçıvan xanlığını öz təsirləri altına alamağa çalışırdılar. 1783-cü ildə Xoy xanı Əhməd xan Naxçıvan xanlığını özündən asılı vəziyyətə salaraq orada, öz adamı Cəfərqulu xanı hakim təyin etdi (1783-1787). Əhməd xan Dünbüli 1786-cı ildə öldürüldü və Naxçıvan xanlığı Xoy xanlığının asılılığından çıxaraq yenidən müstəqil oldu. Hakimiyyətə isə (1787) Kəlbəli xan Kəngərli gəldi.
1787-ci ildə Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir Naxçıvana yürüş etdi. Yenicə hakimiyyətə gəlmiş Kəlbəli xan bu hücumun qarşısını ala bildi. Xoy və İrəvan xanlıqları ilə münasibətləri yaxşılaşdıran Kəlbəli xan 1792-ci ildə İbrahim Xəlil xanın ikinci yürüşünü də dəf edə bildi. Lakin İran təhlükəsinə qarşı birgə mübarizə onların arasındakı ziddiyyətləri azaltdı. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın qoşunları Azərbaycana hücum etdi və bu zaman Kəlbəli xan Rusiyaya meyl etdi. Məhz buna görə də Ağa Məhəmməıd şah Qacar 1797-ci ildə ikinci dəfə Azərbaycan yürüş edəndə Naxçıvan xanlığını işğal edib, onu özündən asılı vəziyyətə saldı. Ağa məhəmməd şah Kəlbəli xanı həbs etdirib onun bir gözünü çıxartdırdı. Hakimiyyətə isə Kəlbəli xanın qardaşı Abbasqulu xanı (1797-1801) gətirdi. Qacarın öldürülməsindən sonra (1797) Kəlbəli xan İrandan qaçıb Naxçıvana gəldi.
1826 – 1828 – ci illər Rusiya–Qacar müharibəsi dövründə Kəlbəli xanın övladları Ehsan xan və Şeyxəli bəy Rusiya tərəfinə keçmiş və Naxçıvan yaxınlığındakı Abbasabad qalasında ruslara təslim olmuşdu.
Çar Rusiyasının tərkibində
1828 – ci il Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Çar Rusiyasının tərkibinə qatılmışdı. Naxçıvan Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra çar höküməti İrandan və Şərqi Anadoludan on minlərlə erməni ailəsini Naxçıvan xanlığı ərazisinə köçürmüş və Naxçıvanın demoqrafik quruluşu kəskin surətdə dəyişilmişdi. Naxçıvan ərazisi də Azərbaycanda yaradılmış Erməni vilayətinin tərkibinə daxil oldu.
1841 – ci ildə Naxçıvan qəza mərkəzinə çevirildi. Çarizmin 1870 – ci ildə həyata keçirilmiş şəhər islahatı Azərbaycanın digər şəhərləri kimi Naxçıvan şəhərinə də tətbiq olundu. Şəhərin ümumrusiya bazarına cəlb edilməsi onun iqtisadi və mədəni inkişafında mühüm rol oynadı. Naxçıvanın duz mədənlərində muzdlu əməyin tətbiqi istehsalın xeyli artmasına səbəb oldu. 1882 – ci ildə Naxçıvanda ilk pambıqtəmizləmə zavodu inşa edildi.
XIX əsrin sonlarında Naxçıvanda dünyəvi təhsil ocaqlarının yaradılmasında mühüm addımlar atıldı. 1894 – cü ildə ilk rus – tatar, 1896 – cı ildə isə dünyəvi qız məktəbləri açıldı.
XIX əsrin 80 – ci illərinin əvvəllərindən Naxçıvanda “Müsəlman şiə incəsənəti və dram cəmiyyəti” və “Ziyalı məclisi” kimi mədəni maarif ocaqları təşkil olundu, 1886 – cı ildə M. F. Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” pyesinin tamaşası ilə Naxçıvan teatrının əsası qoyuldu.
Naxçıvana erməni iddiası
1917 – ci ilin sonlarında ermənilərin Naxçıvana qarşı ərazi iddialarının daha da güclənməsi 1918 – ci ilin əvvəllərində real təhlükəyə çevirildi, nizami daşnak silahlı dəstələri türklərlə mübarizə adı altında Naxçıvanın bir çox kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutdu.
Tarix: 12.02.2015 / 14:17 Müəllif: Feriska Baxılıb: 199 Bölmə: Ümumi