beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qrupların təsnifatı

Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər.
Böyük qrup 30-40- dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir.
Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar. İnsan öz həyatının çox hissəsini bu qrupun daxilində keçirir. Ona görə də bir-birlərini yaxşı tanıyırlar.
Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. Məsələn, yeni yaranmış ailəni ilkin qrup adlandırırlar. İnsan adətən bir ilkin qrupun iştirakçısı olur. Hər hansı mikro sosial qrup onun iştirakçıları üçün ilkin qrupa çevrilə bilər. Bütün ilkin qruplar eyni zamanda kiçik qrup olub uzun müddət, bəzən insanın ömrü boyu davam edən qruplar olaraq qalır. İlkin qrupun iştirakçıları daimi təmas nəticəsində bir-birini yaxşı tanıyır, bir-birinə bələd olurlar.
İlkin qrupun iştirakçıları arasında məhrəmlik və ümumi məxvilik mövcud olduğundan, onların dünyaya «özlərinə» məxsus baxışları və xüsusi qiymətləndirmə sistemləri yaranır. Qarşılıqlı maraqların anlaşılması və eyni qrupa mənsub olmaq hissi ilkin qrupun iştirakçılarını daha həmrəy hərəkət etməyə məcbur edir. İlkin qrupda sosial nəzarət olub, iştirakçılar öz hüquq və vəzifələrini könülllü anlayır və yerinə yetirirlər.
Qeyd etmək lazımdır ki, ilkin qruplarda baxışlar, təsəvvür və motivlər birgə yaşayış və fəaliyyət şəraitində tədricən formalaşır və təkrar nəticəsində müxtəlif stereotiplər yaranır. İlkin qrupun yaşayış tərzi, adət və ənənələri mövcud olur ki, onlar tədricən formalaşır və sosial ünsiyyət şəklində yeni iştirakçılara keçir.
İlkin qruplar özləri eyni zamanda kiçik qrup olmaqla, kiçik qrupda olan ilkin qruplardan birinə çevrilə bilir. Başqa sözlə, bəzən bir kiçik qrupda bir neçə ilkin qrup mövcud ola bilir.
Kiçik qrupların növləri. Sosial psixologiyada kiçik qrup­ların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qrupları qeyd edirlər.
Şərti qruplar, adından məlum olduğu kimi müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qrupa daxil edilməsi nəticəsində yaranır. Məsələn, Universitetin tələbələrini oğlan və qız olmalarına, idman və musiqi ilə maraqlanmalarına, yaşlarına görə qruplaşdırmagı buna misal göstərmək olar. Şərti qrup bəzən statik qrup da adlandırılır. Şərti qrup iştirakçıları eyni zaman və məkan daxilində yaşamaya və bir-biri ilə rabitədə, təmasda olmaya da bilirlər. Bununla yanaşı olaraq şərti qrupların yaradılmasından müvafiq eksperimentlərin nəticələrini təhlil edərkən də istifadə olunur. Bu zaman tədqiqatçı üzərində tədqiqat apardığı yoxlananları bu yolla qruplaşdıra bilir. Məsələn, prof. Ə.Bayramov müxtəlif məktəblərdə və siniflərdə apardığı müəyyənedici eksperimentlərə əsasən aglın tənqidiliyinin səviyyəsinə görə şagirdləri 4 qrupa bölmüşdür: təhriksiz olaraq tənqidi düşünənlər; qismən təhriklə tənqidi düşünənlər; tam təhriklə tənqidi düşünənlər; heç cür tənqidi düşünə bilməyənlər.
Real qruplara gəldikdə bunlara müəyyən zaman və məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyini aid edirlər. Məsələn, ailə, bir sinfin şagirdləri, məktəbin pedaqoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birləri ilə təmasda olurlar.
Sosial psixologiyada kiçik qrupların məqsəd və xarakterinə görə daha iki növünü qeyd edirlər: rəsmi (formal) və qeyri – rəsmi (qeyri formal).
Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Rəsmi qruplarda qrup üzvlərinin mövqeyi və davranışı ciddi qaydalarla reqlamentləşdirilir. Bu cür qruplar daima mütəşəkkil qrup olub, onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və sənədlərdə öz əksini tapır. Özünün şəxsi töhfəsi və özünün xidməti və ictimai funksiyalarını yerinə yetirməsindəki məsuliyyət dərəcəsindən asılı olaraq rəsmi qrupun bütün üzvləri burada müvafiq yer, mövqe tuturlar. Bu cür rəsmi qruplara orta məktəbdəki sinifləri, ali məktəb tələbə qruplarını, kafedraları, hərbi qrupları və s. misal göstərmək olar.
Qeyri-rəsmi qruplara gəldikdə, adından göründüyü kimi, rəsmi sənədlər əsa­­sında yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu cür qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup üzvlərinin bir-birinə qarşı emosional-psixoloji münasibətləri qrupun yaranması üçün əsas rol oynayır. Qeyri – rəsmi qrup da özünün müvafiq strukturu və qarşılıqlı münasibət normalarına malik olur. Lakin bu münasibətlər ilk növbədə yazılmamış qaydalar və insanların şəxsi keyfiyyətlərindən doğan münasibətlərdən ibarət olur. Bu cür qruplara öz maraqlarına görə birləşən həyət kompaniyalarını, yaxın iş və təhsil dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində də bu cür qeyri-rəsmi qruplar yarana bilir. Belə ki, rəsmi qrupun üzvləri bir-birinə yaxınlıq, dostluq münasibətlərinə görə qruplaşa bilirlər. Həmin qrupların mövqeyi, norma və məqsədi bütövlükdə rəsmi qrupun mövqe, norma və məqsədinə uygun gəldikdə qrupun fəaliyyətinin müvəffəqiyyətlə həyata keçməsinə imkan yaradır. Bu baxımdan psixoloqlar rəsmi kiçik qrupun müvəf­­fəqiyyətlə fəaliyyət göstərməsinin, onun rəsmi və qeyri-rəsmi struk­­tu­rlarının bir-birinə uyğun gəlməsindən asılı olduğunu qeyd edirlər.
Referent qruplar. Psixoloji ədəbiyyatda kiçik qrupların bir növü kimi referent qrupları da qeyd edirlər (latınca referens sözündən götürülmüşdür). Özünün normaları, fikirləri, qiymətləri fərdin davranış motivlərinə çevrilən sosial birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942- ci ildə Q.Xaymen tərəfindən irəli sürülmüş və sonralar R. Merton, Q. Nunkom, M.Şerif və b. tərəfindən istifadə olunmuşdur.
Məlum olduğu kimi hər bir adam müxtəlif qrupların üzvü olur. Ayrı- ayrı adamlar üçün daxil olduğu həmin qrupların sırası özünəməxsus şəkildə, müxtəlif olur. Lakin bütün hallarda həmin sıranın müəyyənləşdirilməsi eyni prinsipə əsaslanır: birinci yerdə mütləq o qruplar dayanacaqdır ki, həmin qrupun normaları fərdin cəhd etdiyi normalara uyğun olsun. Sonrakı yerlərdə qruplar fərd üçün əhəmiyyətlilik dərəcəsi olan yerləri tutacaqdır. Yüksək ranqa malik olan qrup fərd üçün bir növ daxili forum təşkil edir (Q.Midin obrazlı ifadəsinə görə), fərd öz davranışını həmin normalarla tutuşdurur, tənzim edir.
Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına çevrilən, fərdin statusunun artması üçün daimi imkanları olan bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar.
V.B.Olşanskinin verdiyi tərifə görə etalon qrup real və ya təsəvvür olunan elə qrupdur ki, şəxsiyyət həmin qrupa cəhd göstərir və onun standartlarını öz davrvnışı üçün etalon qəbul edir. Bu baxımdan etalon qruplar real və təsəvvür olunan xarakter daşıya bilər.


Tarix: 27.11.2014 / 11:52 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Ümumi Psixologiya