beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Formasiya

Artıq bir neçə əsrdir ki, bəşər tarixi ibtidai icma, quldarlıq, feodalizm və kapitalizm ictimai-iqtisadi formasiyalarının cəmi kimi qəbul edilir. Kapitalizm yerinə hansı ictimai-iqtisadi formasiyanın gələcəyi XIX əsrin ortalarından bu günə qədər ciddi mübahisə mövzusudur. Yəni, bu gün bəşəriyyətin sabahı, ümumiyyətlə gələcəyi haqqında dialektikanın qanunlarına əsaslanan heç bir fəlsəfi konsepsiya mövcud deyildir. Sürətlə yaxınlaşan ekoloji fəlakətin fonunda kompassız və sükansız gəmini xatırladan bəşəriyyətin gələcəyinə işıq sala biləcək elmi-nəzəri əsasların yaradılması fəlsəfə və sosiologiya elmləri qarşısında duran ən aktual məsələdir.


Formasiya sözü ən azı iki yüz ildir ki, əsasən «ictimai-iqtisadi formasiya» söz birləşməsi şəklində fəlsəfə, sosiologiya, politologiya elmlərinin leksikonunda geninə, boluna işlədilir. Bu söz birləşməsi bəşər həyatının mərhələlərini təşkil edən dövrlərə əlavə edilməklə onları səciyyələndirir: İbtidai icma, quldarlıq, feodalizm, kapitalizm-ictimai-iqtisadi formasiyalar. Əfsuslar olsun ki, bəşər tarixinin ayrı-ayrı dövrlərini səciyyələndirmək üçün onlara verilən bu terminlər heç bir elmi, fəlsəfi, məntiqi araşdırma aparılmadan, əsassız surətdə ortaya qoyulmuşdur. Nəticədə bəşər tarixi elmlə əlaqəsi olmayan, qondarma bir şəkildə ifadə edilmişdir; ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm və X-izm. Şübhə yoxdur ki, elə ona görə də kapitalizmi əvəz etməli olan X-izm iki əsrdən artıqdır ki, öz yerinə gəlmir ki, gəlmir. XIX əsrin ortalarında K.Marks və F.Engels X-izmi iki mərhələli sosializm və kommunizm kimi əsaslandırmağa çalışdılar. Onların tədqiqatlarının dialektikanın qanunları ilə heç bir əlaqəsi olmadığı üçün qondarma idi və ona görə də iflasa uğradı. Bu iflas yüz ildən çox çəkdi, üstəlik də bəşəriyyəti iki düşmən cəbhəyə ayırdı. Kortəbii də olsa öz təbii inkişaf yolu ilə irəli getməli olan bəşəriyyət, onu xoşbəxt gələcəyə aparan yoldan azdı və ekoloji fəlakətlə üz-üzə duran bu günkü vəziyyətə gəlib çıxdı.

Sağlam məntiq deyir ki, əgər quldarlıq, feodalizm və kapitalizm doğrudan da ictimai formasiyalar olsa idi, onda, kapitalizmin yerinə gəlməli olan X-izm ictimai formasiyası nəinki bu gün, hətta iki əsr bundan əvvəl proqnozlaşdırıla bilərdi. Belə çıxır ki, quldarlıq, feodalizm və kapitalizm ictimai formasiya deyildir və ona görə də kapitalizmi əvəz edəcək ictimai formasiya gəlmir, nə də onu proqnozlaşdırmaq mümkün olmur. Əgər quldarlığın ictimai formasiya olmadığını sübut edə bilsək, feodalizm və kapitalizmin də formasiya olmadığı aydın olar.

Kainatda olan bütün hadisə və proseslər kimi insan cəmiyyətinin də dialektikanın üç qanununa tabe olan ibtidaidən aliyə təkamül yolu keçməli olduğu heç bir şübhə doğura bilməz. Quldarlığın ictimai formasiya olduğunu sübut etmək istəyən hər bir kəs, hər şeydən əvvəl, ibtidai icma dövründə ibtidai icmanı və quldarlığı təmsil edən qüvvələrin varlığını, onların vəhdətdə və mübarizədə olduğunu aşkarlamalıdır. Sonra, o, bu mübarizədə quldarlığın üstünlüyünü ortaya çıxaran kəmiyyət dəyişkənliyinin keyfiyyət dəyişkənliyinə gətirdiyini, beləliklə də inkarı-inkar yolu ilə quldarlıq ictimai formasiyasının ibtidai icma formasiyasını inkar etdiyini sübut etməlidir ki, quldarlıq ictimai formasiya kimi qəbul edilə bilsin.

Lakin bu günə qədər heç bir filosof tərəfindən belə bir tədqiqat aparılmamışdır. Əvvəla, ibtidai icma quruluşunun daxilində, xüsusən onun sonlarında, belə bir vəziyyət olsa idi o mütləq filosofların diqqətini cəlb edərdi. İkinci tərəfdən deyilən proseslər ibtidai icmanın daxilində baş versə idi o mütləq ibtidai icmanın daxilində daha ali, daha həyati, daha uzun ömürlü bir ictimai formasiyanı yetişdirərdi. Məlumdur ki, quldarlıq adlandırılan dövr bu üstünlüklərin heç birinə malik deyildi və buna görə də ictimai formasiya adlandırıla bilməz (P.A.Qurbanov. "İcma", «Xalq qəzeti», № 212 (25977), 21 sentyabr 2008-ci il).

Bu məsələyə başqa bir cəhətdən də aydınlıq gətirmək mümkündür. Məsələ burasındadır ki, quldarlıq dövrünü ictimai formasiya adlandırmağa imkan verən əsaslı bir dəyişiklik baş verməmişdi. Hər hansı qəbilədə, təzə-təzə formalaşmağa başlayan ölkədə, dövlətdə əhalinin çox az bir hissəsi quldara və qula çevrilmişdi. Əhalinin əsas hissəsi, ovçular, əkinçilər, maldarlar, sənətkarlar əvvəlki kimi öz işlərində idilər və icma öz əvvəlki mövcudluq tərzini davam etdirirdi. Bu mənzərə feodalizm və kapitalizm dövrlərində də dəyişməz olaraq qaldı. İbtidai icmanın sonlarından bu günə qədər keçən, yəni quldarlıq, feodalizm və kapitalizm dövrlərini əhatə edən, ən çoxu iyirmi min ilə bərabər olan bu dövr bəşəriyyətin hər tərəfli tərəqqi etməsi ilə diqqəti cəlb edir.

Qeyd etmək lazımdır ki, insan bir bioloji varlıq kimi öz xromosomlarının diktəsi və imkanları daxilində mövcudluq tapır. Belə ki, o, öz xromosomlarının ən qiymətli xassəsinin diktəsi ilə yalnız icmada yaşaya bilər. İcmaya, qəbiləyə daxil olan insanlar öz DNK tərkibinə görə bir-birindən fərqləndiyi üçün icmada öz DNK təbiətinə uyğun fəaliyyətə meyl edir və təbii olaraq əmək bölgüsü yaranır. Bu da öz növbəsində icma həyatının harmonik inkişafını təmin edir. Bu qayda icma həyatında həmişə mövcud olmuşdur və bu gün də saxlanır.

Yuxarıda qeyd etdiyimiz kimi, insan cəmiyyətində hökmran olan ibtidaidən aliyə təkamül yolu dialektikanın qanunlarına rəğmən baş verir. Yuxarıda qeyd etdiyimiz, xüsusən son iyirmi min il ərzində baş verən tərəqqi icma daxilində əvvəldən mövcud olan və getdikcə güclənən əksliklərin vəhdəti və mübarizəsi nəticəsində meydana çıxa bilərdi. Bizə yalnız o əksliklərin təbiətini təyin etmək qalır. Biz onu təyin edə bilsək bu mübarizənin nə ilə nəticələnəcəyini də aydınlaşdıra bilərik.

Məlumdur ki, insan başqa canlılar, xüsusən məməlilər arasında öz baş beyninin çəkisinin ümumi bədən çəkisinə nisbətinə görə yüksək olmasına, yəni şüur imkanına görə liderdir. Buna baxmayaraq o öz ömrünün əksər hissəsini yarım-vəhşi halda, əsasən instinktiv olaraq yaşamışdır. Yalnız ən çoxu son iyirmi min il ərzində onun şüuru sürətlə inkişaf etmiş, həyatına hakim kəsilmiş və instinkti əsaslı surətdə sıxışdırmışdır. Bu o deməkdir ki, insan icması daxilində, onun lap əvvəlindən vəhdətdə və mübarizədə olan instinktlə şüurdur (P.A.Qurbanov. "Şüur", «Ekspress» qəzeti, № 179 (2829), 3-5 oktyabr 2009-cu il). Bəşəriyyət öz tarixinin ən azı iki milyon ilini instinktin şüurdan üstünlüyü şəraitində, «insan insanın dostudur» prinsipi üzrə, instinktin qoruduğu ədalət şəraitində yaşamışdır. Belə demək olar ki, bu insanın xromosom təbiətindən gələn ikinci qiymətli xassəsidir.

Son iyirmi min illik bəşər tarixi şüurla instinktin mübarizəsinin kəskinləşdiyi dövr kimi səciyyələndirilə bilər. Milyon illər boyu instinktin qoruduğu «bizim» prinsipi ilə şüurun ortaya gətirdiyi «mənim» prinsipinin mübarizəsi bəşər həyatının rəvanlığını pozmuşdur. Bu dövrü keçid dövrü, qeyri müəyyənlik dövrü də adlandırmaq olar.

Bizim günlərdə şüurun mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirməsi, onun bəşər həyatında həlledici rol oynaması mübahisəsizdir. Bəşər həyatının ibtidai icma, yəni qızıl dövrünün rəvanlığını pozan şüur onu daha yüksək səviyyədə bərpa etməyə məhkumdur. Bu o deməkdir ki, şüurun mövqelərindəki kəmiyyət üstünlükləri keyfiyyət dəyişkənliyi yaratmaq səviyyəsindədir və inkarı-inkar üçün vaxt yetişmişdir. Yaxın illərdə insan cəmiyyətinin instinktin idarə etdiyi İbtidai İcma fazasını şüurun idarə etdiyi Ali İcma fazası əvəz edəcəkdir. Əslində Ali İcmanın sadə, ilkin formaları artıq mövcuddur. Bu, Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin timsalında özünü biruzə verir. O qurumların hər ikisi kor-koranə yaransa da şüurla idarə edildiyi üçün yalnız tərəqqi edə bilər. Min illər boyu düşmənçilik edən 27 Avropa dövlətinin bir qurumda uğurla birləşə bilməsi bütün dünyanın vahid qurumda, Ali İcmada birləşməsini mümkün və labüd edir. Bu proses kortəbii də olsa başa çatasıdır. Lakin ekoloji fəlakətin bəşəriyyətin qapısını döyməsi bəşəriyyəti məcbur edir ki, Ali İcmanın qurulmasını şüurlu surətdə sürətləndirsin.

Deyilənlərdən belə çıxır ki, bəşər tarixi, ən azı iki milyon il davam edən İbtidai İcma, ən çoxu iyirmi min il davam edən keçid dövrü və əbədiyyətə qədər davam edəcək Ali İcmanın cəmi kimi başa düşülməlidir. Yəni, bəşəriyyət öz ibtidai və ali fazalarına malik olan həyatının birinci, İbtidai İcma fazasını başa vurur və Ali İcma fazasını yaşamağa hazırlaşır. Keçid dövrü hər iki faza ilə müqayisədə o qədər kiçikdir ki, onu nəzərə almamaq olar.

Ali icma fazasında cəmiyyət şüurla idarə ediləcəkdir. O da öz növbəsində insanın xromosom təbiətinin tələb etdiyi «insan insanın dostudur» prinsipinin daha ali əsasda və daha yüksək səviyyədə həyata keçməsinə şərait yaradacaqdır.


İnsanın xromosom təbiətindən irəli gələn «alın yazısı»nı belə səciyyələndirmək olar:

— İnsan icmada mövcud ola bilər.

-İnsan yalnız «insan insanın dostudur» prinsipi ilə yaşaya bilər.

-İcma ibtidai və ali fazalara malik olmalıdır.

— İbtidai İcmanın ömrü Ali İcma gələnə qədər, Ali İcmanın ömrü əbədi ən azı yerdə həyatın mümkünlüyü qədər olacaqdır.

Yerdə həyat, Yerin nüvəsi soyuyub donana qədər ən azı bir milyard il çəkəsidir. Bəşəriyyət yaxınlaşan ekoloji fəlakətdən yan keçə bilsə yaxın gələcəkdə Yeri kosmik kataklizmlərdən qorumaq imkanına malik olacaqdır. Ali İcma quran bəşəriyyət mütləq demokratiya, ədalət və azadlığa doğru yol alacaqdır; mütləq demokratiya, ədalət və azadlığa isə çatmaq qeyri-mümkündür. Onlara yalnız sonsuz yaxınlaşmaq olar. Ona görə də Ali İcmanın ömrü əbədi hesab edilə bilər.

Onu da qeyd edək ki, formasiya sözü, xüsusən «ictimai formasiya» söz birləşməsi şəklində bəşər həyatında heç bir ictimai formasiya olmadığı üçün lüzumsuz yerə araya gəlmişdir və ona görə də unudulmağa məhkumdur.


Tarix: 09.12.2014 / 14:07 Müəllif: Aziza Baxılıb: 219 Bölmə: Fəlsəfə