beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Varlıq maddi reallıqdır; dünyanın maddi vəhdəti

Artıq qeyd etdik ki, varlıq problemi və onun dərk edilməsi praktik olaraq mədəni insanın formalaşması ilə birlikdə yaranışdır (bizim fikrimizcə mədəni insan bəşər inkişafının elə bir mərhələsində yaranıb ki, artıq bu dövrdə o, öz həyatı və fəaliyyətində təkcə təbiətdən ona verilən bioloji instiktlərlə deyil, həmçinin şüurlu korrektivlər edir və yaşadığı sosial mühit və təbiətlə «dil tapa bilir»).
Məlumdur ki, antik dövrün ilk müdrikləri ətraf mühit, onun yaranması, sonsuz və yaxud sonlu olması və necə adlandırılması mə­sələsi üzərində baş sındırmağa başlamışdılar. Bu nə qədər para­doksal görünür– görünsün, əslində müasir insanı bu və ya digər də­rəcədə elə həmin suallar maraqlandırır. O suallar içərisində insanın dünyada mövcudluğu məsələsi mühüm yer tutur.
Hazırda varlıq fəlsəfi kateqoriya kimi bütün şey və hadisələrin əsasında durub real mövcud olan dünyanı ifadə edir. Başqa sözlə desək, varlıq təbiətdə olan, eləcə də kosmik, həmçinin insanın özü­nün yaratdığı şeyləri və hadisələri əhatə edir. Adi və elmi səviy­yələrdə varlıq kateqoriyasının işlənməsi nəticəsində mövcud olan dünyanın əsaslarının dərk edilməsi və başa düşülməsi prosesi asan­laşır. Konkret insan qarşısında varlıq iki formada anlaşılır. Bunlar, hər şeydən əvvəl, kosmos, təbiət, şeylər dünyası və insanın yaratdığı mənəvi dəyərləridir. Bu, elə varlıqdır ki, insana nisbətdə hüdüdsuz, keçilməz, bütövlük və əbədi mövcuddur. İnsan şüuru bu varlığın mövcudluğunu təsdiq edir və bununla da elə bil ki, dünyanın əbə­dili­yinin təsdiqi üçün dayaq nöqtəsi əldə edilir. Lakin, eyni zam­an­da, varlığın digər, adi anlamı da vardır ki, bu da insanın müvəq­qəti, keçici varlığı ilə şərtlənir və onun şüurunda müvafiq əksini alır. Bu, varlıq müvəqqətidir, keçicidir və sonu olandır. Əslində o, insan tərəfindən belə də qəbul olunur. Sözün ciddi mənasında varlıq kate­qoriyasını insanın mövcudluğunun bu obrazının ifadəsi və xarak­teristikası üçün istifadə etmək olmaz. Lakin bir halda ki, o, artıq bu cür işlənir, onda bu cür varlığın xarakteristikasına nisbi, sonu olan, keçici varlıq anlayışlarını da əlavə etmək lazımdır.
Əslində bizim mövzumuzun predmeti varlığı transendental, universal planda əbədi mövcud olan, keçici olmayan, əbədi olan kimi xarakteristikaları ilə öyrənməkdir. Varlığın bu aspektdə öyrənilməsi digər kateqoriyaların da o cümlədən qeyri– varlıq, mövcud olma, materiya, məkan, zaman, hərəkət, keyfiyyət, kəmiyyət və s. də dərk edilməsini tələb edir. Doğrudur, bu və ya digər şey, hadisə haqqında danışmazdan əvvəl, onun mövcudluğu lazımdır. Həqiqətən də əvvəlcə insan hissi qavrayışının sayəsində təzahür edən şeyləri və hadisələri qeyd edir, bir növ onların şəklini çəkir və ancaq sonra onda həmin şeylərin və hadisələrin obrazlarda, sözlərdə, anlayışlarda ifadə edilməsinə təlabat yaradır. Varlıq kateqoriyasının konkret mövcud olan varlıqlardan, yaxud da konkret mövcud olan şeylərdən, hadisələrdən keyfiyyət fərqi onunla bağlıdır ki, varlıq kateqoriyası öz– özünə məlum, bəlli deyil, konkret mövcud şey və hadisələrin mövcudluğu hesabına meydana gəlir və konkret mövcud olan insan təfəkkürü hesabına formalaşır. Dünya varlığının mahiyyətini bütöv, tam kimi başa düşmək üçün mühüm rol materiya kateqoriyasına məxsusdur. Həqiqətən də varlıq nəinki mövcud olmağa, həmçinin hansısa əsasa, fundamentə ehtiyac hiss edir. Bu cür əsas konkret şey və hadisələrin vəhdəti və universal bütövlüyünü yaradan materiyadır. Elə onun sayəsində də dünya vahid tam şəkildə, insanın iradə və şüurundan asılı olmayaraq meydana gəlir və mövcud olur. «Dünyanın vəhdəti onun varlığında deyildir, hərçənd onun varlığı onun vəhdəti üçün ilkin şərtdir, zira dünya vahid olmaqdan əvvəl, mövcud olmalıdır. Dünyanın həqiqi vəhdəti onun maddi olmasındadır, bu isə bir– iki hoqqabazlıq cümləsi ilə deyil, fəlsəfənin və təbətşünaslığın uzun və çətin inkişafı ilə sübut edilir» (F.Engels). Bununla yanaşı, dünyanın vəhdətinin başa düşülməsində müəyyən çətinliklər də mövcuddur. Bu, onunla əlaqədardır ki, adamlarda, on­ların praktik fəaliyyəti prosesində keçici olanlar keçici olmayanlarla, əbədi, müvəqqəti ilə sonuz sonlu ilə çulğaşır və qarışır. Bundan əlavə, təbiətlə cəmiyyət, maddi ilə mənəvi, ayrı– ayrı şəxsiyyətlə cəmiyyət və ən nəhayət ayrı-ayrı adamlar arasındakı fərqlər çox bariz şəkildə görünür. Bütün bunlara baxmayaraq, insan yolundan dönməyərək dünyanın maddi vəhdətinin dərk edilməsinə doğru getmişdir.
Deyilənlərə əsasən nəticə çıxarsaq görərik ki, kosmos, təbiət, cəmiyyət, insan və ideyalar bərabər halda mövcud olur. Doğrudur, onlar müxtəlif formada təmsil olunsalar da, öz mövcudluqları ilə sonsuz, keçici olmayan dünyanın universal vəhdətini yaradırdılar. Təkcə indiyə qədər nəyin olduğunu, eləcə də gələcəkdə nə olacağını zəruri olaraq dünyanın vəhdəti təsdiq edir.
Varlıq fəlsəfi kateqoriyasının digər mühüm xarakteristikası, yaxud tərkib hissəsi reallığın məcmusu kimi gerçəkliyin məcmusudur. Gündəlik həyatında insan daim inanır ki, dünyanın strukturunun müxtəlif bütövlüyü onlara xas olan xassə və formalarla bərabər halda, yanaşı mövcud olur, özlərini göstərir və eyni zamanda bir– birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Kosmos, təbiət, cəmiyyət, insan öz mövcudluq və fəaliyyəti ilə spesifik olan varlığın müxtəlif formalarıdır. Lakin bununla yanaşı, onlar olmuş, var və olacaqdır, həmçinin onlar həmişə bir– birindən asılı və əlaqədar olmuşlar və bundan sonra da olacaqlar. Getdikcə daha kəskin şəkildə özünü təqdim edən ekoloji problemlər öz əsasının insan fəaliyyəti ilə bağlı olduğunu göstərməkdədir. Digər tərəfdən, on illər boyudur ki, alimlər kosmosun kəşfinin bəşəriyyətə nə verəcəyini dönə– dönə bildirirlər. Beləliklə, təsdiq etmək olar ki, insan şüurundan reallığın məcmusu kimi varlıq ideyası formalaşarkən, özünə, həmçinin kosmosa, onun təbiətə, insana təsirini də əks etdirir. Lakin insanın və cəmiyyətin kosmosa təsiri də bu qəbildəndir. Bu, bir daha göstərir ki, şüur dərk edilmiş varlıq, adamların varlığı isə onların həyatının real prosesidir.
Lakin bir məsələni də unutmaq olmaz. Təkcə xarici təbii dünya deyil, mənəvi dünya, ideal mühit və praktika prosesində mənimsənilir, real mövcud olanla qarşılıqlı təsirdə olur. Ona görə də insan şüurunda əks olunaraq onlar bir növ müəyyən müstəqillik əldə edir ki, bu mənada da onlara xüsusi reallıq kimi baxa bilirik. Deməli, təkcə gündəlik həyatda deyil, həmçinin transendental problemlərin təhlilində də onları şeylər və predmetlər aləmində nəzərə almamaq olmaz.
Dünya vahiddir. İnsanların tarixi taleyi elə gətirmişdir ki, onlar bir planetdə yaşamağa məcburdur. Yer kürəsində vahid təsərrüfat sistemi yaranmış, bütün xalqlar bir-birilə ticarət edirlər. Tədricən insanların şüuruna bu fikir hakim kəsilir ki, bütün insanlar irqindən, dilindən, dinindən, dərisinin rəngindən, cinsindən, siyasi və digər baxışlarından milli və sosial mənşəyindən mülki, təbəqə və s. vəziyyətindən asılı olmayaraq bütün hüquq və azadlıqlara malik olmalıdır. Dünyada elə bir mühüm hadisə yoxdur ki, o insanların diq­qətini cəlb etməsin. İstər siyasi liderlərin görüşü olsun, istər fut­bol üzrə dünya çempionatı olsun. Hamı ekran qarşısında oturmağa maraqlı olur. Bir anın içində eyni hadisəni milyardlarla insan seyr edir və görürlər. Bu hadisə ilə əlaqədar Kanada filosofu və sosioloqu Marşall Maklyun (1911-1980) hətta xüsusi termin «qlobal kənd» terminini işlətmişdir. Kütləvi kommunikasiyanın elektron vasitələri adamlar arasındakı məsafəni qısaltdığı, onların qarşılıqlı özünütəcridinin aradan qaldırdığı dövrü o bu cür adlandırmışdır. Elə bil ki, bütün insanlar bir kəndin sakini olduqlarını aydın şəkildə dərk etməyə başlamışdır.
Lakin bir sıra filosoflar dünyanın vəhdətini başqa cür başa düşürlər. Onlar belə bir fikri irəli sürürlər ki, insanlar, o cümlədən dünya hər yerdə eyni həyata doğru hərəkət edirlər. Bir müddət də keçəcək və dünya bütövləşəcək, bütün ölkələr isə Avropa mədə­niy­yətinin, demokratiyanın dəyərlərini qəbul edəcəklər, əlbəttə bu fikri bir mənalı şəkildə qəbul etmək qeyri-mümkündür. Doğrudur bir sıra spesifik mənəvi dəyərlərə, unikal mədəniyyətə malik olan ölkə­lər (məsələn, Yaponiya) qərb ölkələrində qəbul edilmiş bəzi qayda­lardan istifadə etməyə başlamışlar. Lakin həmin filosoflar yuxarıda qeyd etdiyimiz hadisələrin real, tarixi əhəmiyyətini həddindən artıq şişirdirlər. Onların çıxardığı nəticələr nəyə əsaslanır? Birincisi, onlar hesab edirlər ki, hal hazırda Qərb iqtisadi sistemi əsasında dünyanın unifikasiyası az-çox başa çatmışdır. Bu isə onların fikrincə siyasi yeknəsəkliyə aparıb çıxarır. İkincisi, bu baxışın tədqiqatçıları unifi­kasiyanı vəhdətlə eyniləşdirirlər, daha dəqiq desək, səhv salırlar. Vəhdət yeknəsəkliklə eyni deyildir. Beləliklə, Qərb cəmiyyəti unikal sivilizasiyanı vahid və bölünməz elan edir. Əslində dünyada milli və mədəni xüsusiyyətlərin ümumi hamar yolu yoxdur onların aradan qalxması mümkün deyildir. Dünya vahiddir. Burada onlarla sivili­zasiyalar, o cümlədən, Qərbi Avropa, Şimali Amerika, Çin, Hindis­tan, Latın Amerikası, Rusiya, Ərəb və s. sivilizasiyalar mövcuddur.


Tarix: 09.12.2014 / 13:52 Müəllif: Aziza Baxılıb: 108 Bölmə: Fəlsəfə