Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağın psixomotor inkişafı
Uşağın psixomotor inkişafı

Uşağın psixoloji və hərəki inkişafı üçün onun daimi olaraq ana ilə ünsiyyətdə olması böyük əhəmiyyət kəsb edir. Bu ünsiyyət həm də uşaq hələ ananın bətnində olanda başlanmalıdır.

Hətta "bətindaxili ünsiyyət” termini də vardır ki, analar xüsusi məşğələlərdə psixoloqların köməyi ilə çox maraqlı üsullarla öz doğulmamış uşaqları ilə "ünsiyyətə” girirlər. Bu ünsiyyət körpəyə yaxınları və gələcəkdə onu əhatə edəcək aləmlə təmasda olmağa kömək edir. Bunun nəticəsi olaraq doğulduqdan sonra uşaq ətrafda baş verənləri çox sakit və təmkinlə qəbul edir.

Uşaqla ana arasında qarşılıqlı əlaqə yaradılması yenidoğulma dövründə davam olunmalıdır.

Öz körpənizlə tez-tez danışmağa cəhd edin, ona nəvazişlə müraciət edin, onun üçün lay-laylar, şerlər, və s. oxşamalar oxuyun. Bir çox valideynlər hesab edirlər ki, yeni doğulmuşlar heç nə anlamırlar, və əksər müraciətləri qəbul etmirlər. Bu heç də belə deyildir! Bu dövrdə uşaq aktiv olaraq informasiya toplayır və ətraf aləmlə tanış olur. 8 aylığından etibarən onunla məşğul olmaq olar və bunu etmək vacib hesab edilir. Bunun necə edilməsi baradə isə, uşaqların inkişaf etdirilməsi üzrə keçirilən, xüsusu hazırlıq kurslarında ətraflı məlumat ala bilərsiniz.

Uşağın yaşı artdıqca onun valideynləri və digər ailə üzvləri ilə olan münasibətləri daha aktiv olmalıdır. Uşaqla mütəmadi olaraq danışmaq, onun gördüyü, öyrəndiyi bu və ya digər əşya və təzahür haqqında nə düşündüyü ilə maraqlanmaq, fikirlərini öyrənmək, ona müxtəlif olaylar, tarixçələr, nağıllar danışmaq, onunla rəsm çəkmək, oyunlar oynamaq, plastilindən fiqurlar düzəltmək lazımdır.

Uşağınızın 2-3 yaşı tamam olduqda müxtəlif üsullardan istifadə etməklə onun təfəkkürünün (intellektinin) inkişaf etdirilməsi ilə mütəmadi olaraq məşğul olmaq lazımdır. Bu çox vacib hesab edilir. Təəssüflər olsun ki, valideynlərin əksəriyyəti bu yaşın imkanlarını, uşaqların yeni informasiyalara olan tələbini düzgün qiymətləndirməyərək, onların intellektinin inkişaf etdirilməsi ilə məşğul olmur, bunun üçün qarşıda hələ xeyli vaxt olduğunu düşünürlər. Nəticə etibari ilə belə valideynlər uşaqlarının təfəkkürünün inkişaf etdirilməsi ilə yalnız məktəbə getməzdən 1 il əvvəl başlayırlar. Bu isə bir çox hallarda uşağın yüklənməsinə və yorulmasına, nəticə etibari ilə isə onda məktəbə getməyə və oxumağa qarşı mənfi fikir formalaşmasına səbəb ola bilər.

Məktəbəqədər dövrdə lazımı hazırlıq keçməyən uşaqlar məktəbdə daha çətin və böyük problemlərlə üzləşirlər.

Anasından ayrılaraq onun üçün yad, tamamilə tanış olmayan və maraqsız bir mühitə düşən uşaq, bu halda hətta ciddi psixoloji zərbə də ala bilər. Bundan başqa böyük risk var ki, uşaq məktəbə olan bütün marağını itirə bilər, məktəbə qarşı uşaqda hətta nifrət hissi oyana bilər.

Bu halda valideynlərə hansı məsləhətləri vermək olar? Uşağın psixomotor inkişafına mümkün qədər tez başlamaq məsləhət görülür. Psixomotor inkişaf düzgün təşkil edilməli, məlum dövrlərin ardıcıllığı gözlənilməklə və mütləq sadədən mürəkkəbə doğru olmaqla aparılmalıdır.

Kiçik yaşlı uşaqların psixomotor inkişafının ən yaxşı üsullarından biri, müəllim və valideynlərin iştirakı ilə xüsusi qruplarda aparılan məşğələlərdir. Bu məşğələlərdə, uşaqlarla iş aparılması üzrə xüsusi ixtisaslaşma keçmiş müəllimlər (pedaqoqlar) sizin uşağınızın intellektual inkişafını onun yaşına uyğun səviyyəyə çatdıra bilərlər. Bundan başqa, bu müəllimlər sizin uşağınızın psixomotor inkişafında olan hər hansı bir problemi vaxtında aşkar edərək ona diqqət yetirməyinizi də tövsiyə edə bilərlər.

Məktəbdə uşağın psixomotor inkişafına müəllimlər nəzarət edərək onun problemləri barədə sizi məlumatlandıracaqlar. Uşağın məktəbdəki göstəriciləri ilə daim maraqlanmaq vacib hesab olunur. Bu sizə problemləri vaxtında üzə çıxarmağa və həll etməyə kömək edəcəkdir.


Tarix: 27.04.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 282 Bölmə: Ümumi Psixologiya
loading...