beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İctimai inkişafın Hegel konsepsiyası

Tarix fəlsəfəsinə dair az– çox avtoritetli, ictimaiyyətşünas alimlərin əksəriyyəti tərəfindən qəbul edilən konsepsiyaya görə, bəşər tarixi vahid qanunauyğun prosesdir. Buradakı bütün hadisə və proseslər sıx, qarşılıqlı əlaqədə olub, qarşılıqlı şəkildə də şərt­lənirlər. Bu tarixə monist baxış adlanır. Tarixə monist baxışın inki­şafına dair bir sıra mütəfəkkirlər öz fikirlərini söyləmişdir. Lakin biz burada onlardan yalnız bir neçəsinin adını çəkməklə kifayət­lənəcəyik. Həmin mütəfəkkirlərdən, ilk növbədə böyük alman filosofu Hegeli (1770– 1831), marksizm təliminin baniləri K.Marks (1818– 1883) vəF.Engelsi (1820– 1895) göstərmək olar.
Hegelin böyük xidməti ondan ibarətdir ki, O, ilk dəfə olaraq bütün təbii, tarixi və mənəvi aləmi proses halında, yəni daim hərəkət, dəyişilmə, bir şəkildən başqa şəklə keçmə və inkişaf halında olan bir proses kimi göstərmiş,bu hərəkət və inkişafın daxili əlaqəsini aşkara çıxarmağa çalışmışdır. Bu nöqteyi– nəzərdən bəşəriyyət tarixi indi yetişmiş olan fəlsəfi ağıl divanı qarşısında eyni dərəcədə yalnız pislənməli və ən tez bir zamanda unudulmalı olan mənasız zorakılıqlar silsiləsindən ibarət bir şey kimi görünmək halından çıxdı və bunun əksinə olaraq, tarix bəşəriyyətin özünün inkişafı prosesi kimi qiymətləndirildi. İndi təfəkkürün vəzifəsi ondan ibarət oldu ki, bu prosesin keçmiş olduğu bütün yollar içərisində onun dalbadal gələn pillələrini izləsin və bütün zahiri təsadüflər arasında onun daxili qanunauyğunluğunu sübut etsin (F.Engels). Lakin qeyd etmək lazımdır ki, Hegel obyektiv idealist idi və həmin bucaqdan da dünya tarixinə nəzər salırdı. Hegelə görə, Ümumdünya tarixi hər şeydən əvvəl dünya ruhunun hərəkətidir, onun fəaliyyətinin nəticəsidir. Lakin idrak kimi tarix də heç bir zaman bəşəriyyətin müəyyən bir mükəmməl ideal vəziyyətində qəti başa çata bilməyəcəkdir, kamil cəmiyyət, mükəmməl «dövlət»– bunlar ancaq xəyalda mövcud ola bilən şeylərdir. Əksinə, tarixin gedişində bir– birini əvəz edən bütün ictimai qaydalar ancaq bəşər cəmiyyətinin aşağı pillədən yüksək pilləyə sonsuz inkişafının keçici pillələrindən ibarətdir. Hər bir pillə zəruridir və beləliklə, onun həmin pilləni doğurmuş olan zaman və şərait üçün bəraəti vardır.
Ümumdünya tarixinə vahid tam kimi baxan Hegel onu dörd dövrə, yaxud özünün şərhi ilə desək dörd ümumdünya tarixi xənadan­lığa bölür. Bunlar Şərq, yunan, Roma vəgerman xanədanlıqlarıdır.
Şərq xanədanlığına antik Çin, Hindistan, İran, Misir xalqları daxildir. Əslində bunlar elə insan birliyidir ki, onlardan da bəşəriyyət tarixi başlanır. Bu dövr idarəçiliyin teokratik forması ilə səciyyələnir ki, bu zaman hökmdar həm kahin, yaxud da allah rolunda çıxış edir. Dini, əxlaqi göstərişlər, həm də adətlər dövlət və hüququn qanunları rolunu oynayır.
Fərd, şəxsiyyət hələ də cəmiyyətdən ayrılıb seçilmir. Onlar əvvəllər təbiətdə olduqlarına bənzər şəkildə indi də cəmiyyətdə olur. Şəxsiyyətin fərdi keyfiyyətləri lazımi səviyyədə inkişaf etmədiyindən, insan cəmiyyətdən ayrılmır, ona görə də cəmiyyətin sonrakı inkişafı üçün imkanları az olur. cəmiyyət elə bil ki, ölü, qeyri– tarixi məkanda donub qalır. İctimai quruluşlardakı, hüquq və sosial təbəqələrdəki fərq və müxtəliflik qanun qəbul etmək əvəzinə, sadə əxlaqın hesabına təsadüfi ağır, çoxbudaqlı cəhalətlə dolu seremoniallara çevrilir. Bütün bunlar isə xüsusi zorakılıq və özbaşına ağalığın doğurduğudur. Hegelə görə, bu cəmiyyətdə insan potensial olaraq yalnız daxili azadlığa malik olur, bu azadlıq onun həyatına və cəmiyyətin fəaliyyətinə çıxış əldə edə bilmir.
Yunan dünyası cəmiyyət və fərdiyyətin vəhdətində özünü göstərən mənəvi gerçəkliyə malikdir. Bu dünyada fərdin cəmiyyətə tam tabeliyi yoxdur. İnsan öz mahiyyətini qanunlar və adətlər vasitəsilə təzahür etdirir. Burada şəxsi fərdiliyin başlağıcı insanın özü ilə deyil, özünün ideal vəhdətində yaranır. Yunan polisində azadlıq onunla ifadə olunur ki, vətəndaş qanunları predmet şeylər növündə deyil, özünü onlarda olan kimi dərk edir. Yunan vətəndaşının ləyaqəti, onun azadlıq dərəcəsi daxili və xarici amillərlə, yaxud şəraitlə müəyyən olunur. Xarici şərait cəmiyyətdə qulların mövcudluğu ilə özünü göstərir. Qullarla yanaşı burada demokratiya da vardır. Şübhəsiz, azadlıqdan bu cəmiyyətdə hamı deyil, ancaq seçilmişlər– dahilər və xoşbəxtlər istifadə edirlər. Əlbəttə bu azadlığın zahiri cəhətidir, daxili atributu deyildir. Öz əməllərində və hərəkətlərində fərdlər azad deyildir. Mühüm qərarlar qəbul etməkdən ötrü O, xarici qüvvələrin köməyinə müraciət edir, həmin qüvvələr orakul, kahinlər, təbiətdəki bəzi qüvvələrdir. Bütün bunlar bir daha sübut edir ki, həmin fərdlərdə kifayət qədər iradə qüvvəsi və müəyyən səviyyədə müstəqillik olmamışdır. Deyə bilərik ki, yunan dünyası insandan müstəqil və azad şəxsiyyət hazırlamamışdır ki, onlar da öz növbəsində müstəqil olaraq iradələrini təzahür və nümayiş etdirə bilsinlər.
Roma xanədanlığında tarixin inkişafı dövlətin onun üzvlərinin baxışlarından asılı olmayaraq sosial birlik forması kimi formalaşması və vətəndaşın dövlətdən asılı olmayaraq, fərdin özünün yaratdığı təbii varlıq kimi mövcud olması ilə əlaqədardır. Belə çıxır ki, şəxsiyyət özünə münasibətdə nə isə daxili abstrakt bir şey kimi çıxış edir. Dövlət özü də abstrakt cəmiyyət kimi təqdim olunur. Nəticədə belə alınır ki, dövlət insana münasibətdə abstrakt, onlar tərəfindən dərk edilməmiş birlik kimi çıxış edir, şəxsiyyət isə, öz növbəsində, dövlətə münasibətdə abstrakt cəmiyyət tərəfindən dərk edilməmiş fərd kimi çıxış edir. Şübhəsiz, bu tarixi inkişafda irəliyə doğru bir addım idi, lakin dövlətlə fərd arasında həmrəylik hələ də baş tutmamışdır. Bununla yanaşı fərdin inkişafında mühüm sıçrayış baş verir, nəticədə o, icmaya natural mənsub olmaq fikrindən xilas olur. Bunun sayəsində insanda subyektiv iradə inkişaf edir. İnsan daxilən azad olur, özünə tətbiq ediləcək qərarlar qəbul etmək imkanına malik olur. Əvvəllər olduğu kimi, hakimlər özləri ilə digər vətəndaşlar arasında həmrəylik olmadığına görə imperiyada mütləq hakimiyyətə malik olur, onun təbəələri isə hakimi ali iradə kimi qəbul etmək məcburiyyətində qalırdılar. Roma mərhələsi mənəvi həyatda iki ifrat ayrılmaya– fərdin şəxsi özünüdərki və seçilmiş aristokratlar hakimlər timsalında abstrakt ümumiliyə parçalanmasına görə tarix səhnəsini tərk etmişdir. Bu mənəvi böhranın ekstremal təzahürü hüdudsuz zorakılıq və özbaşınalıq (bunlar hakimlər tərəfindən şəxsiyyət azadlığına münasibətdə özünü göstərmişdir) və qara kütlənin mənəvi pozğunluğu, tərəqqi edən əxlaqsızlığı idi.
Tarixi fəlsəfənin yekunlaşdırıcı və sonuncu mərhələsi Hegelə görə, german xanədanlığıdır. Bu mərhələdə ilahi və insan təbiətinin həmrəyliyi yaranır. Burada obyektiv həqiqətlə azadlığın barışması, daha dəqiq desək, dünyəvi, yəni vətəndaş cəmiyyətinin intellektual ilahi xanədanla barışması baş verir. Mənəvi olan dünyəvi adi həyatla uyğunlaşdı, dünyəvi şahlıq isə əksinə, öz abstraklığını əqli səviyyəyə, hüquq və qanun səviyyəsinə yüksəltdi. Bu həmrəyliyə imkan verən əsas və mühüm şərt xristianlıq və onun «bütün insanlar bərabərdir» (çünki onlar öz varlıqlarında azaddırlar) ideyası olmuşdur. İnsanın ona xas olan daxili azadlığını elan edən xristianlıq belə hesab edirdi ki, bu azadlıq real olaraq həyata keçməli və təcəssüm etməlidir.
German xanədanlığı öz inkişafında üç dövr keçmişdir. Birincisi, germanların Roma imperiyası hüdudlarına daxil olması və german xalqlarının yaradılması ilə başlanır. İkincisi, özündə Böyük Karl hakimiyyətini, eləcə də V Karlın hakimiyyəti dövrünü əks etdirir və xronoloji olaraq XVI əsrin birinci yarısına qədərki mərhələni də daxil edir. Bu dövr üçün səciyyəvi olan hal xristianlığın mənəvi mövqelərinin zəifləməsi və ictimai həyatda iqtisadi və siyasi maraqların güclənməsidir. Üçüncüsü, Yeni dövrdür ki, özünə reformasiyanı və XVIII əsri daxil edir. Burada başlıca cəhət ümumi maraqların qarantı rolunda çıxış edən dövlətin yaradılmasıdır. Protestantizm formasında yeniləşmiş xristianlığın köməyi ilə insanın azadlığı və daxili həyatı, fərdi iradəsi sərbəstlik, özünü realizə üçün imkanlar əldə edir. Praktiki olaraq bu onu ifadə edirdi ki, konkret insan öz iradəsinin və öz «Mən»inin reallığı üçün qeyri– məhdud imkanlar qazanaraq azadlıq vasitəsilə əmək, siyasi və ictimai fəaliyyət hüququnu həyata keçirə bilərdi. Bu isə, Hegelə görə, insan iradəsinin realizə edilməsinin, bəşəri imkanların özünü realizəsi yolunda ən yüksək pillə hesab olunmalıdır.Nəticədə bəşəriyyət tarixi öz inkişafının zirvəsinə çatır və həmin inkişaf mərhələsində heç nə onun mövcudluğuna təhlükə ola bilmir. Və heç də təsadüfi deyildir ki, Hegel müasiri olduğu Prussiya monarxiyasını ictimai və dövlət inkişafının ən yüksək və ideal forması hesab etmişdir.
Bütövlükdə, əgər Hegelin sözləri ilə desək, tarix fəlsəfəsi xalqın iradəsi prinsipini nəzərə alır, burada isə dünya ruhu həlledici rol oynayır.
Hegelə görə, heç də bütün xalqlar dünya tarixinə düşmürlər. Hər bir xalq öz prinsipinə müvafiq olaraq öz məqamında çıxış edir. Öz missiyasını yerinə yetirərək o, görünür, birdəfəlik tarix səhnəsindən çıxıb gedir və artıq digər xalqlar bəşəriyyətin yeni tarixini yaradırlar.


Tarix: 09.12.2014 / 14:15 Müəllif: Aziza Baxılıb: 160 Bölmə: Fəlsəfə