Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məktəbə hazırlıq

Məktəb həyatına yenicə başlayacaq kiçikyaşlı uşaqların bəziləri məktəb anlarını həvəslə, bəziləri isə qorxu ilə gözləyir. Bəs uşaqları məktəb qorxusundan, dərs həyəcanından necə xilas etmək olar? Ya da, daha doğrusu, onları məktəbə hazırlamaq üçün nə etmək lazımdır? Məlumdur ki, məktəb uşağın zehni, fiziki inkişafında əsas rol oynayan əhəmiyyətli mərhələlərdən biridir.məktəbli qız

Uşaq bu yolla ictimai mühitlə ünsiyyət qurur və bir fərd kimi cəmiyyətdə iştirak edir. Digər tərəfdən, məktəb uşağın dünyagörüşünün artmasında da mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, məktəbə alışma dövrü təqribən iki-üç həftə çəkir. Bu dövrün sağlam şəkildə keçməsi isə uşağın məktəbə hazırlıqlı olması ilə bağlıdır. Əgər o, məktəb həyatına başlayarkən fiziki, zehni, ruhi və ictimai yetkinliyə çatıbsa, artıq o qədər də problem yaşamayacaq. Başqa sözlə, uşaq valideynlərindən ayrılıb məktəbə uyğunlaşacaq qədər yetkinlik səviyyəsinə çatmalı və öz yaşına uyğun öyrənmə və ya qavrama qabiliyyətinə sahib olmalıdır. Əks halda, uşaq məktəbə çox çətin uyğunlaşır. Digər tərəfdən, həmişə məktəb qorxusu yaşayan və ya həmişə evi haqqında düşünən uşaq dərs öyrənməkdə də çətinlik çəkir.

Məktəbə getmək üçün “təxirə salınan” hər saat problemin daha da böyüməsinə yol açır. Buna görə də uşağın məktəbə davamlı olaraq getməsi üçün onunla xoş rəftar edilməli və əgər imkan varsa, uşaq ilk günlər dərsə valideynin iştirakı ilə başlamalıdır. Məktəbə hazır olmaq və ya uyğunlaşmaq üçün bir faktor da uşağın müstəqil öyrənmə vərdişini reallaşdıra bilməsi və gözlənilən performansı göstərə bilməsidir. Əgər bu nöqtədə valideynlərin və müəllimlərin şübhəsi varsa, mütəxəssisə müraciət olunmalıdır. Çünki “uşaq yavaş-yavaş məktəbə alışar” prinsipi həmişə özünü doğrultmur.

Uşağı əvvəlcədən məktəbə hazırlamaq daha yaxşıdır. Bunun üçün o, “müstəqil” olmalıdır. Məsələn, yeməyini özü yeməli, təmizliyini özü təmin etməli, əşyalarını özü səliqəyə salmalıdır. Uşağın zehni inkişafını artırmaq üçün isə müəyyən saatlarda müxtəlif oyunlar təşkil edilməli, ona çoxlu kitablar oxunmalı, həmçinin vizual bacarıqlarını inkişaf etdirmək üçün baş verən hadisələr haqqında məlumat verilməlidir.

Digər tərəfdən, uşağınızın məktəblə bağlı hiss və düşüncələrini ifadə etməsinə şərait yaradın. Həmçinin məktəblə bağlı suallarına düzgün və ətraflı cavab verin. Əgər spesifik bir qorxusu varsa, onunla birlikdə məktəbə gedin. Ona qarşı sakit və səbirli olmağa çalışın. Unutmayın ki, məktəb uşaq üçün yeni bir təcrübədir və onun bəzi problemlər yaşaması son dərəcə təbiidir.


Tarix: 27.11.2014 / 12:27 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Ümumi Psixologiya
loading...