beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Plato fəlsəfəsi və yeni platoçuluq

Plato (e.ə. 427-347) qədim Yunanıstanın ən böyük mütəfəkkirlərindən biri olmuşdur. O afinalı idi və siyasi baxışlarına görə afina demokratiyasının tərəfdarı kimi tanınmışdı. Onun müəllimi Sokrat olmuşdur. Daha sonra Plato, Siciliyada və Cənubi İtaliyada olarkən, pifaqorçuların dünyagörüşü ilə yaxından tanış olmuşdur. E.ə. 387 ildə, Afinaya qayıdandan sonra, Plato bu şəhərdə “Akademiya” adlanan öz məktəbini yaratmışdır. Onun bizim zamanımıza qədər bir sıra əsərləri və məktubları çatmışdır.

Öz fəlsəfəsində Plato, düşüncələrini insan, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir; formal deyil, həqiqi biliyin əldə edilməsinin tərəfdarı idi.

Plato hesab edirdi ki, yaşadığımız dünya həqiqi dünya deyil, çünki burada hər şey müvəqqəti və dəyişkəndir. Dünyada hər bir şeyin əsl mahiyyətini isə, “eydos” (ideyalar və ya növlər) adlanan, onların səbəbləri və yaxud formaları təşkil edir. Onlar duyğular vasitəsi ilə hiss edilmir. Deməli, bu dünyada hər bir şeyin ideyası vardır. Onlar hər şeyin səbəbidir. İdeyalar bir növ qəliblərə bənzəyir, çünki hər şey onların formasında mövcuddur. Duyğu aləmində şeylər ideyalara doğru yönəlir, onlara can atır.

Lakin, Platoya görə düyğularla dərk edilən şeylərin izah edilməsi üçün, təkcə ideyalar aləminin mövcudluğu kifayət etmir. Onlar müvəqqəti və keçici olduğu üçün, onlara təkcə “varlıq” deyil, eyni zamanda “yoxluq” anlayışını tətbiq etmək lazımdır. Bu “yoxluq” – materiyadır. Materiyada ideyalar təcəssüm olunur. Varlıq əslində cisimsiz ideyalardır. Bu dünya ideyalar aləmi ilə (“varlıqla”), materiya (“yoxluq”) arasında olan bir şeydir. Bir tərəfdən onun mövcudluğu ideyalar aləminə; digər tərəfdən, dünyanın müvəqqəti və keçici olması, onun materiyaya aid olmasından xəbər verir.

Platonun fəlsəfəsində ideyalar aləmi çox pilləlidir və piramidaya bənzəyir. Bu piramidanın başında “xeyrin” ideyası durur. Bütün başqa ideyalar ondan öz varlığını və mahiyyətini alır. Hər şeyin məqsədi “xeyrin” ideyasında cəmlənir.

İdeyalar əbədidir. Onlar heç kim tərəfindən yaradılmayıb və ölməzdirlər. Eyni zamanda, ideyalar zaman və məkandan asılı deyillər, dəyişkənliyə məruz qalmırlar. Materiyaya aid olan duyğular aləmi isə, əksinə, zaman və məkandan asılı olaraq, müvəqqətidir. Orada olan hər bir şey məhvə məhkumdur.

Hər bir insanda həm materiya, həm də ideal aləmin əlamətləri vardır. Onun bədəni materiyadır və ölümə məhkumdur; ruhu isə, idealdır və əbədidir. Plato hesab edirdi ki, ruh iki hissədən ibarətdir. Onun yüksək hissəsi, insan mənəviyyatını təşkil edərək, ideyalar aləminə yönəlir. Alçaq hissəsi isə, materiyaya (duyğu aləminə) bağlıdır.

Plato ruhların köçməsinə inanırdı. O hesab edirdi ki, öz əməllərinə müvafiq olaraq, hər bir ruh, bədənin ölümündən sonra, başqa bədənlərdə yenidən dünyaya gəlir. Yalnız kamillik dərəcəsinə çatan ruhlar əbədi olaraq bu dünyanı tərk edirlər və ideyalar aləminə qovuşurlar. Beləliklə bədən ruhun zindanıdır və o, bu zindandan azad olmağa çalışır. Buna nail olmaq üçün, ruh təmizlənib, dünyaya bağlılıq hissindən əl çəkib, ən yüksək məqsəd olan “xeyrə” yönəlməlidir.

Plato, Seneka və Aristotel. Orta əsr əlyazmasından səhifə

Ruhların köçməsinə inanan Plato, onların bədənlərə girməsindən öncə möv-cud olmasına da inanırdı. Buna görə də, insan idrakı, əslində onun ruhunun ideal aləmi yada salmasıdır. Orada ruh, bütün ideyaları ən kamil və gözəl formada görmüşdü. Duyğular aləmində də ruh, şeylərin əsl mahiyyətini dərk etməyə çalışaraq, onların ideal obrazlarını bir növ yada salır.

İdeyalar insan tərəfindən intuisiya vasitəsi ilə dərk edilir. Bu biliklər – həqiqi biliklərdir. Düyğular aləminin şeyləri isə, yalnız şəxsi rəylərdə əks olunur. Onlar həqiqi bilik deyil.

Platonun fəlsəfəsində dövlət və cəmiyyət problemlərinə də əhəmiyyətli yer verilmişdir. Onun dövlət haqqında fikirləri insan və ruh haqqında təliminin məntiqi davamı olmuşdur. Plato hesab edirdi ki, insanların əksəriyyəti fərdi şəkildə kamillik səviyyəsinə çata bilməzlər. Buna görə də, dövlətə və qanunlara ehtiyac vardır. Lakin yüksək idealları həyata keçirmək üçün, dövlət ideal olmalıdır. Bu ideala nail olmaq üçün isə, idarəçilik və qanunlar müəyyən tələblərə cavab verməlidirlər.

Burada Plato insanları üç təbəqəyə bölmüşdür. Birinci təbəqəni ağıllı insanlar təşkil edir. Onların yüksək əqli keyfiyyətləri vardır. Məhz bu adamlar ideyaların ahəngini, gözəlliyini dərk edib, “xeyrə” tərəf yönəlirlər. Onlar ədalət tərəfdarları olub, dünya malına bağlı deyillər. Bu insanlar sözün əsl mənasında müdriklərdir (filosoflardır) və onlar dövləti idarə etməlidir.
İkinci təbəqəni emosional insanlar təşkil edir. Onlarda emosiyalar (affektlər) və ehtiraslar, başqa hissləri üstələyir və onların mühitindən qəhramanlar və igidlər çıxır. Bu adamlar dövlətin keşiyində durub əsgərlik xidmətlərini çəkməlidirlər.

Üçüncü təbəqəni isə, dünyaya bağlı olan, ruhları şəhvətə meyl edən adamlar təşkil edir. Onlar fiziki əməklə məşğul olmalı və dövlətin rifahını təmin etməlidirlər.

Yeni platoçuluq
Yeni platoçuluq antik dünyanın sonuncu fəlsəfəsi və mistik məktəbi olmuşdu. Onun yaranması və inkişafı bizim eramızın III əsrinə təsadüf edilir. Bu dövr, eyni zamanda, xristian ilahiyyatının yaranması dövrü idi. Bu iki dünyagörüşü bir-biri ilə ideoloji mübarizə aparırdılar.

Yeni platoçuluğun yaranması və inkişafı, Roma imperiyasını bürümüş siyasi-iqtisadi və mənəvi böhran dövrünə təsadüf edilir. İmperiya öz süqutuna doğru irəlilədikcə cəmiyyətdə gələcəyə inamsızlıq, mənəvi boşluq, istibdada qarşı etiraz hissləri dərinləşirdi.

Bu şəraitdə müxtəlif dini-fəlsəfi və mistik təlimlərin cəmiyyətdə yayılması labüd idi. Bütün imperiya boyu mövhumatlar, falçılıq və cadugərliyin müxtəlif formaları sürətlə yayılırdı. Bununla yanaşı, yalan, şarlatanlıq, fırıldaqçılıq da yayılmışdı. Digər tərəfdən, Roma tərəfindən istila olunmuş ölkələrin və xalqların müxtəlif mistik və dini təlimləri də sürətlə yayılırdı. Burada misir tanrısı Osiris və Frigiya tanrısı Attis kimi ölən və dirilən tanrıların, Mitra adlı şərə qarşı mübarizə aparan İran mənşəli tanrının kultları yayılmışdı.

Qədim yunan və roma dini inancları dərin böhran içində idilər. Onların cəmiyyətə təsiri tədricən zəifləyirdi. Bəzi inanclar Şərqdə yayılmış inanclarla qarışıq şəkildə təzahür edirdi. Bu Orfeus (Orpheus) və Hermes adlı tanrıların ardıcıllarında öz əksini tapmışdı.

Ənənəvi dini görüşlərin böhranı, rəsmi dövlət başçılarının kultunu da yaratmışdı. İmperatorların, Senatın şərəfinə məbədlər, heykəllər qoyulurdu. Bundan əlavə romalılar müxtəlif “kiçik” tanrılara və ruhlara inanırdı.

Yeni platoçuluq fəlsəfəsi bu cür mürəkkəb sosial-siyasi böhran şəraitində meydana gəlmişdi. İdealist və mistik təlim olduğuna görə o tədricən materialistsayağı təlimləri ortadan çıxarırdı. O şəraitdə bu proses qaçılmaz idi. Lakin, eyni zamanda, yeni platoçuluq qədim yunan və roma fəlsəfəsinin müddəalarını özündə əks etdirmişdi, onların qoruyucusuna çevrilmişdi. Xristianlıqdan fərqli olaraq, yeni platoçuluq daha da çox hakim dairələrin, ziyalıların arasında yayılmışdı. Xristianlığa qarşı çıxış edən Romanın hakim dairələri çox vaxt məhz yeni platoçuluq ideyalarına arxalanıb, onları Xristianlığa alternativ bir dünyagörüşü kimi qələmə verirdilər. Məsələn, bu cür addımı imperator Yulianus (361-363) atmışdı. O, Xristianlığın hakim dinə çevrilməsinə baxmayaraq, köhnə inancları bərpa etməyə, onların Xristianlıqla bərabər imperiyada yayılmasına cəhdlər etmişdi. Lakin, onun ölümündən sonra, Xristianlıq yenidən öz mövqeyini möhkəmləndirmiş və antik dünyanın sonuncu dünyagörüşü təlimi olan yeni platoçuluğu ortadan çıxarmışdı. Bundan sonra antik dövr sona çatmış və orta əsrlər dövrünə qədəm qoyulmuşdu; Aralıq dənizi hövzəsi ətrafında olan ərazilərdə xristian dininin və fəlsəfəsinin hökmranlıq dövrü başlanmışdı. Sonuncu yeni platoçuların məktəbi Afinada yerləşirdi. VI əsrdə imperator Yustinianos onun bağlanması haqqında əmr vermişdi.

Yeni platoçuluğun üç tarixi məktəbi olmuşdur. Birincisi, İsgəndəriyyə-Roma məktəbidir. Onun ən görkəmli nümayəndəsi Ammonius Sakkas olmuşdu. Plotinus da bu məktəbə aid idi (III əsr). İkinci məktəb Suriya məktəbi idi. Onun ən məşhur təmsilçisi Yamblikos olmuşdu(IV əsr). Üçüncü məktəb isə, Afina məktəbi idi. Onun tanınmış nümayəndəsi Proklus olmuşdu (V əsr).

Ammonius Sakkas
Yeni platoçuluğun yaradıcısı İsgəndəriyyəli Ammonius Sakkas (175-242) hesab olunur (b.e.ə. 175-242 illər). O xristian ailəsində tərbiyə almışdı. Lakin sonra o, Xristianlığın əleyhinə çıxış edib, yeni platoçuluğun əsasını qoymuşdu. Lakin ondan heç bir yazılı ədəbiyyatın qalmadığından, onun fəlsəfi fikirlərini bərpa etmək çox çətindir. Məlumdur ki, onun bədən və ruh haqqında dualist fikirləri var idi. Ammoniusun fikrincə, bədəndə cisimsiz ruh vardır. Və bu ruh bədənin təbiətindən fərqlidir, maddə deyildir. O yuxuda və ya düşünən zaman (ayıq olan vaxtı) insanın bədənindən müvəqqəti ayrıla bilər. Ammoniusun bir sıra tanınmış tələbələri olmuşdu. Onların arasında Plotinus və Origenus olmuşdular.

Plotinus
Yeni platoçuluğun nəzəri əsasları isə Plotinus (ikinci Plato) (204–270) tərəfindən yaradılmışdır. Deyildiyi kimi, o, Ammonius Sakkasın tələbəsi olmuşdu. Plotinus Misirdə anadan olmuşdu və cavanlığını o zamanın mədəni mərkəzi olan İsgəndəriyyədə keçirmişdi. Burada o, A. Sakkasdan dərs almışdı. Təxminən 40 yaşında Plotinus Romaya köçdü. O vaxtlar Roma imperiyasını dərin siyasi-ictimai böhran bürümüşdü. Fars və hind dünyagörüşü ilə yaxından tanış olmaq istəyən Plotinus, imperator III Qordianusun (Gordianus) İrana qarşı hərbi yürüşündə iştirak etmişdi. Lakin, o yürüş roma ordusunun məğlubiyyəti ilə başa çatmışdı. Plotinus isə yalnız təsadüf nəticəsində sağ qalmışdı.

Romaya qayıdandan sonra, Plotinus, 244-cü ildən sonra, orada məktəb yaratmışdır və 25 ilə yaxın müddət ərzində ona başçılıq etmişdi. Bu məktəbdə müxtəlif ictimai təbəqələrin və millətlərin nümayəndələri təhsil alırdılar.

Əvvəlcə Plotinus öz təlimini yalnız şifahi tədris edirdi. Yaşa dolandan sonra o, öz fikirlərini yazmağa başlamışdır. Plotinusun tələbəsi Porfirios isə onun əsərlərini yığmış, redaktə etmiş və altı fəsilə bölmüşdür. Bu fəsillər isə, öz növbəsində,doqquz hissədən ibarətdir. Buna görə də əsər «Ennadalar» (Enneadis) adlanır.

Plotinus bütün varlığı vahid şəkildə görürdü, yəni onun dünyagörüşünün əsasını monizm təşkil edirdi. Plotinusun Vahidi — tanrıdır. Məsələyə bu cür yanaşılırsa, onda dünyada olan çoxluq və müxtəlifliyi izah etmək lazımdır. Yəni, əgər bütün varlıq Vahidin törəməsidirsə və onunla vəhdət təşkil edirsə, onda bu Vahid qalan varlıqlarla eyniləşməli, bərabərləşməli, qarışmalı, yoxsa öz fərdiliyini saxlamalıdır?

Bu suala cavab verən Plotinus, Vahidi fərdiləşdirir və hər şeydən ayırıb, onların üstündə qoyur. Lakin, bu halda Vahid dərk olunmaz, duyulmaz, görünməz olur. Onun hətta mövcud olması sual altına qoyulur. Bu da Plotinusun fikrincə təbiidir, çünki Vahidin mövcud olması iddiası, onu müəyyən çərçivəyə salmaq, zaman və məkanda təsəvvür edilməsi deməkdir. Beləliklə Vahiddən hər şey törənir, lakin o özü hansısa forma, sərhəd anlayışlarına sığmır, hər cür mövcudiyyətdən və təfəkkürdən daha üstündür, dərk olunmazdır. Plotinus, eyni zamanda, Vahidi xüsusilə günəşin, işığın, istinin, xeyrin mənbəyi hesab edir.

Hər bir anlayışdan uca olan Vahiddən hər bir şey törənir, doğulur. Monoteizmdə olan Tanrıdan fərqli olaraq, Vahid heç bir istəyə, iradəyə malik deyil. Dünyanın doğuşu (törəməsi) prosesi obyektiv bir hadisədir, kiminsə iradəsindən asılı deyil. Bu törəmə (doğuş) emanasiya (axma, tökülmə) adlandırılır. Emanasiyanı Plotinus Vahiddən ayrılan ışıq (nur) şəklində təsəvvür edir. İşıq, mənbəyinə yaxın olduqca parlaq olur, ondan ayrıldıqca isə tədricən sönür və qaranlığa keçir. Vahiddən törənən çoxluq heç də onun azalmasına və ya kiçilməsinə gətirmir. O olduğu kimi, bir ideal olaraq qalır.

Emanasiya nəticəsində Vahiddən daha iki substansiya (hipostasis) yaranır. Birincisi Əqldir (Nus). Vahiddən fərqli olaraq o, artıq mövcuddur, varlıqdır. O özünü dərk edir. Plotinusun Əqli Platonun ideyalar aləminə bənzəyir. O bütün ideyaların cəmidir.

İkinci substansiya isə Ruhdur. Vahiddən ayrılan nur, bütövlükdə Əql tərəfindən mənimsənmir. O hərəkətini davam edir və bunun nəticəsində Ruh yaranır. Eyni zamanda onu Əql doğur. Ruh hər şeyin yaradıcısıdır. O bütün canlıları, onlara həyat üfürərək, yaradıb. Ondan günəş, göy və başqa kosmik cisimlər yaranmışdır. Eyni zamanda, ruh hər şeyi hərəkətə gətirir (yəni, o hərəkətverici qüvvədir).

Ruh iki tərkib hissədən ibarətdir. Birincisi səmavidir, Əqlə yaxındır və fenomenal aləmlə əlaqəsi yoxdur. İkincisi isə dünyəvidir, material aləmlə əlaqəlidir və təbiətin bütün proseslərini həyata gətirir.

Beləliklə Ruh, səmavi, ali qüvvələrlə dünyəvi qüvvələrin əlaqələndiricisidir. Ruhda ideyalar əks olunur. Plotinusun təlimində yuxarıda göstərilən üç substansiya (Vahid, Əql və Ruh) hipostasis (hypostaseis) adlanır və yunan tanrılarına bənzədilir: Vahid — Urana, Əql — Kosmosa, Ruh — Zevsə. Əqldə yaşayan ideyalar da ilahiləşdirilir.

Təbiətə gəldikdə, onun ən kamil tərəfi, Ruhun aşağı təbəqəsidir. Əqldə cəmləşən ideyalar bu təbəqədə konkret şeylərdə təzahür olunur. Əslində isə şeylər ideyaların əks olunmasıdır. Fenomenal aləmdə Ruh, hissəciklərə bölünür və hər şeyin əsasını, canını təşkil edir. Beləliklə, hər şeyin ruhu vardır: planetlərin, yerin. Yerin ruhundan bitkilərin, heyvanların ruhları yaranır. İnsan ruhunun aşağı, qaranlıq hissələri də ondan yaranır. Bu hissələr vasitəsi ilə, insanlar dünyaya bağlı olurlar, ağırlaşırlar.

Bir sözlə təbiətin ən yaxşı cəhətləri dünya Ruhunun qaranlıq, dünyəvi hissəsidir. Onun ən alçaq, pis hissələri isə materiyadan yaranır. Materiya isə Plotinus fəlsəfəsində yoxluqdur. Lakin materiya mütləq yoxluq deyil, sadəcə var olan şeydən fərqli bir şeydir. Materiya əbədidir, lakin Vahidlə birlikdə mövcud olan ikinci ilk substansiya deyil. Buna görə də Plotinusun materiya haqqında fikirləri ziddiyyətlidir. Bir tərəfdən o, vahiddən törənir, digər tərəfdən isə, materiyanın əksidir, ona qarşı yönəlib. Eyni zamanda, materiya Vahiddən ayrılan nurun sönməsinin nəticəsidir. Deməli materiya zülmətdir (qaranlıqdır) və şərlə eyniləşir. Vahid isə xeyirlə.

Yuxarıda qeyd edildiyi kimi, Plotinusun fəlsəfəsində, Vahid enərək çoxluğa səbəb olur. Lakin çoxluq da Vahidə tərəf yönəlir, onunla qovuşmağa can atır.

Bu cür can atma insanda daha da çox təzahür olunur. İnsan ruhu dünya Ruhunun hissəciyidir. Lakin onun yüksək və alçaq hissəsi vardır. Adi adamlarda ruhun alçaq hissəsi üstünlük təşkil edir və onlar həddən artıq şərin təcəssümü olan materiyaya bağlanırlar. Lakin hər bir insan özündə ruhun yüksək hissələrini ucalda bilər. Bu isə ekstazda mümkündür. Ekstazda ruh, artıq bədənlə özünü eyniləşdirmir və ondan müstəqil şəkildə mövcuddur. O Vahidə (tanrıya) can atır və onunla qovuşur, onda əriyir. Ekstaza çatmaq üçün mənəvi həyatla yaşamaq lazımdır. Plotinus ruhların köçməsinə inanırdı.

Porfirios (Porphyrios)
Plotinusun tələbələrindən ən tanınmışı, əsli Tir şəhərindən olan suriyalı Porfirios (233-301) olmuşdu. Onun əsl adı Melx idi.

Porfirios Plotinusun əsərlərini bir kitaba yığıb, onları redaktə etmişdi. Bundan əlavə o, yetmişdən çox fəlsəfi əsər müəllifi olub. Lakin onların çoxu bizim zamanəmizə gəlib çatmamışdır.

Hal-hazırda onun əsərlərindən ən məşhuru «Isagoge in Aristotelis Categorias Cominentarium» (Aristotelin kateqoriyalarına giriş və şərhlər) kitabıdır. Bu kitabda Porfirios məntiq problemlərinə toxunur.

Porfirios yazırdı ki, hər bir şey bu şeyin müəyyən növünə aiddir. Növlər isə ona yaxın olan növlərlə cinsləri təşkil edir. Lakin növlər arasında fərqlər vardır. Buna görə hər bir şeyi cins, növ və növ fərqi xarakterizə edir. Eyni zamanda, hər bir şeyin mütləq ona məxsus, keçici və təsadüfi olan əlamətləri vardır.

Bundan sonra Porfirios ümumi şeylərin necə mövcud olmasının sualını qoyur. Yəni növlər və cinslər, fərdlərdən fərqli olaraq, varlıqlardır, yaxud onlar yalnız əqlin məhsuludur? Əgər ümumi şeylər əqldən kənar mövcuddursa, onda onların təbiəti nədir? Ruhdur, yoxsa materiyadır? Onlar fərdlərin bədənlərində yaşayırlar, yoxsa onlardan fərqli varlığa malikdirlər? Beləliklə orta əsrlərdə mübahisələrə səbəb olan universaliyaların (ümumi anlayışların) obyektiv varlıq olub-olmaması problemini ilk dəfə Porfirios səsləndirmişdir.

Porfiriosun ikinci məşhur əsəri «Sentenze sugli intellegibili» (Sentensiyalar) adlanır. Bu əsərdə Porfirios xeyrin növləri məsələsinə daha ətraflı baxır. Onlar ruhun kamilliyə çatması üçün pillələrdir. Birinci siyasi xeyirlərdir. Onlar affektlərin qabağının alınması üçün lazımdır. İkincisi katartik xeyirlərdir, yəni bütün dünyaya bağlılıqdan təmizlənib, yüksək ideallara doğru yönəlməkdir. Üçüncüsü ruhi xeyirlərdir. Onlar bu təmizlənməni pozitiv aspektlərlə təkmilləşdirir, ruhu ilk səbəbə yönəldir. Dördüncü isə mənəvi (yaxud əqli) xeyirdir. O, bütün xeyirlərin ilk obrazını (paradiqmasını) təşkil edir.

Porfirios Roma imperiyasında yayılan Xristianlığın əleyhinə şiddətli tənqidlərlə çıxış edirdi. Bu mövzuya o 15 cildli «Contra Christianos» (Xristianların əleyhinə) adlı əsərini yazmışdı. Bu kitabda Porfirios Əhdi-Ətiqi və Əhdi-Cədidi çox ciddi elmi tənqidə məruz qoymuşdu. O ilk dəfə sübut etmişdi ki, Tövratın müəllifi Musa ola bilməzdi. Daha sonra o «Daniel» kitabının Suriya çarı Antiox Epifanın dövründə (e.ə. 165-ci il) yazılmasına dair dəlillər irəli sürmüşdu. Porfirios İncillərdə olan ziddiyyətləri qabarıq şəkildə ortaya qoymuşdu və İsanın ilahiləşdirilməsinin əleyhinə çıxış edirdi.

Bu cür əsaslı elmi tənqid xristian xadimlərinin etirazları ilə qarşılaşırdı. Porfiriusun dəlillərini təkzib etmək üçün onlar çoxlu kitab yazmışdılar. Sonda «Contra Christianos» kitabı 448-ci ildə xristianlar tərəfindən tonqalda yandırılmışdı. Lakin bu əsərin bəzi hissələri, onun əleyhinə çıxış edən Kilsə xadimlərinin əsərlərində bizim zəmanəmizə qədər gəlib çatmışdır. Bundan əlavə kitabın bəzi fraqmentləri də mövcuddur.

Yamblikos
Yeni platoçuluğun suriya məktəbinin yaradıcısı Yamblikos (250-330) olmuşdur. O IV əsrdə yaşamışdır. Onun əsli Suriyanın Xalkida şəhərindən idi. Yamblikos Romada təhsil almış, sonra isə Suriyanın Apameya şəhərində fəlsəfədən dərs verirdi. O bir sıra kitabların müəllifi idi.

Yamblikos Plotinusun davamçısı olaraq, onun Vahid, Əql, Ruh üçlüyü haqqında monistik təlimini bir qədər fərqli şəkildə təsəvvür edirdi. Məsələn o, Vahidi ikiyə bölmüşdür. Birinci Vahid Plotinusda olduğu kimi hər bir varlıqdan daha ücadır. İkincisi isə özündən sonra gələn hər şeyin başlanğıcıdır. Burada Yamblikos, Vahidlə Əql və Vahidlə çoxluq arasında keçid mərhələsini ortalığa çıxarmışdı.

Bunu Yamblikos Əql anlayışına da aid edirdi. Yəni Əql də ikiyə bölünür. Birincisi hər bir var olan şeyin paradiqmasıdır (ilk obrazıdır). İkincisi isə ideyaların toplusudur. Hər şeyin paradiqması olan birinci Əqlin tərkibi vahid deyil, ata(varlıq) - potensiya (varlığın mümkünlüyü) - əqlin özü (varlığın həqiqiliyi kimi, onun mümkünlüyünün düşünülməsi) üçlüyündən ibarətdir. Bu üçlüyün hər bir üzvü, ayrıca varlıqlardır və onlar tanrılardır. Bu cür bölgünü Yamblikos ikinci Əqlə, sonra Ruha və onun hissələrinə aid edir. Beləliklə dünyanın üstündə duran Vahidə, Əqlə və Ruha aid tanrılar panteonu yaradılır. Onların ardınca dünyanın içində olan tanrılar gəlir. Onlar isə öz növbəsində 12 səmavi (göy) tanrıya bölünür. Bu tanrılar da 36, onlar isə 360 tanrıya bölünür.

Bu bölgü çox güman ki, hansısa daha qədim dini inanclar, magiya və astroloqiya əsasında aparılıb. Yamblikosa görə, insan və heyvan ruhlarının təbiəti fərqlənir. İnsan ruhu əqllə dərk edilən təbiətlə əlaqəlidir. Bu keyfiyyət heyvanlara aid edilə bilməz.

Yamblikos, Porfirios kimi, teurgiya ilə məşğul olurdu. Onun tanrılara ibadət edən zamanı, yer üzərində qalxması, işığ saçması haqqında əfsanələr gəzirdi.

Göründüyü kimi, Yamblikos, tənəzzülə uğrayan, Xristianlıqla artıq rəqabət aparmaq iqtidarında olmayan politeizmin dirçəldilməsi üçün, əlindən gələni edirdi. Bu yolda o, qədim yunan-roma fəlsəfəsini daha da mifləşdirirdi.

Yamblikosun bir çox ardıcılları vardır. Onlardan ən məşhuru imperator Yulianus (Julianus) olmuşdur. Onun taxta qalxması zamanı Xristianlıq artıq Romada aparıcı ideologiyaya çevrilmişdi. Yulianus isə, öz qısa hakimiyyəti dövründə (361-363), bütpərəstliyə Xristianlıqla bərabər dövlət dini statusu vermək istəyirdi. Lakin onun İrana qarşı müharibədə həlak olmasından sonra, Xristianlıq yenidən dövlət dininə çevrildi və bu proses artıq geriyə dönməz oldu. Bütpərəstlik artıq öz məhvinə doğru gedirdi.

Proklus
Yeni platoçuluğun Afina məktəbinin ən məşhur nümayəndəsi Proklus idi (410-485). O bir çox kitab müəllifi olmuşdu və bu kitablrın bir çoxu bizim zamanımıza qədər gəlib çatmışdır. Bunların arasında Platonun «Timaeus» (Timeus), «Parmenides», «Alcibiades» (Alkibiades), «Cratylus» (Kratilus) əsərlərinə edilən şərhlər, “Şərlərin mahiyyəti haqqında” kimi kitablar vardır.

Digər neoplatoçular kimi, Proklus da dünyanı Vahidin (tanrının) emanasiyası kimi təsəvvür edirdi. O, emanasiyanı triadik (üç mərhələli) inkişafda görürdü. Lakin bu inkişaf əslində tənəzzül idi, çünki o, əks istiqamətdə gedirdi: kamildən naqisə, işıqdan zülmətə. Triadik hərəkətin birinci mərhələsi Vahiddə yerləşmədir. Yəni törənən şeyin törədəndə olmasıdır (mone). İkinci mərhələ onun çıxmasıdır (proodos). Üçüncü mərhələ isə törənənin törədiciyə qayıtmasıdır (epistrofe).

Ümumiyyətlə üçlük ideyasını (triadanı) Proklus varlığın bütün aspektlərinə aid edir. Varlıq Vahid, Əql və Ruh üçlüyündən ibarətdir. Vahidi Proklus ilahiləşdirir. O hər şeyin əvvəlidir, hər şeydən ucadır. O dərk edilməz və sözlə ifadə edilməzdir.

Vahiddən emanasiya (axma) nəticəsində çoxluq yaranır. Bu “hennada” adlanan vahidlərdir. Onlar tanrılar kimi təsəvvür edilir və ideal aləmdə olan ilk çoxluğun mərhələsini təşkil edir. Lakin Vahid və ondan törənən “hennadalar” varlığın üstündə durur. Proklusun ikinci üçlüyü olan Əql də üçə bölünür. Əvvəlcə o özü-özündə mövcuddur. Bu düşünülən əqldir (noetoy). Sonra əql özü-özündən çıxıb, özü-özünü düşünür. Bu düşünən əqldir (noeroy). Nəhayət, əqlin özü-özünə, noeroyun noetoya qayıdışı baş verir və sintez alınır. Bu mərhələdə daha sonra yeni üçlüklər yaranır. Onlar üçlüklərdən ibarət halqaları təşkil edir. Bu halqalar hebdomada (yeddiliklər) adlanır. Əqlin bu üçlüyü (triadası) yunan tanrıları Kronos, Zevs və Reya ilə eyniləşir. Hebdomadada olan üçlüklərin hər bir üzvü də bir tanrı ilə eyniləşir. Noetoy və noeroy da onlara tabe olan tanrılaşmış üçlüklərə bölünür.

Ruha da Proklus üçlük prinsipi nöqteyi-nəzərindən baxırdı. Deməli dünya triadasının üçüncü tərkib hissəsi olan Ruh, öz növbəsində İlahi, şeytani və insani üçlüyünə bölünür. Onların hər birində də öz bölgüsü var.

Bu dünya və materiya Proklusun fəlsəfəsində qaranlıqla (zülmətlə) eyniləşir. Onlar işığın (nurun) yoxluğudur. Lakin Plotinusdan fərqli olaraq, Proklus materiyanı şər kimi təsəvvür etmirdi. Bu dünya nə şər, nə də xeyirdir. Şərin isə səbəbi materiyada yox, aşağıda olan dünyanın uca olan idealdan ayrılması, uzaqlığıdır.

İşığa (nura) qayıtmaq, ona qovuşmaq üçün insan tanrıya tərəf yönəlməlidir. Bu yolda da, Proklusa görə, triada vardır. Bu Eros, həqiqət və iman triadasıdır. Tanrıya qayıdışın qüvvəsi elm deyil, ekstazdır. Eros (məhəbbət cazibəsi) insanı ekstaz halına hazırlayır, həqiqət onu tanrıya yaxınlaşdırır, iman isə onu tanrı ilə qovuşdurur. Lakin bu cür ekstatik hallar çox nadir hallarda olduğu üçün, tanrı ilə tam qovuşma yalnız ölümdən sonra baş verir.

Yeni platoçuluğun və antik fəlsəfənin sonu
Plotinusun ardıcıllarından biri Kilikiyalı Simplikius (Simplicius) olmuşdur. O Plato və Aristotel təlimlərinin birliyini iddia edirdi. Onun fikrincə, onların arasında fərq yalnız sözlərdə, ifadələrdədir. Öz əsərlərində Simplikius Zenondan, Empedoklesdən, Anaksaqorasdan (Anaxagoras), Parmenidesdən və başqa qədim filosoflardan sitatlar gətirib və buna görə də, o mütəfəkkirlərin bir çox fikirləri bizə məlum olub.

Afina fəlsəfə məktəbinin sonuncusu sxolaxı (başçısı) Damaskius (Damascius) olmuşdu. O neoplatonizmi daha da təkmilləşdirmişdi və Vahidin haqqında hər hansı biliyin əldə edilməsinin mümkünsüzlüyünü iddia edirdi. Onun təlimində Vahid, Proklusun və Yamblikosun fəlsəfəsində olduğu kimi, ikiyə yox, üçə bölünür. Birinci Vahid mütləq, ikinci və üçüncü Vahidlər isə nisbətən dərk olunmazdırlar. Sonra varlığın vahidi olan monada ilə cütlük (diada) bir-birinə qarşı qoyulur, və bu qarşıdurma nəticəsində mahiyyət yaranır.

Afinada antik dünyagörüşünün ənənələrini davam etdirən məktəbin olmasına baxmayaraq, ümumiyyətlə qədim yunan və roma dinlərinin, dünyagörüşünün, ənənələrinin iflasa uğraması prosesi artıq V-VI əsrlərdə tamamilə başa çatmışdı. Antik ənənə artıq Roma imperiyasında yayılmaqda olan Xristianlıqla rəqabət apara bilmirdi. Bəzi hallarda Xristianlıqla bütpərəstliyin mübarizəsi təkcə ideoloji müstəvidə getmirdi. Əvvəlcə bəzi roma imperatorları və hakim dairələri xristianları təqib edirdilər. Sonra isə, Xristianlığın yayılması daha da sürətlənəndən sonra və kilsə xadimlərinin cəmiyyətdə nüfuzunun artdığından sonra əks proseslər baş vermişdir. Xristian təəssübkeşləri bütpərəstlərə hücümlar təşkil edirdilər, onların məbədlərini və kitablarını məhv edirdilər. Bütpərəstliyə sonuncu zərbəni Şərqi Roma imperatoru Yustinianos (Iustinianos) vurmuşdu. 527-ci ildə o, hakimiyyətə gələrək, bütpərəstliyi qanundan kənar elan etdi. Onun hakimiyyəti dövründə bütün bütpərəst məbədlər bağlandı, yaxud məhv edildi. Xristianlığı qəbul etməkdən imtina edən adamları isə, vətəndaş hüquqlarından məhrum edirdilər.

Yustinianos Afinada yerləşən fəlsəfə məktəbinin də bağlanması haqqında əmr verdi. 531-532-ci illərdə orada çalışan filosoflar, təqiblərdən qurtarmaq üçün, İrana mühacirət etdilər. Onların arasında Damaskiy və Simplikiy də var idi. Sonra onlardan bəziləri geriyə döndülər, lakin artıq yeni məktəblər yarada bilmədilər. Beləliklə qədim antik fəlsəfəsi və dünyagörüşü tarixdən silindi. Lakin buna baxmayaraq neoplatoçuların və başqa məktəblərin təlimləri bütün orta əsr xristian ilahiyyat və fəlsəfəsinə güclü təsir etmişdir.

İrana mühacirət edən filosof və alimlər isə, ölkənin bir çox şəhərlərində fəlsəfi və elmi məktəblər (akademiyalar) yaratmışdılar. Bu məktəblərin arasında Hundişapur akademiyası əhəmiyyətli yer tutmuşdu. Burada fəlsəfədən başqa, riyaziyyat, astronomiya, təbabət, coğrafiya kimi elmlər də inkişaf edirdi. Antik dünyanın elmi-fəlsəfi irsinin böyük hissəsinin Bizansda xristianlar tərəfindən darma-dağın olunması şəraitində, İranda fəlsəfi məktəblərin nümayəndələri o irsin təsadüfən salamat qalmış bəzi nümunələrini suriya və fars dillərinə tərcümə etmişdilər.

VII əsrdə, xəlifə Ömərin dövründə İran, müsəlmanlar tərəfindən fəth edildi. Bunun nəticəsində antik elmi-fəlsəfi irs müsəlmanların əlinə keçdi. Onlar, xristianlardan fərqli olaraq, onu məhv etmədilər. Əksinə, bu irsə böyük maraq göstərib, onu ərəb dilinə tərcümə edərək, inkişaf etdirdilər. Bir neçə əsr keçdikdən sonra, avropalılar darmadağın olunmuş antik irslə müsəlmanların vasitəsi ilə yenidən tanış oldular.


Tarix: 09.12.2014 / 14:05 Müəllif: Aziza Baxılıb: 206 Bölmə: Fəlsəfə