beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox hərəkətsiz qalmaq ömrü qısaldır

Araşdırmada ABŞ, Kanada, Avstraliya və Şotlandiyada son illərdə hərəkətsiz həyat tərzi ilə əlaqədar dərc olunan 5 məqalənin nəticələri qiymətləndirilib. Əldə olunan nəticə gündə 3 saatdan az oturmağın insan ömrünü təxminən 2 il uzada biləcəyini göstərir.

Tədqiqatda iştirak edənlər 3 saatdan az, 3-6 saat və 6 saatdan çox hərəkətsiz qalma ilə televiziya izləmə müddətlərinə görə (2 saatdan az, 2-4 saat və 4 saatdan çox) təsnifləşdiriliblər.

2005-2006-cı illərdə 18 yaşdan yuxarı amerikalıların qatıldığı və daha sonra 2009-2010-cu illərdə təkrarlanan araşdırmalar televiziya qarşısında keçirilən müddətin gündə 2 saata endirilməsinin ömrü 1 il 3 ay uzada biləcəyini göstərir.

ABŞ Xərçəng Birliyi tərəfindən həyata keçirilən və 123 216 adamın qatıldığı 2010-ci ildə nümayiş olunan araşdırmalardan biri gündə 6 saatdan çox hərəkətsiz qalanların ölüm riskinin gündə 3 saatdan az hərəkətsiz qalanlardan yüzdə 20 daha yüksək olduğunu müəyyən edir. Kişilərdə ölüm riskinin yüzdə 17, qadınlarda isə yüzdə 37 olduğu qeyd edilir.

Lozanna Universitetindən Peter Katzmarzyakın rəhbərlik etdiyi qrup bəzi araşdırmaların çox oturmağın qıç əzələlərinin hərəkətsiz qalmasına səbəb olduğunu və bunun qandakı şəkər və yağ nisbətinə pis təsir etdiyini bildirir. Onun sözlərinə görə, sonuncu araşdırma uzun müddət hərəkətsiz qalmaq, ya da televiziya qarşısında əyləşməyin ömrü qısaltdığını göstərir.

Qeyd edək ki, keçmişdə də bir çox tədqiqatların mövzusu olan hərəkətsiz həyat tərzinin diabet və ürək-damar xəstəliklərinin inkişafına səbəb olduğu və ölüm riskini artırdığı məlumdur.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaşlı şəxslərə sağlam qalmaq üçün həftədə ən azı 150 dəqiqəlik fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edir.


Tarix: 08.01.2015 / 13:40 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Saglamliq