Rusiya ilə İran arasında 1826-cı il iyulun 16-da başlamış, Azərbaycanın bölüşdürülməsi uğrunda getmiş və 1828-ci il 10 fevralda Türkmənçay sülhünün imzalanması ilə yekunlaşmış müharibə.
Gülüstan müqaviləsi İranı heç cür qane etmirdi, Qafqazın əldən çıxması böyük itki idi. İran Rusiya ilə müharibəyə hazırlaşırdı. Bu müharibədə öz maraqları olan İngiltərə İrana bacardığı hər bir yardımı edirdi. Bununla bağlı 1814-cü ildə İngiltərə ilə İran arasında müqavilə imzalanır, Təbrizdə və başqa şəhərlərdə silah zavodları tikilir.
Şah hökuməti Ruslara qarşı Osmanlı İmperiyası ilə də danışığa başladı. Bundan başqa Şimali Azərbaycan xanlarından da (Onlar Rusiyanın işğalı nəticəsində öz xanlıqlarını itirib İrana qaçmışdılar) istifadə etdi.
1826-cı ildə Rusiyada baş vermiş Dekabristlər üsyanı Şah hökumətini müharibəyə daha da şirinikləndirdi. Rusiya ilə Gülüstan müqaviləsinin şərtlərinin dəyişdirilməsinə dair başlanmış danışıq səmərə vermədi.
Beləliklə, İran 1826-cı il iyulun 16-da 60 minlik ordu ilə Azərbaycanın şimal torpaqlarına soxuldu, II Rusiya – İran müharibəsi başladı.
Abbas Mirzənin başçılıq etdiyi qoşunun əsas hücum hədəfi Qarabağ və Gəncə oldu. 1826-cı ildə Gəncə və Şəkidə Rusiya əleyhinə üsyan başladı. İran ordusu Qarabağ mahalını ələ keçirib Şuşa qalasını mühasirəyə aldı. Müharibənin ilkin günləri İran üçün uğurlu olsa da, 1826-cı ilin sentyabrında Şamxor döyüşündə İran qoşunları ağır məğlubiyyətə uğradı. Bu döyüşdə məğlubiyyətə uğrayan İran qoşunu Şuşanın mühasirəsindən əl kəçmək məcburiyyətində qaldı. Ruslar başqa istiqamətlərdə də üstünlük əldə etdilər. 1826-cı il sentyabrın 13-də Gəncə döyüşü baş verdi və bu döyüşdə İran ordusu məğlubiyyətə uğradı.
Tezliklə ruslar Gülüstan müqaviləsi ilə İrana verilmiş İrəvan və Naxçıvan xanlıqlarını da işğal edib 1827-ci illərin sonunda Azərbaycanın cənub torpaqlarına soxuldu. İran zülmündən cana gəlmiş əhali qoşunlara heç bir müqavimət göstərmədi, Xoy və Təbrizdə üsyan başladı, Urmiya və Ərdəbil ələ keçirildi.
Vəziyyətin ağırlığı İranı danışıq aparmaq fikrinə saldı. 10 fevral 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı.
Tarix: 18.02.2015 / 17:58 Müəllif: Feriska Baxılıb: 148 Bölmə: Ölkələrinə görə tarix