beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balıqlı

Tarixi
Balıqlı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20-21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim qədim türk dilində «sığınacaq, şəhər, qala» mə'nası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur.

Əhalisi
Kənddə 1886-cı ildə 205, 1897-ci ildə 326, 1908-ci ildə 372 nəfər, 1914-cü ildə 474 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş və bir hissəsi qətlə yetirilmişdir.

Kəndin əhalisi Türkiyəyə pənah aparmışdır. 1920-ci ilin noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulmuş və sabitlik yaranmışdır. Kəndin sakinləri ata-baba torpaqlarına qayıtmışdır. Burada 1922-ci ildə 107, 1926-cı ildə 178, 1931-ci ildə 205, 1964-cü ildə 300, 1970-ci ildə 440, 1979-cu ildə 472, 1987-ci ildə 432 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. Onlar Azərbaycana pənah gətirmişlər. İndi burada ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri
Əli (Alyoşa) Bayramov - şair, publisist, nasir, folklorşünas.
Avtandil Ağbaba (d.1955) - şair, publisist, folklorşünas. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Abbas Qasımov (şəhid) — 20 Yanvar şəhidi.
Yavər Həsənov (şəhid) —Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.


Tarix: 06.02.2015 / 18:20 Müəllif: Feriska Baxılıb: 194 Bölmə: Qərbi Azərbaycan