beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hikmət Babaoğlu

Həyatı
Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub.

1982-ci ildə orta məktəbi qurtarıb, 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinə daxil olub və 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunu olub.

2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kurslarını başa vurub.

1989-1993-cü illərdə “Çinar” qəzetində müxbir, baş müxbir vəzifələrini tutub.

1993-1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb.

1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.

1998-2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mətbuat Xidməti və Analitik İnformasiya Mərkəzinin rəhbəri olub.

2001-ci ildə ANS televiziyası tərəfindən ilin “Mətbuat Xidmətinin rəhbəri” seçilib.

2005-ci ildə “Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili” mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb.

2013-cü ildə «Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

2008-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” Media mükafatına layiq görülüb.

2006-cı ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Fəxri Fərmanına layiq görülüb.

1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib.

2008-ci ildə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının qərarı ilə partiya həyatında fəal roluna görə həmin təşkilatın Fəxri Fərmanına layiq görülüb.

2010-cu il 21 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Əməkdar Jurnalist» adına layiq görülüb.

2012-ci ildə Azərbaycan Mətbuat Şurası tərəfindən H.Zərdabi adına «Ali Media» mükafatına layiq görülüb.

60-a qədər elmi əsərin, 3 monoqrafiya və 3 dərsliyin, 3 kitab və tədris proqramının, 3 metodik tövsiyyənin 500-ə qədər elmi-kütləvi və siyasi analitik məqalənini müəllifidir.

Transmilli medianın və sosial şəbəkələrin dünya siyasətində yeri və rolu barədə yazılmış monoqrafiyanın müəllifidir.

Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər ixtisası (23.00.02) üzrə 20-dən çox doktorluq və namizədlik dissertasiyalarının müdafiəsində rəsmi opponent olub.

Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır.

Azərbaycan Respublikasının müasir dünya siyasətində yeri və rolu ilə bağlı elmi tədqiqatlarını davam etdirir.

5 müəlliflik şəhadətnaməsi var (Azərbaycan Respubliksı Müəllif Hüquqları Agentliyi tərəfindən verilib).

15-ə qədər ölkədə keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan Respublikasını təmsil edib.

Bir neçə yerli və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

2008-ci ildən hal-hazıradək "Yeni Azərbaycan" qəzetinin baş redaktorudur.

Ailəlidir, üç övladı var.


Tarix: 05.02.2015 / 14:51 Müəllif: Feriska Baxılıb: 120 Bölmə: Qərbi Azərbaycan