Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixoloji tədqiqat

PSİXOLOGİYANIN TƏDQİQAT METODLARI

1. Metodologiya haqqında ümumi məlumat.
2. Psixologiyanın tədqiqat metodlarının təsnifatı.
3. Əsas tədqiqat metodları.
4. Köməkçi tədqiqat metodları

1-ci sual. Bir insanın davranışının başqasından fərqini necə öyrənmək olar? Daha dəqiq desək, insanı öyrənən elmin metodoloji əsaslarını nə təşkil edir?
Məlumdur ki, hər bir elmin müstəqil elm sahəsi kimi formalaşması üçün onun özünəməxsus metodoloji əsasları olmalıdır. Psixologiyanın obyekti insan olduğundan, o öz predmetinə yanaşma tərzinə görə müxtəlif metodoloji yanaşmalardan istifadə edir.
İnsanı öyrənməyin ən başlıca metodoloji əsası rasional yanaşmadır. Dünyanın və insanın rasional dərki bizə öyrədir ki, cisim və hadisələr, varlıq və gerçəklik bizim şüurumuzdan asılı olmayaraq mövcuddur. Bu mövcudluq təcrübə yolu ilə və müşahidə nəticəsində elmi yanaşma ilə bütünlüklə, istisnalarla şərh edilə bilər. Belə bir yanaşmanı reallaşdırmaq üçün tədqiqatın predmeti haqqında təsəvvürə malik olmaq zəruridir.
Hər bir elmin eksperimental elmə çevrilməsi üçün onun istinad etdiyi ümumi müddəaları və ya metodologiyası olmalıdır. Metodologiya 2 sözdən «metod» (yunanca metodos-tədqiqat deməkdir) və loqos sözlərindən əmələ gəlmişdir və elmi tədqiqatların metodları haqqında təlim deməkdir.
Müasir elmdə metodologiya termini 3 mənada işlədilir:

Ümumi metodologiya dedikdə tədqiqatçının istinad etdiyi ümumi fəlsəfi yanaşma, ümumi idrak üsulları nəzərdə tutulur. Psixologiyanın ümumi metodoloji əsasını dialektik və tarixi materializmin prinsip və müddəaları təşkil edir. Tarixi materializmin öyrəndiyi predmet bəşər cəmiyyətindən və onun inkişaf qanunlarından ibarətdir. Tarixi materializm öyrədir ki, maddi iqtisadi münasibətlər, insanların sosial həyat şəraiti, onların gündəlik həyat fəaliyyəti və toplanılan təcrübə insan psixikasında hisslər, fikirlər, arzular şəklində əks olunur. Bu isə ictimai psixologiya adlanır.
Xüsusi metodologiya dedikdə isə müvafiq elm sahəsində tətbiq olunan metodoloji prinsiplərin məcmusu nəzərdə tutulur.
Ümumi psixologiyada nəzərdən keçirilən psixoloji tədqiqatın metodoloji prinsipləri psixologiyanın bütün sahələri üçün əsasdır. Elmin prinsipləri elmin metodoloji əsaslarını ifadə edir. Psixologiyanın elmi prinsipləri bu baxımdan psixoloji tədqiqatın metodoloji prinsipləri kimi götürülür. Ona görə də determinizm prinsipi, konkret-tarixi yanaşma prinsipi, şüurla fəaliyyətin vəhdəti prinsipi, psixikanın fəaliyyətdə inkişafı prinsipi və s. psixoloji tədqiqatın metodoloji prinsipləridir.
Determinizm prinsipi - səbəb-nəticə. Determinizm ictimai və təbii hadisələrin səbəbi haqqında təlimdir. Determinize latınca müəyyən etmək deməkdir. İlk növbədə daxili və xarici səbəblər müəyyən olunur. Bunun əksi olaraq xətti determinizm prinsipinə görə psixi hadisələrin yalnız xarici səbəbləri vardır. Xarici təsir olmadan daxili psixi funksiyaların təzahürü mümkün deyil. (SR düsturu, yəni stimul-reaksiya). Adi bir faktla bu nəzəriyyənin yanlış olduğunu göstərmək olar. Məs: ayrı-ayrı hallarda orqanizmdə baş verən daxili hallar subyektin hər hansı bir fəallıq göstərməsinə səbəb olur. Məhz buna görə də bu nəzəriyyənin ümumi psixi fonda bütün prinsipləri özündə ehtiva etdiyini söyləmək olmaz.
Şüurla fəaliyyətin vəhdəti prinsipinin mahiyyəti ondan ibarətdir ki, şüurla fəaliyyət bir-birlərinin əksi olmadığı kimi eyni də deyildir. Şüurla fəaliyyət vəhdətdədir. Bu prinsipə görə bütün hadisələr şüurla tənzim olunur.
XX əsrin ilk onilliyinə qədər belə fikirləşirdilər ki, şüursuz fəaliyyət yoxdur. Ancaq Z.Freyd ilk dəfə şüursuzluq anlayışını elmə gətirdi. Onun fikrincə, şüurluluq psixikanın yalnız bir faktıdır. Əsas instansiya şüursuzluqdur. Belə çıxır ki, şüursuz fəaliyyət şüurdan çıxarılmış fəaliyyətdir.
Fəaliyyət öz növbəsində hər hansı bir nəticənin reallaşmasına xidmət edir. Ancaq hər hansı bir fəaliyyətin icrası zamanı müəyyən hərəkətlər planlaşdırılır. Şüurlu tənzim mexanizmindən keçir. Bu olmasa hər hansı bir fəaliyyətin keçirilməsi qeyri-mümükün olardı.
Konkret tarixi yanaşma prinsipi - psixoloji hadisələr tarixi fonda qruplaşdırılır.
3. Metodologiyanı konkret metodiki priyomların məcmusu kimi nəzərdən keçirdikdə, adətən, psixoloji tədqiqat prosesində tətbiq olunan konkret tədqiqat metodlarını aydınlaşdırırlar. Konkret tədqiqat metodikasını işləyərkən tədqiqatın səmərəli olmasını şərtləndirən meyarları -metodun əsaslı olması (validliyi), mötəbərliliyi, reprezentativliyi, informasiyanın dəqiqliyi və s. nəzərə alınmalıdır. Həmin meyarlara görə tədqiqat metodları tədqiqatın məqsəd və vəzifələrinə müvafiq olmalıdır, nəzərdə tutulan bu və ya digər əlaməti müəyyən etmək və ölçmək imkanı verməlidir (metodun validliyi). Konkret tədqiqat metodikasını elə işləmək lazımdır ki, o, hətta müxtəlif şəraitdə təkrarlansa da eyni nəticə alınsın (tədqiqatın mötəbərliliyi). Kütləvi prosesləri tədqiq edərkən rəyi öyrəniləcək adamları elə seçmək lazımdır ki, bu zaman sosial qrupların nisbəti düzgün nəzərə alınsın (tədqiqatın reprezentativliyi). İnformasiyanın dəqiqliyi öyrənilən adamların miqdarı ilə bilavasitə bağlıdır.
Hər hansı bir tədqiqat necə həyata keçirilir? Konkret olaraq tədqiqatın strukturu yaradılmalıdır. Əks halda əldə olunan nəticələr mənfi olar. Konkret psixoloji tədqiqat metodikasında 4 mərhələni fərqləndirmək olar:

Fərziyyənin irəli sürülməsi - bu mərhələdə hər hansı bir qrupda və ya fərdi şəxslərdə müəyyən psixoloji problemləri öyrənmək üçün fərziyyə irəli sürülür. Fərziyyə əsasən empirik faktlara əsaslanmalıdır.
Fərziyyənin yoxlanması mərhələsi - bu mərhələdə artıq əldə olunmuş faktlar təsdiq üçün eksperimental proseduraya keçirilir. Bu zaman nəzəriyyə deyil, praktika ön plana keçir.
Nəticələrin işlənilməsi mərhələsi. Bu mərhələdə əldə edilmiş faktlar kəmiyyət və keyfiyyət baxımından təhlil edilir.
Bu mərhələdə isə materiallar psixoloji nəzəriyyə əsasında şərh edilir və fərziyyənin düzgünlüyü və ya səhv olması aydınlaşdırılır.
2-ci sual. Müasir dövrdə psixologiyanın tədqiqat metodlarının təsnifatı müxtəlif istiqamətdə aparılır. Psixologiyanın metodlarını bir qrup tədqiqatçılar nəzəri və empirik metodlara bölürlər. Nəzəri metodlar idraki fəaliyyətlə və təfəkkürlə bağlıdır. Burada əsasən abstraksiyadan, ümumiləşdirmədən, təsnifatdan və s. istifadə olunur. Empirik metodlar isə öz növbəsində iki yerə bölünür:
İnformasiyanın toplanması (müşahidə, eksperiment, anketləşdirmə və s.) və informasiyanın işlənməsi (statistik metodlar). Bununla bərabər obyektiv və subyektiv metodları da təsnif edirlər.
Psixologiyanın tədqiqat metodlarının ən təkmil variantını bolqar psixoloqu O.D.Pirov vermişdir:

müşahidə (obyektiv - vasitəli və vasitəsiz), subyektiv (vasitəli və bilavasitə).
eksperiment (laborator, təbii, pedaqoji-psixoloji).
modelləşdirmə.
psixoloji xarakteristikalar.
köməkçi metodik yanaşmalar (genetik, müqayisəli və s.).
B.Q.Ananyev Pirovu tənqid edərək daha əhatəli şəkildə metodların təsnifatını aparmışdır. Onlar aşağıdakılardır:
- təşkilati: müqayisəedici, longyutid və kompleks.
- empirik: obversiyalı metodlar (müşahidə və eksperiment, laborator, çöl, təbii və başqaları), psixodiaqnostik metod, proseslərin və fəaliyyət məhsullarının təhlili metodu (praksiometrik metodlar), modelləşdirmə və bioqrafik metod.

verilənlərin işlənməsi metodları: riyazi-statistik təhlil və kəmiyyət təsviri.
interpretasiyanın metodları: genetik (filo-ontogenetik) və struktur metodları (təsnifat, tipləşdirmə və s.).
M.S.Roqovina və Q.V.Zalevskiy bir qədər fərqli təsnifat təqdim etmişlər.

germenevtik.
bioqrafik.
özünümüşahidə.müşahidə.
klinik.
eksperiment.
3-cü sual. Müşahidə metodu dedikdə psixi hadisələrin cərəyanına müdaxilə etmədən onu baş verdiyi təbii şəraitdə müntəzəm və məqsədəuyğun izləmək nəzərdə tutulur. Müşahidə metodu zamanı hadisələrdə heç bir süni dəyişiklik aparılmır. Hadisələr necə təzahür edirsə, o cür də müşahidə aparılır. Müşahidə metodunun tətbiqinin əsas şərtlər aşağıdakılardır:

Müşahidə məqsədyönlü olmalıdır.
Müşahidə hadisələrin təbii axarına xələl gətirməməlidir.
Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil olunmalıdır.
Müşahidə onu aparan subyektin subyektiv fikirlərini əks etdirməməlidir.
Əldə edilmiş nəticələr etibarlı olmalıdır.
Müşahidədən fərqli olaraq eksperiment metodunun köməyi ilə daha qısa müddətdə daha dəqiq nəticələr əldə etmək olar. Eksperiment (sınaq) - dəqiq hesablanmış şəraitdə, hadisə və proseslərin izlənməsinə imkan verən və təkrarlanan halda onun yenidən lazımi nəticələrə nail olmasına imkan verən tədqiqatla hadisənin müşahidə edilməsi və elmi təcrübənin qoyulmasıdır.
Həmçinin eksperimentdə bu və ya digər hadisələr süni şərait yaradılaraq öyrənilir. Eksperimental tədqiqatın müəyyən sistemdə xüsusi tərkib hissələri vardır: eksperimentator, eksperimental şərait, eksperimental amil, eksperimental obyekt. Eksperimentin 2 növü var: təbii və laborator. Təbii eksperiment ilk dəfə 1910-cu ildə A.F.Lazurski tərəfindən tətbiq olunmuşdur. Təbii eksperiment zamanı eksperimentator müəyyən hadisələri müşahidə etməklə əvvəlcədən düşünülmüş şəkildə situasiyalar yaradır. Məsələn, hansı materialın şagirdlərin təfəkkürünün inkişafına yüksək inkişafetdirici təsir göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan iki qrupdan birində (eksperimental qrup) təlim materialları problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup) ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni müəllim dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki qrupda yoxlama sorğu işləri keçirələcək hansı qrupda üstünlük olduğu aşkara çıxarılır.
Laborator eksperiment isə xüsusi texniki vasitələrin köməyilə həyata keçirilir (Latans və Darli eksperimentləri). Müasir dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı nəticələr əldə etmək mümkündür.
Korrelyasiya metodu da müşahidə metodu kimi özünəməxsus texnikadır. Lakin ondan fərqli olaraq korrelyasiya metodunun vasitəsilə 2 və ya daha çox kəmiyyət sistematik surətdə ölçülür və onların arasında təbii surətdə əmələ gələn qarşılıqlı münasibət müəyyən olunur. Müəyyən olunmuş mühüm kəmiyyətlər korrelyasiya metodu vasitəsilə təbii şəraitdə öyrənilir.

4-cü sual. Psixodiaqnostik metodlar içərisində sosiometriya mühüm yer tutur. Sosiometriya latınca sositas - cəmiyyət və yunanca metreo - ölçmək deməkdir. Sosiometriya amerikan alimi C.Moreno tərəfindən işlənilmişdir. Şəxsiyyətlərarası münasibətləri tezliklə və nisbətən dəqiqliklə müəyyən etmək üçün bu metodikadan istifadə edirlər. Sosiometriya metodunun köməyilə qrupdaxili qarşılıqlı münasibətlərin dinamikasını, qrupdaxili və qruplararası ünsiyyət prosesini müəyyənləşdirmək, psixoloji qarşılıqlı təsirin səviyyəsini və xarakterini aşkar etmək mümkündür. Bir texniki üsul kimi sosiometriya qarşılıqlı münasibətləri öyrənmək üçün əlverişlidir. Psixologiyada onun müxtəlif variantları işlənilmişdir. Sosiometriya hansı formada işlənilirsə işlənilsin onun nəticələrini müşahidə və eksperiment yolu ilə dəqiqləşdirmək lazımdır.
Şəxsiyyətlərarası münasibətləri və ictimai rəyi öyrənməkdən ötrü tətbiq edilən metodikalardan biri də intervyudur. İntervyu 2 şəxsin qarşılıqlı ünsiyyəti nəzərdə tutur: biri digərinə informasiya çatdırır, o isə onu təhlil edib mənimsəyir. Qarşıya qoyulmuş məqsədə müvafiq olaraq müəyyən informasiyanı almaq üçün verbal kommunikasiya prosesindən istifadə yolu ilə sorğu aparılması intervyu adlanır.
Bundan başqa psixologiyada istifadə edilən üsullardan biri də anket üsuludur. Bu üsul vasitəsilə suallara yazılı cavab alınır. Anket üsulunun üstün cəhəti qısa müddət ərzində bu və ya digər məsələ haqqında müxtəlif şəxslərin rəyinin öyrənməyi mümkün etməsidir. Anket üsulundan sosioloji tədqiqatlarda daha geniş miqyasda istifadə edilir.


Tarix: 27.11.2014 / 11:42 Müəllif: Aziza Baxılıb: 201 Bölmə: Ümumi Psixologiya
loading...