beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maarif Əkbərov - Elmi fəaliyyəti

Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə "Riyaziyyat elminin fəlsəfi problemləri" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib "Riyaziyyatda həqiqət problemi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır. O, BDU-nun Həndəsə-cəbr, Cəbr və topologiya, Həndəsə kafedralarında fəaliyyət göstərmişdir. Maarif Əkbərov 1980-1992-ci illərdə BDU-nun Cəbr və topologiya kafedrasına rəhbərlik etmiş, "Ali cəbr", "Cəbr və ədədlər nəzəriyyəsi", "Riyaziyyatın fəlsəfi-metodoloji əsasları" fənlərindən dərs demiş, cəbrdən və riyaziyyatın fəlsəfi, metodoloji problemlərinə dair tədqiqat işi aparmış, kadrlar hazırlamışdır.

Maarif Əkbərov 1970-1972-ci illərdə "riyaziyyatın fəlsəfəsi" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktoranturasında təhsilini davam etdirib, orada "Riyaziyyatın bəzi fəlsəfi problemləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, bu sahədə (09.00.08 indeksi üzrə) Azərbaycanda ilk və yeganə elmlər doktoru olmuş, dəqiq elmlərin fəlsəfəsi üzrə respublikada ilk cığır açan mütəxəssis-alim kimi tanınmışdır.

1966-cı ildə ona Həndəsə-cəbr kafedrası üzrə dosentlik, 1977-ci ildə isə Cəbr və topologiya kafedrası üzrə professorluq elmi adları verilmişdir. Bununla da, alim iki elm sahəsində çalışan, riyaziyyat ixtisası üzrə dosentlik və professorluq elmi adları, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə fəlsəfə elmləri namizədi və fəlsəfə elmləri doktoru elmi dərəcələri qazanmış yeganə mütəxəssisdir.

Maarif Əkbərov bir çox elmi konfrans və simpoziumların iştirakçısı olmuş, elmi məruzələrlə çıxış etmişdir. Alim maarifçilik, elmi biliklərin inkişafı və təbliği sahəsindəki xidmətlərinə görə 1995-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür.

Maarif Əkbərov 18 kitabın, 3 iri həcmli monoqrafiyanın, ali məktəblər üçün 3 dərs vəsaitinin, ümumiyyətlə, 100-dən çox elmi-nəzəri, elmi-kütləvi, elmi-metodik və publisist xarakterli kitab, kitabça və məqalələrin müəllifidir.


Tarix: 06.02.2015 / 16:18 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Qərbi Azərbaycan