Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lomonosov (şəhər) - İqtisadiyyat

Sənaye
Şəhərdə «KMT» sərnişin dəmir yolu vaqonların avadanlıqlarını istehsal edən şirkət ("Transmaşxoldinq" kompaniyasına məxsusdur), rezin məhsullarını istehsal edən "Krasnıy Treuqolnik" (Qırmızı Üçbucaq) zavodunun filialı, həll olunan qarışıqlar zavodu, bir sıra ağac emalı və eləcə də qida sənayesinə aid müəssisələr (çörək, süd və pivə zavodu) fəaliyyət göstərir. Martışkinoda son zamanlara qədər avtomobil təmiri zavodu və "Parus" poliqrafiya fabriki yerləşirdi.

Bundan başqa burada Leninqrad Hərbi Dəniz Qüvvələrinin bazası tərkibində bir sıra şirkətlər (28-ci hərbi zavod, analitik cihazqayırma fabriki), həmçinin "Gidropribor" sənaye zonası fəaliyyət göstərir.

Ticarət və xidmət sektoru
Bu gün Lomonosov sosial və ticarət infrastruktur obyektləri ilə çox zəngindir. Şəhər böyük fəallıqla pərakəndə satış mərkəzlərinin ("Pyatyoroçka", "Maqnit", "7-ci Ailə", "Dixie", "Eldorado" "Maşinı" və digər) inkişaf və tədqiqolunması ilə məşğuldur. Şəhər həmçinin Beeline, Megafon, MTS, Sky Link, Tele2 kimi mobil şəbəkələrin əhatəsindədir. Lomonosovda "Baltiyski luç" qəzeti nəşr olunur.

Memarlıq və Diqqətəlayiq yerlər
"Oranienbaum" saray-park ansamblı
Əsas məqalə: Oranienbaum (saray-park kompleksi)
Məşhur saray-park kompleksi Fin körfəzinin cənub sahilində və Sankt-Peterburq şəhərindən 40 km qərbdə yerləşir.

Oranienbaum Saray-park ansamblı Sankt-Peterburqun tarixi mərkəzi və onunla əlaqəli bütün komplekslər kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. 2007-ci ildən saray və parklar Peterhof muzey-qoruğu tərəfindən idarə olunur.

Böyük saray
Böyük (Menşikov) sarayı
Böyük Menşikov, Böyük Peterhof sarayı kimi təbii təpənin kənarında yerləşir. Aşağı park və Fin körfəzinin qarşısında duran əsas fasadın uzunluğu 210 metrdir. Sarayın mərkəzi hissəsi iki mərtəbəlidir; onun yanına qövsvari bir mərtəbəli qalereyalar qoşularaq Yapon və Kilsə pavilyonları ilə tamamlanır. Pavilyonlara perpendikulyar şəkildə iki qanad (fligel) əlavə olunub, beləliklə planda saray "P" formasını xatırladır. Fligellər Böyük Sarayın daxili həyətinin sərhədləri hesab olunur. Menşikov sarayı - pyotr barokkosu üslubundadır. Bu saray I Pyotrun yaxın dostu Aleksandr Menşikov üçün inşa edilmişdir. Tikinti işləri memar F. Fontananın nəzarəti altında həyata keçirilmişdir, ancaq 1713-cü ildə onu əslən Almaniyalı İ.Q.Şedel əvəz etmişdir.

Aşağı park
Aşağı parkın əsası Böyük sarayın tikinti işlərinin başlanmasından 2 il sonra qoyulmuşdur. Bu Rusiyada ilk müntəzəm parklardan biridir. Sarayın qarşısında güllərdən ibarət parterlər, həmçinin 3 fontan (fontanlara gələn su Qırmızı hovuzda inşa edilmiş bənd vasitəsi ilə çəkilmişdir) və trilyaj şəbəkələr yaradılmışdır. Parkda oyma taxtadan hazırlanmış və mərmər effekti yaratmaq məqsədilə xüsusi ağ rəngə boyanmış 39 heykəl, həmçinin dörd qızıl suyuna salınmış və qurğuşundan hazırlanmış heykəllər dururdu. Aşağı parkın əsas hissəsini XVI-XVII əsrlərin Moskva bağ ənənələrinə uyğun olaraq meyvə ağacları və giləmeyvə kolları təşkil edirdi.

Dəniz kanalı
Oranienbaumda kanalın qazılması 1719-ci ildə başlamışdır. Kanalın sahili boyu cüt sıra ağaclar əkilmişdi, kanalın özü isə aşağı parkın girişi hissəsi önündə, fiqurlu limanla tamamlanırdı.

Şəkilli ev
XVIII əsrin əvvəllərində "pyotr barokkosu" üslubunda inşa edilmişdir.

Peterştadt qalası
Peterştadt (alm. Peterstadt) qalasının ansamblı 1758—1762-ci illərdə yaradılmışdır. Böyük knyaz Pyotr Fyodoroviçin, gələcək imperator III Pyotrun Karasta çayının sağ sahilində əyləncə kaprizi (əyləncə qalası) yerləşirdi. Qala 14 bucaqlı ulduz şəklindədir, həmçinin onun 4 bürcü var və faktiki olaraq bu tikili ondan öncə bu ərazidə mövcud olmuş müqəddəs Pyotr qalasının yerində ucaldılmışdı. Pyotr Fyodoroviç Peterştadtın komendantı idi, onun qarnizonunu isə Holşteyn hersoqluğundan xidmət üçün dəvət olunmuş əsgər və zabitlər təşkil edirdi. Qalanın içərisində hauptvaxta, zabitlər evi, arsenal və s. buna bənzər müxtəlif binalar yerləşirdi. Qalanın mərkəzində beşbucaqlı platz (hərbi təlimlər üçün meydança) yerləşirdi.

III Pyotrun sarayı
Saray, Peterştadt qalası ilə eyni vaxtda - 1758—1762-ci illərdə memar Antonio Rinaldinin layihəsi əsasında tikilməyə başlamışdır. Saray kubik formalı, ballüstrada ilə bəzədilmiş iki mərtəbəli kiçik pavilyondur. Planda, saray kənarları qövsvari kəsilmiş kvadrata bənzəyir. Binanın elə məhz bu hissəsi, onun əsas fasadı hesab olunur. Kəsilmiş künclər tikilini vizual cəhətdən daha böyük və əzəmətli göstərir.

Fəxri Giriş qapısı
Fəxri Giriş qapıları müqəddəs Pyotr əyləncə qalasının (daha sonralar isə Peterştadt kaprizinin) əsas giriş qapıları hesab olunurdu. Peterştadt-da bu qapıların sayəsində III Pyotrun Holşteyn qoşunlarının təlim keçdiyi kiçik platza rahat şəkildə giriş açılırdı.

Petrov parkı
Yeni park italyan bağ sistemlərinə uyğun şəkildə, memar Antonio Rinaldi tərəfindən və bağ ustası Lambertinin iştirakı ilə yaradılmışdır. Terrassa, kaskad və pilləkənlərdən savayı, parkda bir neçə miniatür pavilion – ikimərtəbəli Ermitaj, Solovyov köşkü, fontanlı Menajeri və Çin evi yerləşirdi.

Şəxsi Mülk ansamblı
Tikili 1760-1770-ci illərdə memar A.Rinaldinin layihəsi əsasında gələcək imperatriça II Yekaterina üçün inşa olunmuşdur.

Çin sarayı
Yuxarı parkın dərinliyində yerləşmiş Çin sarayı İmperatriça II Yekaterinanın Şəxsi mülk saray-park kompleksinin tərkib hissəsi sayılır. 1762—1768-ci illərdə memar Antonio Rinaldinin layihəsi üzrə inşa olunmuş saray başlanğıcda bir mərtəbəli idi, yalnız XIX əsrin ortalarına böyük knyaz Mixail Pavloviçin qızı, Yekaterina Mixaylovna üçün daha bir mərtəbə də inşa edilmişdir.[L 3] Həmin dövrdə saraya şüşəbəndli qalereya, şərq və qərb qanadlarına isə kiçik bitişik tikililər əlavə olunmuşdur. "Çin sarayı" adı ilk dəfə 1774-cü ildə, kamer-furyer jurnalında qeyd olunmuşdur. Bundan öncə, saray bütün sənədlərdə "Holland evi" (Peterhofda yerləşən Monplezir sarayı kimi), "Yuxarı bağdakı ev" və ya "Kiçik ev" olaraq tanınırdı.

Sürüşmə təpəsi pavilyonu
Sürüşmə təpəsi pavilyonu 1762—1774-cü illərdə memar Antonio Rinaldinin layihəsi əsasında inşa olunmuşdur. 30 metr hünürlüyə malik bu çoxpilləli daş bina Yuxarı parkın qərb hissəsində, şimal sərhədinə yaxın ərazidə yerləşir. Onun üç ölçülü həlli Tsarskoye seloda yerləşən Ermitaj binasına bənzəyir - mərkəzi korpusa massiv fligellər bitişir (lakin Ermitajdan fərqli olaraq, onlar dörd yox, üç dənədir). Pavilyonun memarlıq görünüşündə həm barokko (fasad kompozisiyası, dekorativ alebastr güldanları), həm də erkən klassisizm (sütunlar) üslubuna xas elementlər mövcuddur. Böyük Vətən müharibəsi zamanı pavilyon Oranienbaum Parkının digər binaları ilə müqayisədə daha çox dağıntıya məruz qalmışdı, buna görə də, onun təmir-bərpa işləri yalnız 1959-cu ildə tamamlanmışdı.

Digər diqqətəlayiq yerlər
Lomonosov şəhərində hal-hazırda 210 tarixi və mədəni abidə qorunub saxlanılır. Onlar içərisində aşağıdakıların adlarını qeyd etmək olar:

S.K. Qreygin malikanəsi (1720-ci il, memar D.Trezini, Olgin kanal qəsəbəsi) — Böyük Vətən müharibəsi zamanı dağılmış keçmiş "Sans-Ennui" sarayı. XVIII əsrin saray-park ansamblının əsas tikililəri - fligel, hovuz, heykəllər, terraslar və körpülər idi.
Mordvinovlar iqamətgahı (XVIII — XX əsrin əvvəli, Levitan küçəsi № 2) — üç yüz yaşlı palıdların bitdiyi park, istixana, hovuz və su qülləsi.
Saray Axırları (1751—1754, memar F.B. Rastrelli, Yeleninskaya küçəsi № 20-26)
Şəhər ictimaiyyətinin görüş və yerləşmə binası (1815—1824, memarlar V.P. Stasov və A.A. Mixaylov)
Şəhər qapıları (1826—1829, memar Aleksey Qornostayev, Oranienbaum şossesi) — kərpic və suvaqla örtülmüş kubik formalı qapıların içərisinə tağvari giriş oyulub.
Müqəddəs İoann yevangelik-lüteran kilsəsi (1831, memar A.Menelas, Martıkino, Kiroçnaya küçəsi № 14) — fin icmasının fəaliyyət göstərən yevangelik-lüteran kilsəsi.
Oranienbaum Dəmir Yolu Vağzalı (1862—1864, memar F.L. Miller, bərpa işləri 1940—1950-ci illərdə)
"Maksimov daçası" adlı malikanə (1892, Krasnoflotskoye şossesi № 16) — XVIII-XIX əsrlərə aid istixana və hovuzlu əsas ev.
Spiridon Trimifunt kilsəsi (1896, memar V.İ. Şyeqolov, İlikovski prospekti № 1) — bir mərtəbəli taxtadan inşa edilmiş pravoslav kilsə. 2008-ci ilin mart ayında tamamilə yararsız vəziyyətə düşmüş kilsənin daha sonralar yenidən bərpa edərək və həmçinin onu əvvəlki görünüşünə qaytarmaq məqsədilə sökülmüşdü.
Müqəddəs Üçlük kilsəsi və mərhəmət evi (1903—1904, memar İ.P. Qorlenski, Oranjereynaya küçəsi № 19)
Arxangel Mixail kafedralı (1914, memar A.K. Minyayev, Saray prospekti № 61) — neorus üslubunda inşa olunmuş və hal-hazırda fəaliyyət göstərən pravoslav kilsə.
Mədəniyyət sarayı (1950-ci il, Saray prospekti № 12) — rus klassisizmi üslubunda inşa olunmuş bina.
M.V. Lomonosovun abidəsi (1955, memar Q.D. Qlikkman, heykəl Mədəniyyət sarayının daxilindədir: Saray prospekti № 12)
Martışkino qardaşlıq məzarlığı (1975, memarlar A.İ. Alımov, A.V. Karagin və heykəltəraş Abovyan, Martışkino, Dəniz küçəsi) — Böyük Vətən müharibəsi zamanı Oranienbaum platzdarmışda həlak olmuş müdafiəçilərin və müzəffər əsgərin bürünc heykəli qorunub saxlanılan qəbiristanlıq.
Şəhərin planlaşdırılması
Şəhər memarlıq və bədii ansambllardan şimal, şərq və cənuba uzanır. Şəhər Fin körfəzinə çıxan düzxətli planlaşdırması ilə fərqlənir. Şəhərin ən əsas mərkəzi magistralı - saray və park ansamblından şimal qərbdən şərqə uzanan Saray prospektidir. Prospekt qərb istiqamətində Krasnoflot şossesinə, şərq tərəfdən isə Martışkino qəsəbəsinin Dəniz küçəsinə keçir və daha sonra, Oranienbaum yolu vasitəsi ilə Peterhof şəhərinə istiqamət alır. Dairəvi avtomobil yoluna çıxan Oranienbaum prospekti şəhərin şimaldan cənub hissəsinə keçir. Şəhərdən Qolitsın şossesinə və Leninqrad rayonunun cənubuna çıxmaq üçün ən yaxşı variant Fedyuninski küçəsidir. Lomonosov şəhərinin hal-hazırda tərkibinə daxil edilmiş bir neçə tarixi rayon (Martışkino şərqdə və Kronştadt koloniyası qərbdə) bir-birinə yaxın ərazidə yerləşir. Martıkinonun Svyaz küçəsindən Fedyuniski küçəsinə, oradan isə Qostilitskoye şossesinə çıxış mövcuddur.

Hakimiyyət və siyasət
1917-ci ilə qədər şəhər rəhbərliyi Şəhər Hökuməti və polis şöbəsi tərəfindən həyata keçirilmişdir. 1909-cu ildən 1917-ci ilə kimi şəhər şurasının rəhbəri Vetitnev seçilmişdir. Şura üzvləri: tacirlər Turkin, Stepanov, Vinoqradov, Volkov, Polsadov və Tsepov idi. Onlar əslində Oranienbaumun taleyini həll edirdilər. Bələdiyyə başçısı məclis üzvlərinin qərarlarının icraçısı idi və şəhər idarə olunması üzrə kiçik məsələləri şəxsən həll etmək səlahiyyətinə malik idi.

Müasir yerli hökumət - yəni Bələdiyyə Məclisi 1998-ci ildən fəaliyyət göstərir. 1 mart 2009-cu ilin seçkilərinə əsasən yeni IV çağırış seçilmişdir (10 millət vəkili arasında: 7 - "Vahid Rusiya", 2 - Kommunist Partiyası, 1 - isə "Ədalətli Rusiya" partiyasından idilər). Seçki zamanı bir sıra qüsurlar müəyyən olunması ilə əlaqədar, məsələ ilə bağlı cinayət işi başladılmışdı. Bunun nəticəsi olaraq, Vahid Rusiya namizədlərin demarşı səbəbindən, bələdiyyə şurası ləğv olunmuşdu. Şəhər Bələdiyyə Şurasının katibi Aleksandr Mişutkinin, Vahid Rusiya partiyasına namizəd bir şəxs və Lomonosov bələdiyyə şəhərin yerli administrasiyasının rəhbəri - Leonid Germanoviç Şimarekin arasında qarşıdurma baş vermişdi. Hal-hazırda, Bələdiyyə Məclisi düzgün fəaliyyət göstərir, onun sədri müxalifətdən olan namizəd Nadejda Smolnikovadır. Şuranın ümumi 10 yerdən "Vahid Rusiya" partiyasının üzvlərinə yalnız 4 oturacaq məxsusdur.


Tarix: 16.02.2015 / 18:41 Müəllif: Feriska Baxılıb: 201 Bölmə: Ölkələrinə görə tarix
loading...