beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixofizika

Psixofizika haqqında anlayış
Mütləq hədd və mütləq həssaslıq
Fərqləndirmə həddi və fərqləndirmə həssaslığı
Veber və Fexner qanunu
Duyğuların ölçülməsi problemi
Həddlərin ölçülməsinin klassik metodları
Duyğuların qarşılıqlı təsiri: adaptasiya, sinesteziya, sensibilizasiya
Psixofizika haqqında anlayış
Psixofizika duyğuların xarici qıcıqlandırıcılardan asılılığını və bu asılılığın xarakterinin öyrənilməsi məsələsini ön plana çəkir. Elə bu asılılığın hansı əsas qanunauyğunluqlara tabe olması da psixofizikanın mərkəzi məsələsi hesab olunur.
Psixologiya və fizika elmlərinin qovşağında yaranan bu sahənin inkişafında E.Veber və Q.Fexnerin rolu əvəzedilməzdir.
Psixofizikanın banisi Qustav Teodor Fexner 1860-cı ildə nəşr olunmuş «Psixofizika elementləri» əsərində psixofizikanın əsas vəzifələrini müəyyən etmişdir. O, 2 cür psixofizikanı fərqləndirirdi: daxili və xarici.
Daxili psixofizika ruh və bədən, psixi və fizioloji arasında nisbət məsələsini öyrənməyi qarşısına məqsəd qoyur. Xarici psixofizikanın vəzifəsi isə psixi və fiziki arasında münasibətləri, nisbəti müəyyən etmək, öyrənməkdən ibarətdir. Fexner yalnız xarici psixofizikanı işləmiş, tədqiq etmişdir.

Psixofizika – bizim psixoloji təcrübəmizin fiziki enerji ilə tutuşdurulması haqqında elmdir.
Bu sahədə işlərin aparılması üçün Fexner əsas psixofiziki qanunu müəyyən etmiş, eksperimental metodları yaratmışdır. Bütün bunlar da yeni, müstəqil bir bilik sahəsinin - psixofizikanın yaranmasını şərtləndirmişdir.
Q.Fexnerin məqsədi duyğuları ölçməkdən ibarət idi. Duyğuları yaradan qıcıqlandırıcıların ölçülə bilməsini nəzərə alaraq, o belə hesab edirdi ki, fiziki qıcıqlandırıcıların in­ten­siv­liyini ölçməklə duyğuları ölçmək olar. Beləliklə də, onun tərəfindən psixofiziki ölçmələr aparmaq üçün 3 metod işlənilib hazırlanmışdır. Bu klassik ölçmə metodları hazırda da istifadə olunur.
Fexner tərəfindən psixofizikanın əsasının qoyulması eksperimental psixologiyanın da bünövrəsinin qoyulmasını şərtləndirmişdi.
Hal-hazırda psixofizika 2 hissədən ibarətdir: sensor həssaslığın ölçülməsi ilə bağlı və psixofiziki funksiyaların öyrənilməsi ilə bağlı bölmələr.

Mütləq hədd və mütləq həssaslıq
Psixofizikada aparılan tədqiqatlar göstərdi ki, heç də hər bir qıcıqlandırıcı duyğu oyatmır. Yəni, bu qıcıqlandırıcılar o qədər zəif ola bilər ki, heç bir duyğu yarada bilmək iqtidarında olmaz. Biz adi gözlə ətrafımızdakı daimi mikroskopik dəyişiklikləri, xırda toz dənəciklərini görmürük.
Duyğu oyatmaq üçün qıcıqlandırıcı minimal intensivliyə malik olmalıdır. Qıcıqlandırıcının bu minimal intensivliyi mütləq hədd adlandırılır.
Ən zəif qıcıqlayıcını duyma qabiliyyəti isə mütləq həssaslıq adlanır. Mütləq həssaslıqla duyğunun aşağı mütləq həddi tərs mütənasibdir:
E= 1/p
burada «E» mütləq həssaslığı, «p» isə mütləq hədd kəmiyyətini bildirir. Yəni, duyğunun aşağı mütləq həddi az olduqca, ona həssaslıq yüksək olur və əksinə. Başqa sözlə, hədd nə qədər aşağıdırsa, həssaslıq da bir o qədər yüksək olur.

Mütləq hədd - qıcıqlan­dırıcının ilk dəfə ən zəif duyğu əmələ gətirə bilən ən kiçik kəmiyyətidir. Bu kəmiy­yətdən aşağı olan stimullar duyğu əmələ gətirə bilmir.
Mütləq həssaslıq – mütləq həddi, yəni duyğu yarada biləcək ən zəif qızıqlandırıcını duyma qabiliyyətidir.
Adətən analizatorların həs­saslığı yaşayış şəraitinin tələb­lə­ri­nə, fəaliyyətin xarakterinə və s. görə artıb-azala bilir. Eyni növ qıcıqlandırıcı müxtəlif insanlarda və ya eyni bir insanda müxtəlif vaxtlarda, müxtəlif şəraitlərdə fərqli xarakter daşıya bilər. Məsələn: rəssamlarda görmə, dequstatorlarda iybilmə, dadbilmə həssaslığı çox yüksək ola bilər.
Yuxarıda qeyd etdiyimiz aşağı mütləq hədlə yanaşı, yuxarı mütləq hədd də mövcuddur. Lakin bu halda, qıcıqlayıcı keyfiyyətcə yeni bir duyğunun əmələ gəlməsinə səbəb olur.
Həssaslığın həddlərini əyani göstərmək üçün ədəbiy­yat­larda maraqlı nümunələr gətirirlər[7]. Lakin öncədən qeyd etməyi zəruri hesab edirik ki, bütün bu nümunələr yalnız ideal şəraiti nəzərdə tutur və adi halda onları yoxlamaq demək olar ki, mümkünsüz olur.



DUYĞU

MÜƏYYƏN ETMƏ HƏDDI

Görmə
Eşitmə
Dadbilmə
Iybilmə
Toxunma

Aydın, qaranlıq gecədə 45 km-ə yaxın məsafədən görünən şam işığını
Sakitlikdə 6 metr məsafədən saatın səsini
Təxminən 7,6 litrə qədər olan suda 1 çay qaşığı şəkəri
3 otaqlı mənzildəki havada 1 damcı ətirin iyi
Insanın üzərinə 1 sm hündürlükdən düşən arının qanadı

Stimul çox zəif olduqda və uyğun cavab reaksiyası doğurmadıqda, onu həddaltı, yuxarı mütləq həddi keçdikdə isə həddüstü adlandırırlar. Əgər qıcığın duyulmasına lazım olandan 50% az vaxt sərf olunubsa, bu «sublimal» stimul hesab olunur.Siqnalın tanınması nəzəriyyəsinə görə, zəif qıcıqlandırı­cı­nın və ya siqnalın tanınması nəinki bu siqnalın gücündən (məsələn, tonun yüksəkliyi), həmçinin bizim psixoloji vəziy­yətimizdən – həyat təcrübəmizdən, gözləmələrimizdən, motiva­siyamızdan və yorğunluq səviyyəmizdən asılıdır.
Siqnalın tanınması nəzəriyyəsi bizim nə vaxt və necə zəif qıcıqlandırıcıları (siqnalı) müəyyən etdiyimizi qabaqcadan proqnozlaşdıra bilir.
Tədqiqatçılar həqiqətən müəyyən ediblər ki, vahid mütləq hədd mövcud deyil. Yorğun valideyn güclü səslərə əhəmiyyət vermədiyi halda beşikdəki çağanın ən zəif civiltisini belə eşidə bilər. Əgər müharibə şəraitində düşmənin gəldiyini görməsən, bu ölümə gətirib çıxara bilər. Buna görə də, qarovulda duran əsgər gecə postda ən zəif eşidilən səsi duya və o an da güllə aça bilər. Sülh şəraitində, həyat üçün bilavasitə təhlükə olmadığı vaxtlarda,
həmin qarovulçunun təhlükəni dərk etməsi üçün daha güclü siqnal lazımdır.


Siqnalın tanınması nəzəriyyəsi – vahid mütləq hədd yöxdur, belə bir həddin müəyyən edilməsi əsa­sən insanın təcrübəsi, onun gözlə­mələri, motivasiyası, yor­ğunluq səviyyəsindən asılıdır.
Siqnalların tanınması fenomenini tədqiq edən alimlər nəyə görə insanların eyni bir qıcığa müxtəlif cür reaksiya verməsi və eyni bir insanın müxtəlif şəraitlərdə reaksiyala­rının nəyə görə fərqli olmasını anlamağa çalışmışlar. Müəyyən olunmuşdur ki, siqnalların tanınmasındakı bu cür dəyişkənlik həyati əhəmiyyət kəsb edə bilər. Məsələn: insanın üzərinə radarın siqnalını vaxtında müəyyən etmək, gömrükdən qanunsuz şeylərin keçirilməsini və ya kompyüterin displeyində xəstənin həyatı üçün təhlükə yaradan əlamətləri aşkar etmək məsuliyyəti düşürsə, o, bu işlərin öhdəsindən yalnız müəyyən situativ və daxili amilləri nəzərə almaqla gələ bilir.
Çox zəif siqnalların tanınması prosesinin tədqiqi göstərdi ki, 30 dəqiqəlik aktiv işdən sonra insanların sayıqlığı aşağı enir. Lakin bu bir neçə cəhətdən asılıdır:
-Tapşırığın tipindən;
-Günün vaxtından;
-Həmin insanın əvvəllər bu cür tapşırıqları yerinə yetirib yetirməməsindən.

Fərqləndirmə həddi və fərqləndirmə həssaslığı
Hiss üzvlərimizlə biz nəinki bu və ya digər qıcıqlandırıcının olmasını təsbit edə, həmçinin qıcıqlandırıcıları onların gücü və keyfiyyətinə görə fərqləndirə bilərik.

Fərqləndirmə həddi - qı­cıq­landırıcılar arasında du­yula bilinən ən minimal fərqdir.
Fərqləndirmə həssaslığı – qıcıqlandırıcılar arasındakı ən minimal fərqi duyma qabiliyyətidir.
Eynicinsli qıcıqların qüvvələri arasındakı fərqi biz heç də həmişə sezə bilmirik. Qıcıqların arasındakı bu fərq yalnız müəyyən həddə çatdıqda onu duyuruq. 300 şamlıq işığa 1 və ya 2 şam əlavə etsək işığın artmasını duymarıq, yalnız 3 şam əlavə etdikdə ilk dəfə bu fərqi, yəni işığın artdığını hiss edirik.
Eynicinsli qıcıqlandırıcıların qüvvələri arasındakı güclə duyulan ən az fərqə duyğunun fərqləndirmə həddi deyilir.
Fərqləndirmə həddi nə qədər böyükdürsə, fərqləndirmə həssaslığı da bir o qədər az olur və eyni şəkildə əksinə.
Eynicinsli qıcıqlandırıcılar arasındakı ən az fərqi duyma qabiliyyətinə isə fərqləndirmə həssaslığı deyilir.
Bizim reseptorlarımızın bu cür həm mütləq, həm də fərqləndirmə həssaslığı bir çox şərtlərdən asılı olaraq dəyişən kəmiyyətdir.
Fərqləndirmə həssaslığı da bir sıra amillərin təsirilə artıb-azala bilər. Buraya insanın məşğul olduğu fəaliyyət növünün tələbləri ciddi surətdə təsir göstərir. Məsələn: peşəkar dərzilərdə parçaların rəng çalarlarına həssaslıq adi adamlarda olduğundan onlarca dəfə artıq olur.

Veber və Fexner qanunu
Əgər biz qaranlıq otaqda oturmuşuqsa, harada ki 1 şam yanır, ikinci belə bir şamı yandıranda biz bu fərqi asanlıqla duya biləcəyik. Çünki işıqlanma 2 dəfə artır. Başqa halda əgər biz çoxlu lampalar yanan, gur işıqlandırılmış zaldayıqsa 1 şamın əlavə edilməsi heç bir fərq duyğusu bizdə yaratmayacaq.

Eyni məsələni eşitmə ilə bağlı da demək olar. Belə ki, tam sakitlikdə biz asanlıqla ən zəif səsi belə fərqləndirə bilirik. Səs-küydə isə bu səs diqqətdən kənarda qalır.
Bu o deməkdir ki, fərqləndirmə həssaslığı mütləq həssaslıqla müqayisədə başqa ölçülərdə ifadə olunmalıdır. Əgər mütləq həssaslıq ilk dəfə duyğu yarada biləcək minimal qıcıqlandırıcının intensivliyində ifadə olunursa, fərqləndirmə həssaslığı təsbit olunanın dəyişikliyi duya bilməsi üçün kifayət edən ilkin fona əlavə olunan nisbi artımda ifadə olunur.
1834-cü ildə Ernst Veber müəyyənləşdirdi ki, iki qıcıqlandırıcının intensivliyi arasında müəyyən nisbət olmalıdır ki, onlar müxtəlif duyğu verə bilsinlər. Bu nisbət Veber qanununda öz əksini tapıb – əsas qıcıqlandırıcıya əlavə qıcıqlandırıcının nisbəti daimi ölçü kimi qəbul edilməlidir:

∆J/J=k

J – əsas qıcıqlandırıcı, ∆J – fərqləndirmə həddinin kəmiyyəti və ya əsas qıcıqlandırıcıya əlavə olunan kəmiyyət, k– reseptordan asılı olaraq sabit qalan kəmiyyət.
Veber qanununa görə, əlavə qıcıqlandırıcı əsas qıcıqlandırıcıya nisbətən daimi kəmiyyətə malik olmalıdır. Məsələn: əlimizdə 100 q ağırlığında yük varsa, onun artdığını duymaq üçün ən azı 34 q əlavə olunması zəruridir. Ilkin qıcıqlandırıcının kəmiyyəti nə qədər çox olarsa əlavə ediləcək qıcıqlandırıcı da bir o qədər çox olmalıdır.
100 q – 3,4 q
200 q – 6,8 q
300 q – 10,2 q və s.
Fərqləndirmə həddi görmə analizatoru üçün 1/100-ə, eşitmə üçün 1/10, toxunma üçün 1/30-ə bərabərdir. Bu yalnız orta qüvvəyə malik olan qıcıqlandırıcılar üçün qanunauyğun haldır. Məsələn, təzyiq duyğusunda güclə sezilə biləcək fərqi duymaq üçün artım təqribən ilkin kütlənin 1/30 olmalıdır.
Veber qanununa görə iki duyğu arasındakı fərq bizdə o zaman eynilik təəssüratı yaradır ki, uyğun qıcıqlandırıcılar arasında həndəsi nisbət eynidir. Məsələn: işıqlandırmanın 25 şamdan 50 şama qaldırılması subyektiv olaraq 50 şamdan 100 şama qaldırılma zamanı verilən effekti verir.
Fərqləndirmə həssaslığının ölçülməsi imkanı psixoloqlar tərəfindən böyük nailiyyət kimi dəyərləndirilir. Çünki, ilk baxışdan çox subyektiv yaşantı kimi görünən fərqləndirmə duyğusu kəmiyyət analizi üçün mümkün olmuşdur. Buna görə də alman fizioloqu Fexner belə güman edirdi ki, ən zəif fərq­ləndirilə bilinən qıcıqlandı­rı­cı artımını (və ya fərqləndirmə həddini) duyğu vahidi kimi dəyərləndirmək olar. Özünün sonrakı tədqiqatlarında o belə bir fikrə gəlmişdir ki, bu fərqlən­dirmə həddi riyazi for­mulda ifadə oluna bilər. Bu formula görə duyğunun kəmiy­yəti, inten­sivliyi tə’sir edən qıcıqlandırı­cının intensiv­liyinin loqarifminə mütə­nasibdir. Bu formul (Fexner qanunu) psixologiya elmində formalaşan ən dəqiq qanun­lar­dan biridir.

Lakin Veber və Fexner qanunu yalnız orta səviyyədə olan qıcıqlandırıcılara aiddir. Qıcıqlandırıcının intensivliyi çox az (həddə yaxınlaşanda) və ya çox yüksək olanda fərqləndirmə həssaslığı kifayət qədər kobud şəkildə özünü göstərir.
Fexner öz qanunu haqqında danışarkən bir məsələni də xüsusi olaraq qeyd edirdi ki, qıcıqlandırıcının intensivliyi o zamana kimi artır ki, sonda elə bir kəmiyyətə çatır ki, bundan sonra qıcıqlandırıcının istənilən artımı duyğunun artmasına gətirib çıxarmır.
Beləliklə də, alman fiziki Fexner Veberin təcrübələrini davam etdirərək onun artıq təsbit etdiyi qanuna riyazi şəkil vermişdir ki, qıcıqlandırıcının şiddəti həndəsi silsilə ilə artdığı halda, duyğuların intensivliyi ədədi silsilə ilə artır.

S=KlogJ+C
burada S – duyğuların intensivliyi, J – qıcığın qüvvəsi, K və C – sabitliyi göstərir.
Yəni duyğuların intensivliyi qıcıqlandırıcının qüvvəsinin loqarifminə mütənasibdir.
Bu psixofizikanın əsas qanunudur.

Duyğuların ölçülməsi problemi
Psixologiyada duyğuların ölçülməsinin 2 əsas üsulu vardır:

Birbaşa öyrənmə metodu (yaxud subyektiv qiymət metodu);
Dolayısı yolla öyrənmə metodu(duyğuların mövcudluğunu göstərən əlamətlərin obyektiv qiymətləndirilməsi metodu).
Birbaşa öyrənmə metodu (yaxud qıcıqlanmanın sözlü qiymətləndirilməsi metodu) aşağıdakından ibarətdir:
Tədqiq edilənə müvafiq qıcıqlandırıcı təqdim olunur. Məsələn: dəriyə toxunma, səs, işıq və s. Bu zaman həmin qıcıqlandırıcılar əvvəlcə minimal intensivliyə malik olur, sonra tədricən gücləndirilir. Yoxlanılan insanın özündən müvafiq duyğunun ilk dəfə nə vaxt yarandığını deməsi tələb olunur. Yəni birbaşa öyrənmə metodunda, subyektin özündən onda müvafiq duyğunun nə zaman yaranmasını söyləməsi gözlənilir.
Duyğuların dolayısı yolla və ya obyektiv qiymətləndirilməsi metodu vasitəsilə ölçülməsinə gəldikdə isə, bu, əsasən laborator şəraitdə xüsusi cihazların köməyilə həyata keçirilir.
Məlumdur ki, duyğu passiv proses olmayıb, həmişə psixofizioloji dəyişikliklərlə müşayiət olunur və öz təbiətinə görə reflektor xarakter daşıyır. Bu fakta əsaslanaraq, duyğuları müşayiət edən reflektor dəyişmələrdən (damarların sıxılması, dəri-qalvanik refleksin təzahürü, dərinin elektrik müqavimətinin dəyişilməsi, beyinin elektrik fəallığı tezliyinin dəyişilməsi, qıcıqlandırıcı tərəfə gözün dönməsi və s.) onların təzahürünün obyektiv göstəricisi kimi istifadə olunur. Aparılan tədqiqatlar göstərmişdir ki, subyektə duyğu əmələ gətirə bilməyən çox zəif qıcıqlandırıcı ilə təsir etdikdə, qeyd edilən reflektor dəyişmələr müşahidə olunmur.
Dəri həssaslığını ölçmək üçün estiziometr adlanan xüsusi cihaz tətbiq olunur. Eşitmə həssaslığını səs generatoru yaxud audiyometrin köməyi ilə ölçürlər. Onlar müxtəlif intensivliyi olan səsləri müəyyən etməyə imkan verir. Görmə həssaslığının intensivliyi qaranlıqda əyləşmiş tətqiq olunanın gözünə müxtəlif intensivlikli işıq şüalarını (lap azdan başlayaraq, get-gedə artırmaqla) verməyə imkan verən cihazlarla ölçülür. Iy və dad duyğuları da eyni müvafiq qaydada ölçülür.
Eşitmə həssaslığının aşağı həddi desibellə (səsin intensivlik vahidi), işıq həssaslığının aşağı həddi lyüksla (işığın güc vahidi) və s. ifadə olunur.

Həddlərin ölçülməsinin klassik metodları
Həddlərin ölçülməsi üçün psixofizikada bir sıra klassik metodlar işlənib hazırlanmışdır.
F.E.Müller aşağıdakı 3 əsas metodu ayırd edir:

Utanovka metodu (Fexnerə görə orta səhvlər metodu);
Sərhədlər metodu (Vundta görə minimal dəyişikliklər metodu);
Daimi qıcıqlandırıcılar metodu (Fexnerə görə həqiqi və yalan hallar metodu).
Ustanovka və ya orta səhvlər metodunun mahiyyəti bundan ibarətdir ki, tədqiq olunan şəxs qıcıqlandırıcının intensivliyini gah azaldıb, gah da artırmaqla özü bu intensivliyi ümumiyyətlə güclə sezilə biləcək duyğu alanacan (mütləq həddi müəyyən­ləşdi­rərkən) və ya hansısa digər verilən ilkin göstəriciyə əsasən duyğunun əmələ gəlməsinə qədər (fərqləndirmə həddini müəy­yənləşdirərkən) dəyişir.
Sərhədlər və ya minimal dəyişikliklər metodu zamanı axtarılan kəmiyyəti (mütləq və ya fərqləndirmə həddini) tapmaq üçün tədqiq olunan şəxsə ardıcıl olaraq tədricən minimal dəyişikliklərlə artan və azalan intensivlikdə qıcıqlandırıcılar təqdim olunur. Bu zaman bir dəfə qıcıqlar azalan intensivliklə (yəni açıq-aydın nəzərə çarpan duyğudan tutmuş azalana doğru), digər halda isə artan intensivlikdə (yəni duyula bilinməyəndən artırılaraq) təqdim olunur. Əgər söhbət mütləq həddin ta­pıl­masından gedirsə, 2 kəmiyyət müəyyən edilir: artan intensiv­likdə təqdim olunan qıcıqlandırıcılardan ilk dəfə duyulan qıcığın kəmiyyəti və azalan intensivlikdə təqdim olunan qıcıqlardan onun ilk dəfə duya bilmədiyi qıcığın kəmiyyəti. Bu 2 göstəricinin orta riyazi göstəricisi məhz mütləq həddin əsl, həqiqi göstəricisi hesab edilir.
Məlum məsələdir ki, bu cür ölçmənin və həddin müəyyən­ləşməsinin dəqiqliyi təqdim olunan qıcıqların gücünü daha minimal dəyişikliklə təqdim edərkən, daha da çoxalar. Bunlar mümkün qədər az olmalıdır ki, məhz buradan da metodun adı (minimal dəyişikliklər) götürülmüşdür.
Fərqləndirmə həddini minimal dəyişikliklər metodu ilə taparkən isə artıq 2 yox, 4 kəmiyyət tapılır.

Daimi qıcıqlandırıcılar və ya həqiqi və yanlış hallar metodunda mütləq və fərqləndirmə həddinin kəmiyyəti artıq bu əvvəlki 2 metodda olduğu kimi birbaşa deyil, tədqiq olunanın kifayət qədər çoxlu sayda müəyyənləşdirdiklərinin statistik işlənilməsi əsasında müəyyən olunur. Metod aşağıdakı kimi həyata keçirilir:
Müxtəlif intensivlikdə olan qıcıqlandırıcılar tədqiq olunana qeyri-ardıcıl, kor-təbii şəkildə təqdim olunur. Əgər fərqləndirmə həddini müəyyən etmək tələb olunursa, qıcıqlandırıcılar sabit qıcıqlandırıcı ilə növbəli şəkildə təqdim olunur. Yoxlanılandan dəyişən qıcıqlandırıcının sabit qıcıqlandırıcıdan böyük, kiçik və ya ona bərabər olmasını dəyərləndirmək tələb olunur. Mütləq həddi müəyyən edərkən, tədqiq olunan, sadəcə, ona təqdim olunan qıcığı duyub duymadığını söyləməlidir. Hədd kəmiyyətinin özü səhv və düz cavabların hesablanması, tədqiq olunanın müxtəlif intensivlikdə kor-təbii şəkildə təqdim olunan qıcıqlandırıcıların dəfələrlə qiymətləndirməsi əsasında alınır.
Bu metod zamanı bir neçə daimi kəmiyyətə, intensivliyə malik stimuldan istifadə olunur. Fərqləndirmə həddini müəyyən etmək üçün onların hər biri bir neçə dəfə standart stimulla müqayisə edilir. Məsələn sual qoyulur: Bunlardan hansı böyükdür? Nəticədə belə bir cərgə alınır:
Istandart – Ibirinci: azdır (a), çoxdur(ç), a,a,a,a,ç,a,ç…
Istandart – Iikinci: a,ç,ç,ç,ç,a,ç,…
Bu şəkildə davam edir.
Ehtimal olunan cavabların sayı tapılır. Fərqləndirmə həddi dəyişən stimulun standarta nisbətən kəmiyyətinin dəyişməsi ilə hesablanır. Yə’ni 50% və 100% düzgün cavablar arasında.
Mütləq həddin hesablanmasında isə standart stimul təqdim olunmur, hə və yox cavablarının bərabər sayda kəmiyyəti tapılır.

Duyğuların qarşılıqlı təsiri: adaptasiya, sinesteziya, sensibilizasiya
Analizatorların mütləq hədd kəmiyyəti ilə müəyyən edilən həssaslığı daimi deyildir. O, bir sıra fizioloji və psixoloji amillərdən asılı olaraq dəyişir. Başqa hiss üzvlərinin qıcıqlanmasının təsiri nəticəsində analizatorun həssaslığının dəyişilməsinə duyğuların qarşılıqlı təsiri deyilir.
Duyğuların qarşılıqlı təsirindən danışarkən, adətən, adaptasiya, sinesteziya və sensibilizasiya təzahürləri haqqında danışılır.
Adaptasiya müəyyən qıcıqlandırıcının hansısa bir analizatora uzun müddət, fasiləsiz olaraq təsiri nəticəsində həssaslığın dəyişilməsidir. Qıcıqlayıcı çox zəif olduqda həssaslıq artır, çox güclü olduqda isə həssaslıq azalır Bu hadisə bir sıra duyğularda (görmə, iy, temperatur, toxunma) qüvvətli, eşitmə və ağrı duyğularında isə zəif olur. Məsələn: insan güclü işıqlandırılmış otaqdan qaranlıq otağa keçdikdə ilk anlar heç nə görmür. Bu halda adaptasiya təxminən 10-20 dəqiqə çəkə bilər. Lakin qaranlıqdan işıqlı yerə keçdikdə adaptasiya müddəti bundan xeyli az vaxt tələb edir. Digər halda insan xoşagəlməz iy gələn bir yerə daxil olduqda, ilk anlar həmin iy ona dözülməz olsa da, bir müddətdən sonra, adətən, onda həssaslığın azalması sayəsində iyə qarşı adaptasiya yaranır.

Adaptasiya - müəyyən qıcıqlandırıcının hansısa bir analizatora uzun müddət, fasiləsiz olaraq təsiri nəticəsində həssaslığın dəyişilməsidir.
Sensibilizasiya - analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artmasıdır.
Sinesteziya - bir hiss orqanının qıcıqlanması zamanı onun üçün spesifik olan duyğu ilə yanaşı digər hiss orqanına uyğun olan duyğunun yaranmasıdır.
Adaptasiya bizə özündə informasiya daşıyan dəyişiklik­lərdə diqqətimizi cəmləmək imkanı verir ki, bununla da əhəmiyyətsiz dəyişikliklərə və stimullara diqqət verməməyi şərtləndirir. Məsələn: küçədəki səs-küyə, iylərə və s.
Sensibilizasiya adapta­si­yadan 2 cəhətinə görə fərqlənir. Əvvəla, əgər adaptasiya prose­sində həssaslıq öz kəskinliyini artıraraq və ya azaldaraq hər iki tərəfə dəyişirsə, sensibilizasiya prosesində öz kəskinliyini artıraraq yalnız bir tərəfə dəyişir. Digər tərəfdən, adaptasiya zamanı həssaslığın dəyişilməsi ətraf mühit şəraitindən asılı olduğu halda, sensibilizasiya zamanı onlar başlıca olaraq, orqanizmin özünün dəyişməsindən (fizioloji və ya psixoloji) asılı olur.
Analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına sensibilizasiya deyilir.
«Sinesteziya» sözü yunan dilindən «synaisthesis» sözündən götürülmüşdür və qarışıq duyğu mənasını verir. Sinesteziya zamanı bir hiss orqanının qıcıqlanması zamanı onun üçün spesifik olan duyğu ilə yanaşı digər hiss orqanına uyğun olan duyğu da yaranır. Başqa sözlə, müxtəlif hiss orqanlarından gələn siqnallar qarışır, sintezləşir. Insan səsi eşitməklə bərabər, onu həm də görür, predmetə toxunmaqla bərabər onun dadını da duyur. Bu təzahürlər bizim dilimizdə də möhkəmlənmişdir. «Acı dil», «şirin səs», «isti rəng» - bütün bunlar sinesteziyanın təzahürüdür (bu həmçinin assosiasiya ilə də əlaqədar ola bilər). Sinesteziyalar olduqca fərdi xarakter daşıyır. Məsələn: aya baxan bir qadında həmişə ağzına paslanmış mismar dadı gəlir. Prinsip etibarilə istənilən duyğu cütlüyündə bu cür sinesteziyalar ola bilər. Ancaq ən çox yayılmış sinesteziya «rəngli eşitmə»dir. Yəni, bu vaxt eşitmə stimullarını qəbul edən insanda görmə (daha dəqiqi, rəng) duyğuları yaranır. Rəngli eşitmə qabiliyyətinə malik insanlar arasında məşhur insanlara, bəstəkarlara, rəssamlara daha çox rast gəlmək olar. Məsələn: Rimski-Korsakov, Skryabin və başqalarının belə sinestetik xüsusiyyətlərə malik olması haqqında elmi ədəbiyyatlarda məlumatlara rast gəlmək olar.


Tarix: 27.11.2014 / 11:49 Müəllif: Aziza Baxılıb: 332 Bölmə: Ümumi Psixologiya