beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatın və ölümün mənası

Antik dövr filosofları insanın özünə münasibəti barədə.İnsan probleminin vacib tərəflərindən biri həyatın və ölümün mənasıdır. Yalnız insan öz ölümünü, yaşamağını dərk edib qiymətləndirə bilir. İnsan özünüdərki şüurun müxtəlif səviyyə və formalarının vasitəsilə, o cümlədən fəlsəfə, din və incəsənət ifadə edib qavraya bilir.
Fəlsəfə tarixindən məlumdur ki, insanın özünüdərkinin çox vacib mərhələlərindən biri – onun öz taleyinə olan münasibətidir. Bu münasibətə uyğun olaraq onda müəyyən dəyərlər sistemi formalaşır; xeyir və şər, borc və hüquq, bərabərlik və ədalətlilik, ağıl və vəhy, əzabkeşlik və həzzalma. Həmin təsəvvürlərə uyğun olaraq insan öz həyatını qiymətləndirməyə başlayır.
Qədim yunan filosoflarının bu problemə münasibətləri birmənalı olmamışdır. Heraklit hesab edirdi ki, xoşbəxtlik qidalanmaqda yox, düşünməkdə və “təbiəti eşidib, ona uyğun davranmaq və danışmaqdadır”.
Levkipp isə həyatın mənasını gözəllikdən həzz almaqda görürdü. Demokrit yazırdı: “az ilə kifayətlənən xoşbəxt adamdır; əsl sərvət var-dövlət yox, ürəkdir. Biliyi də ölçü ilə artır – yoxsa cəhalət bataqlığından çıxa bilməzsən”. İnsan iki qütb arasında seçməyə məcburdur, burada əsas meyar – həqiqətdir (o da nisbidir), bu meyar yaxşı ilə pis olanı fərqləndirməyə kömək edir. İnsan hər şeyin meyarıdır (Protaqor).
Sokrat insanları daim mənəvi və intellektual təkmilləşməyə dəvət edirdi. Onun fikrincə şər biliksizlik üzündən əmələ gəlir, əxlaq — biliyin nəticəsi və məhsuludur. Dünya dərkolunmazdır, dərkolunan insanın qəlbi və əməlləridir. Sokrat və bir çox başqa yunan filosofları xoşbəxtliyi insanın xeyirxah əməllərində görürdülər. Kiniklər xeyirxahlığı azad, sadə, müdrik həyat kimi qiymətləndirirdilər. Kirenaiklər isə həyatı həzzalma kimi başa düşüb onun mənasını asketizm – gedonizm qütblərində axtarırdılar. Platona görə gözəlliyə nail olmağın ali forması – müdriklik, ağıldır. O göstərirdi ki, dövlətliliyin Allahı Poros və kasıbçılığın ilahəsi Peniyanın oğlu Eros gözəl və eybəcər, ideal və cismani, əbədi və keçici arasındakı ziddiyyəti ifadə edir. Eros – dünyanı əhatə edən əsas hərəkətverici qüvvədir, o şeylərin özlərini ideyalara oxşatmağa, ruhları öz əvvəlki sığınacağı olan dünyaya qayıtmağa can atmağa vadar edir. Ruhun bu fəaliyyəti onun bir tərəfdən biliyə, digər tərəfdən isə ölümə can atmasında ifadə olunur.
Aristotel hesab edirdi ki, xeyirxahlıq insanlara verilmir, təbiət bizə yalnız onu qazanmaq imkanını yaradır. Xeyirxahlığa nail olmaq yollarını siyasət öyrədir. Xöşbəxtliyin şərtləri – mərdlik, səbr, haqq və ağıl-fərasət qabiliyyətləridir.

Orta əsrlər fəlsəfəsi yaşamağın mənasını Allahın seyr edilməsində, onun dərk olunmasında görürdü. Bu da insanın şüurunun imkanlarından xaric idi. Məqsəd böyükdür, insanın təbii imkanlarına sığmır, ona görə də əlçatmazdır.

2.Yeni dövr filosofları insan haqqında İntibah dövründən başlayaraq insan fərdiyyətçiliyi, azadlığı əsasında qurulan xoşbəxtlik haqqında təsəvvürlər formalaşmağa başlandı. İ.Kant bu təsəvvürləri bir qədər də genişləndirdi: insanın ali vəzifəsi əxlaqi qanunu yerinə yetirməkdir. Azad olmaq əxlaqi borcu şüurlu şəkildə yerinə yetirmək deməkdir
Hegelin təsəvvüründə ümumdünya tarixinin, hər bir insanın başlıca məqsədi – azadlığın gerçəkləşməsi idi. O.Kont cəmiyyətin təkamülü nəticəsində insanda sosial keyfiyyətlərin heyvanilərə tədricən üstün gəldiyini qeyd edərək, göstərirdi ki, insanın əsas xoşbəxtliyi – fəaliyyətdə olmaq, daim nəyə isə nail olmaqdır. Qabiliyyətləri, bacarıqları istifadəsiz qalan insan həyatından bezir. Kont da Kant və Hegelin bu fikri ilə razılaşırdı ki, insanın yeganə hüququ – öz vəzifələrini yerinə yetirməsidir. Başqa hüquqlar həm mənasız, həm də mənəviyyatsızdır: insan cəmiyyətdən aldığını ömründə qaytara bilməz!
F.Şlegel “On iki kitabda fəlsəfənin inkişafı haqqında” əsərində yazırdı ki, insanın təbiəti və mahiyyətinə uyğun olan yeganə keyfiyyəti – azadlıqdır. Azadlıq insanın mahiyyətidir, dünyanın inkişaf qanunları – azadlıq qanunlarıdır, onlar dünyanın bütövlüyünü təmin edir. İnsanın azadlığı ondan ibarətdir ki, o, dünyaya təsir etmək qabiliyyətinə malikdir. İnsanın ali məqsədi — ali formaya, təşkilə qayıtmaq, onun daxilində əriməkdir. İnsan dünyanın tərkib hissəsi olaraq, sonuncunun məqsədlərinin həyata keçirilməsinə kömək edə bilər, özü də yalnız bəşəriyyət, kollektiv formasında. Yalnız bu zaman insan nəsli dünyaya təsir edərək onu formalaşdırıb tamamlaya bilər.
İnsanın şüurunda eqoizm (eynilə idrak, əzabkeşlik, həzzalma) öz son həddinə çatdırılıb, fərdlərin rəqabəti dəhşətli bir hal alıb (istər kiçik, istər böyük hadisələrdə); bütün bunlar komediyanın süjeti üçün yaxşı materialdır. Bunu biz daha aşkar şəkildə hər kəsin hər kəsə, hamının hamıya qarşı olan müharibəsində görürük (bunu Hobbs “Vətəndaş haqqında” adlı əsərində çox gözəl təsvir edib). Dövlət eqoizmi, şəri, əzabkeşliyi aradan götürə bilmir, baxmayaraq ki, dövlətin məqsədi – hər kəsin xeyrinə olana nail olmaqdır. Hətta dövlətin daxilində müharibə qalmasa da, o, xaricdən xalqlararası müharinə şəklində dövlətə qayıdır və dəfələrlə artan borca bənzər şəkildə çoxlu qan qurbanlarını tələb edir. Bütövlükdə bəlkə müharibə aradan qaldırılar, onda başqa bir dəhşətli hal yaranar: əhali artıqlığı, bunun nəticələrini ən cəsarətli təxəyyül belə təsvir edə bilməz. Buna görə xeyirxahlıq, məhəbət, comərdlik mənbəyindən həm də həyata olan iradənin inkarı yaranır. Əgər bir kəs ölüm ayağında daha özü və başqası arasında eqoistcəsinə fərqi qoymursa, başqasının əzab çəkməsini özününkü kimi qəbul edirsə, ona kömək göstərirsə, hətta bu yolda özünü qurban verməyə hazırdırsa, bütün məxluqlarda özünün həqiqi, ürəkdən gələn “mən”ini tapırsa, onda o, bütün canlının əzabkeşliyini özününkü sayıb kainatdakı ağrının bir hissəsinə çevrilməlidir. Hər bir insanın dərdi onun dərdidir; o, bütövü dərk edir, başa düşür ki, axırı itməkdir, əzabkeşli dünyanın mahiyyətini duyur, öz iradəsi ilə həyatdan üz döndərir, hər hansı bir sevinc qarşısında, o, özünü itirir, könüllü şəkildə arzu və istəklərindən imtina edir. Görün indi belə iradəsi cilovlanmış adam, öz təbiəti üzərində uzun sürən və acılı-ağrılı olan mübarizədən sonra qalib gələrək, yer üzərində yalnız xalis təfəkkür, idrak məxluqu kimi qalırsa, o, dünyanın təmiz, pak nir güzgüsünə çevrilir. Daha heç nə onu dərdə mübtəla edə bilməz, nə hərislik, nə qorxu, nə paxıllıq, nə də qəzəb. Adam sakit, gülərüz halda bu dünyanın kabuslarına dönüb baxır, çünki sonuncular daha onun üçün tanışdır; həyat və onun obrazları səhər yuxusunun xülyaları kimi ötkəm olub, itib gedir.
Beləliklə, Şopenhauerə görə ölüm və yaxud intihar heç də iradənin inkarı yox, onun qüdrətli təsdiqinin bir formasıdır. İnkarın mahiyyəti ondadır ki, insan həyatın əzab-əziyyətini yox, ləzzətini rədd edir. İntihar edən isə yaşamaq istəyir, istəmədiyi şey — bu həyatın şəraitidir. Deməli, söhbət həyata olan iradədən imtina etməkdən yox, həyatın müəyyən bir ifadəsinin imtinasından gedir. İntihar – ayrıca bir hadisənin könüllü şəkildə dağıdılmasıdır; o, şeyözündələrə toxunmur, necə ki, yağış göy qurşağına toxuna bilməz; ümumiyyətlə intihar tamamilə mənasız və sarsaq hərəkətdir. Bununla belə o, Mayanın (qədim hind fəlsəfəsində) şedevridir; çünki insanın həyata olan iradəsi özünün özü ilə hərcmərcliyinin ən biabırçı ifadəsidir. Belə bir ziddiyyəti biz həyat iradəsinin ibtidai ifadələrində də görmüşük: materiya, zaman və məkan uğrunda mübarizədə, iradənin ifadə şəkillərinin daha yüksək pillələrində və nəhayət ən ali pillə olan ideya səviyyəsində; bu səviyyədə insanlar nəinki bir-birini qırır, onlar hətta öz-özünə də müharibə elan edir; gərginliyini aradan götürmək, əzablardan canını qurtarmaq üçün öz cismini məhv edir (bu, əzabkeşliyin iradəyə üstün gəlməsindən irəli gələn hadisədir). İradə azadlığının yeganə ifadəsi – iradə tərəfindən öz mahiyyətinin dərk edilməsidir. Bu yolla o, digər dərketmə yolların motivlərindən azad olur (burada yalnız hadisələr dərk olunur). Azadlığın belə ifadəsi yalnız insana xasdır. Zərurət təbiətin, azadlıq isə xeyirxahlığın səltənətidir. Dünyanın daxili mahiyyətini biz iradənin bütün ifadələrində obyektlilik şəklində dərk edirik. Bu obyektliyi təbiətin qaranlıq qüvvələrin şüursuz təkanından insanın şüurlu fəaliyyətinə qədər izlədikdə başa düşməliyik ki, iradənin sərbəst inkarı ilə yanaşı bütün məqsədsiz, rahatlıqsız axtarışıar və meyllər aradan götürülür: obyektliliyin bütün pillələrində müxtəlif formaların çoxluğu, iradənin ifadələri və sonuncunun başlıca forması olan subyekt və obyekt, digər ümumi formalar – zaman və məkan məhv edilir.

Freyd qeyd edir ki, insanlar yaşamağın məqsədini xoşbəxtliyə nail olmaqda görürlər, bunun konkret mənası “güclü həzzalma hissi küçirməkdədir”. Sözün geniş mənasında buraya ağrının və narazılığınolmaması da əlavə olunur. Lakin həzzalma prinsipinin proqramı bütün aləmə (həm makrokosm, həm də mikrokosma) qarşı çıxış edir; o ümumiyyətlə mümkün deyil, kainatın quruluşu ona qarşı çıxır. Xoşbəxtlik — əslində gözlənilməz həzzalma, tələbatın gərginliyinin yüksək səviyyəsinin aradan qalıdrılmasıdır. Belə hallar tez-tez təkrarlanarsa, insanda biganəlik, etinasızlıq hissi yaranar. İnsan üç qrup əziyyətlər çəkir (özündən, xarici aləmdən və digər insanlar tərəfindən). Freydə görə əzablardan qurtarmaq üçün bir neçə yol tapıblar: narkotiklər, yoqa, yaradıcılıq fəaliyyəti, dünya haqqındakı təsəvvürləri dəyişdirmək (məsələn, din vasitəsilə, ya da inqilab yolu ilə). Freydin özü isə bu vəziyyətdən çıxış yolunu sevmək və sevilməkdə görürdü.
V.Frankl göstərir ki, insanın həyatını heykəltaraşın fəaliyyəti ilə müqayisə etmək olar. Təsəvvür edin ki, ona öz əsərini tamamlamaq üçün müəyyən vaxt verilir. Lakin onun nə həmin vaxtın sonu, nə də işin nə vaxt qurtaracağı haqqında məlumatı yoxdur. Buna görə də öz işini nə vaxt dayandıracağını bilmir. O sadəcə olaraq ona ayrılmış vaxtdan maximum istifadə edir ki, əsər yarımçıq qalmasın. Lakin əgər verilmiş vaxt iş başa çatana qədər qurtarsa belə görülən işin qiymətini aşağı salmır. Həyatın fraqmentar xarakteri onun mənasını azaltmır. Ömrün uzunmüddətli olmasından biz heç vaxt onun nə dərəcədə mənalı olduğu ölçüsünü əldə edə bilmərik.
Normal insan nə vaxtsa öləcəyindən qorxaraq özünü itirmir, ümidsizliyə qapılmır. Əksinə ona verilən ömrü mənalı yaşamağa, özündən sonra müsbət iz qoymağa çalışır. Hər bir fərdin həyatının məqsədi və amalı onun mənimsəmiş olduğu sosial ideyalarla, yaşadığı dövrün şəraiti ilə sıx bağlı olur. Məhz onlara arxalanaraq insan öz həyatını xeyir və ya şər, doğruçuluq və ya yalançılıq, ədalət və ya ədalətsizlik kimi mənəvi — əxlaqi anlayışlar üzərində qurur. Deyilənlərdən aydın olur ki, insanın həyatının mənası, ölməzliyi onun özü tərəfindən qazanılır.
Din insanın həyatını müqəddəs dini ehkamlara əməl etməkdə, dini ayin və mərasimləri yerinə yetirməkdə, etiqad vasitəsilə Allaha, axirət dünyaya inam bəsləməkdə görür. Fəlsəfə isə buməsələni həll edərkən ona fərdi, şəxsi və ümumbəşəri göstəricilərin vəhdəti baxımından yanaşır.
İnsan həyatı fiziki cəhətdən keçici olmasına baxmayaraq mənəvi baxımdan ölməzlik qazana bilir. İnsanın ölməzliyi onun qoyub getdiyi mənəvi irs, yaradıcılıq və xeyirxah əməllərdir. Təsadüfi deyildir ki, görkəmli elm, mədəniyyət xadimləri, gözəl sənətkarlar, xalqın vətənpərvər oğulları cismən ölüb getsələr də mənən əbədiyyətə qovuşur, əsrlər boyu yaşayırlar. Deməli, insanın ölməzliyi onun zəkasının qüdrətində və humanizmində təcəssüm edir. Burada böyük Nizaminin aşağıdakı misralarını yada salmaq yerinə düşərdi:

Nə şöhrət, nə yuxu, nə də ki, yemək,
Həyatın mənası olmasın gərək.
Çalış öz xalqının işinə yara
Dünya əməlinlə geysin zər, xara.
Bütün digər canlılardan fərqli olaraq insan yeganə mövcudatdır ki, həyatı boyu daim özündən narazı olur, müəyyən narahatlıq keçirir, öz məqsədinə çatmağa çalışır. Bu onun inkişafının stimulu rolunu rolunu oynayır. O öz qabiliyyətlərini hərtərəfli inkişaf etdirməyə, cəmiyyətin tərəqqisinə, ümumi işin xeyrinə öz töhfəsini verməyə səy göstərir. İnsanın sosial mahiyyət daşıması, cəmiyyətdə yaşaması onu buna sövq edir.


Tarix: 09.12.2014 / 14:14 Müəllif: Aziza Baxılıb: 197 Bölmə: Fəlsəfə