beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qələndər Canbaxışov

Qələndər Canbaxışov (tam adı:Canbaxışov Qələndər Surxay oğlu; d. 17 avqust, 1957, Daşkənd kəndi, Göyçə mahalı, Ermənistan SSR) — tibb elmləri doktoru (1999), professor (2010), "Əməkdar həkim" (2000), Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri (2006), AzETTOİ-nun direktoru (1999-2006), Səhiyyə nazirliyinin baş travmatoloq-ortopedi (1999-2006), Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının (2000) və Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətının (Brüssel, 2004) üzvü, Azərbaycanda İlizarov üsulunun elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı, Azərbaycan travmatologiyasının tanınmış simalarından biri.
Həyatı
Canbaxışov Qələndər Surxay oğlu 17 avqust 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində "Həzrətqulular" nəslində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakultəsinə qəbul olmuş və 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1980-ci ildə təyinatla cərrah kimi Rusiyanın Kurqan şəhərinə göndərilmişdir. 1984-1987-ci illərdə akademik Q.A.İlizarov adına "Bərpaedici Travmatologiya və Ortopediya" Rusiya Elmi Mərkəzində əyani aspiranturada oxumuş, 1987-1990-cı illərdə isə həmin elmi mərkəzdə elmi işçi işləmiş və 1990-cı ildə Azərbaycana gəlmişdir. Akademik Q.A.İlizarovun və V.İ.Şevtsovun tələbəsi kimi bu elmin sirlərini onlardan öyrənmişdir.

1990-1999-cu illərdə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda baş elmi işçi və elmi katib olmuşdur. 1999-2006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi olmuşdur. 2006-cı ildən indiyədək "Kəskin travma" şöbəsinin elmi rəhbəri vəzifəsində işləyir.

1989-cu ildə "Одновременное удлинение обеих голеней у больных ахондроплазией – как первый этап увеличения роста" mövzusunda namizədlik, 1999-cu ildə isə akademik V.İ.Şevtsovun rəhbərliyi altında doktoranturanı bitirmiş, "Axondroplaziya zamanı aşağı ətrafların uzadılması hesabına boyun uzadılması" (rus. "Увеличение роста у больных ахондроплазией с восстановлением пропорциональности тела методом дистракционного остеосинтеза") mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi adını almışdır.

Bir monoqrafiyanın (həmmüəlliflərlə), 100-ə qədər elmi işin, 3 patentin, 3 metodik tövsiyyənin və bir neçə səmərələşdiriçi təklifin müəllifidir. Məqalələrindən bir neçəsi Rusiya, Türkiyə, İran, Latviya, Ukrayna və Gürcüstan kimi xarici ölkələrdə çap edilmiş, bir neçə regional, respublika, beynəlxalq konfransların iştirakçısı olmuşdur. Bir elmlər doktoru və beş elmlər namizədi yetişdirmişdir.

Dünyada ilk dəfə boyun 20-25 sm uzadılması üsullarını elmi surətdə əsaslandıraraq sistemləşdirmişdir. Respublikamızda ilk dəfə uzun borulu sümüklərin ağır deformasiyaları və qısalıqları zamanı iki və daha çox səviyyədə kortikotomiyası, poliseqmentar osteosintezi, ətraf seqmentlərinin 80-100% uzadılması üsullarını tətbiq edərək inkişaf etdirmişdir. Uzun borulu sümüklərin sınıqlarının müalicəsi üçün yeni yivli mil xarici fiksə aparatı ixtira edərək onunla osteosintez üsullarını işləyib hazırlamışdır.

2000-ci ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının üzvüdür. 2 noyabr 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar həkim" fəxri adına layiq görülmüşdür. 2004-cü ildən SİCOT\SİROT-un (Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətının-Brüssel) üzvüdür.

2006-cı ildən hal-hazıra qədər Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri həmçinin Azərbaycanda İlizarov üsulunun elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısıdır.

2010-cu ildə professor elmi adına layiq görülüb. əlaqə tel.: +994 50 210 92 53

Fəxri adı
2 noyabr 2000-ci ildə Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı (№ 416) ilə Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərinə görə Canbaxışov Qələndər Surxay oğlu "Əməkdar həkim" fəxri adı ilə təltif edilmişdir.


Tarix: 05.02.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Qərbi Azərbaycan