beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Varlıq və onun fəlsəfi mahiyyəti

Adi şüurda öz əhəmiyyətinə görə bir– birinə yaxın olan «ol­maq», «mövcud olmaq» terminləri bir sinonim kimi qəbul edil­miş­dir. Fəlsəfədə «olmaq», «varlıq» terminləri təkcə mövcudluğu ifadə etmək üçün deyil, mövcudluğa zəmanət verən kimi də işlədilir. Ona görə də «Varlıq» sözü fəlsəfədə xüsusi məna kəsb edir. Əslinə qa­landa dünya fəlsəfi fikrində varlıq nədir?– sualına cavablarda yek­dil­lik yoxdur. Bu da təsadüfi deyildir. Çünki varlığın mahiyyəti ha­di­sə formasında çıxış edir ki, insan onu dərk etdikcə özünün yeni– yeni keyfiyyətlərini aşkar edir. Ümumiyyətlə: Varlıq– fəlsəfi ka­te­qoriya olub, şüurdan asılı olmayaraq obyektiv reallığın– kosmos, tə­­biət, insanın mövcudluğudur. Həmin mənanı anlamaq üçün var­lığın fəlsəfi probleminin tarixinə nəzər yetirmək lazımdır. Əslində fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosof­larından biri– Parmenid (miladdan əvvəl V– IV əsrlər) işlətmişdir. Parmenid bir real problemin ifadəsi və həlli üçün həmin termini irəli sürmüşdür. Çünki Parmenidin yaşadığı dövrdə insanlarda ənənəvi Olimp allahlarına inam azalmağa başlamışdı. Mifologiyaya daha çox uydurma kimi yanaşırdılar. Bununla da əsas reallığı ənənə və al­lahlar olan dünyanın əsası və normaları laxlamış oldu. Dünya, kai­nat artıq etibarlı və möhkəm olmağını itirmişdir. Hər şey for­masız və qeyri– sabit olmuşdu. İnsan həyati dayaqlarını itirmişdi. Müa­sir ispan filosofu Orteqa– Qassetin sözləri ilə desək, həyati da­yaq­larını, ənənəni, allahlara inamı itirmiş insanların həyəcan və qor­xusu dəhşətli idi. Çətin vəziyyətdən çıxış yolu tapmayan insan şüurunun dərinliklərində ümidsizlik və şübhə toxumları cücərməyə başlamışdı. İnsana yeni qüvvələrə inam lazım idi. Yeni, ümidverici bir şeyin axtarışına zərurət yaranmışdı. Fəlsəfə Parmenidin timsa­lında insanın mövcudluğu üçün yaranmış təhlükədən çıxış yolunu tapmışdı. Elə bir ideya irəli sürülməli idi ki, insanların narahat ru­hu­nu sakitləşdirməli, allahların hakimiyyəti yerinə əqlin, fikrin hakimiyyətini bərqəqar etməliydi. Parmenid insanları xaosdan xilas edə biləcək, müstəqil fikri irəli sürdü. Mütləq fikir dünyanın sabit­liyini təmin edərək, adamlarda inam yaradırdı. Qaydaların hökm sürəcəyi zərurətini irəli sürürdü. Parmenid zərurəti əbədi, məhv edil­məyən İlahi, həqiqət, tale adlandırırdı. Ona görə dünyada heç nə qəfildən, təsadüfdən dəyişə bilməz. Gündüz həmişə gecənin yerinə gə­lir, günəş birdən– birə yox olmur, bütün insanlar birdən– birə bir günə məhv olmur. Başqa sözlə desək, Parmenid şeylərin arxasında bu dünyanın mövcudluğunun qarantı rolunda çıxış edən predmet– hissi dünyanın mövcudluğunu irəli sürdu. Filosof özü həmin dün­yanı İlahi adlandırırdı. Bu isə o demək idi ki, adamlarda köhnə dünyanın dağılması ilə əlaqədar meydana çıxan ümidsizlik üçün əsas yoxdur.
Parmenid fəlsəfəyə varlıq anlayışı və problemini gətirmişdir. Termin özü yunanların adi sözündən götürülsə də, onun məzmunu gündəlik işlənən «olmaq» felini ifadə etmirdi. Olmaq– mövcud ol­maq anlayışından daha geniş idi. Deməli, varlıq problemi dövrün sual və tələbatına fəlsəfənin özünə məxsus cavabı kimi meydana çıxmışdı.
Parmenid varlığı aşağıdakı kimi səciyyələndirirdi: Varlıq hissi şeylər dünyasının arxasında olan fikirdir. O, vahiddir, dəyişməzdir, mütləqdir, daxilində subyekt və obyekt bölünməzdir, o, mükəm­məl­liyin mümkün bütövlüyüdür (tamlığıdır). Həmin mükəmməllik içə­risində həqiqət, xeyirxahlıq, rifah, işıq birinci yerdədir. Varlığı hə­qiqi mövcud olan kimi müəyyən edərək Parmenid qeyd edirdi ki, o yaranmamış, məhvedilməzdir, vahiddir, hərəkətsizdir, zamanda son­suzdur. Onun heç nəyə ehtiyacı yoxdur, hissi keyfiyyətlərdən məh­­rumdur, ona görə də ona yalnız fikirlə, əqillə nail olmaq olar. Fəlsəfi təfəkkürə yiyələnməmiş insanlara varlığın nə olduğunu başa salmaqdan ötrü Parmenid onun aşağıdakı şərhini verir. Varlıq məkan hüdudları olmayan şar, sfera, dairədir. Varlığı dairə– sfera ilə müqayisə edən filosof antik dövrdə məlum olan bəzi inanclardan istifadə etmişdir. Həmin inanca görə, dairə– sfera digər həndəsi fi­qurlar içərisində ən gözəl və ən mükəmməl formadır. Varlığı fikir ki­mi təsdiq edərkən o, subyektiv insan fikrini deyil, Loqos, kosmik ağıl kimi verirdi. Kosmik ağıl vasitəsilə dünyanın məzmunu insan üçün aydın olurdu. Başqa sözlə desək, Varlığın həqiqətini insan aç­mır, əksinə varlığın həqiqəti insana bilavasitə məlum olur. Burada da Parmenid insan təfəkkürünün müəyyən şərhini verir. Əqillə bilavasitə kontaktda bilik əldə edilir. Bu bilik Varlıq özüdür. Ona görə də ayrı– ayrı adamların istifadə etdiyi məntiqi sübutlar prosesi nə bunların özlərinin təfəkkür prosesi üçün, nə də biliyin həqiiliyinin qiymətləndirilməsi üçün həlledici əhəmiyyətə malik olmur. İnsan əqlinin qüdrəti üçün məntiqi sübutların rolunu şişirtmək olmaz. Çünki hər bir məntiqi fəaliyyətdən yüksəkdə duran varlıq– fikir kimi mənbə vardır. Təsadüfi deyildir ki, Parmenid öz mülahi­zələ­rində məntiqi sübutlar qurmağa məcbur olarkən qeyd edirdi ki, onun danışdığı söz özünün deyil, İlahiyyə məxsusdur. Varlığın həqiqəti isə refleksiyanın və insan əqlinin məntiqi əməliyyatlarının köməyi olmadan aşakarlanır. İnsan ali qüdrətli zərurət qarşısında, həqiqət qarşısında itaətə çağırılırdı. Bu situasiyada hər cür qürur və məğrurluq yersiz idi, Parmenidin varlıq intuisiyası insana hər cür hüdudlardan kənarda olan ilahidən asılılığı təlqin edirdi və eyni zamanda ona subyektiv özbaşınalıqdan, eləcə də hər cür təsadüf­lərdən müdafiə ediləcəyi hissini aşılayırdı.
Qeyd etmək lazımdır ki, hələ antik dövrdə Parmenidin Varlıq intiusiyası bir sıra filosoflar tərəfindən ciddi şəkildə tənqid edilirdi. Çünki onların əksəriyyəti insanın rolunun qiymətləndirilməsinin əley­hinə çıxırdılar. Parmenidə qarşı çıxış edən filosoflar içərisində Kiniklər, Sokrat və sofistlər xüsusi qeyd edilməlidir. Sofistlər (mə­sələn, Protaqor– miladdan əvvəl V– IV əsrlər) filosofluq aksentini var­­lığın aşkar edildiyi yer kimi varlıqdan insana keçirməyə cəhd edirdilər. Onlara görə insan bütün şeylərin ölçüsüdür və o, möv­cud­luğun statusunu müəyyən edir. İnsan varlığın ölçüsüdür, ona görə də həm həyatda, həm də fəlsəfədə onu mərkəzə qoymaq lazımdır. Sokrat da (miladdan əvvəl V əsr) Parmenidin varlıq təlimini qəbul etməmişdir. Çünki onun fikrincə, həmin təlim filosofların İlahi varlıq nümayəndəsi statusunu ifrat dərəcədə şişirdir və subyektiv əqlin, fikrin rolunu aşağı salır. Sokrat özü həqiqətin vasitəçilik rolunu qəbul etmir və həqiqət ilə əql arasında hədd qoyurdu ki, həmin hüdudda insan əqli öz normaları, məntiqi arqumentləşdirmə qaydaları ilə nəzərə çarpırdı. Əgər sofistlər, ümumiyyətlə, insan avtonomiyasını müdafiə edirdilərsə, Sokrat insan əqlinin avtonomiyasını irəli sürürdü. O, ali reallıq kimi varlığı deyil, ümu­məhə­miy­yətli şüuru, fərdiliyi elan edirdi.
Kiniklər (miladdan əvvəl V– IV əsrlər) adamlara ictimai hə­ya­tın norma və qaydalarını rədd edib, bütün işlərdə və fikirlərdə yalnız özlərinə arxalanmağı məsləhət görürdülər. Hissi şeylər arxasında həqiqi varlığın mövcudluğunu qəbul etməyən Kiniklər insanı tran­sendent olanla razılıq əsasında yaşamaqdan azad edirdilər. Bu isə xeyirxahlığa, həqiqətə, rifaha laqeydliyi doğururdu. Kinizm fəlsəfə­sinin əsasını qoyan Antisfen özü– qeyri qanuni– evlənmədən (bic) doğulmuş olduğundan patriarxal əlaqələrdən təcrid olunmuş və real həyatda arxasız tənha qalmış insan təcrübəsini ifadə edirdi. Kiniklər özlərini «dünya vətəndaşı» elan edərək Vətən anlayışı və hisslərini rədd edirdilər. (bu anlayış isə əslində doğmalıq və yaxınlıq ruhu aşılamaqla yanaşı, ruhda dayaq olur, dünyada tək olmadığını hər bir kəsə hiss etdirir).
Təsadüfi deyildir ki, «Kosmopolit» termini onların kəşfi ol­muşdur. Kiniklərin digər nümayəndəsi Diogen insan mövcud­luğu­nun dayaqsızlığını sübut edərək öz həyat tərzini yunan üçün lənət kimi qəbul edilən formada qurmuşdu. «İcmasız, evsiz, vətənsiz» adlı bu həyat tərzi Diogenin adı ilə tarixə düşmüşdür.
Klassik yunan fəlsəfəsindən sonra həm xristian, həm də son­rakı Avropa fəlsəfəsində də varlıq probleminə müxtəlif baxışlar möv­cud olmuşdur. XX əsrin ən görkəmli filosoflarından biri olan M.Haydegger həyatının 40 ilini varlıq probleminin tədqiqinə həsr etmişdir. O, qeyd etmişdir ki, varlıq məsələsi və onun Parmenid tə­rə­findən həlli Qərb dünyasının taleyini qabaqcadan həll etmişdir ki, bu da antik filosofun poetik fikirlərində öz əksini tapmışdır. Ma­raq­lı­dır, görəsən bu fikirləri söyləyən M.Haydegger nəyi nəzərdə tu­turdu?
O, görünən dünyanın arxasında gözəl rifahın, işığın, xeyir­xah­lığın harmonik şəkildə bərqərar olduğu görünməz dünyanın möv­cudluğunu təsəvvürlərdə canlandırmağa çalışırdı.
Qərb dünyası bu təsəvvürləri qəbul etdi və transendent həqiqi varlıq ideyasının inkişafını davam etdirdi. Ancaq həqiqi varlıq möv­cuddursa, o zaman real– həyati varlıq özlüyündə həqiqiliyə malik­dir. Ona görə də Avropa aləmi uzun əsrlər ərzində digər varlığa fikirlə çatmaq üçün üsullar işləyib hazırladı. Onu öyrəndi, onun hissi obrazlar və təsəvvürlər olmayan kainatda (məkanda) işləmək qabiliyyətini inkişaf etdirdi. Avropa mədəniyyəti fikrin həmin qabiliyyətini təsəvvüredilməz yüksəkliklərə qaldırdı. Digər tərəfdən, əgər həqiqi varlıq mövcuddursa, deməli həyatda (yerdəki) varlıq qeyri– həqiqidir. Onun düzəldilməyə, təkmilləşdirilməyə ehtiyacı var. Yalnız təkmilləşdirmə sayəsində həmin varlıq həqiqi, mükəm­məl varlığa yaxınlaşa bilər. Təsadüfi deyildir ki, Qərb tarixində zən­gin olan müxtəlif sosial utopiyalar həqiqi varlığın görünməz, spe­sifik istiqamətlənmələrindən başqa bir şey deyildir.
Qərb adamlarının real dünyada yalan üzərində qələbə çalmaq arzusu tarixən iki yolla reallaşdırılmışdır. Birincisi, yerdəki dünyaya praktiki fəaliyyət təsiri ilə onun yenidən qurulmasına istiqa­mət­lənmişdir. Fəaliyyət xarici– predmet istiqaməti daşımışdır, dində mərasimlər, dövlət quruculuğu, iqtisadi həyat üsulu və s. Bu yol qiyam və inqilabdır ki, qeyri– həqiqinin dağıdılmasına xidmət edir. Onun xarabalıqları üzərində qurulan dünya həqiqi dünya, ümumi bərabərlik, azadlıq, qardaşlıq dünyasıdır. Antik dövrdə həmin yolu kiniklər müdafiə edirdilər. Onlar özlərini varlığın mövcud norma və dəyərlərinə qarşı qoyurdular. Həmin dəyərlərə onlara yad olan şeylər kimi baxırdılar. Elə buradan da onların davranışlarının qər­i­bəlik­ləri meydana çıxırdı. Məsələn, normal adamlar evlərdə yaşa­dığı halda, Diogen çəlləkdə yaşayırdı, ayaqyalın gəzir, elə bil adam­ların acığına yuyunmurdu. Gözəl, qiymətli şeylərə və predmetlərə pis baxan kiniklər onları dağıtmağa çalışırdılar. Qiymətli xalçalar üzərində çirkli ayaqları ilə gəzir, billur əşyaları qırır, itlər üçün nəzərdə tutulmuş qab– qacaqda yeməyə üstünlük verirdilər. Onlar kiniklərə oxşamaq istəyən nihilistləri qızışdıran əməl, hərəkət filo­sofları idi. Əslində nihilistlər xaricən onlara bənzəməyə çalışsalar da, əməl və hərəkətlərinin məna və məzmununu anlamırdılar (rus ədəbiyyəatında mıxlar üzərində yatan Raxmatov sayağı).
İkinci yol, xarici aləmin dəyişdirilməsi deyil, özünün ruhi– mənəvi daxili təcrübəsinin dəyişdirilməsi yoludur. Varlığın qeyri– həqiqiliyi problemi qalsa da o, xarici aləmdən daxili aləmə keçirilir. Bu yolu tutan insanlar dövlət quruluşunu, cəmiyyətin iqtisadi hə­yatını deyil, özlərini dəyişməyə cəhd edirlər. Xristianlıqda bu yol müqəddəs monarxlar tərəfindən işlənmiş, müqəddəslərin həyat tər­zində təsvir olunmuş, Sergey Rodonojkinin və digər ağsaqqalların əməllərində nümayiş etdirilmişdir. Təsadüfi deyildir ki, bir sıra Av­ropa ölkələrində, eləcə də 1917– ci il inqilabı ərəfəsində rus mütə­fəkkirləri, ziyalılar və xalq qeyri– həqiqi varlıqla mübarizədə ikinci yolu tutmağa çalışırdılar.
Deməli, birincisi, Parmenid subyektiv fantaziyaya arxala­na­raq varlıq problemini uydurmamış, kəşf etməmişdir. Həmin prob­lem real– həyati (ekzistensial) köklərə malik olmuşdur və cəmiyyətin müəyyən sorğu və tələblərini əks etdirmişdir. Parmenid yalnız hə­min problemi fəlsəfi dillə formulə etmiş və fəlsəfi metod və üsullarla onun həllini tapmağa çalışmışdır. İkincisi, Varlıq haqqında sual və ona filosoflar tərəfindən verilən cavab müəyyən dərəcədə Qərb düy­nasının dünyagörüşünü və dəyərlər mexanizmini qabaqcadan müəy­yənləşdirmişdir. Üçüncüsü, Parmenidin təsəvvür etdiyi Varlığı (Müt­ləq Rifah, Xeyirxahlıq və s.) xristian allahı ilə eyniləşdirmək olmaz. Parmenid şəxsi allahı tanımır və ona şəxsi münasibəti bilmir. Var­lıq– şəxssiz transendent reallıqdır. O, mütləqdir. Həmin mütləqə antik dövrün yunanı «Sən» şəxs əvəzliyinin köməyi ilə müraciət edə bilməzdi. Antik dövrün yunanı Parmenid varlığı ilə ünsiyyətə girməyə çalışmır. Onun üçün kifayətdir ki, mütləq fikir olan varlıq insanın mövcudluğunun qarantıdır. Dördüncüsü, Parmenid tərəfin­dən varlıq probleminin həlli metafizika təlimi, daha dəqiq desək, nə insandan, nə də bəşəriyyətdən asılı olmayan, təkcə maddi deyil, mə­nəvi varlıq haqqında insanların danışmasına, təbii mahiy­yətlə­rinin, nəhayət, bütün canlıların son ideal səbəblərini axtarmağa imkanlar açmışdır. Mütləq ruh, Allah, ruhi mahiyyətlər və monada­lar haq­qında təlim Qərb dünyasının bir sıra mütəfəkkirlərinin çoxsaylı əsər­lərinin məzmununu təşkil etmişdir. Və həmin təlimi bir sıra alimlər metafizik təlimlər sırasına daxil etməyi məsləhət görmüşlər.
Yeni dövrdə varlıq probleminə münasibət xeyli dəyişdi. Mə­sələn, fransız mütəfəkkiri Rene Dekart varlığın dualist traktov­kası­nın əsasını qoymuşdur. Mövcud olan hər nə varsa, onların hamısın­dan əvvəl, həqiqiliyi düşünən «Mən»i görür, onun öz fəaliyyətini dərk etməsinə əsaslanırdı. Ona görə də allah ideya və materiyan sonra üçüncü substansiyadır. Dekartın fikrincə, insan öz qəlbində əbədi və hərtərəfli kamilliyin ideyasını– yəni allahın varlığını özü yaratmışdır. Eyni zamanda Dekart özünün metafizik sistemində iki müstəqil substansiya– maddi və ruhi substansiyalar olmasını qəbul edirdi substansiya dedikdə o, «digər şeyin mövcudluğundan asılı olmayaraq mövcud olan şeyi» başa düşürdü. Ona görə də buradan belə nəticə çıxır ki, o, təbiətin materiyanın birinci olduğunu, onun ruhdan, şüurdan törəmədiyini qəbul edir. O, eyni zamanda belə qəbul edir ki, ruh da şüur da birincidir, təbiətdən materiyadan tö­rəmə deyildir. Həm də o, belə fərz edir ki, maddi substansiyanın atributu (ayrılmaz xassəsi) ölçüdür, ruhi substansiyanın atributu isə təfəkkürdür. Varlığın mahiyyətini subyektiv idealizm mövqelərin­dən izah edən filosoflardan biri ingilis filosofu corc Berkli (1685– 1753) olmuşdur. Berkliyə görə, şeylər təbiət hadisələri, yalnız duyğular toplantısından ibarətdir. («ideya kolleksiyalarıdır»), çünki anlayışlarla yanaşı olaraq duyğuları o, «ideya» adlandırırdı. O, duyğuları və qavrayışları mütləqləşdirir, bunları obyektiv aləmdən ayırırdı. Onun fikrincə, yalnız O subyekt mövcuddur, bütün dünya, o cümlədən də yerdə qalan bütün adamlar isə ancaq onun şəxsi, subyektiv duyğuları, qavrayışlarıdır.
Varlıq problemini dialektik materializm mövqeyindən şərh edənlər marksizm fəlsəfəsinin baniləri Karl Marks (1818– 1883) və Fridrix Engels (1820– 1895) olmuşdur.
Varlıq təlimini materialist mövqedən işləyib hazırlayan ingilis və fransız materialist filosoflarına əsaslanaraq, Marks və Engels Var­lıq anlayışını sonsuz məkan və zamanda mövcud olan, şüurdan asılı olmayan materiya kimi başa düşmüşlər. Varlığın əbədiliyini elan edən marksizm, eyni zamanda, konkret hadisə və şeylərin ya­ran­ması və sonu olmasını etiraf edir. Varlıq materiyasız mövcud de­yildir, onlar əbədidir və eyni zamanda mövcud olurlar. Qeyri– var­lıq varlığın yox olması deyil, onun bir formadan başqa formaya keç­məsidir. Marksizm baniləri öz sələflərindən fərqli olaraq varlığın bir neçə səviyyəsini qeyd etmişlər. Xüsusilə bunlara təbii varlıq və ictimai varlıq aid edilir. İctimai varlıq dedikdə adamların maddi və mənəvi fəaliyyətinin məcmuəsi, maddi həyatın özünün istehsalı başa düşülür.
Bütünlüklə XX əsr də daxil olmaqla sonrakı dövrdə varlıq prob­leminin traktovkasında praktiki olaraq prinsipial və yeni bir söz deyilməmişdir. Əslində filosoflar sələflərinin varlıq haqqında irə­li sürdükləri ümumi ideya və müddəaları konkretləşdirmiş, dər­in­ləşdirmiş və izah etmişlər. Nümunə üçün XX əsrin tanınmış filo­soflarından biri olan Martin Haydeggeri (1983-1976) göstərə bilərik.
Ekzistensialist filosof kimi Haydegger varlığın müxtəlif şərhi və xarakteristikasını vermişdir. Bunlarda ziddiyyətlər də çoxdur.
Alman mütəfəkkiri varlıq problemi ilə bütün ömrü boyu məş­ğul olmasına baxmayaraq, onda varlığın akademik tərifi olmamış, onun hansısa vacib cəhətinin təsviri və xarakteristikası verilmişdir. Bu isə ekzistensialist baxışa tamamilə uyğun idi. Son nəticədə Hay­deg­ger bu fikrə gəlir ki, varlığı rasional olaraq dərk etmək müm­kündür.


Tarix: 09.12.2014 / 13:52 Müəllif: Aziza Baxılıb: 280 Bölmə: Fəlsəfə