“Salam hüzün…”Onur Eyyub Karadogan
Dərhal arxansınca çox daha böyük bir “Salam ümid…”
Arxasınca daha da, daha da böyük bir “Salam əzm…”
İndi isə gözlərinizi bağlayın, özünüzü onun yerinə qoyun…
Bədəninizin yalnız 8 faizini işlədə bilirsiniz.
Yalnız başınızı hərəkət etdirmək üçün illərcə mübarizə aparmağa məcbur qalmısınız.
Başqasının köməyinə ehtiyacınız olmadan tualete getmək üçün hərəkət etməyən üzvlərinizin də qırılmasını gözə almısınız.
Bütün bunlara baxmayaraq, ağıllı və uğurlu bir şahmatçı olmusunuz; ancaq danışa və əllərinizi işlədə bilmədiyiniz üçün turnirlərə, yarışlara qəbul edilməmisiniz.
Və bütün bunların səbəbi bir həkim səhvidir…
25 yaşınıza çatanda o həkim haqda nələr düşünərdiniz?
Bütün bu sadaladıqlarıma valideynlərin ayrılmasını, yoxsulluğunu və 17 yaşında ana itkisini əlavə edin.
Sonra düşünün…
Onur Eyyub Qaradoğan 1984-cü ildə Adanada doğulub.
Hər uşaq doğulanda ağlayar, amma onun doğulduqdan yarım saat sonra səsi çıxıb.
Çətin doğuş olduğu üçün, həkim vakuuma almağa məcbur olub. Ancaq bunu edəndə beynindəki bir damarı əzib.
Beyninə oksigen getmədiyi üçün spastik (hərəkətsiz, iflic) bir uşaq olaraq həyata başlayıb.
Qarşımda bu spastik, əlil bir gəncin kitabı var…
Adı da “Əzm”…
Ağlaya-ağlaya oxudum.
Bəzi yerlərində kədərdən, bəzi yerlərində isə yaşam əzmininin verdiyi sevincdən.
Amma ən çox həyatının hər gününə “Niyə mən?” üsyanı ilə başlayan bir gənc insanın bağışlama hissinin qarşısında hiss etdiyim duyğulardan.
Onu bu hala gətirən bir həkim səhvidir, amma o kitab hamımıza böyük bir insanlıq dərsi verərək başlayır: “Əlil olmağıma səbəb olan həkimə heç bir kin duymuram. Çünki o da bu cür olmasını istəməzdi”.
“Nə maraqlıdır deyilmi? Bir tərəfdə sizin əlil olmağınıza səbəb olan insan eyni zamanda sizi həyata qaytarandır”.
Bu iki cümlədə sadəcə, bağışlama və əhv etmə duyğusundan daha çox hiss var.
Mənə ən çox təsir edən bölüm kitabın yazılma hekayəsidir.
Kitabı yayıma hazırlayan ögey əmisi yazıçı Tarık Günərsəl hər şeyin Qaradoğanın öz yazısı olduğunu deyib.
Kompüterdə və sadəcə, böyük hərflərlə yazıb. Çünki o qədər ağır şərtlər altında yazıb ki, kiçik və böyük hərf dəyişikliyi üçün vaxt itirmək istəməyib.
Əllərini idarə edə bilmədiyi üçün əvvəlcə klaviaturada ayaq barmaqları ilə yazmaq istəyib, amma fikrindən daşınıb.
“Bu fikri həyata keçirə bilməzdim, çünki bacılarım da klaviaturadan istifadə edirdilər. Axmaq olub özümdən başqalarını yox saymaq düşüncələrimə ziddir”, — deyə yazıb Onur.
Sonra stolun üzərindəki qələm qutusunu aşırıb bir qələmi ağzına alaraq düymələrə basmağa başlayıb.
Bu da uğursuz alınıb. Çünki bu zaman istədiyi hərfə deyil, çevrəsindəki düymələrə basırmış. Bir də ağzından axan su klaviaturanın üstünə tökülürmüş.
Son çarə olaraq burnu ilə düymələrə basıb yazmağa başlayıb.
Yaxşı da alınıb, ancaq iki səbəbdən ondan da əl çəkib.
Birincisi, burnu ilə hər hərəkətindən sonra düzgün düyməyə basıb-basmadığını yoxlamaq üçün başını və bədənini geri çəkmək məcburiyyətində qalırmış. Bu da qısa vaxtda bel ağrılarına səbəb olub.
İkincisi isə bu halda ağızda axıntı problemi yaranmağa başlayıb.
Nəticədə kitabı sol baş barmağı ilə yazmağa başlayıb.
Yazmağa başladığı ilk vaxtlarda təkcə adını 8 dəqiqəyə yaza bilirmiş. İndi isə Onur Eyyub Qaradoğan adını cəmi 1 dəqiqəyə yazır.
Həyatının ən böyük mübarizəsini şahmat yarışlarına qatılmağa sərf edib. Bu mübarizə 579 gün davam edib.
2006-cı ildə evinə internet çəkilib. İki günə internetdən istifadə etməyi öyrənib Türkiyə Şahmat Federasiyasına bir e-mail yazıb. Cavab gəlməyib. Amma görün o cavabsız məktubu haqda nə fikirdədir:
“İndi kitabımda “Məni diqqətə almadılar” deyə şikayətlənə bilərəm. Ancaq bu heç etik olmaz. E-mail-im hansısa səbəblərə görə oxunmamış ola bilər. Empatiya ilə özümü Şahmat Federasiyasındakı insanın yerinə qoyuram. E-mail yazan insan özünü hərəkət etməyən, danışa bilməyən və əllərini işlədə bilməyən biri kimi təqdim edir. Bəlkə də bunun zarafat olduğunu düşünüb. Və ya digər səbəb ola bilər. Bu səbəbi çox da inanaraq yazmıram. Amma səlahiyyətli şəxs çox da ürəyiyumşaq biri olmaya da bilərdi”.
Nifrəti, kini, intiqamı daxili aləmindən qovmaq insanı ən yüksək mərtəbələrə gətirən hissdir.
Hərəkətsiz bir gəncin sol baş barmağı ilə yazdığı bu kitabdan alınacaq çox dərslər var.
Tarix: 05.12.2014 / 16:18 Müəllif: Aziza Baxılıb: 160 Bölmə: Ümumi Psixologiya