Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanı əhatə edən sosial gerçəkliyə münasibəti, eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb (ali) hissləri ilə təzahür edir. Deməli, insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. İnsanların davranışı, qruplar arasındakı qarşılıqlı münasibətlər, insan mədəniyyətinin məhsulları, incəsənət əsərləri, cəmiyyətin idarə olunması və birgəyaşayış qayda-qanunları, dərk olunması vacib olan problemlər və s. həmişə insanlarda müəyyən hisslər doğurur. Belə hisslər ali hisslər kimi səciyyələndirilir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.
Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər.
Ali hisslər – şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir, məsələn, vətənpərvərlik, inam, dostluq və s.
Sadə (ibtidai) hisslər – isə bütün canlı orqanizmlərin, o cümlədən, insanların üzvi tələbatlarının təmin olunması ilə əlaqədar olaraq baş qaldırır.
Əxlaqi hissləri həm də mənəvi, dünyagörüşü hissləri də adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai hadisələr, insan münasibətləri, mövcud qanunlar, qaydalar və insanın özü və keçirdiyi hisslər ola bilər. Deməli, əxlaqi hisslər, müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gerçəkliyin hadisələrinin qavranılması zamanı insanın keçirdiyi hisslərdir. İnsanın əxlaqi hissləri, müvafiq əxlaq normalarına bəslədiyi subyektiv münasibətlə bağlı olur.
Əxlaqi hisslər sosial mahiyyət kəsb etdiyi üçün əsasən ailə, məktəb və digər sosial institutlarda həyata keçirilən tərbiyə işləri ilə sıx bağlıdır.
İnam, dostluq, yoldaşlıq, xeyirxahlıq, məhəbbət, insanpərvərlik, vətənpərvərlik, borc, həya və məsuliyyət hissi, vətəndaşlıq, humanizm və s. əxlaqi hisslərə misal ola bilər. Bəzən də elə olur ki, insan mövcud olan əxlaq normalarına uyğun olaraq hərəkət etmir. Bu ilk növbədə həmin şəxsin öz mənafeyini hər şeydən üstün tutmasından irəli gəlir. Belə olan halda həmin şəxs müvafiq normalara müsbət münasibət bəsləmədiyi üçün, mənfi hisslər keçirir. Düşmənçilik, paxıllıq, fərdiyyətçilik, məsuliyyətsizlik, həyasızlıq, vicdansızlıq, namuzsuzluq və s. bu cür hisslərdir.
Bəzən də elə olur ki, insan öz hərəkətinin, rəftarının cəmiyyətdəki müvafiq normalara uyğun olmadığını, düzgün hərəkət etmədiyini sonradan başa düşür. Bu zaman əmələ gələn iztirab, xəcalət, təəssüf, peşmançılıq, rüsvayçılıq da əxlaqi hisslər hesab olunur. Deməli əxlaqi hisslər qavrayış obyektinə bəslənən müsbət və ya mənfi münasibətlərin əks etdirilməsidir. İnsanın münasibəti onun şüuru ilə tənzim olunur. Odur ki, gənc nəslin tərbiyəsi işində əxlaqi şüurun inkişaf etdirilməsi ön plana çəkilməlidir. Çünki, özünüdərketmənin kökləri şüurla, əxlaqi hisslərlə bilavasitə bağlıdır. Digər tərəfdən mənlik şüuru da bir qayda olaraq əxlaqi şüura söykənir və onunla qarşılıqlı əlaqədə daha səmərəli inkişaf edir.
İntellektual (zehni) hisslər – insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı ətraf aləmin sirlərinə, özünün eləcə də başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Maraq, inam, səbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yenilik və s. intellektual hisslər hesab olunur.
Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hisslərdir. Təlim prosesində elmi axtarışlar zamanı, yaradıcı fəaliyyətdə zehni hisslərin hesabına insan fəaliyyəti daha da səmərəli olur. Zehni hisslərin təsiri nəticəsində insan ətraf aləmin sirlərinə, həll etməli olduğu problemlərin mahiyyətinə daha yaxşı nüfuz edir və onu həll edir. Ümumən insanın idrak fəaliyyətinin səmərəliliyi, başqa psixi hadisələrlə yanaşı həm də zehni hisslərlə şərtlənir.
Azərbaycan xalqın müqtədir oğlu, fəlsəfi-romantik şerimizin banisi Hüseyn Cavidin fəlsəfəsi, Rene Dekartın: «Hər şeyə şübhə ilə yanaş! – Budur həqiqətin meyarı» fəlsəfi kredosu ilə səsləşir:
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli – hikmətin babası,
Şübhə artarsa həm yəqin artar,
Mərifət nuri şübhədən parlar.
Səhvinizdən ta ki doğsun şübhələr,
Həp seçilsin haqqü batil, xeyrü şər.
İdrak prosesləri ilə emosiya və hisslərin dialektik vəhdət təşkil etməsi – müasir təlim nəzəriyyəsi üçün fundamental əhəmiyyət kəsb edən qanundur. Odur ki, hər bir müəllim təlim prosesində şagirdin idrak fəaliyyətini, onun intellektual hisslərini (şübhə, inam, təəccüb, heyrət və s.) fəallaşdırmaq yolu ilə gücləndirməlidir. Bu cür fəallıq nəticə etibarı ilə təfəkkürün, ağlın inkişafına xidmət edəcəkdir. Yeni pedaqoji təfəkkür, təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, interaktiv təlim metodlarının geniş vüsət aldığı bir şəraitdə, şagird təfəkkürünün emosional cəhətdən, zehni hisslərin köməyi ilə fəallaşdırılması müasir dərsə verilən əsas psixopedaqoji tələbdir. Təfəkkür ilə hisslərin sinxron surətdə inkişaf etdirilməsi şəxsiyyətin yetişdirilməsinin ana xəttini təşkil etməlidir.
Estetik hisslər. İnsanın estetik hisslərinin obyektini ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər. Füsünkar təbiət mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar musiqi və s. insanda estetik hisslər doğurur. Estetik hisslərə insan ictimai təcrübəni mənimsəməklə yiyələnmişdir. İnsan üçün ən birinci estetik zövq mənbəi elə insanın özüdür.
Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir göstərməklə onun psixi sağlamlığını bərpa etməyə, müalicəyə çalışırlar. Bu mənada musiqi terapiya, art terapiya və naturapsixoterapiyada musiqi, incəsənət əsərləri və təbiət gözəlliklərindən müalicə vasitəsi kimi istifadə olunur. Deməli estetik hisslər insan şəxsiyyətinin həm mənəvi, həm də psixi sağlamlığının əsas şərtini təşkil edir. Vaxtılə Aristotel incəsənət əsərlərinin qavranılmasının insanın psixoloji və fizioloji vəziyyətinə müsbət təsirini qeyd etmiş və bu halı «təmizlənmə» (katarsis) adlandırmışdır.
Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə orqanizmin funksiyasını aktivləşdirir, bədəni gümrah edir. Yumor, satira, təbəssüm, gülüş, həzz, heyran, həsəd və s. estetik hisslər hesab olunur. İnsan hisslərin köməyi ilə ətrafda baş verən hadisələrə münasibətini bildirir, başqaları ilə qarşılıqlı münasibətini tənzimləyir, həm də özünün psixoloji sağlamlığını təmin etməyə cəhd göstərir. İnsanın estetik hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüşü və yaşadığı sosial mühit də təsir göstərir.
Praksis hisslər – insanın öz fəaliyyətinə bəslədiyi emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir. Fəaliyyət prosesində, sərf edilmiş sayda yaranan razılıq və ya narazılıq duyğusu praksis hisslər adlanır. İnsan fəaliyyətinin hər bir forması praksis hisslərin obyekti ola bilər. Hər hansı fəaliyyət prosesində qarşıya çıxan maneələri aradan qaldırdıqca, işin uğurla yerinə yetirilməsindən alınan razılıq hissi praksis hisslərə aiddir. Dərs zamanı qarşılıqlı əlaqənin yaranması, izah olunan məsələnin şagirdlər tərəfindən aydın başa düşüldüyünü gördükdə, eləcə də pedaqoji refleksiyaya müraciət edərkən keçirilən dərsdə məqsədə nail olunması ilə bağlı müəllimin keçirdiyi hisslər praksis hisslər hesab olunur. Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir.
Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş qaldıran hisslər praksis hisslər adlanır. Fəaliyyətin, işin mənimsənilmə səviyyəsindən asılı olaraq, praksis hisslər bəzi hallarda işin gedişi ilə bağlı, bəzi hallarda isə fəaliyyətin nəticəsi ilə bağlı olur. Çətin tapşırığın, məsələnin düzgün həllinin tapılması ilə bağlı tələbənin keçirdiyi sevinc hissi praksis hiss kimi xarakterizə olunur. Yaxud da problemin həlli ilə bağlı uğursuz axtarışlardan yaranan həyəcan, gərginlik, məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir.
Beləliklə, insanın şəxsiyyət kimi psixoloji portretinin mühüm cizgiləri olan ali hisslər bir – birindən təcrid olunmuş halda deyil vəhdətdə təzahür edir. Odur ki, insanın mənəvi aləmini, idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali hisslərin tərbiyə edilməsi və inkişaf etdirilməsi gənc nəslin tərbiyəsi işinin mühüm tərəflərindəndir.
Tarix: 27.11.2014 / 12:07 Müəllif: Aziza Baxılıb: 236 Bölmə: Ümumi Psixologiya