Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanda biolojilik və sosiallığın vəhdəti

XX əsrdə, xüsusilə onun sonunda insan probleminə diqqət daha da artmışdır. Elmin, xüsusilə insan aləminin öyrənilməsinə təbii– elmi yanaşmanın tənqidi, bu cür yanaşmanın məhdudluğunun dərk edilməsi fəlsəfənin elmlə birlikdə bütövlükdə mədəniyyətə istiqamətinin dəyişməsinə gətirib çıxarmışdır.
Hazırda informasiya cəmiyyətində insan fəaliyyətinin rolunun artması, cəmiyyətin bütün sahələrinin inkişafında insanda yara­dıcılıq başlanğıcının əhəmiyyəti, industrial sivilizasiyanın transfor­masiyasında sivilizasion dönüş mühüm yer tutmağa başlayır.
Zəmanəmizin mühüm əlamətlərindən biri də yaxın keçmişdə əsas rol oynayan totalitar rejimlərin tarix səhnəsindən çıxıb getməsi, demokratik, hüquqi dövlətə doğru hərəkətin güclənməsi, cəmiyyəti­mizdə insanın maddi və sosial statusunun kəskin şəkildə aşağı düş­məsi və bunun nəticəsində də ekzistensial problematikaya meylin artması ilə əlaqədardır.
Fəlsəfə də qnoseoloji, metodoloji və ontoloji problematikaya marağın azalması, şəxsiyyətin psixologiyası və sosiologiyasının yaradılmasına meylin artması ilə xarakterizə oluna bilər. Nəticədə insanla bağlı olan problemlərin şərhində fəlsəfənin «elmlər elmi», «elmlərin əsası» təsəvvürlərinin zamanındakı baxışlar bir daha xatırlanaraq ortaya atılmışdır. Bu cür yanaşma çərçivəsində fəlsəfi biliyin spesifik xarakteristikası formulə edilməyə başlanmışdır. Elm, necə deyərlər, «dünyanın mənzərəsini» formalaşdırır, fəlsəfə isə nəzəri cəhətdən ifadə edilən dünyagörüşünü formalaşdırır. Bu dünyagörüşdə «dünyanın mənzərəsi» yalnız bir moment kimi anlaşılır. «Dünyanın mənzərəsi» üçün obyektiv yanaşma səciyyəvidir. O, özlüyündə dünya haqqında rəqəmlərin quru məlumatlarından başqa bir şey deyildir. Burada azadlığa, spontanlığa, yaradıcılığa yer yoxdur. Onlar müasir elmlərin kor ləkəsindədir, fəlsəfə isə əsas dünyagörüşü kimi insanın dünyaya münasibətini ifadə edir. Bu sadəcə bilik deyil, mənəvi dəyərlər formasına girmiş bilikdir. O, dünyanı göründüyü kimi deyil, insanın dünyada varlığının mənasını tədqiq edir. İnsan onun üçün sadəcə olaraq şeylər arasında şey deyil, dünyanı və özünü dəyişdirməyə qabil olan bir subyektdir. Elmi biliyə insanın dünyaya münasibətinin momenti kimi baxmaqla fəlsəfə onu daha geniş kontekstdə götürməyə və elmdaxili refleksiyadan kənara çıxmağa imkan verir. Eyni zamanda unikal bir varlıq olan insana dair düzgün baxışın formalaşmasında da fəlsəfənin rolu böyükdür.
Bizim hər birimiz insanı yerdə qalan dünyadan asanlıqla ayırdığımıza görə bizə elə gəlir ki, insanda heç bir sirr yoxdur. Çünki ilk baxışda onun digər canlılardan fərqi aydın, aşkar olduğundan heç kimdə onun sirli olmağı, hansısa gizli, bizə məlum olmayan cizgilərə malik olması inandırıcı olmur. Lakin məşhur ispan filosofu X.Orteqa– i– Qassetin fikrincə, fəlsəfə ona görə fəlsəfədir ki, o, məlum olanların hüdudlarından kənara çıxır. Bu hüdudlardan o, insanın öyrənilməsində də çıxır. Ümumiyyətlə, insanda təbii (bioloji), ictimai (sosial) və mənəvi (psixoloji) amillər qarşılıqlı vəhdətdə təzəhür edir, onun formalaşması və inkişafını şərtləndirir. Lakin son illərədək insanda bioloji və sosialın nisbəti, onların təsiretmə imkanları və mövqeyi məsələləri elmi– fəlsəfi cəhətdən mübahisəli təhlil edilməkdədir.

İnsanın biolojiləşdirilməsi və ya sosiolojiləşdirilməsi mövqe­ləri arasında fikir ayrılıqları yenə də vardır. İnsanların formalaş­masında təbii bioloji cəhətləri mütləqləşdirən irqçilik, sosial– dar­vi­nizm, maltusçuluq və s. konsepsiyalar məhz biolojiləşdirmə möv­qe­yindən çıxış etmişlər. XVIII əsrdə ingilis iqtisadçısı T.Maltus iddia edirdi ki, ictimai həyat fərdlərin yaşayış uğrunda mübari­zəsidir. Bu mübarizədə mühitə müvəffəqiyyətlə uyğunlaşanlar qalib gəlirlər. XIX əsrdə Ç.Darvin isə insanın yetişməsində təbii seçmə və tə­ka­mülü əsas götürmüşdür. Daha sonralar yayılmış etalogiyaya görə (heyvan davranışı haqqında elm), insanda müəyyən hərəkətlər ana­dangəlmə, instinktivdir, insanda mürtəcelik, yırtıcı təbiət guya ona öz yırtıcı heyvan əcdadından keçmədir. Hətta müasir «sosio­bioloji konsepsiya»nın tərəfdarları (amerikan alimi E.O.Uilson və b.) iddia edirlər ki, bütün sosial və hümanitar elmlər biologiyanın böl­mə­ləridir, onlar insanın davranışını bioloji növ kimi tədqiq etməlidir.
Sosiolojiləşdirmə konsepsiyası tərafdarları isə insanda ancaq sosial cəhəti əsas tutur, onu mütləqləşdirir. Marksizm fəlsəfəsi insanda bioloji və sosialı vəhdətdə götürür, onun formalaşmasında ictimai əlaqə və cəhətləri əsas götürsə də, təbii amilə də mühüm yer verir. Marksizm insanı ümumi, ictimai varlıq hesab etsə də, onun fərdi xüsusiyyətlərini, şəxsiyyət kimi özünəməxsusluğunu, hətta onda intuitiv keyfiyyətlərin olduğunu da inkar etmir. Marksistlər insanda bioloji, təbii olanın rolundan bəhs edərkən göstərirlər ki, insan özü təbiətin bir hissəsidir, onun üzərində yetişmişdir. Marks­izm qeyd edir ki, biz təbiət üzərində ağalıq etmirik. «Əksinə, bizim bədənimiz, canımız, beynimiz ona məxsusdur və onun içərisində yerləşir». Onlara görə biz empirik «mənimizdən», fərdi «canımız­dan» insana yüksəlməliyik, yəni insanın sosial mahiyyətinə əsas­lanmalıyıq. Bu isə o deməkdir ki, marksizm insana münasibətdə so­sio­lojiləşdirmə konsepsiyasının növ müxtəlifliyi kimi baxıla bilməz, çünki marksizm sosial amilə ciddi diqqət yetirsə də, bioloji və icti­mainin vəhdətdə götürülməsini əsas tutur; burada psixoloji– mənəvi təkmilləşməyə ciddi əhəmiyyət verilməsi tələb olunur. Fiziki ka­mil­lik, mənəvi– əxlaqi yetkinlik, davranış tərzi, əhval– ruhiyyə və s. bunları nəzərə almadan insan haqqında dərin elmi baxış meydana çıxa bilməz.
İnsanın mahiyyəti haqqında nə bilirik?– sualına konkret belə cavab vermək olar:İnsan fiziki və mənəvi, təbii və sosial, irsi və həyatda əldə edilənlərin vəhdətindən ibarət canlı sistemdir. İnsan həm hadisələrin təbii əlaqəsinə qoşulur, həm də bioloji (biofiziki, biokim­yəvi, fizioloji) qanunauyğunluqlara tabedir; insan şüuru psixik və şəxsiyyət səviyyəsində spesifik qanunauyğunluqları olan sosial varlığa çevrilmişdir. İnsan fiziki, morfoloji orqanizm kimi kainatda materiya­nın ən yüksək, mütəşəkkil formasıdır. Deməli, insan bütövlükdə bio­loji, sosial və psixik– mənəvi ölçülərin təşkil etdiyi tamlıqdır. Bioloji cəhət insanın varlığı üçün ilkin şərt olan morfofizioloji, genetik, beyin– əsəb sistemi, elektrokimyəvi və s. kimi hadisə və prosesləri ifadə edir. Psixik– mənəvi cəhət insanın daxili və mənəvi aləminin (şüur, iradə, əhval– ruhiyyə, yaddaş,xarakter, temperament və s.) əks etdirir. İnsanda sosial aspekt onun başqa adamlarla qarşılıqlı əlaqə və münasibətlərini, sosial əlaqələrini, ictimai mühitdə kəsb etdiyi xassə və keyfiyyətlərini əhatə edir. Bu aspektlərin üçü də insanda vəhdət halında təzahür edir və insanın biopsixososial ma­hiyyətini əks etdirir. Həmin fikri söyləyən ispan mütəfəkkiri tək deyildir. Hələ vaxtilə böyük alman filosofu İ. Kant belə bir nəticəyə gəlmişdir ki, fəlsəfə mövcud olan 3 suala cavab verməlidir. Bu sualları İ.Kant aşağıdakı kimi ümumiləşdirmişdi. «Mən nəyi bil­məliyəm?», «Mən nə etməliyəm?», «Mən nəyə güvənə bilərəm?»
Ölümünə bir az qalmış Kant məşhur «məntiq»ində o üç sualı «İnsan nədir ?» adlı bir sualla əvəz etmişdir. Deməli insan bir sirr kimi mövcuddur. Əsrlər boyu böyük dühalar bu sirri açmağa, insanı anlamağa çalışmışdır. Tanınmış fransız yazıçısı Verkor «Adamlar, yaxud heyvanlar» adlı kitabını qəribə bir süjet əsasında qurmuşdur. Burada fikri eksperiment mühüm yer tutur. Süjetə görə bir neçə avropalıdan təşkil olunmuş ekspedisiya And dağlarına yola düşür və əlçatmaz yerlərdən birində onlar qəribə vəhşi tayfaya– adam sürüsü, yaxud da heyvan sürüsü ilə rastlaşırlar. Təsadüf elə gətirir ki, vəhşilərdən biri öldürülür. Sual olunur: Kim öldürülüb? Əgər öldü­rülən insansa ölümə görə öldürən cinayət məsuliyyətinə alınmalıdır. Yox,əgər öldürülən heyvansa, bunun üçün məsuliyyət yoxdur. La­kin həmin vəhşi qəbilənin insanlara, yaxud heyvanlara aid edil­məsi mübahisəlidir, çətindir. Çünki həmin əsərdə insanı heyvandan fərq­ləndirən kriteriya yoxdur. Müzakirə başlanarkən müxtəlif kriteri­yalar, mənəviyyət, dindarlıq, nitq, şüur və s. irəli sürülür. Lakin belə məlum olur ki, onların heç birisi kriteriya rolunda çıxış edə bilməz. Mənəviyyatlı adamlarla yanaşı, cəmiyyətdə mənəviy­yatsız adamlar da mövcud olur. Lakin buna görə, necə deyərlər, onları «adam­lıqdan» çıxarmırlar. Bundan əlavə mənəviyyat xeyir və şəri bir birin­dən kəskin şəkildə fərqləndirmək üçün əsas rolunu oynaya bilmir. Bunu din haqqında da demək olar. cəmiyyətdə alla­ha ina­n­mayan adam var və onların sayı dünyada getdikcə artmaq­dadır. Nitq zəruri olmasına baxmayaraq, kriteriya rolunu oynaya bilməz. Hətta şüur kateqoriyası da qüsursuz deyildir. Çünki hey­van­larda da elə hərəkətlər olur ki, bu da inkişaf etmiş psixika əlaməti ilə səciy­yələnir. Doğrudur ki, burada şərti reflekslər mühüm rol oynayır.

Ümumiyyətlə, mahiyyət və mövcudluq problemi insanda biolojilik və sosiallığın qarşılıqlı nisbəti məsələsi ilə əlaqədardır. Öz mahiyyətinə görə, artıq qeyd etdiyimiz kimi, insan sosial varlıqdır. Eyni zamanda o, təbiətin övladıdır və öz mövcudluğu baxımından nə onun çərçivələrindən kənara çıxa bilər, nə də öz bioloji təl­abatın­dan– yemək,içmək və s.– dən imtina edə bilər. İnsanda biolojilik onun orqanizminin genlərində morfofizioloji, elektrokimyəvi, əsəb– beyin və digər proseslərdə istifadə olunur. İnsanda sosiallıq və biolojilik vəhdətdədir. «Sosial keyfiyyət» olan şəxsiyyət və onun təbii varlığını ifadə edən orqanizm bu vəhdətin əsasını təşkil edir.
Öz bioloji təbiəti tərəfindən hər bir fərd müəyyən genotipdən– valideynlərdən aldığı genlərdən asılıdır. Doğulan zamandan o, bu və ya digər bioloji irsi alır, o da genlərdə əks olunur. Bunlar, öz növbəsində, fərdin xarici, fiziki keyfiyyətlərinə (boyuna, rənginə, üzünün formasına, səsinə və s.) və onun psixi keyfiyyətlərinə (emo­siya, temperament, xarakterin ayrı– ayrı cizgilərinə və s.) təsir edir. Bəzi alimlərin fikrincə, insanların müxtəlif fəaliyyət növlərində adam­ların qabiliyyəti irsən keçir (bədii yaradıcılıqda, musiqidə, riyaziyyatda və s. ) Lakin buradan o nəticəni çıxarmaq lazım de­yildir ki insan qabiliyyətinin təkcə təbii şərtlərindən danışmaq lazım­dır. İrsi vergi– insanın qabiliyyətinin ilkin şərtləridir. Onu bü­tövlükdə genotipə calamaq lazım deyildir. Ümumi şəkildə qabi­liyyətlər üç amilin vəhdətindən ibarətdir. Bioloji (irsən verilən ), so­sial (sosial mühit və tərbiyə) və psixik (insanın daxili «Mən»i,onun iradəsi və.).
Sosiallıq və biolojilik məsələsinin təhlili zamanı iki ifrat nöq­teyi nəzərdən qaçmaq lazımdır. Birincisi, sosial amillərin rolunun şişirdilməsi– pansosiologizm və ikincisi, bioloji amillərin rolunun şişirdilməsi– panbiologizm.


Tarix: 09.12.2014 / 14:16 Müəllif: Aziza Baxılıb: 177 Bölmə: Fəlsəfə
loading...