beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mustafa Topçubaşov

Mustafa Ağabəy oğlu Topçubaşov — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri. Azərbaycan SSR EA akademiki (1945), Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü (1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960), SSRİ Dövlət mükafatı laureatı (1943), Sosialist Əməyi Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm xadimi (1940), Azərbaycan SSR EA vitse-prezidenti (1951-1956 və 1969-1981). Azərb. SSR Ali Sovetinin sədri (1955-59 və 1967-71), Azərb. SSR Ali Sovetinə (1-10-cu çağırış) deputat.
Həyatı
Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Göykümbət kəndində anadan olmuşdur.

Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 5-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.

1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə gimnaziyanı bitirib. Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub. Gələcəkdə necə mükəmməl bir insan olacağı isə bu gəncin hələ təhsil aldığı illərdə özünü büruzə verib. Onun tələbəliyi siyasi mübarizələrin kəskinləşdiyi illərə təsadüf edib. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. Rusiyanın digər şəhərləri kimi, o zaman Kiyevdə də qalmaq təhlükəli imiş. Onunla birlikdə oxumağa gedənlərin çoxu evlərinə dönüb. Bir neçə tələbə təhsilini davam etdirib. Onlardan biri də Mustafa bəy olub. Çətinliklərə dözüb, səylə dövlət imtahanlarına hazırlaşıb. Nə aclıq, nə də ölüm qorxusu onu yolundan döndərə bilib. Mustafa ata-anasının ona göndərdiyi cib xərcliyini tətilə gələndə geriyə qaytarırmış ki, mən orada təkəm, aldığım təqaüdlə dolana bilirəm. Nəhayət, dövlət imtahanlarını verib diplom alıb. Vətənə geri dönmək üçün qan-qadanın baş alıb getdiyi böyük məmləkətin neçə-neçə şəhərlərindən keçib, gah qatarla, gah da gəmi ilə yol gəlib. Yollarda isə səfalət, xəstəlik içərisində çırpınan, can verən insanları görüb. Axır ki, Vətəninə yetişib, onu gözləyən doğmaları ilə görüşüb.

Əmək fəaliyyəti
1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir. 1920-1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923-1930-cu illərdə fakültə cərrahlığı klinikasında assisent işləmişdir. 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M.Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının (indi - III cərrahi xəstəliklər kafedrası) müdiri seçilərək ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirir.


Tarix: 06.02.2015 / 17:35 Müəllif: Feriska Baxılıb: 258 Bölmə: Qərbi Azərbaycan