beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vedi rayonu

Tarixi
1930-cu il sentyabrın 9-da yaradılıb. 1968-ci il mayın 5-nə qədər Vedi rayonu, həmin tarixdən isə Ararat rayonu adlandırılıb. Ərazisi 1399 kv. km-dir. Rayon mərkəzi Böyük Vedi rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 49 km-dir.

Vedi rayonu Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Bu düzənliyin uzunluğu 90 km, dəniz səviyyəsindən hündürlüyü 850-1000 metrdir. Araz çayı da bu düzənlikdən axır. Düzənlik Cənub tərəfdən Ağrı dağ vulkan massivi ilə əhatələnib. Rayon ərazisindən Vedi çayı axır və Şidli kəndində Araza tökülür.

Şidli toponimi Şəddadilərlə əlaqələndirilir. Tarixi məlumatlara görə Vedi mahalı ərazisində 75 kənd olub və onların əksəriyyəti də rayonun dağlıq hissəsində yerləşib. Etnik baxımdan isə bu yerlərin əhalisi yalnız azərbaycan türklərindən ibarət olub. XIX əsrdə mahal ərazisində cəmi 15 nəfər (iki ailədə) erməni yaşayırdı. Lakin ərazilər ruslar tərəfindən işğal edildikdən sonra rayonda ermənilərin yaşadığı Reyhanlı və azərbaycanlılar və ermənilərin qarışıq yaşadığı Dəvəli kimi kəndlər yaradıldı.

XX əsrin əvvəllərində rayon Andronikin daşnak dəstələrinin hücumuna məruz qaldı. Lakin xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə yaradılmış özünümüdafiə dəstələri xalqı qırğınlardan qorumuşdur. Mühüm strateji ərazidə yerləşən Vedi rayonu dəfələrlə ermənilərin məkrli siyasətinə məruz qalmış, tez-tez ərazi inzibati dəyişiklikləri edilmişdir.

1936-cı ildə rayon iki yerə parçalanaraq ərazisində ikinci bir qondarma Qarabağlar rayonu yaradılmışdır. Bir neçə il ərzində rayon iqtisadi cəhətdən diz çökdürülüb əhalisi köçürüldükdən sonra isə 1948-ci ildə yenidən Vedi rayonuna birləşdirilmişdir. 1964-cü ildə isə Vedi rayonu özü ləğv edilərək artıq erməniləşdirilmiş Qəmərli rayonu ilə birləşdirilmişdir. Lakin bu niyyət baş tutmur və Vedi rayonu yenidən müstəqil rayon kimi təşkil edilir.

1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Arazdəyən, Xalisə, Şidli, Şirazlı, Qaralar, Yengicə, Taytan, Kiçik Vedi, Böyük Vedi, Şıxlar, Afşar, Aşağı Qarabağlar, Dəvəli, Daşlı, Armaş, Çəmbərək.


Tarix: 09.02.2015 / 12:09 Müəllif: Feriska Baxılıb: 118 Bölmə: Qərbi Azərbaycan