beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gölkənd

Haqqında
Gölkənd kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in Mixaylovka – Çəmbərək (Krasnoselsk) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə, Tərsəçay sahilində meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənddir. Kəndin azərbaycanlı əhalisi 1831-ci ildə 357, 1886-cı ildə 2157, 1914-cü ildə 1866, 1922-ci ildə 1015, 1931-ci ildə 1279, 1959-cu ildə 1123, 1979-cu ildə 2022 nəfər olub. Gölkənd kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ayqut" olaraq dəyişdirilmişdir. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir.

Gölkənd Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olub. Adından da məlum olduğu kimi, bu kənd öz adını burada olan təbii göllərdən almışdır. Gölkənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı dörd göl var idi.

Tarixi
Gölkənd kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.

Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olmuşdur. 1951-1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdi.

Mahalda ən böyük kənd Gölkənd olmuşdur.

Kənddən çıxmış elm adamları
Kərimov Şövkət Manaf oğlu : -Filologiya üzrə fəlsəfə doktoru.
Qocayev Vəli Muğan oğlu: - Azərbaycan ali texniki məktəblərində fizika kursunun məzmunu, tədris metodikası və onun təkmilləşdirilməsi istiqamətləri : pedaqogika üzrə elm. dok
Allahverdiyev Həsən Bəkir oğlu: - İqtisadiyyat üzrə elmlər doktoru, professor,2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
İsgəndərov Qayıbverdi Bəşir oğlu: - Əczaçılıq elmləri doktoru, professor
Əliyev Sabir Cahan oğlu - Azərbaycan Tibb Universiteti-nin tədris işləri üzrə prorektoru , tibb elmləri doktoru, professor.(Gölkənd kənd orta məktəbini qızıl medalla bitirmişdir).
Yəhya Hacıyev - Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti.
Kənddən şəhidlər və itkinlər
Rizvan Pirnəzərov -şəhid
Dinar Mustafayev -şəhid
Xaqani Qocayev - şəhid
Zamin Əfəndiyev -itkin


Tarix: 06.02.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 296 Bölmə: Qərbi Azərbaycan