Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdeologiya total düşüncə tərzi kimi

İdeologiya varlığa münasibətin bir formasıdır. Hər bir ideologiya dünyaya öz pəncərəsindən baxır. Həyatın hər sahəsində ideologiyanın öz programı olur. İdeologiya həyatı bu program əsasında qiymətləndirir. Ən maraqlısı odur ki, hər bir ideologiya özünün həqiqət olduğunu iddia edir. Siyasətdən tutmuş, etik və estetik dəyərlərədək ideologiyanın öz baxışı olur. Hər bir ideologiya həm də metafizikadır. Onun substansiyası var və dünyanın bu sunbstansiya əsasında konstruksiya edir. (Əslində isə mən bunu dünyanın dekonstruksiyası kimi qiymətləndirirəm). Onun özünəməxsus fəlsəfi mənzərəsini yaradır. İdeologiyalar insanlara xoşbəxtlik bəxş edəcəyini vəd edir. İnsanların, cəmiyyətin gələcəyi ilə bağlı prognozu olmayan, bir utopiyaya sahib olmayan fikir idologiya hesab oluna bilməz. İdeologiyanın yaranmasına iki fərqli mövqedən baxmaq olar. Liberal baxışa görə insanlar yaşadıqları mühitlərlə razılaşmırlar və onu dəyişdirməyə çalışırlar, bunun üçündə ideologiya ətrafında birləşərək öz ideallarına çatmağa çalışırlar. Bu baxış ideologiyanın yaranmasını insanların öz istəklərinin nəticəsi hesab edir. Marksist baxış isə ideologiyanın bir sinfin, digəri üzərində ağalığını və istismarını təmin etmək üçün yaradıldığını iddia edir. Marksın mövqeyinə oxşar bir mövqe Nitsşedə də var. Doğrudur Nitsşe Marks kimi siniflər barədə danışmırdı, amma əxlaqın ağaların hakimiyyətini yıxmaq üçün kölələr tərəfindən yaradıldığını deyəndə təqribən Marksın fikirlərinə oxşar fikirlər yaranır.

İdeologiyalar həm də insanların hisslərini istismar edərək yaşayır. Hər idealogiya insanın bir hissinə istinad edir. Millətçilik — qürur, Din — vicdan, Kommunizm - ədalət, Liberalizm — azadlıq və.s İnsanların hisslərinə təsir göstərərək, öz tərəfinə çəkməyə çalışır. Kimsə azad olmaq üçün, kimsə bərabərlik üçün, kimsə millət naminə, kimsə də allah yolunda savaşır. Sözlər fərqlidir, mahiyyət etibari ilə hamısı bərabər deyilmi? İdealizm!

Hər bir ideologiya varlığı təhrif edərək anlayır, amma həm də bizə onun bir üzünü açır. Bu ideologiyanın qarşılaşdığı ən böyük problemdir. Varlığın bir hissəsini dərk edərək, onun struktur halına çevirmək və həmin strukturu bütün varlığa müncər etmək. Varlığı struktur əsasında qavramaq, nəticə də isə dünya sənin gözündə nəzəri sxemə çevriləcək. Bu problem idologiyanın hansısa bir «Neo» formasının yaradılması ilə həll olunmur. İdologiyanın diskursu və ya diskursları dinamik olmalıdır. Bu baxımdan ən çox bəxti gətirən liberalizmdir. Ümumiyyətlə tolerantlıq və plüralizm diskursunda yaranan fikirlər daha elastik olur, yeniliyə daha çox meyl edir. Heç bir ideologiyanın tərəfini saxlamadan demək istəyirəm ki, sosial kontrakt nəzəriyyəsinə əsaslanaraq yaradılmış, konstitusion və demokratik dövlətlərdə (şərti olaraq buna, dırnaq içində liberal rejimlər deyək) liberalizmdən başqa digər ideologiyaların mövcud olması, təşkilatlanması və hətta hakimiyyətə gəlməsi normal bir hal kimi qəbul olunur. Ancaq nasist, kommunist və dinçi rejimlərdə hansısa əks baxışların mövcud olmasına qətiyyən imkan verilməyib. Bu baxımdan liberalizm digər ideologiyaları totalitarlıqda günahlandırır. Müəyyən qədər də haqlıdır. Amma bütün ideologiyalar modernizm dövrünün məhsuludur və özündə vahid başlanğıcı və hansısa bir mərkəzçiliyi daşıyır. Bu da totalitar olmaq üçün kifayətdir. Yəni bütün ideologiyalar təbiət etibarı ilə totalitardır.

İdeolojiləşmis zəka

İdeologiya sahibi olmaq, hansısa bir mövqenin sahibi olmaq, strukturlaşmış sxematik zəkanın daşıyıcısı olmaq, özünəməxsus bir həqiqətə sahib olmaq deməkdir. İstənilən ideologiya «bizimkilər» və «sizinkilər» bölgüsünü yaradır və əks tərəflər arasında amansız ziddiyət olur bu ziddiyyət gərginləşib pik nöqtəyə çatanda isə partlayır. Hər bir ideologiya daşıyıcısının öz həqiqəti, öz qəlibi var. Həmin insan reallığı olduğu kimi yox, ona yeridilmiş sxem əsasında qavrayır. Dünya onun şüurunda sxemə çevrilib və o reallıqdan uzaqlaşaraq sözün əsl mənasında idealistə çevrilir. Əks fikirlərlə qarşılaşan idealist (indiki vaxtda əks sxemlərlə) tolerant ola bilmir, dinləməyi bacarmır, bunları bacarsa da öz həqiqətini itirəcəyindən hər zaman qorxur. Qarşı tərəfə pərakəndə, dağınıq hücumlar edir. Təbii ki, qarşı tərəfdə eyni cür reaksiya verir. İdeologiyanın rasionallaşdırılması, emosiyalarla yox, ağılla müdafiə edilməsi, komediyanın tragik üzüdür. Ağıllı idealist daha təhlükəlidir, çox vaxt sofistdir. Çünki o öz həqiqətinə insanları inandıra bilər. Belə adamlar əsasən peyğəmbərlər və siyasətçilər olur. Nəzəri səviyyədə belə, ideologiya təhrif olunmuş həqiqətdir.

İdeologiya daşıyıcısı olan insanlar, kütlədən fərqlənməyə cəhd edən insanlar olur, əsasəndə Azərbaycanda bu belədir. Amma ideologiyanın kütləviləşməsi qaçınılmazdır. Bir ideologiya daşıyıcısı olan, eyni fikirləri bölüşən 10 nəfərlik qrupda əks fikir yoxdursa, orda fərd yoxdur və o qrup artıq kütləyə çevrilib deməkdir, hətta qrup üzvləri individualist anarxistlər olsalar belə bu belədir.

Öz təbiətinə görə liberalizm bu məsələlərdə daha az totalitardır. Amma az və çox olmasından asılı olmayaraq totalitarizm elə totalitarizmdir. Dunyanın total düşüncədən imtina etdiyi bir zamanda hansısa ideologiya sahibi olmaq, potensial terrorist olmaq deməkdir. İstər mənəvi, istər fiziki, istər fəlsəfi olsun. Sən terroristsən, çünki sənin bir həqiqətin var.


Tarix: 09.12.2014 / 14:16 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Fəlsəfə
loading...