Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eleya məktəbi

Qədim İtaliyada Eleya şəhərinin adı ilə bağlı olan Eleya fəlsəfi məktəbi fəaliyyət göstərmişdir. Həmin məktəbin ən böyük nümayəndələri Parmenid, Ksenofan və Zenon olmuşdur.
Parmenid (b. er. əv. 530– 470) fəlsəfi dünyagörüşünü «Təbiət haqqında poema»sında əks etdirmişdir. Poema «Həqiqətin yolu» və «Mülahizənin yolu» adlı iki hissədən ibarətdir. Onun fikrincə, iki fəlsəfə vardır. Biri həqiqətə müvafiqdir, ikincisi isə rəylərə uyğun gəlir. Parmenidə görə, yer kürə şəklindədir. Kainat od və torpaqdan ibarətdir. Birincisi yaradıcı, ikincisi cisim və əşyadır. Allah şar şəklindədir. Kainat əbədi və tərpənməzdir. Əgər fövqəl varlıqda bir şey varsa, o varlıq deyil, kainatda qeyri– varlıq yoxdur. Parmenidin təlimi Eleya məktəbinin əsas məzmununu təşkil etsə də, məktəbin banisi Parmenidin müəllimi Ksenofan olmuşdur.
Ksenofan 25 yaşından 92 yaşına qədər sərgərdan həyat tərzi keçirmişdir. Poetik formada əsərlər yazmış, kəskin tənqidi ağıla malik olmuşdur. Fəlsəfə tarixində ilk dəfə olaraq o, belə bir fikir söyləmişdir ki, bütün allahlar insan təxəyyülünün məhsuludur. İnsanlar allahları özlərinə bənzər yaradaraq özlərinin fiziki cizgilərini və əxlaqi qüsurlarını da onlara aid etmişlər. Antik dövrlərin allahlarına qarşı o, təbiətlə vəhdətdə olan allahı qoymuşdur. Onun dünya anlamı belədir: «Hər şey, daha dəqiq desək, kainat vəhdətdir (vahiddir)». «Yeganə– allahdır», «Allah hər şeyi görür, hər şeyi eşidir, lakin nəfəs almır. O, ağıldır, təfəkkürdür, əbədiyyətdir».
Ksenofana görə, insanlar allahlar tərəfindən yaradılmamışdır, torpaqdan və sudan doğulmuşdur. Ksenofanın dünya anlamını panteizm kimi təqdim etmək olar. Çünki «hər şey, kainat– allahdır»– fikri ona məxsusdur.
Ksenofanın təlimi Parmenidin təliminə oxşar olsa da, fərqli cəhətləri də var. Ksenofan Eleya məktəbinin nəzəriyyəsini ilahiyyatçı formada ifadə etmişdir.
Sxematik olaraq onu aşağıdakı kimi vermək olar:

Parmenid

Ksenofan

Varlıq var
Vahid
Əbədi
Hərəkətsiz
Maddə, şey
Fikir

Allah var
vahiddir
əbədidir
hərəkətsizdir
məddələrdən, şeylərdən təşkil olunmuş kainat
hər şey fikirləşir

Göründüyü kimi, Parmenid Eleya məktəbinin fikirlərini tam fəlsəfi formada ifadə etmişdir.
Parmeniddən sonra, görünür, varlığın vəhdəti və hərəkətsizliyi sübut edilməli idi. Bu cür apoqonik sübutu Parmenidin sevimli şagirdi Zenon etmişdir. O, dialektikanın yaradıcılarından biridir. O, paradoksları ilə məhşur olmuşdur. Kainatda heç bir boşluq yoxdur. Təbiət isti və soyuqdan, quru və yaşdan, onların müxtəlif birləşmə və çevrilmələrindən əmələ gəlmişdir. İnsanlar torpaqdan yarandığı kimi ruh da dörd ünsürün birləşməsindən yaranmışdır. Əgər çoxlu şeylər mövcuddursa, onda onlar həqiqətdə nə qədər varsa, düz o qədər də olmalıdırlar, qətiyyən özlərindən nə az, nə də çox ola bilərlər. Əgər çoxlu şeylər mövcuddursa, onda varlıq sayca sonsuzdur. Çünki ayrılıqda olan şeylərin aralarında başqa şeylər də olmalıdır, onların da aralarında yenə başqaları və bu minvalla varlıq sayca sonsuzdur. Aristotel Zenona yüksək qiymət vermiş, onun paradokslarını xüsusi qeyd etmişdir.
Birinci paradoks: Hərəkət edən cisim, nə olduğu yerdə hərəkət edir, nə də olmadığı yerdə. Çünki yerdəyişən cisim məsafəni axıra kimi getməzdən əvvəl yarısını getməlidir.
İkinci paradoks: Axill tısbağaya çata bilməz, çünki təqib edən əvvəlcə təqib edilənin durduğu yerə çatmalıdır, o çatana qədər qaçan daim müəyyən məsafə qət edəcək.
Üçüncü paradoks: Uçan ox tərpənməzdir, çünki zaman ayrı– ayrı «indi»lərdən əmələ gəlir.
Dördüncü paradoks: İki eyni kütlə yarış meydanında, ancaq biri meydanın axırından, o biri isə ortasından əks istiqamətlərdə eyni sürətlə hərəkət edərsə, nəticədə zamanın yarısı onun iki dəfə çoxuna bərabər olacaq.
Eleya məktəbi ilə təxminən eyni vaxtda Efesli Heraklit (544– 483) fəaliyyət göstərmişdir. Dialektikanın banisi olan Heraklit doğma şəhərinin hakimi olmaqdan imtina etmiş, hakimiyyəti qardaşına vermişdir. Artemida məbədinə çəkilib gününü uşuqlarla keçirən Heraklit «Təbiət haqqında» əsər yazmışdır. Heraklitə görə, hər şey oddan əmələ gəlir, mütəmadi olaraq dəyişir, suya, havaya, torpağa dönüb sonra yenidən oda çevrilir. O, tale ilə zərurəti birləşdirirdi. «Axan suya iki dəfə girmək olmaz»– kəlamı Heraklitindir.


Apoqonik sübut (yunanca: aradode– nəticə)– dolayı, vasitəli sübut. Burada həqiqilik ona zidd gələn vəziyyətin təkzibi yolu ilə əldə edilir.


Tarix: 09.12.2014 / 13:48 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Fəlsəfə
loading...