beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhməd Cəfəroğlu

Əhməd Cəfəroğlu professor, dilçi, ədəbiyyatşünas

Həyatı

Əhməd Cəfər oğlu 1899-cu ildə Gəncədə doğulub. 3 yaşında atasını itirib. Qohumlarının və anasının ümidinə qalıb. 1905-ci ildə erməni-müsəlman davası qalxanda ailə başını götürüb Səmərqəndə qaçır. Əhməd ilk təhsilini orda alır. Ara sakitləşəndə qayıdırlar Gəncəyə. Əhməd 1909-1916-cı illərdə Gəncə gimnaziyasında oxuyur. Sonra Kiyev Ali Ticarət İnstitutunun iqtisad fakültəsinə daxil olur. 3 semestr oxuya bilir. İmperiyanın çöküşü xaos yaratmışdı. 1918-ci ilin ortalarında Əhməd artıq doğma şəhərdəydi.



Əhməd Cəfəroğlu Gəncədə Cümhuriyyətin tərəfdarı kimi

İstiqlal Bəyannaməsi yenicə elan edilmişdi, Gəncə müvəqqəti paytaxt idi. Əhməd İstiqlal savaşına qoşulur. Nuru Paşanın Qafqaz İslam Ordusu Cümhuriyyətin köməyinə gələndə, mənim qəhrəmanım artıq onların sırasındaydı. 1918-ci il sentyabrın 15-də Bakını Azərbaycanın paytaxtı elan edənlərin arasında kiçik topçu zabiti Əhməd də var idi... Həyatının Bakı dövrü Cümhuriyyətin ömrü kimi gödək olur.

Əhməd yenicə açılan Bakı universitetinin (1919) tarix-filologiya fakültəsinin Şərq bölməsində oxuyur. Bu universitet də yarımçıq qalır. Cümhuriyyəti yıxırlar. Əhməd Gürcüstana, oradan da Türkiyəyə keçir.



Fuad Körpülünün tələbəsi

İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olur. Ünlü türkoloq Mehmet Fuad Köprülüdən dərs alır və axır ki, bu universiteti bitirir (1925). Bir il işlədikdən sonra yeni şans yaranır: Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi Berlin və Breslan universitetlərinə göndərilir, tanınmış türkoloqların mühazirələrini dinləyir. 1929-cu ildə Əhməd Cəfəroğlu İstanbul Universitetinə filologiya doktoru kimi dönür. Əvvəlcə türk dili tarixi kafedrasının dosenti, professor olur, 1946-cı ildən Mehmet Fuad Köprülünün ölümündən sonra kafedra müdiri. Əhməd bəy həm də universitetin yanında fəaliyyət göstərən Türkiyyat İnstitutuna rəhbərlik edirdi.

"O, kitablardan öyrənən, qulaqdan duyan bir türkçü yox, bütün varlığıyla türkçülüyün tanıdıcısı idi". Bu sözləri Əhməd bəyin həmkarı Səadət Cağatay yazıb və əlavə edib ki, o "öz dili ilə türkçü olduğunu söyləməzdi. Gördüyü işlər buna sübutdu". Bəs Cəfəroğlu nələr yapmışdı? Bu kiçik yazıda o böyük işlərdən necə danışım?

1923-1969-cu illər arasında Əhməd bəyin müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çıxıb.

Cəfəroğlu Avropanın aparıcı universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyub. Roma universitetində bir müddət çalışıb da.

Dünyanın ən məşhur elmi cəmiyyətlərinin, akademiyalarının üzvü idi.

Əhməd Cəfəroğlunun "Azəri ədəbiyyatında istiqlal mücadiləsi" kitabı Türk Dil Qurumunun həqiqi üzvü idi. 30-cu illərdə bu qurumun Mustafa Kamal Atatürkün iştirakı ilə keçirilən toplantılarına da qatılıb.

1955-ci ildə o İspaniyanın "De Alfonso el Sabio" ordeninə layiq görülüb.

Əhməd Cəfəroğlu bir sıra türk dillərindən başqa, rus, fars, alman, fransız dillərini yaxşı bilirmiş.

"Azərbaycan Yurd bilgisi" dərgisinin (1932) yaradıcısı və baş redaktoru idi.

"Türk amacı" dərgisinin (1942-1943) , "Türk dili və ədəbiyyatı məcmuəsinin" redaktoru olub.

Əhməd bəy uzun illər Azərbaycan siyasi mühacirətinin fəallarından olub. Məncə, həmin dərgilərdə yazdığı məqalələrin adları hər şeyi deyir: "Azərbaycanın böyük matəmi—27 nisan", "28 mayıs 1920", "Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan" və s.

Cəfəroğlu bu qədər işin içində imkan tapıb Azərbaycan ədəbiyyatı tarixini, folklorunu da araşdırıb. Cəmi 3 əsərinin adını çəkəcəyəm: "Azərbaycan xalq ədəbiyyatında Aşıq Qərib dastanı", "XVII əsr Azəri şairi Məlik bəy Avçı", "Böyük Azəri türkçüsü Mirzə Fətəli" və s.

Onun Türk dil tarixi və türk dialektologiyasına dair araşdırmaları təkrar-təkrar çap edilərək, indiyədək dərslik kimi istifadə olunur.


Əhməd bəy 76 yaşını tamamlaya bilmədi. 1975-ci il yanvarın 6-da Vətəni görmədən dünyadan köçdü. "Həyatının sonuna qədər tam bir azəri olaraq qaldı" – bu da keçmiş tələbələrinin ustadları haqqında dedikləridir.

Mənbə
Mirzə Ənsərli (Ləmbəli). Gəncəli professor Əhməd Cəfəroğlu. Bakı, 1996.
Elşən Əbülhəsənli. Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi. Bakı, 2006.


Tarix: 14.01.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 512 Bölmə: Şairlər və Yazıçılar