Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peloponnes müharibəsi

Peloponnes müharibəsi (E.ə. 431 - E.ə. 404) — Qədim Yunanıstanda bir tərəfdən Afinanın başçılıq etdiyi Delos İttifaqının, digər tərəfdən isə, Spartanın başçılıq etdiyi Peloponnes İttifaqının iştirak etdiyi hərbi münaqişə.

Afina ilə Sparta arasında uzun zamandan bəri münaqişə mövcud idi. Bunun əsas səbəblərindən biri onların fərqli dövlət quruluşlarına malik olmasında idi. Afinada demokratiya, Spartada isə oliqarxiya üsul-idarəsi bərqərar idi. Hər iki tərəf onlara müttəfiq olan polislərdə eyni idarə üsulunu hakim etməyə çalışırdı. Bunlardan əlavə münaqişənin səbəblərindən biri də bu şəhərlərin əhalisinin fərqli xalqlara mənsub olmasında idi, belə ki, afinalılar (və onların müttəfiqlərinin böyük hissəsi) ioniyalı, öz növbəsində spartalılar və onun müttəfiqləri dorilər idi.

Tarixçilər ənənvi olaraq Peloponnes müharibəsini iki hissəyə bölür. Birinci mərhələdə (Arxidam müharibəsi) spartalılar müntəzəm olaraq Attikaya soxulur, afinalılar isə Peloponnes ətrafında dəniz reydləri edir və öz mütttəfiqləri arasındakı narazılıqları yatırırdılar. Bu mərhələ e.ə. 421-ci ildəki Niki sülhü ilə başa çatdı. Lakin bu sülh Peloponnesdəki toqquşmalara görə uzun sürmədi. E.ə. 415-ci ildə afinalılar Sirakuzaya hücum etmək məqsədilə, Siciliyaya ekspedisiya yolladılar. Hücum afinalıların sarsıdıcı məğlubiyyəti ilə bitdi; ekspedisiya qüvvələri tamamilə məhv edildi. Bu müharibənin son mərhələsi olan Dekeliya və ya İoniya müharibəsi adlanır. Bu dövrdə İrandan böyük yardım alan Sparta qüdrətli donanma yaratdı. Bu da onlara Egey dənizi və İoniyada yerləşmiş, Afinadan asılı olan dövlətlərə yardım göstərməyə, Afinanın qüdrətini tamamilə yox etməyə və afinalıların dənizdəki ağalığına son verməyə imkan verdi. E.ə. 405-cü ildə Eqospotam döyüşündə Afina donanmasının tamamilə məhv edilməsi nəticəsində onların müharibəni davam etdirmək imkanları tamamilə tükəndi və Afina sonrakı il təslim oldu.
Mənbələr
Peloponnes müharibəsi - hadisələrin şahidlərinin çoxsaylı xatirələr qoyduğu ilk münaqişədir. Bunlardan ən məşhuru Fukididin Tarix əsərdir. Bu əsərdə hadisələr müharibənin əvvəlindən e.ə. 411-ci ilədək cərəyan edir. Fukididin kitabı tarix elminin inkişafına öz töfhəsini vermiş, bir baxıma Peloponnes müharibəsi və bu müharibənin baş verdiyi dünya haqqında nüasir fikirlərin ortaya çıxmasında öz tpöfhəsini vermişdir. Fukidid müharibənin əvvəlində Afina sərkərdəsi və hərbi xadim, Periklin siyasi müttəfiqi idi. Lakin o, e.ə. 424-cü ildə strateji əhəmiyyətli Amfipol şəhərinin itirilməsinə görə qovuldu və onun tarixi, sürgündə olduğu iyirmi il ərzində qələmə alındı.

Çoxsaylı tarixçilər Fukididin tarixinin qırıldığı tarixdən sonra baş vermiş hadisələr haqqında yazmışlar. Bizim dövrümüzə yalnız e.ə. 411-ci ildən e.ə. 362-ci ilədən olan hadisələri təsvir edən Ksenofontun "Yunan tarixi adlı əsəri gəlib çatmışdır. Bu əsər öz dövrünün müasiri olmuş birinin yazdığı yeganə əsər olsa da, müasir tədqiqatçılar tərəfindən çoxlu haqlı tənqidlərə məruz qalır. Ksenofontun əsəri fukididi ənənəsində olan tarix əsri deyil, əksinə hadisələrlə tanış olan oxucuların maraq dairəsinə xitab edən xatirələrdir. Ksenofont həmçinin çox tərəflidir və özünə xoşagəlməz olan məlumatları ötürür; belə ki, o, Yunanıstanın tarixində mühüm yer tutmuş Pelopid və Epaminondun adını çəkmir. Müasir tarixçilər onun əsərindən ehtiyatla istifadə edir.

Müharibə ilə əlaqəli digər antik tarixi əsərlər daha sonra yazılıb və dövrümüzə parçalar halında gəlib çatmışdır. E.ə. I əsrdə Siciliyalı Diodorun müəllifi olduğu "Tarixi kitabxana" kitabı müharibəni bütüblüklə əhatə edir. Bu əsər barəsində fərqli fikirlər mövcuddur, lakin onun qiyməti ondadır ki, burada hadisələrə Ksenofontdan fərqli baxış mövcuddur. Plutarxın "Həyatlar"ından bzəiləri bu müharibə ilə sıx bağlıdır, Plutarxın ilk növbədə bioqraf və moralist olmasına baxmayaraq, tarixçilər onun əsərindən faydalı məlumat əldə edirlər. Xatırlatmaq lazımdır ki, bu müəlliflər dövrümüzə gəlib çatmamış mənbələrdən məlumat əldə edirdilər. Bunlardan əlavə, müasir tarixçilər mənbə kimi həmin dövrün çoxsaylı nitqlərindən, bədii əsərlərindən, fəlsəfi əsərlərdən məlumat alırlar. Bu mənbələrin əksəriyyəti bir və ya bir neçə fərqli bucaqdan müharibə mövzusuna toxunur. Həmçinin epiqrafika və numizmatikanın materiallarından da istifadə edilir.

Pentekontaetiya (əlli illik)
Fukidid hesab edirdi ki, spartalılar “hələ o zamandan Yunanıstanın çox hissəsini özünə tabe etmiş afinalıların artan qüdrətindən qorxduqları üçün” müharibəyə başlamışdılar. Həqiqətən də Peloponnes müharibəsinin başlanmasında əvvəlki əlli il müddətində Afina Aralıq dənizinin ən qüdrətli dövlətinə çevrilmişdi. E.ə. 480-ci ildə İran hücumunun qarşısını almış Afina tezlikllə Əhəməni İmperiyası ilə İoniyada və Egey dənizindəki adalarda müharibəni davam etdirən yunan dövlətləri koalisiyasının liderinə çevrildi. Pentekontaetiya (əlli illik, adı Fukidid vermişdir) kimi tanınan bu dövrdə ilk əvvəldə Delos İttifaqında lider olmuş Afina qüdrətli dövlətə çevrildi. İran Egey dəniz sahillərindəki torpaqlarını Afinanın asılılığına verməli oldu. Eyni zamanda Afinanın gücü əhəmiyyətli dərəcədə artdı. Onun əvvəlki müttəfiqlərindən bir çoxu ondan asılığa düşdü və xərac verməyə məcbur oldu. Alınan bu vəsait Afinaya güclü donanma saxlamağa imkan verməkdən əlavə, habelə əsrin ortalarında Afinanın özündə getmiş böyük tikinti layihələrində sərf olundu.

Afina ilə Sparta da daxil olmaqla Peloponnes dövlətləri arasındakı münaqişə hələ bu əlli illik müddətin başlanğıcından etibarən yaranmağa başladı. İranlıların Yunanıstandan geri çəkilməsindən sonra Sparta Afinanın müharibə dövründə dağıdılmış divarlarının bərpasına mane olmağa çalışdı (Divarlar olmada Afina asanlıqla qurudan gəlmiş hərbi qüvvələrin təsirinə düşə və asanlıqla Spartadan asılı ola bilərdi), lakin müqavimətlə üzləşdi. Fukididə görə spartalılar bu dövrdə heç bir fəaliyyət etməsələr də, “öz aralarında nəticəyə çatmadıqları üçün heyfsilənirdilər”.

Tərəflər arasındakı mübarizə e.ə. 465-ci ildə Spartada ilotların üsyanı baş qaldırdıqda yenidən qızışdı. Spartalılar bütün müttəfiqlərindən, o cümlədən də Afinadan yardım istədi. Afina qoşun göndərdi, lakin onların çatmasından sonra spartalılar elan etdi ki, “Onların köməyi daha lazım deyil” və afinalıları geri yolladı (digər müttəfiqlər qaldılar. Son nəticədə ilotlar məğlub oldular, lakin şərtə əsasən edam deyil, sürgün edildilər. Afinalılar onları Korinf boğazının ən dar yerində yerləşən Navpakt şəhərində məskunlaşdırdılar. Bu insidentin nəticəsi kimi təhqir edilmiş afinalıların Sparta ilə ittifaqdan çıxması, Aros şəhəri və Fessaliya ilə saziş imzalaması oldu.

E.ə. 459-cu ildə Afina Peloponnes İttifaqına daxil olmuş qonşuları Meqara və Korinf arasındakı müharibədən istifadə edərək Meqara ilə müttəfiqlik müqaviləsi imzaladı. Nəticədə afinalılar Korinf boğazında ağırlıq mərkəzi əldə etdilər və Beotiyadakı nüfuzlarını artırdılar. Bunun nəticəsində də Sparta da müharibəyə qoşuldu və Kiçik Peloponnes müharibəsi baş verdi. Onun gedişində Afina Yunanıstanın materik hissəsində, Attika istisna olmaqla, qalan bütün ərazilərini Spartaya güzəştə getməli oldu, lakin strateji əhəmiyyətli Egina adası Delos İttifaqında qaldı. E.ə. 446-445-ci illərin qışında bağlanmış Otuzillik sülh tərəflərin öz müttəfiqləri üzərində tam hakimiyyətini tanıdı.

Sülh müqaviləsinin pozulması
Afina Egey dənizi hövzəsində və Qara dəniz sahilindəki hakimiyyətini bərqərar etməklə məşğul olarkən, Sparta və onun müttəfiqləri onun hərəkətlərinə dözürdülər. Lakin, güclü donama və tükənməz vəsaitə amilk olan Afina bütün Yunanıstan, Cənubi İtaliya və Siciliyada öz nüfuznu gücləndirmək üçün müxtəlif yollara baş vurmağa başlamışdı. Afinanın qərbə doğru olan ekspansiyası, bütün ticarətini qərb istiqamətində həyata keçirən Korinf üçün çox təhlükə yaradır, Spartanın təklənməsinə gətirib çıxarır və bütün Peloponnes İttifaqının zəifləməsinə yol açırdı. Nə Sparta, nə də Korinf bununla barışmaq fikrində deyildi və Afina ekspansiyasına qarşı ən qəti tədbirləri görməyə başlamışdı. Korinfin, Afinaya müharibə elan edilməzsə, Peloponnes İttifaqından çıxmaq barədəki hədələri, Spartanın ümumi vəziyyətinin pisləşməsi və Afinanın Peloponnnes İttifaqının qüdrətinə həqiqətən də zərbə vurması müharibəni qaçılmaz edirdi.

Otuzillik sülhün ilk dəfə e.ə. 440-cı ildə, zəngin Samos adası Afinaya qarşı üsyana qalxanda pozulma ehtimalı ortaya çıxdı. İran dərhal üsyançılara maddi yardım göstərdi və Afina öz dövlətinin parçalanma təhlükəsi ilə üzbəüz qaldı. Sparta, Samosa göstəriləcək hərbi yardımın genişmiqyaslı müharibəyə gətirib çıxaracağını anlayaraq, öz müttəfiqlərini toplantıya çağırdı. Lakin bu şura münaqişəyə qoşulmağa razılıq vermədi və Afina üsyanı tezliklə yatırdı.

Sülh ikinci dəfə e.ə. 435-433-cü illərdə ciddi sınağa məruz qaldı. Afina qərbə doğru irəliləmək siyasətini davam etdirərək, Korinf ilə Kerkira arasında onların birgə koloniyaları olan Epidamna görə baş qaldırmış münaqişədə iştirak etdi. Tərəflər arasında baş tutmuş Sibot döyüşündə Afina eskadrası Korinf donanmasının kerkiralıları tamamilə darmadağın etməsinə və Kerkiranı ələ keçirməsinə imkan verməyərək həlledici əhəmiyyət daşıdı. Bundan başqa e.ə. 431-ci ildə Afina Korinfin başqa bir koloniyası olan, metropoliyası ilə yaxşı əlaqələri olsa da, Delos İttifaqına daxil olan Potideyanı mühasirəyə aldı. Kerkira hadisələrindən sonra Potideyanın Delos İttifaqından çıxacağına dair şübhəyə düşən Afina şəhər rəhbərliyindən korinfli vəzifəli çəxslər olan epideiurqların çıxarılmasını və dəniz tərəfdə olan müdafiə devarlarının uçurulmasını tələb etdi. Bunun əvəzində Makedoniya və Korinf tərəfindən qızışdırılan potideyalılar Delos İttifaqından çıxdıqlarını elan etdilər. Afinanın Kerlirada etdiklərindən özünü təhqir edilmiş hesab edən korinflilər Makedoniya padşahı II Perdikka ilə bərabər gizlicə mühasirəyə alınmış Potideyaya yardım göndərdilər və Spartadan yardım istədilər. Bu, sülh müqaviləsinin Delos İttifaqı ilə Peloponnes İttifaqının bir-birilərinin daxili işlərinə qarışmayacağı barədə olan bəndin birbaşa pozulması idi.

Gərginliyin yaranması üçün digər bir ciddi səbəb Afinanın e.ə. 433-432-ci illərdə Meqara əleyhinə (bu şəhər Kiçik Peloponnes müharibəsindən sonra Spartanın müttəfiqi olmuşdu) qəbul etdiyi ticarət sanksiyaları olmuşdu. Müasir dövrdə Meqara psefizması adı ilə tanınan bu sanksiyalar Fukidid tərəfindən demək olar ki, heç nəzərə çatdırılmışr, lakin müasir tarixçilər hesab edir ki, Meqaranın çeçəklənən Afina ilə ticarətinə qadağa qoyan bu qərarlar onun iqtisadiyyatına ağır zərbə endirmiş və müharibənin başlama səbəblərindən biri olmuşdu. Problem ondan ibarət idi ki, Meqara insidentindən istifadə edən afinalılar, istənilən ölkə üçün öz limanlarını bağlaya bilərdi. Bununla da Afina müharibəyə yol vermədən isrənilən rəqibini neytrallaşdıra bilərdi. Güclü donanmaya malik olmayan Sparta üçün dənizçiliyin azad olması son dərəcə əhəmiyyətli məsələ idi. Spartanın yolladığı elçilər dəfələrlə Meqara sanksiyalarının götürülməsini tələb etmişdilər, həm də onlar sanksiyaların tamailə ləğv edilməsinin deyil, sadəcə olaraq onun şərtlərinin yerinə yetirilməməsi ilə qane olacaqlarını bildirmişdilər, bu da tərəflər arasında kompromis ola bilərdi. Bu vaxtlarda Afinadan Spartaya göndərilmiş çapar Meqara ərazisində naməlum şəraitdə həlak oldu və Afina Xalq Şurası dərhal Meqara ilə müharibə edilməsinə qərar verdi, sanksiyaların ləğvi isə daha müzakirəyə çıxarılmadı.

E.ə. 432-ci ilin payızında Spartada Peloponnes İttifaqının üzvləri toplantı keçirirdilər. Bu iclas mənafeləri toqquşan yunan dövlətlərinin diplomatik konfransına çevrildi. Müzakirələr çox sərt keçirdi. Korinf, Meqara və bəzi digər üzvlər Spartanı müharibəyə başlamağın zəruriliyinə inandırmağa çalışdılar. Korinf elçiləri Spartanı qətiyyətsizlikdə, fəaliyyətsizlikdə ittiham etdilər və Afinaya dərhal müharibə elan edilməsini tələb etdilər. Afina elçiləri isə hegemoniyalarını qanuni yollarla əldə etdiklərini, öz nüfuzlarından istifadə zamanı ədalətsizliyə yol vermədiklərini və bir digər dövlətin onlar qədər mülayim davranmayacağını bildirdilər. Onlar həmçinin şuraya Delos İttifaqının qüdrətini xatırlardılar və sülhü pozmamağa çağırdılar.

Bu iclaslardan sonra bütün elçilər şuranı tərk etdilər. Yalnız qalan spartalılar müharibənin lehinə və əleyhinə olan bütün dəlilləri bir daha analiz etdilər. Sparta padşahı Arxidam ehtiyatlı siyasət yürütməyi və iqtisadi güc ilə hərbi qüdrəti tədricən artırmağı təklif etdi, çünki qüdrətli ittifaqla dərhal başlanacaq müharibənin taleyi tam aydın deyildi. Efor Sfenlaid isə, dərhal Afinaya müharibə elan etməyi, gözlənilməz uğur qazanmağı və müttəfiqlik borclarının ödənməsini təklif etdi. Nitqini bitirən Sfenlaid məsləsni müttəfiq dövlətlərin səlahiyyətlilərinin səsverməsini keçirdi.

Bu şura mütləq səs çoxluğu ilə afinalıların sülh müqaviləsinin şərtlərini pozduğunu bəyan etdi və müharibəyə çağırdı. Afinaya yerinə yetirilməsi mümkünsüz olan bir neçə ultimatum göndərildi. Bunların sırasında Alkmeonların yəni Periklin) qovulması, Delos İttifaqının buraxılması, Potideyanın mühasirəsinin qaldırılması, Egina adasının müstəqilliyinin tanınması və Meqaraya tətbiq edilmiş Afina ilə ticarəti qadağan edən qərarların ləğvi var idi.

Arxidam müharibəsi
Münaqişənin birinci mərhələsi tarixşünaslıq elmində ənənvi olaraq Arxidam müharibəsi adını daşıyır (Pelloponnesin birləşmiş ordularına komandanlıq edən Sparta padşahı II Arxidamın adından). Qeyd etmək lazımdır ki, Sparta və onun müttəfiqləri (Korinf, Sikion, Meqara və Korinfin koloniyaları istisna olmaqla) quru dövləti idilər. Onlar çoxsaylı ordu toplaya builirdilər, ittifaqın lideri olan spartalılar əla döyüşçü kimi şöhrət qazanmışdılar. Onların donanması isə Afina donanmasının təxminən 3/1-nə bərabər idi. Poloponnes İttifaqının müharibə planı Attikaya basqın etməyi, Afina ətrafını dağıtmağı, həmçinin Afina ordusunu həlledici döyüşdə məğlub etməyi nzəzərdə tuturdu.

Afinanın isə qitə Yunanıstanının Attika yarıdamasında yerləşməsinə baxmayaraq, Egey dənizi ərazisində geniş torpaqları var idi. Buna görə də onlar başqa tip müharibə planı hazırlamışdılar. Periklin təklif tediyi ilk plana əsasən, əvvəlcədən məğlub olacaqları quru döyüşünə heç bir halda girmək nəzərdə tutulmurdu. Bunun əvəzində Afina rəqibi qarşısında üstün olduğu donanmaya əsas diqqət ayırmaq qərarına gəlmişdi. Spartaıların hücumu halında Attikanın bütün kənd əhalisini Afinanın qala divarları arxasına təxliyə olunmalı idi, bu zaman ərzaq və başqa məhsullar yalnız dəniz yolu ilə daşınmalı idi. Müttəfiqlərin ödədiyi xəracın miqdarı Afinanın bu tip müharibədə uğur qazanacığına təminat verirdi.
Müharibə Spartanın müttəfiqi olan Fivalıların Beotiyada yerləşməsinə baxmayaraq, Afina dəniz İttfaqına daxil olan kiçik Plateya şəhərinə hücum etməsilə başladı. Plateyalılar afinalılardan kömək aldı və fivalılar şəhəri dərhal ələ keçirə bilməyib, mühasirəyə almağa məcbur oldu.

e.ə. 431-ci ilin mayında Peloponnesin 60 minlik ordusu Attikaya soxuldu və Afinanın ətrafını viran qoydu. E.ə. 427-ci ilədək (yalnız e.ə. 429-cu il istisna olmaqla) bu hücumlar davam etdi, lakin onların müddəti əsasən üç həftədən artıq olmurdu; bu hücumların ən uzunu olan e.ə. 430-cu ildəki hücum cəmi 40 gün davam etmişdi. Bunun səbəb Peloponnes ordusunun mülki şəxslərdən ibarət olması idi, belə ki, əsgərlər məhsul yığımı vaxtında evlərində olmalı idilər. Həm də, Sparta ilotları daimi nəzarətdə olmalı idi, Spartanın əsas silahlı qüvvələrinin uzaqda olması onların hər an üsyan etməsinə səbəb ola bilərdi.

Spartalıların hücumu afinalıları ilkin müharibə planına uyğun olaraq bütün Attika əhalisini şəhər divarlarının arxasına təxliyə etmək məcburiyyətində qoydu. Qaçqınların şəhərə axışması şəhərdə sıxlığa gətirib çıxardı və əhalinin sayını kəskin artırdı; mənbələr bir çoxlarının küçədə gecələməyə məcburi olduqlarına şahidlik edir. Bununla birlikdə, Afina donanması Peloponnes donanması qarşısında üstünlüyünü Rion burnu və Navptak döyüşündə qələbə çalaraq və Peloponnes sahillərini viran qoyaraq sübut etdi.

E.ə. 430-cu ildə qaçqınlarla ağzına kimi dolmuş Afinada epidemiya başladı . E.ə. 426-cı ilədək kiçik aralıqlarla davam edən edən epidemiya şəhər əhalisinin dörrdə birinin (təxminən 30 min insanın) həyatına son qoydu. Epidemiyanın qurbanları arasında Perikl də var idi. Xəstəlik təkcə Afinanın özündə deyil, həm də onun ordusunda tüğyan edirdi. Epidemiya qarşısındakı qorxu o qədər yüksək idi ki, hətta spartalılar Attikaya hücumu təxirə salmışdı.

Afinanın daxili siyasi həyatında mühüm dəyişikliklər baş verdi. Periklin ölməsi siyasıtçilərin daha da radikallaşmasına rəvac verdi. Daha aqressiv müharibə aparılmasına çağıran və Periklin müdafiə müharibəsi planını qəbul etməyən Kleonun nüfuzu əhəmiyyətli dərəcədə artdı. Kleon Afina cəmiyyətinin radikal-demokrat qanadına, xüsusilə də tacir-sənətkar dairələrinə söykənirdi. Torpaq sahiblərinə və attikalı kəndilərə əsaslanan, sülhə çağıran mötədil partiyaya isə Niki başçılıq edirdi. Afinanın vəziyyətinin get-gedə düzəlməsinə görə Kleonun qrupunun qrupu Xalq şurasında daha artıq nüfuz qazanmağa başlamışdı.

Afina böyük çətinliklərə baxmayaraq, müharibənin ilk mərhələsində mübarizəni davam etdirə bildi. E.ə. 429-cu ildə Potideya nəhayət ki, alındı. Lesbos adasında qalxmış Mitilena üsyanı da uğurla nəticələnmədi və afinalılar e.ə. 427-ci ildə adanın əsas şəhəri Mitilenanı aldılar. Hətta Kleonun təklifi ilə Xalq şurası adanın bütün kişilərinin edam edilməsinə, bütün qadın və uşaqların qul kimi satılmasına qərar verdi, lakin bu qərar ertəsi gün oliqarxiyanın min nəfər tərəfdarının edamı ilə əvəzləndi.

E.ə. 427-ci ildə Kerkirada qanlı toqquşmalar başladı. Münaqişənin əsas səbəbi Lesbosda olduğu kimi, demokratiya tərfdarları ilə aristokratlar arasında olan düşmənçiliyi idi. Münaqişədə demokrta qələbə çalaraq düşmənlərini məhv etdilər; bununla da ada Delos İttifaqında qaldı, lakin xeyli zəiflədi. Həmin ildə peloponneslilər və fivalıların güclü hücumları nəticəsində Olateya itirildi. Onun sağ qalmış müdafiəçiləri edam edildi, şəhər isə dağıdıldı.

E.ə. 426-cı ildən etibarən afinalılar müharibədə təşəbbüsü ələ keçirməyə nail oldular. Bunun əsas səbəbi isə e.ə. 427-ci ildə forosun (müttəfiqlərdən alınan xərac) təxminən iki dəfə artırılması idi. Bundan əlavə, kiçik Afina eskadrası Siciliyaya yola düşmüş və müttəfiq şəhərlərin köməyi ilə oradakı Sparta müttəfiqlərinə qarşı hərbi əməliyyatlar aparmışdı. Bacarıqlı komandir Demosfenin başçılığı ilə Afina Yunaıstanda da uğur qazandılar. Müharibə Beotiya və Etoliyaya keçirildi. Olpeya yaxınlığında peloponneslilərin üç min hoplitdən ibarət ordusu darmadağın edildi. Niki Peloponnesdən cənubda yerləşən Kifera adasını ələ keçirdi.

E.ə. 424-cü ildə afinalılar iki tərəfdən Beotiyaya hücum etmək istəyirdilər. Onlar ölkə daxilində olan müttəfiqləri demokratların köməyinə bel bağlayırdı. Lakin Beotiya hakimiyyəti demokratların çıxışının qarşısını vaxtında aldı, afinalıların iki ordusundan biri geri oturduldu, ikincisi isə Deliya şəhəri yaxınlığında darmadağın edildi.

Müharibənin bu mərhələsində afinalıların qazandığı ən mühüm uğur Messeniyanın qərbindəki rahat limana sahib Pilos şəhərinin ələ keçirilməsi oldu. Bu Spartanın ürəyinə endirilmiş zərbə idi (Pilos Spartadan 70 km-lik məsafədə yerləşir) və spartalıların ilotlar üzərində olan ağalığına da təhlükə yaradırdı. Bunun cavabında Sparta qəti tədbirlərə əl atdı. Afinanı mühasirəyə almış qoşunlar Attikadan geri çağırırldı, Pilos limanına gedən yolu bağlayan Sfakteriya adasına isə seçilmiş Sparta hərbi dəstəsi çıxarıdı.
Lakin Demosfenin başçılıq etdiyi Afina donanması Pilos döyüşündə peloponnesliləri məğlub etdi və Sfakteriya qarnizonunu mühasirəyə alaraq təslim etdi. 120 tanınmış spartalının aralarında olduğu 292 hoplit əsir alındı.

Spartaya vurulmuş zərbə o qədər böyük idi ki, onlar dərhal sülh təklif etdilər. Lakin Afina qəti qələbəyə ümid etdiyindən bu təklifi qəbul etmədi. Burada müharibənin davam etdirilməsinə çağıran Kleonun da Sfakteriya uğurundan sonra nüfuzunu artırması da öz rolunu oynadı.

Lakin tezliklə məlum oldu ki, afinalılar rəqiblərini kifayət qədər qiymətləndirməmişlər. Spartalılar Attikaya daha hücum etməsələr də, afinalılar uğursuzluiqlara düçar oldu. Korinfə hücum nəticəsiz başa çatdı, Sicilayada yerli polislərin təzyiqiq ilə afinalılar geri qayıtmağa məbur oldu. Beotiyanı müharibədən çıxarmağa çalışan Afina ordusu Deliya yaxınlığında məğlub oldu. Afinalılar ən böyük uğursuzluğu isə Frakiyada yaşandı. Makedoniya iə ittifaqa girən istedadlı Sparta sərkərdəsi Brasid Afinanın bu ərazidəki əsas mərkəzi olan Amfiopol şəhərini aldı. Afina strateji əhəmiyyətli gümüş mədənlərindən məhrum oldu (məhz bu məlubiyyətə görə Fukidid Afinadan qovuldu).

Frakiyanı ələ keçirmək məqsədilə Kleonun başçılığı altında qoşun göndərildi. Lakin Amfiopol yaxınlığındakı döyüşdə spartalılar afinalıları məğlub etdi, Brasid və Kleon bu döyüşdə həlak oldu.

Nəticədə həm Sparta, həm də Afina sülh bağlamağa razılıq verdi. Sükhün şərtlərinə görə müharibədən əvvəlki vəziyyət bərpa edilirdi. Tərəflər əsirləri və ələ keçirilmiş əraziləri geri qaytarmalı idi. Sülhün adı Afina elçilərinə başçılıq edən Nikinin adı ilə Niki Sülhü oldu.

Niki sülhü
Əsas məqalə: Niki sülhü
Müharibənin əsas tərəfdarlarından olan Kleon və Brasidin ölümü ilə müharibə başa çatdı. Lakin sülhün şərtlərinə baxmayaraq tərəflər əsirləri qaytarsalar da, ələ keçirilmiş əraziləri geri vermədilər. Əlli illik müddətə bağlanmış Niki sülhü cəmi altı il qüvvədə qaldı. Bu dövr Peloponnes mərkəzdə olmaqla, davamlı münaqişələrlə yadda qaldı.

Sparta aktiv fəaliyyət göstərmədiyindən, onun bir sıra müttəfiqləri Peloponnes İttifaqından çıxmaq qərarına gəldilər. Onlar Peloponnesin şərqində yerləşmiş Spartanın nəzarət etmədiyi demokratiya orientasiyalı güclü Arqos şəhərinin ətrafına toplaşdılar. Yaranmış ittifaqa Arqos, Mantineya və Elida daxl oldu. Bu şəhərlərdə Niki sülhündən yaranmış narazılığa görə demokratik qruplar hakimiyyət başına gəlmişdi. Korinf də əvvəlcə bu ittifaqa daxil olmuşdu, lakin sonra Afina ilə davam edən mübahisələrə görə yenidən Spartanın yanına qayıtdı. İttifaq koalisiyası Afinadan müəyyən kömək almışdı və Peloponnesdə liderliyi ələ keçirmək fikrinə düşmüşdü. Lakin e.ə. 418-ci ildə koalisiya (Arqos, Mantineya, Arkadiya, Afina) qoşunu Mantineya döyüşündə darmadağın edildi; Peloponnesin şəhərlərində Sparta ilə ittifaq bərpa edildi və oliqarxlar hakimiyyət başına gəldi. Demokratik alyans dağıldı və onun üzvlərinin əksəriyyəti yenidən Peloponnes İttifaqına daxil oldu.

Siciliya ekspedisiyası
Əsas məqalə: Siciliya ekspedisiyası
Qitə Yunanıstanında uğursuzluğa düçar olan Afina diqqətini Siciliyaya yönəltdi. Buradakı yunan şəhərləri çox varlı idi, adanın əsas şəhəri Sirakuza isə Afinadan azacıq kiçik idi. Siciliyanın ələ keçirilməsi afinalılara peloponneslilər qarşısında çox üstünlük qazandıracaqdı və Spartanın əsas müttəfiqi Korinfə çox ağır iqtisadi zərbə endiriləcəkdi. Siciliyaya gedən yolda daha əvvəlki döyüşlərdə (Pilos, Kerkira, Navpakt) möhkəmlənmiş Afina indi artıq buraya daha böyük qoşunlar yollaya bilərdi.

Ordu göndərilməsi üçün bəhanə Afinanın müttəfiqi olan və Sirakuza ilə müharibə aparan Segesta şəhərinin xahişi oldu,. Siciliyadakı Afina müttəfiqlərinin afinalılar kimi ioniyalı, Sirakuza və onun müttəfiqlərinin isə dorilər olması da öz rolunu oynamışdı. Yürüşə rəhbərlik Niki, Lamax və Alkiviada tapşırıldı.

Ekspedisya qüvvələrinin yola çıxması ərəfəsində naməlum şəxlər tərəfindən dini əhəmiyyəti olan bir sıra herma dağıdıldı. Bunda Alkiviad ittiham edildi. Onun məhkəmə və araşdırma tələb etməsinə baxmayaraq, Alkiviad qoşunla Siciliyaya göndərildi, lakin oraya çatdıqdan sonra geri çağırıldı. Başına pis işlərin gələcəyindən şübhələnən Alkiviad spartanın tərfinə keçdi və bildiyi bütün sirləri onlara verdi.

Afinalıların qüvvəsi 130 trier, 5 min hoplit, 1300 yüngül silahlı döyüşçü, həmçinin ərzaq və başqa mallarla yüklənmiş gəmilərdən ibarət idi. Əsas çatışmamazlıq atlı qüvvələrin demək olar ki, tamamilə olmaması idi. Alkiviadın qaçmasından sonra qoşunlara Niki başçılıq edirdi.

Çoxsaylı qoşunun adaya çıxması nəticəsində bir sıra şəhərlər Afinanın tərfinə keçdi və Sirakuzada həyəcan artdı. Lakin Niki qəti hücum əvəzinə ehtiyatlı taktika seçdi, bunun nəticəsində də yürüş afinalılar üçün nəticəsiz bitdi. Qışın gəlməsi ilə onlar qış düşərgələrinə çəkilməyə məcbur oldu. Qətiyyətsizlik Sirakuzaya Spartadan Hilippin başçılığı ilə güclü dəstənin köməyə gəlməsinə şərait yaratdı. O, bütün qüvvələri birləşdirərək afinalıları məğlub etdi və şəhəri qurtardı.

Afinalılara Demosfenin başçılıqı ilə gələn kömək (73 trier və 5 min hoplit), də vəziyyəti dəyişdirə bilmədi. Strateqlərin tərəddüdlərindən sonra geri çəkilmək qərara alındı, lakin e.ə. 413-cü ilin 27 avqustunda ay tutulması baş verdi ki, bu da bir çoxunun nəzərində bəd əlamət idi. Bunun nəticəsində geri çəkilmək təxirə salındı. Bu təxir afinalılara baha başa gəldi. Afina donanması dəniz döyüşündə darmadağın edildi, ordunun qalıqları müttəfiülərə çatmaq ümidi ilə adanın içərilərinə geri çəkildi. Lakin sirakuzalılar düşmənlərini təqib edərək onları tam darmadağın edə bildilər. Döyüşçülərin mühüm hissəsi əsir düşərək daha sonra qul kimi satıldı, strateqlər Demosfen və Niki isə edam edildi.

Siciliya ekspedisiyasının darmadağın edilməsi Afina üçün fəlakət idi. Doananmanın 3/2-si, şəhərin çıxara bildiyi hoplitlərin 3/1-i itirildi, maliyyə vəziyyəti çox pisləşdi. Afinanın Yunanıstandakı nüfuzu sarsıldı, Afinanın özündə isə Sparta yönümlü oliqarxiya tərədarları baş qaldırdı. Gizli oliqarxiya təşkilatları olan heteriyaların gücü artdı. Bu məğlubiyyət faktiki olaraq müharibənin dönüm nöqtəsi oldu.

Dekeliya (İoniya) müharibəsi
Sparta siciliyalılara yardım göndərməklə kifayətlənmədi. Alkiviadın təklifi ilə Attikaya yeni hücum planı hazırlandı. İndi qısamüddətli basqınların əvəzinə spartalılar burada uzun müddət qalmağı qərara aldılar. E.ə. 413-cü ilin yazında Afinadan 18 km məsafədə olan Dekeliya qəsəbəsi ələ keçirildi və orada daimi qarnizon yerləşdirildi. Buna görə də afinalılar şəhərin təzhizatını tamamilə dəniz yoluna keçirmək məcburiyyətində qaldılar. Bunlardan əlavə, lavr gümüş mədənlərinə gedən yol kəsildi, bu da Afinaya mənfi təsirini göstərdi. Afinalıların 20 minə yaxın qulu spartalıların yanına qaçdı.

Afina çox çətin vəziyyətlə üz-üzə qaldı. Onlar məğlubiyyətə uğramamaq üçün yeni donanma yaratmağa başladılar və dövlətin bütün vəsaitini topladılar.

Lakin spartalılar da vaxtı boşa vermədilər. Siciliyada qazanılmış qələbədən sonra onlar Afina üçün əhəmiyyətli region olan Egey dənizi hövzəsinə zərbə endirməyi qərara aldılar. E.ə. 412-ci ildə Afinanın ən güclü müttəfiqi olan Xios üsyan etdi və onu İoniya şəhərləri Klazomen, Eritra, Teos və Milet dəstəklədi. Sparta onlara kömək etmək üçün güclü donanma yolladı, bu donanmada siciliyalı müttəfiqlərin gəmiləri də vardı. Sparta həmçinin İrandan da kömək istədi və onlardan İoniya şəhərlərini İranın tabeliyinə keçməsinə razılığın əvəzində böyük maliyə yardımı aldı. Sard valisi Tissafernlə olan bu razılıaşmanın mühüm simalarından biri Alkiviad idi.

Afina məğlubiyyətlə qarşı-qarşıya idi. Lakin onlar məğlubiyyətlə barışmaq fikrində deyildi və fövqəladə tədbirlər görmək niyyətində idilər. Foros ləğv edildi, onun əvəzinə boğazlardan keçən mallar üçün 10% həcmində gömrük rüsumu alınması qərar alıdı, müttəfiq şəhərlərdəki demokrat qruplarına (məs. Samosda) kömək göstərildi. Toplanmış vəsait dərhal İoniyaya göndərildi ki, bu da Afinanın bölgədəki vəziyyətini yaxşılaşdırdı. Bundan başqa İranın maliyyə yardımına möhtac olan Sparta təchizatla bağlı problemlər yaşamağa başladı, çünki, Afinanın darmadağın edilməsi İrama sərf etmirdi. Həmçinin Sard valisi Tissafernin yanında nüfuzu olan Alkiviadın yenidən afinalıların yanına qayıtmaq fikrində olması da öz sözünü dedi.

Afinanın özündə mühüm dəyişikliklər oldu. Hərbi uğursuzluqlar səbəbindən oliqarxiya tərəfdarlarının nüfuzu artdı və onlar e.ə. 411-ci ildə dövlət çevrilişini həyata keçirdilər. Tamhüquqlu vətəndaşların sayı 5 minlə məhdudlaşdırıldı, real hakimiyyət isə Dördyüzlər Şurasının əlində cəmləşdi. Afina demokratiyasının mühüm uğuru olan vəzifəyə görə məvacib ödənməsi ləğv edildi. Yeni hakimiyyət Spartaya sülh təklif etdi.

Lakin spartalılar bu təklifi rədd etdi. Oliqarxiyanın hakimiyyətini Samosda yerləşmiş donanma tanımadı. Afinada faktiki olaraq ikihakimiyyətlilik ortaya çıxdı. Afinanın müttəfiqləri dərhal bundan istifadə etdi; zəngin Evbeya adası və boğazlarda yerləşən şəhərlər üsyan etdi (bu çox mühüm idi, çünki Afinaya idxal edilən buğdanın əksəriyyəti boğazlar vasitəsilə Qara Dəniz hövzəsindən gətirilirdi). Bu üsyanları yatırmaq vəzifəsi yenidən afinalıların tərəfinə keçərək mühüm səlahiyyətlər almış və donanmanın başına gətirilmiş Alkiviada verildi. Afinalılar e.ə. 411-ci ildə Abidos yaxınlığında, e.ə. 410-cu ildə Kizik yaxınlığında qələbə qazandılar, e.ə. 408-ci ildə isə mühüm mövqe daşıyan Vizanti şəhəri ələ keçirildi. Qazanılmış zəfərlər tezliklə oliqarxiyanın yıxılmasına və demokratiyanın bərpa edilməsinə səbəb oldu. E.ə. 410 və 406-cı illər arası afinalılar bir-birinin ardınca qələbələr çalaraq əvvəlki qüdrətlərini bərpa etdilər. Bunda Alkiviadın rolu az deyildi.

Son döyüşlər və müharibənin bitməsi
Lakin spartalılar da təslim olmaq fikrində deyildi. İoniyaya bacarıqlı sərkərdə olan Lisandrın başçılığı ilə donanma göndərildi. O, spartalılar üçün nadir olan dəniz komandanı və diplomat keyfiyyətlərinə amlik idi. Həmçinin İranla yaxşı münasibətlərə malik idi, bunun nəticəsində də onlar Afinaya maliyyə dəstəyini kəsdilər və ona yardım göstərdilər.

Spartalılar üçün vəziyyəti yaxşılaşdıran bir digər cəhət də o idi ki, Noti yaxınlığında (e.ə. 406-cı il) kiçik məğlubiyətə uğrayan Alkiviad donanma komandanlığından uzaqlaşdırılmış və könüllü sürgünə yollanmışdı. E. ə. 406-cı ildə əldə olan son vəsaitlə (Parfenonun qızıl və gümüş qab-qacağı) təchiz olunan Afina donanması Arqinus döyüşündə 70 düşmən trierini məhv edərək və özündən 25-ni itirərək qələbə qazandı. Lakin fırtına nəticədində batmış gəmilərdəki dənizçiləri qurtarmaq mükün olmadı və geri qayıdan komandanları məhkəmə gözləyirdi.
Pritanlardan (Pritaniyaların üzvü – Beşyüzlər Şurasının icraedici orqanı) biri olan Sokrat məhkəməyə mane olmağa çalışdı, ancaq buna baxmayaraq strateqlər mühakimə edilərək edam olundu.

Bu şərait altında mənəvi çüküntü altında olan Afina donanması yenidən hücuma keçmək məcburiyyətində idi. Lisandrın başçılıq etdiyi spartalılar yenidən boğazlarda göründülər. Aclıq və maliyyə böhranı ilə (Afina təkcə Qara Dənizdən gətirilən buğdadan yox, həm də boğazlardan alınan gömrük rüsumundan asılı idi) üzbəüz olan Afina donanması Sparta donanmasının qarşısına çıxdı. Lakin mənəvi düşkünlük halında olan yeni toplanmış donanma kiçik Eqospotam çayının yaxınlığında Lisandrın tələsinə düşdü. O, Afina donanmasını hazırlıqsız yaxaladı və tamamilə darmadağın etdi (180 trierdən cəmi on ikisi xilas oldu). Strateq Kononun Afinaya qayıtmağa cəsarəti çatmadı və Kiprə qaçdı.

Afinanın nə donanması, nə ordusu, nə pulu, nə də ümidi qaldı. Dənizdən olan beş aylıq mühasirədən sonra şəhər təslim oldu. E.ə. 404-cü ilin aprelində sülh müqaviləsi imzalandı. Afinanın donanma saxlamaq hüququ on iki gəmi ilə məhdudlaşdırıldı, Uzun Divarlar dağıdıldı, şəhərdən başqa ərazilərindən imtina edildi və Spartanın müttəfiqinə çevrildi. Bu şərtlər hələ yüngül idi, çünki Fiva və Korinf Afina şəhərini tamamilə dağıtmağı təklif edirdi.

Müqavilədəki xüsusi bəndlə Afinadan qovulmuşların (əsasən oliqarxiya tərəfdarlarının) geri qayıtması razılaşdırıldı.

Afinanın məğlubiyyətinin səbəbləri
Afinanın məğlubiyyətinin əsas səbəbi onun digər çoxsaylı polislərin istismarı hesabına yaşaması və müttəfiqlərinə öz təbəəsi kimi baxması idi. Afinalıların bütün hərbi uğursuzluqlarından sonra müttəfiqləri dərhal bundan yararlanmağa çalışaraq üsyan ediridilər. Bunun bariz nümunəsi kimi Siciliya fəlakətindən sonra Afinanın çoxsaylı müttəfiqlərinin dərhal ittifaqdam ayrılmasını göstərmək olar.

Həmçinin 40-30-cu illərin uğurlarından başları gicəllənmiş Afina rəhbərliyinin səhvlərini də inkar etmək olmaz. Onlar avantürist aqressiv siyasət izləyirdilər, halbuki bunun üçün kifayət qədər maliiyə, hərbi və siyasi vəsaitə malik deyildilər. Bunun nəticəsində sonda Afina bütün Yunanıstanla üzbəüz qaldı. Qeyd etmək lazımdır ki, Afina demokratiyası son dərəcə dar sosial bazaya malik idi, çiyinlərinə müharibənin əsas yükü düşən vətəndaşların sayı isə çox deyildi. Afina Xalq şurası bir çox hallarda ağıla deyil, emosiyalara əsalanmış qərarlar qəbul edirdi.

Xüsusi səbəb kimi Afinaya qarşı təkcə Peloponnes İttifaqının deyil, həm də Siciliya və Cənubi İtaliyanın yunan polislərinin qarşı çıxması oldu. Onlar heç bir vəchlə Afinaya tabe olmaq istəmirdi. Həm də Afinanın rəqibləri güclü maliyyə vəsaitinə amlik olan və bütünlüklə ellin dünyasının zəifləməsinə maraq göstərən İrandan yardım alırdılar.

Müharibənin nəticələri
Qısa müddət ərzində Afinada hakimiyyətə Spartadan dəstək alan Otuz Tiran gəldi. Onların ən məşhuru Kriti idi. Otuz Tiran şəhərdə terror havası əsdirdi, bu terror təkcə onların siyasi rəqiblərinə qarşı deyil, həm də mallarına göz dikilmiş varlı şəxslərə qarşı yönəlmişdi. Lakin bir müddətdən sonra (e. ə. 403-cü il) oliqarxiya devrildi və Afinada demokratiya hakimiyyəti bərpa edildi.

Müharibənin iqtisadi nəticələri bütün Yunanıstanda hiss edilirdi. Yoxsulluq adi həyat şəraitinə çevrildi Afina isə bir daha müharibədən əvvəlki rifah halına çata bilmədi. Müharibə yunan cəmiyyətində əsaslı dəyişikliklərə səbəb oldu, oliqarx Sparta ilə demokrat Afina arasındakı münaqişə yunan polislərində vətəndaş müharibələrinin sayını artırdı. Sosial gərginliyin artması çox halda silahlı münaqişəyə rəvac veriridi.

Əvvəlcə məhdud xarakter daşıyan münaqişə tezliklə miqyasına və sərtliyinə görə o vaxtadək görülməmiş həddə çatdı. Dini və mədəni qadağaların pozulması, bütöv vilayətlərin viran qalması və şəhərlərin dağıdılması geniş vüsət aldı.

Müharibə edən dövlətlərin özündə isə daxili siyasətdə mühüm dəyişikliklər ortaya çıxdı. Afinada demaqoqların (Kleon, Hiperbol, Androkl, Kleofont) nüfuzlarının artması müharibə əsnasında oliqarxik tiraniya ilə sülh bağlanması ilə əvəzləndi. Sparta dövlət quruluşunu dəyişdirməsə də, hərbi əməliyyatların təsirini hiss edirdi. Tamhüquqlu vətəndaşlarrın mühüm hissəsinin yoxsullaşması, amma polisin yuxarı dairələrinin daha da zənginləşməsi prosesi baş verirdi. E. ə. 399-cu ildə Kinodonun başçılıq etdiyi və vətəndaşçlıq haqlarını itirmiş yoxsul vətəndaşların iştirak etdiyi sui-qəsdin üstü açılmışdı.

Beynəlxalq əlaqələrdə köklü dəyişikliklər oldu. Müharibədən əvvəl Yunanıstanın ən qüdrətli polisi olan Afina, onun nəticəsində asılı hala çevrildi. Yunanıstanın əsas dövləti Sparta oldu. Lakin spartalıların qaba qüvvətə çox önəm verməsi nəticəsində müttəfiqləri ilə münasibətləri korlandı və antisparta əhval-ruhiyyəsi yayıldı. Bunun nəticəsində e.ə. 371-ci ildə baş vermiş Levktr döyüşü Fivanı Yunanıstanın yeni hegemon dövlətinə çevrildi. İran dövlətinin yunan polislərinə təsir imkanları genişləndi. Bir çox hərbi əməliyyatkar zamanı qələbə qazanmaq üçün onların maddi yardımına ehtiyac duyulurdu. Onların əsas məqsədi vuruşan tərflər arasındakı tarazlığı qoruyaraq, son nəticədə onların hamısının zəifləməsi idi.


Tarix: 18.02.2015 / 18:16 Müəllif: Feriska Baxılıb: 359 Bölmə: Ölkələrinə görə tarix
loading...