beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfalı Nəzərli

Səfalı Nəzərli (d. 14 dekabr 1948, Ləmbəli, Ermənistan SSR, SSRİ) — Respublika "Qızıl qələm" mükafatı laureatı, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü; Dövlət qulluğunun kiçik müşaviri.

Həyatı və fəaliyyəti
Səfalı Avdal oğlu Nəzərli 1948-ci il dekabrın 14-də Ermənistan SSR-in Ləmbəli kəndində anadan olmuşdur. 1966-1968-ci illərdə zavodda operator işləyib. 1968-1970-ci illərdə hərbi xidmətdə olub, hərbi rütbəsi baş leytinantdır.

1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini Fərqlənmə diplomu ilə bitirib. 1975-1981-ci illərdə Azərnəşrdə (Azərbaycan Dövlət Nəşriyyatında) korrektor, bədii ədəbiyyat, elmi-kütləvi və tibb ədəbiyyatı redaksiyalarında redaktor işləyib. AzKP MK-nın Marksizm-Leninizm Universitetini Fərqlənmə diplomu ilə, Moskva Poliqrafiya İnstitutunun kurslarını "əla" qiymətlərlə bitirib. 1981-1983-cü illərdə Azərkitabın – Respublika Kitab Ticarəti Birliyinin rəis müavini, rəisi olub. Sonra 10 il "İşıq" nəşriyyatında baş redaktor, direktor vəzifələrində çalışıb. 1993-2000-ci illərdə respublikada ilk Azərbaycan – Türkiyə birgə müəssisəsi olan "Göytürk" şirkətində Baş redaktor-direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda "Yeni əsr" qəzetinin ilk Baş redaktoru olub; "Vahid" qəzetində müxbir işləyib.

2002-2007-ci illərdə Azərbaycan Atatürk Mərkəzində Baş redaktor, şöbə müdiri vəzifələrində çalışıb, Mərkəzin "Bülleten"inin məsul katibi olub.

2007-ci ildən 7 avqust 2012-ci ilədək Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri olmuşdur. Həmçinin, 5 aprel 2007-ci ildən 7 avqust 2012-ci ilədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsini icra etmişdir.

"Cəmiyyət və Din" qəzetinin Redaksiya Şurasının üzvü olmuşdur.

1970-1990-cı illərdə Sov. İKP sıralarında olub. Dünyanın 13 ölkəsinə rəsmi və turist səfərlərinə gedib. Ümumdünya türk xalqlarının VI (Bursa) və VII (Dənizli) qurultaylarında iştirak və çıxış edib. "Odlar Yurdu" Universitetində və Dnepropetrovsk Universitetinin Bakı filialında jurnalistika fənnindən dərs deyib. 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Respublika "Qızıl qələm" mükafatı laureatıdır. SSRİ-nin "Əsgəri rəşadətə görə" medalı, "Əla təhsilə görə" nişanı ilə və Fəxri fərmanlarla təltif olunub.

Ailəlidir, 3 övladı var.

Əsərləri
On üç kitabın, Azərbaycan, ingilis, rus, türk, Ukrayna və erməni dillərində yüzlərlə publisistik və elmi yazının müəllifidir. "Bozalqanlının ulduzu", "Ləmbəli", "Heydər Əliyev Atatürk haqqında", "Müdrik Atatürk", "Qiyamətə qalmayan qisas" kitabları, "Klassik naşir", "Bütövlük", "Zamanın nəfəsi, yazıçının səsi", "Əsgər atası", "On dördlərdən biri", "Ləmbəlinin şair oğlu" və s. portret oçerkləri rəğbətlə qarşılanıb.


Tarix: 05.02.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 163 Bölmə: Qərbi Azərbaycan