beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qambay Vəzirov

Vəzirov Qambay Məmməd oğlu (19 avqust 1899, Naxçıvan, İrəvan quberniyası — 13 oktyabr 1937) — hərbi xadim, diviziya komandiri, general-mayor. Repressiya olunmuşdur.

Həyatı
İlk (yeddiillik) təhsilini İrəvan gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920-1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur.

Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir.

1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.

Vəzirov nümunəvi döyüş komandiri kimi, 1930-1932-ci illərdə Belorusiya hərbi dairəsi 111-ci atıcı alayının komandiri, eyni zamanda, Jizdra şəhər qarnizonunun rəisi vəzifələrində çalışmışdı. 1932-ci ildə o, Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilmiş, bilik və təcrübəsini respublikada hərbi kadrların hazırlanmasına həsr etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.

1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olmasına dair saxta ittihamlar əsasında həbs edilərək, güllələnmişdir. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 1956-cı il 28 iyul tarixli qərarı ilə Vəzirova ölümündən sonra bəraət verilmişdir.


Tarix: 06.02.2015 / 17:27 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Qərbi Azərbaycan