beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əxlaqın mahiyyəti

Əxlaq bugünkü vəziyyətinə birdən-birə, «hazır şəkildə» gəlib çıxmamışdır. Primitiv norma və təsəvvürlərdən yetişməyə başlayan əxlaq, bəşəriyyətin bütün tarixi boyu mövcud olmuş və olduqca mürəkkəb, uzun və hətta çətin bir yol keçmişdir. Tarixi inkişafın hər bir pilləsində maddi və mənəvi istehsal prosesi zamanı insanlar müəyyən davranış normaları, prinsipləri, qaydaları, adət vəənənələr, dəblər yaratmışlar. Cəmiyyətin təşəkkül tapdığı ilk günlərdən insanlar bir-birilə münasibətlərini tənzim etmək üçün yaratdığı bu birgəyaşayış qaydalarına riayət edir, öz hərəkətlərində nəyin pis, nəyin yaxşı olduğunu, hansı hərəkətin bəyənilib-bəyənilmədiyini xeyir və şər kateqoriyaları vasitəsilə qiymətləndirmişlər.

İctimai şüurun qədim formalarından olan əxlaq insanlar arasındakı münasibətləri əks etdirir. Əxlaq insanların bir-birinə, dövlətə və cəmiyyətə olan münasibətlərini nizama salır, ictimai həyatın bütün sahələrində insanların hərəkətlərini tənzimləyir. Məsələn, əməkdə, məişətdə, siyasətdə, elmdə, ailədə, ictimai yerlərdə və s. Bunların hər birində o, müxtəlif rol oynayır. Bununla əlaqədar «peşə etikası», «ailə və nikah etikası» və s. terminlər yaranıb. Bütün bu sahələrdəəxlaqla yanaşı insanların hərəkətlərinin digər tənzimləyiciləri də var. Məsələn, dövlətin hüquq normaları və dekretləri, istehsalatdakı qanun-qaydalar, təşkilatın nizamnamələri və təlimatları, vəzifəli şəxslərin göstərişləri, dini-ritual xarakterli qaydalar, takt, etiket, ədəb, davranış qaydaları, idman və digər oyunların şərtləri, nəqliyyatın idarə olunma qaydaları, sanitar-gigiyena normaları və s. Bütün bunlar bəzən əxlaq normalarının spesifikasını aydınlaşdırmağa bir qədər mane olur. Əxlaqa «bu belədir» anlayışı ilə yanaşı, «belə olmalıdır» daha çox uyğun gəlir.

Bəzi təsir formaları, məsələn, milli ənənələr, məişətdəki estetik normalar, əmək vərdişlərinin tərbiyə edilməsi və s. əxlaqla yanaşı digər sahələrə də aiddir. Ayrı-ayrı insanların tərbiyəsinə təsir edən ictimai formalar — adət vəənənələr, ictimai rəy, tərbiyə və s. əxlaqla bağlı olsa da bütünlükdə ona məxsus ola bilməz.

Hər bir dövrün və cəmiyyətin özünəməxsus əxlaq qaydaları, prinsip və normaları olduğu üçün hər bir insan da əsasən yaşadığı dövrün və cəmiyyətin əxlaq qaydalarına tabe olur. Tarixi hadisə olan əxlaq bəşəriyyətin ictimai tərəqqisi gedişində dəyişir və inkişaf edir. Cəmiyyət siniflərə bölünən zaman əxlaq qaydaları da sinfi xarakter daşımağa başladı. Hər sinfin özünəməxsus əxlaq qaydaları yarandı. Müəyyən sinfə xidmət edən əxlaq sinfi xarakter daşıyaraq hakim sinfə xidmət edir. Tarixdəəxlaqın aşağıdakı əsas tipləri var ki, bunlara əxlaqın konkret-tarixi tipləri də deyilir: 1) ibtidai icma əxlaqı; 2) quldarlıq əxlaqı; 3) feodal əxlaqı; 4) burjua əxlaqı və s. Əxlaqın inkişafında bəşər mədəniyyətinin tarixi tərəqqisini əks etdirən varislik elementlərinə də rast gəlmək olar. Əxlaq bir formadan digərinə keçərkən insanlar arasındakı münasibətlərdə humanizm ünsürləri də artır. Artıq ibtidai icma dövründə qarşılıqlı yardımın sadə formaları yaranır. Adam əti yemək adəti yox olur. Tayfa ittifaqları və dövlətin yaranması ilə qan düşmənçiliyinə son qoyulur. Feodal əxlaqı təhkimli kəndlini öldürməyə yol vermir, halbuki quldarın öz qulunu öldürməsi onun şəxsi işi idi. Burjua əxlaqında şəxsiyyətə hörmət prinsipi təsdiqlənir. Zaman keçdikcə, cəmiyyət inkişaf etdikcəəxlaq qaydaları da dəyişir. Çox vaxt hətta zahirən əbədi görünən əxlaq qaydaları belə dəyişikliyə uğrayır, öz əvvəlki məzmununu itirir və ya onlara heç bir ehtiyac qalmır.

Əxlaq – gerçəkliyi dərketmə vasitəsi olub, insanın praktik-mənəvi dünyagörüşüdür. Mürəkkəb və ictimai hadisə olan əxlaqın təbiətini öyrənmək üçün onun strukturunu aydınlaşdırmaq lazımdır. İctimai şüurun digər formaları kimi əxlaqın da strukturu ictimai münasibətlərlə müəyyənləşir. Əxlaqi münasibətlər ictimai münasibətlər sistemində mühüm yer tutur ki, bunlar da əxlaq haqqında elm olan etika tərəfindən öyrənilir.

Əxlaq insanı birgəyaşayış şəraitində yaşamaq qabiliyyətləri baxımından xarakterizə edir. Əxlaqın məkanı – insanlar arasındakı münasibətlərdir. İnsanın güclü və ya ağıllı olmasını müəyyən etmək üçün onu digər insanlarla münasibətdə görmək və ya müqayisə etmək vacib deyil, çünki bu, fərdin özünəxas xüsusiyyətləridir. Lakin insanın nə dərəcədə xeyirxah, əliaçıq, mehriban olmasını və bu kimi digər xüsusiyyətlərinin şahidi olmaq üçün onu məhz başqaları ilə ünsiyyət prosesində görmək zəruridir. Məsələn, Robinzon Kruzo nə qədər ki, adada tək idi, onun mənəvi keyfiyyətlərinin olub-olmamasının heç bir əhəmiyyəti yox idi. Məhz Pyatnitsa peyda olandan sonra bu xüsusiyyətlərin üzə çıxmasına imkan yarandı.

Əxlaq normaları hər yerdə, müxtəlif şəraitlərdə təzahür edərək universal, bəşəri xarakter daşıyır. Onlar həm cəmiyyətin, həm də ayrı-ayrı şəxslərin rəyinəəsaslanır. Əxlaq normaları kifayət qədərdir: ətrafdakılarla nəzakətli rəftar tələb edən sadə normalardan tutmuş, «öldürmə!», «oğurluq etmə!», «böyüklərə hörmət et!», «yalan danışma!» kimi mürəkkəb, insanın həyat prinsipinə çevrilmiş normalaradək. Lakin əxlaqı normalar məcmusu kimi təsəvvür etmək o qədər də düz deyil. Çünki, əvvəla, bu normaların özləri əsaslandırılmalıdır, məsələn, «nəyə görə oğurluq etmək olmaz?», «öldürmək olmaz?»; ikincisi, konkret situasiyalarda bu normalar bir-birini inkar da edə bilər, məsələn, bir xuliqan qadının ardınca qaçır və yoldakılardan onun hansı tərəfə getdiyini soruşur, məgər bu zaman adamlar xuliqana sözün düzünümü deməlidirlər? Və yaxud həkim öz xəstəsinə həmişəmi diaqnozu olduğu kimi deməlidir? Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, yaranmış situasiyalar elə rəngarəng ola bilər ki, onların hərəsi üçün ayrıca norma fikirləşmək heç mümkün də deyil.

İnsan əxlaqi şüurla birgə doğulmur. O, əxlaq normalarını və davranış qaydalarını tədricən mənimsəyir. Bu normalar və qaydalar müəyyən vaxtdan sonra onun fərdi şüurunda özünə yer tapır ki, bu da «yaxşını pisdən», «əxlaqı əxlaqsızlıqdan» ayırmağa kömək edir. İnsan çox vaxt hətta öz istəyinin əksinə gedərək, ictimai rəyi nəzərə alıb, hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına vəəxlaq normalarına uyğun hərəkət etməli olur. Çünki cəmiyyətdə yaşayan insan ondan təcrid oluna bilməz. O, bu və ya digər mənada cəmiyyət qaydalarına tabe olmaq məcburiyyətində qalır. Çox vaxt, əsasən, «öz ürəyinin hökmü ilə» hərəkət edən insan cəmiyyət və ya ayrı-ayrı şəxslər qarşısındakı borc və vicdan hisslərinin təhriki ilə hər hansı addımı atır və bu zaman özü də hiss etmədən ictimai mənafe şəxsi mənafedən üstün tutulur. Belə olmasaydı nə maddi və mənəvi nemətlər istehsal oluna bilər, nə də insan cəmiyyəti mövcud ola bilərdi.

Hər hansı addımın, hərəkətin hansı cəmiyyətdə baş verməsindən asılı olmayaraq, o həmişə «xeyir və şər», «ədalət vəədalətsizlik» mövqeyindən qiymətləndirilib.

Əxlaqın mahiyyətini daha yaxşı başa düşmək üçün onun əsas funksiyalarını da nəzərdən keçirmək lazımdır. Əxlaqın formalaşması və mədəniyyətin müstəqil sahəsinə çevrilməsi prosesində müəyyən əxlaq funksiyaları yaranıb ki, onlar bu gün də aktualdır. Əxlaqın funksiyaları içərisindəən əsasları bunlardır: 1) qiymətləndirici; 2) idraki; 3) dünyagörüş; 4) tərbiyəvi; 5) tənzimləyici.

Qiymətləndirici funksiya əsas funksiya olub, yalnız əxlaqa deyil, digər ictimai şüur formalarına – incəsənətə, dinə, hüquqa, siyasətə və s. də aiddir. Bu funksiyanın xüsusiyyəti hər şeydən əvvəl ondan ibarətdir ki, burada qiymətləndirməəxlaqi şüurun əsas anlayışları prizmasından – xeyir, şər, ədalət, vicdan, borc və s.-dən keçir. Əxlaqi qiymətləndirmə adətən universal xarakter daşıyaraq insanın bütün hərəkətlərinə aid olur. Hüquq sahəsində bu, başqa cürdür. Məsələn, hörmətsizliyə, kobudluğa, nəzakətsizliyə görə heç kəsi cinayətkar kimi mühakimə etmirlər. Siyasi qiymətləndirmə də bütün hərəkətlərə aid olmur. Burada da müəyyən məhdudiyyətlər, hərəkətlərin təzyiq, hədə-qorxu, hər hansı affektin (qorxu, qısqanclıq) təsiri altında baş verməsinin nəzərə alınması və s. səbəblər mövcuddur. Əxlaqi qiymətləndirmə həm də fərdin mənəvi əqidəsinə və ictimai rəyin nüfuzuna əsaslanır. İnsan şüurunda əxlaqi qiymətləndirmə adətən «xalis» olmayıb, estetik, siyasi və s. qiymətləndirmə ilə tamamlanır.

İdraki funksiya qiymətləndirici funksiya qədər intensiv vəəhəmiyyətli olmasa da onunla geniş mənada uzlaşır. Adətən fərd başqalarının və ya özünün hərəkətlərini qiymətləndirdiyi zaman digər şəxslərin və ya özünün daxili aləmi haqqında natamam da olsa təsəvvür əldə edir. İdrakın bütün formalarının, o cümlədən elmi idrakın əsas şərti mənəvi keyfiyyətlərdir. Çünki obyektivlikdən uzaq olan alim qibtə və yalana əl ata bilər, öz xeyrini güdə bilər, əldə etdiyi nəticələri təhrif edə bilər, şöhrətpərəstlikdən özünü və ya başqalarını aldada bilər. Əxlaqın idraki funksiyası elmin idraki funksiyasından onunla fərqlənir ki, əxlaq daha obrazlı olub, ön plana hissləri, inamı və intuisiyanı çəkir. Elmi idrakda isə ağıl, dərrakə bunları üstələyir. Beləliklə, əxlaqın da idraki funksiyası ictimai şüurun digər formalarında olduğu kimi sosial gerçəkliyi əks etdirir. Lakin əxlaqi şüur mövcud olan və ya formalaşan sosial varlığı, ictimai münasibətləri qanunlar şəklində deyil, cəmiyyətin tələbləri və şəxsiyyətin maraqlarını bildirən ideya, təsəvvür, ümid, arzu, əhvallar kimi müəyyən məqsədlər şəklində, yəni «bu belədir» əvəzinə «belə olmalıdır» kimi əks etdirir.

Dünyagörüş funksiyası müxtəlif sistemli əxlaq normalarının, prinsiplərinin, ideallarının cəmiyyət və şəxsiyyətin fəaliyyətinə yol göstərən dəyərlər məcmusundan ibarət olması iləəlaqədardır. Fərd cəmiyyətin yaratdığı əxlaqi norma və prinsipləri mənimsəyərək öz şüurunda özünə gərək olacaq müəyyən baxış və məsləklər formalaşdırır. Əxlaq sadə normalardan ibarət ola bilməz. O, bu normaları əsaslandırmalı, onlara haqq qazandırmalı, onların nəyə görə yerinə yetirilməli olduğunu göstərməlidir. Beləliklə, əxlaqi şüur həyat əhəmiyyətli suallarla, ali dəyərlərləəlaqədar olur. Bunları həll etmək üçün insanın dünyadakı mövqeyini aydınlaşdırmaq tələb olunur. Bunun üçün isə dünya haqqında heç olmasa elementar da olsa təsəvvürə malik olmaq lazımdır. Dünya haqqında təsəvvür əldə etmək üçün yalnız elmi nəticələrəəsaslanmaq olmaz, indiki halda bu, natamam olar. Dünyanın elmi mənzərəsi və dünyagörüş eyniyyət təşkil etmir. Dünyagörüş yalnız biliklər əsasında formalaşmır, bura həmçinin insan hisslərinin rəngarəng qamması da aiddir. Əxlaqi şüurda dünyagörüş xüsusi anlayışlar prizmasında formalaşır: Dünya ya xeyirxah, ya qəddar, ya da neytral; qaydaya salınmaz və ya xaotik kimi nəzərdən keçirilir.

Tərbiyəvi funksiya – əxlaqın əsas funksiyalarındandır. Fasiləsiz, intensiv və məqsədyönlü tərbiyə prosesi olmadan nə cəmiyyət mövcud ola bilər, nə də ayrıca insan şəxsiyyət kimi formalaşa bilər. Tərbiyənin mərkəzində şəxsiyyətin mənəvi özəyini formalaşdıran əxlaq tərbiyəsi dayanır.

Tənzimləyici funksiya digər funksiyaların özünəməxsus sintezidir. Lakin əxlaq insanların hərəkətlərinin yeganə tənzimləyicisi deyil: din, incəsənət, hüquq, siyasət də bu qəbildəndir. Lakin məhz əxlaqi dəyərlər insanın mənəvi aləminin mərkəzində dayanaraq, onun həm siyasi mövqeyinə, həm mövcud hüquq qaydalarına (o cümlədən, insanın hüquqi şüuruna) münasibətinə, həm müxtəlif dini təlimlərə qiymət verməsinə, həm də incəsənət sahəsindəki biliklərinə (estetik zövqünə) təsir edir. Hüquq, siyasət və estetik şüurdan fərqli olaraq əxlaq, demək olar ki, insan həyatının bütün sahələrini tənzimləyir. Əxlaq insanlardan çox şey tələb edərək onları mənəvi ideala yaxınlaşdırır (bu, qeyri-mümkün olsa da). Nəhayət, bu funksiya da insanın əxlaqi əqidəsinə və ictimai rəyin nüfuzuna, ilk növbədə vicdana əsaslanır. Lakin bütün bunlarla yanaşı əxlaq kifayət qədər gücə malik deyil. Buna saysız-hesabsız cinayətlərin olması, gündəlik həyatdakı kobudluq, nəzakətsizlik və s. misaldır. Bunların da səbəbi az deyil: əvvəla, ayrı-ayrı fərdlərin əxlaqi şüuru çox vaxt lazımi səviyyədə olmur; ikincisi, ictimai rəy də səhv edə bilər. Bundan başqa, bəzən həyat şəraiti əxlaqi hissləri boğur. Məsələn, uşaqları acından ölən qadının cinayətə və ya oğurluğa əl atması və s.


Tarix: 09.12.2014 / 14:01 Müəllif: Aziza Baxılıb: 202 Bölmə: Fəlsəfə