Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Levktra döyüşü

Levktra döyüşü — Beotiya müharibəsi gedişində Fivadan 11 km. məsafədə, Mərkəzi Yunanıstanın Beotiya əyalətinin Levktra şəhərinin yaxınlığında e.ə 371-ci il 5 avqustda spartalılarla fivalıların arasında baş verən döyüş.

Çar Kleombrotun başçılığı altında 10 min hoplit və min süvaridən ibarət spartalı qoşunu, çarın bilavasitə idarə etdiyi qoşunun ən yaxşı hissəsinin sağ cinahda olması ilə, 12 sıraya düzüldülər. Epaminondun başçılıq etdiyi fivalı qoşunu sayca daha az idi (6 min hoplit və 1500 süvari). Epaminond qoşununu o dövr üçün qeyri-adi formada düzdü: spartalıların qoşunlarının sol cinahına və mərkəzinə qarşı - 8 sıralı falanqa, spartalıların güclü sağ cinahına qarşı isə - 50 sıralıq dərin kolonna şəklində. Bu kolonnanı fivalıların 300 nəfərlik seçmə "müqəddəs dəstəsi" qapadırdı. Spartalıların say üstünlüyü şəraitində, belə düzülüş Epaminonda sol cinahda həlledici üstünlk təmin edirdi. Spartalıların güclü sağ cinahının fivalıların sol cinahına və arxalarına manevr etməsi imkansız olurdu. Döyüş süvarilərin toqquşması ilə başladı. Sparta süvarilərinin həmləsini dəf edən Fiva süvariləri, onların ardınca isə piyadaları hucuma keçdi. Fivalıların zərbə kolonnu, nəzərdə tutulduğu kimi, onların sol cinahını almağa çalışan Kleombrotun falanqasını vurub keçdi. Spartalıların falanqasının monolitliyi pozuldu, Kleombrot öldürüldü, onun qoşunu isə min nəfər ölü və yaralı itkisi ilə düşərgələrinə sığındılar və fivalılara sülh təklifi ilə müraciət etdilər.
Spartanın Levktra döyüşündəki məğlubiyyəti onun hegemonluğunun taleyini həll etdi. Onun e.ə VI-IV əsrdə başçılıq etdiyi Peloponnes ittifaqının dağılmasını şərtləndirdi. Bu Yunanıstanda, Fivanın qısamüddətli (e.ə 362-ci ilə qədər) başçılığı ilə geniş demokratik hərəkata, eləcə də hərb sənətində yeni mərhələnin başlanmasına yol açdı. Əvvəllər qəbul olunmuş qaydaya görə falanqada qoşunlar cəbhə boyu bərabər bölüşdürülürdü. Epaminond ilk dəfə, əsas sahələrdə qüvvələrin üstünlüyünü təmin etmə prinsipi əsasında, yeni taktika tətbiq etdi. Sağ cinahdan endirilən yardımçı zərbənin qənaəti nəticəsində, o, sol cinahdan əsas zərbənin endirilməsi üçün əlavə qüvvələr cəmləşdirdi. Epaminond ilk olaraq, indiki günə qədər bütün həlledici döyüşlərin nəticələrini müəyyən edən, dahi taktiki prinsip kəşf elədi: həlledici sahədə zərbəni cəmləşdirmək məqsədi ilə qüvvələrin cəbhə böyu qeyri-bərabər bölüşdürülməsi. Fivalıların qələbəsini həm də süvarilərin daha yaxşı hazırlanması, onların və piyadaların hərəkətlərinin uzlaşdırılması və öz ölkəsini müdafiə edən fivalıların mənəvi üstünlüyü təmin etdi.


Tarix: 18.02.2015 / 18:13 Müəllif: Feriska Baxılıb: 196 Bölmə: Ölkələrinə görə tarix
loading...