Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaş və pedaqoji psixologiya

Yaş psixologiyası haqqında anlayış. Yaş psi­xologi­yası müasir psixologiyanın əsas sahələrindən biridir. Yaş psixologiyasının predmetini birinci növbədə insan psixikasının inkişaf dinamikası­nın, şəxsiyyətin psixi prosesləri və psixi xassələ­rinin ontogenezinin inkişaf xüsusiyyətlərinin öyrə­nilməsi təşkil edir.
Yaş psixologiyasının predmetinə fərdin psi­xologiyası və davranışının “yaş” anlayışı ilə ifadə olunan spesifik birliyini də aid etmək olar. Nəzərdə tutulur ki, insan hər bir yaş dövründə psi­xoloji və davranış xüsusiyyətlərinin həmin yaş dövrü üçün xarakterik olan və həmin dövrdən kənarda heç vaxt özünü göstərməyən birliyinə malik olur.
Yaş psixologiyasının predmetini təşkil edən məsələlərdən birini də insanın psixiki inkişafı­nın hərəkətverici qüvvələri, şərati və qanunauy­ğunluqları təşkil edir. Psixi inkişafın hərəkət­verici qüvvələri anlayışı altında insanın psixi inkişafına təkan verən, onu müəyyən istiqamətə yö­nəldən səbəblər başa düşülür. Uşağın psixi inki­şafının hərəkətverici qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil, bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin zid­diyyətlər özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndi­rir. Psixi inkişafın qanunauyğunluqlarına gəldik­də, onlar ümumi və xüsusi qanunauyğunluqlardan iba­rətdir. Həmin qanunauyğunluqların köməyi ilə insa­nın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.

Pedaqoji psixologiyanın predmeti. Məktəblərimizin ən mühüm və daimi vəzifəsi olan gənc nəslə elmlərin əsasları haqqında dərin və möhkəm biliklər vermək, həmin bilikləri təcrübəyə tətbiq etmək vərdişləri və bacarığı aşılamaq, hər­tərəfli inkişaf etmiş şəxsiyyət formalaşdırıl­ması işini müvəffəqiyyətlə həyata keçirmək üçün müəllim tərbiyənin və təlimin psixoloji qanunauy­ğunluqlarına dərindən yiyələnməli və özünün peda­qoji fəaliyyətində həmin biliklərdən istifadə et­məyi bacarmalıdır. Bu cür biliklər isə müasir psixologiya elminin mühüm sahələrindən biri olan pedaqojipsixologiyada öz əksini tapır.

Pedaqoji psixologiyanın predmetini insanın tərbi­yə, təlim və pedaqoji fəaliyyətinin psixoloji qanuna­­uy­ğunluqla­rının öyrənilməsi təşkil edir.
Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrə­nilməsi, şəxsiyyətin inkişaf sə­viyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbi­yənin idarə olunması problem­lərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixo­loji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir.
Təlimin idarə olunmasının psixoloji məsələ­lərini, təlim və inkişafın qarşılıqlı əlaqəsini, psixi proseslərin, xüsusilə şagirdlərdə təfəkkürün inkişafında təlim fəaliy­yətinin aparıcı rolunu, təlim motivlərinin psixoloji xüsu­siyyətlərini, təlim fəaliyyətinin struktur kompo­nentlərini, əqli fəaliyyətin priyom və vərdişlərinin mənim­­sənilməsi prosesinin idarə olunması problemlərini öyrən­mək müasir pedaqoji psixologiyanın predmetinə daxil olan ən mühüm komponentlərdəndir. Bunlarla yanaşı olaraq, təlimdə müvəffəqiyyəti və müvəffəqiyyətsiz­liyi şərtlən­dirən psixoloji amilləri, müasir dərsə verilən psixoloji tələbləri, təlim prosesində müasir texniki vasitələrdən istifadənin psixoloji xüsusiyyətləri, pedaqoji fəaliyyətin psixoloji xüsu­siyyətləri, müəllim və şagirdlərin qarşılıqlı mü­nasibət­­­lər­­­inin, müəllimin pedaqoji bacarıq və vər­dişlərinin, xüsusilə onun pedaqoji ünsiyyəti və pe­daqoji mərifətinin psixoloji mexanizmlərini və təlim və tərbiyənin digər mühüm psixo­­loji məsələ­lərini öyrənmək, aşkara çıxarmaq da pedaqoji psixo­logiyanın predmetini təşkil edir.

Yaş psixologiyasının əsas bölmələri və vəzifələri
Yaş psixologiyası müasir psixologiya elminin əsas sahələrindən biri olmaqla yanaşı onun da özünəməxsus və bir-birini tamamlayan bölmələri vardır. Bunlara aşağıdakılar daxildir: uşaq psixologiyası, yeniyetmələrin psixologiyası, gəncliyin psixologiyası, yaşlı adamların psixologiyası, uzun ömürlülük psixologiyası (herontopsixologiya).
Müasir yaş psixologiyasının qarşısında duran vəzifələr geniş və çoxsahəlidir. Yaş psixologiyasının qarşısında duran əsas vəzifə şəxsiyyətin inkişaf problemlərini, ayrı-ayrı yaş dövrlərində onun xüsusiyyətlərini, psixi inkişafın dinamikasını, ümumi qanunauyğunluqlarını öyrənməkdən ibarətdir. Şəxsiyyətin yaş aspektində inkişafının hərəkətverici qüvvələri, mexanizm, şərait və amillərinin, təlim-tərbiyə prosesində psixi inkişafın yaş xüsusiyyətlərini nəzərə almağın səmərəli yollarının və s. öyrənilməsi də yaş psixologiyasının qarşısında duran mühüm vəzifələrdən hesab edilir.

Psixi inkişafın yaş dövrləri
Psixi inkişafın yaş dövrlərinin müəyyən­ləş­diril­məsi prinsipləri. Psixoloji ədəbiyyatda uşağın inkişaf prosesi haqqında iki müxtəlif nöq­teyi-nəzər mövcud olmuşdur. Bunlardan birinə görə bu inkişaf prosesi fasiləsiz, digərinə görə diskret — qeyri-bərabər xarakter daşıyır. Birinci fikrə görə inkişaf dayanmadan, sürətlənmədən, ləngimədən baş verir. Ona görə də bir mərhələni di­gərindən fərqləndirəcək hər hansı dəqiq sərhəddi müəyyənləşdirmək mümkün deyildir. İkinci nöqteyi-nəzərə görə inkişaf qeyri-rəvan, qeyri-bərabər şə­kildə gedir. Onun sürəti gah arta, gah da azala bilir. Bu isə inkişafın keyfiyyətcə bir-birindən fərqlənən mərhələlərini, yaş dövrlərini müəyyən­ləşdirməyə imkan verir. Bu fikrin tərəfdarları hesab edirlər ki, hər bir mərhələdə inkişaf səviy­yəsini şərtləndirən əsas, aparıcı amillər mövcud­dur. Bununla yanaşı, fərdi xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlar inkişafın hər bir mərhələ­sini, onlardan heç birini buraxmadan, qabağa qaçmadan keçirlər.
Psixi inkişafın yaş dövrləri haqqında həmin konsepsiya psixoloji ədəbiyyatda özünə geniş yer tap­mış və uşaqların təlim-tərbiyəsində geniş isti­fadə olunan konsepsiyadır.
Adətən insan bütün həyatı boyu özünün tələbat­larını ödəmək üçün bir çox fəaliyyət növlərindən istifadə edir. Lakin müəyyən yaş dövründə həmin fəaliyyət növlərindən biri digərlərinə nisbətən “əsas”, “aparıcı” fəaliyyət növü hesab olunur. Əsas fəaliyyət növü uşağın müəyyən inkişaf mərhələsində onun tələbatlarını ödəyən, onun psixi proseslərinin və şəxsiyyətinin fərdi psixi xassələrinin inkişa­fını şərtləndirən fəaliyyət növüdür. Uşağın əsas fəaliyyət növünün dəyişməsi onun yeni yaş mərhələ­sinə keçməsini göstərən əsas amildir.
D.B.Elkoninə görə uşaq anadan olandan 17 yaşa qədər olan dövrdə ardıcıl olaraq aşağıdakı əsas fəaliyyət növlərindən istifadə edir və buna müvafiq olaraq yaş dövrləri müəyyənləşdirilir1:

bilavasitə-emosional ünsiyyət;
əşyavi-manipulyativ fəaliyyət;
rollu oyunlar;
təlim fəaliyyəti;
intim-şəxsi ünsiyyət;
təlim-peşə fəaliyyəti.
Həmin əsas fəaliyyət növlərindən hansından istifadəyə əsaslanaraq D.B.Elkonin müvafiq şəkildə uşağın anadan olandan orta məktəbi qurtarana qədər aşağıdakı altı yaş dövrünü keçdiyini qeyd etmişdir:
1. Körpəlik dövrü: anadan olandan bir yaşa qədər.
Bu dövrdə bilavasitə emosional ünsiyyət aparıcı fəaliyyət rolunu oynayır. İkinci ayda meydana gələn kompleks canlanma uşağın böyüklərlə ünsiyyətinin mürəkkəb forması kimi özünü göstərir. Böyüklərlə bu cür emosional ünsiyyət uşağın əşyalarla müstəqil olaraq manipulyasiya aparmağa başladığı dövrə qədər davam edir.
2. Erkən uşaqlıq dövrü: bir yaşdan üç yaşa qədər.
Bu dövrdə əşyavi-manipulyativ fəaliyyət aparıcı fəaliy­yət olur. Bu zaman bir növ xüsusi əşyavi fəaliyyətə keçid baş verir. Eyni zamanda uşağın böyüklərlə verbal ünsiyyət forması inkişaf edir.
Aparılmış tədqiqatlar göstərmişdir ki, bu dövrdə uşaqlar nitqdən təfəkkür aləti kimi deyil, insanlarla birgə fəaliyyət zamanı əməkdaşlığı təmin etmək üçün əlaqə vasitəsi kimi istifadə edirlər.
3. Bağça yaşı dövrü: üç yaşdan altı-yeddi yaşa qədər.
Bu dövrdə oyun aparıcı fəaliyyət rolunu oynayır, uşağın psixika və davranışının bütün cəhətlərinin inkişafı üçün şərait yaradır. Xüsusi oyun tərzlərindən istifadə etməklə uşaq bir növ böyüklərin rolunu öz oyunlarında təkrar edir, insanlar arasındakı qarşılıqlı münasibətləri özünəməxsus şəkildə mənimsəyir. Bu zaman rollu oyunlar fəallığın növü kimi özünü göstərir.
4. Kiçik məktəb yaşı dövrü: altı-yeddi yaşdan on-on bir yaşa qədər.
Bu dövrdə uşaqların psixi inkişafında təlim aparıcı fəaliyyət kimi özünü göstərir. Təlim prosesində əqli və idrak qabiliyyətləri formalaşmaqla, təlimin köməyi ilə uşağı əhatə edən adamlarla onun münasibətlər sistemi şərtlənir.
5. Yeniyetməlik dövrü: on-on bir yaşdan on dörd-on beş yaşa qədər.
Bu dövrdə əmək fəaliyyəti, eləcə də xüsusi ünsiyyət forması olan intim-şəxsi ünsiyyət meydana gəlir və inkişaf edərək aparıcı fəaliyyət rolunu oynayır. Ünsiyyətin başlıca məqsədi yoldaşlıq və dostluğun elementar normalarının aşkara çıxarılması və mənimsənilməsindən ibarət olur. Ünsiyyətin bütün formalarında yoldaşlığın özünəməxsus kodeksinə tabe olmaq münasibəti müşahidə olunur.
6. İlk gənclik dövrü: on dörd-on beş yaşdan on yeddi yaşa qədər.
Bu dövrdə təlim-peşə fəaliyyəti aparıcı rol oynayır. Yeniyetməlik dövründə meydana gələn intim-şəxsi ünsiyyət inkişafda mühüm əhəmiyyət kəsb edir. İlk gənclik dövründə həyata baxışlar, peşə və şəxsi özünütəsdiq inkişaf edir.
Psixoloji ədəbiyyatda insanın bütün həyat silsiləsini əha­tə edən aşağıdakı yaş dövrlərinin təsnifi verilmişdir:


Yaş dövrləri

Kişi cinsi

Qadın cinsi

Yeni doğulan

1-10 gün

Südəmər uşaq

10 gün — bir il

Erkən uşaqlıq

1-2 il

Uşaqlığın ilk dövrü

3-7 il

Uşaqlığın ikinci dövrü

8-12 il

8-11 il

Yeniyetməlik dövrü

13-16 il

12-15 il

Gənclik dövrü

17-21 il

16-20 il

Orta yaş:





Birinci mərhələ

22-35 il

21-35 il

İkinci mərhələ

36-60 il

36-55 il

Yaşlı adamlar

61-75 il

56-75 il

Qocalıq yaşı

76-90 il

Uzunömürlülük

90 ildən yuxarı



Müasir pedaqoji psixologiyanın əsas problemləri, vəzifələri və bölmələri
Müasir dövrdə gənc nəslin təlim və tərbiyəsi pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik əhəmiy­yətə malik olan problemlərin həlli vəzifəsini qoyur. Həmin problemləri həll etmədən və onlardan irəli gələn vəzifələri həyata keçirmədən pedaqoji psixologiya lazım olan səviy­yəyə qalxa bilməz.
Elm və texnikanın durmadan inkişaf etdiyi və mənimsənilməsi zəruri olan məlumatların artdığı müasir dövrdə pedaqoji psixologiyanın qarşısında duran ən mühüm problemlərdən biri uşaqların həya­tının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inki­şafı üçün lazım olan bütün imkanları müəyyən­ləşdir­mədən ibarət­dir. Psixoloqlar bu məsələnin pedaqoji psixo­logiya üçün problem məsələ olduğunu onda görürlər ki, hər şeydən əvvəl, uşaqlarda şəxsiyyətin və əqli inkişa­fın bütün senzitiv mərhələləri, onların başlanğı­cı, davamlılığı və sonu hələ də məlum deyildir. Di­gər tərəfdən, hər bir uşağın həyatında bu mərhələ­lərin təzahürü fərdi xarakter daşı­maqla, müxtəlif vaxtlarda özünü göstərir və müxtəlif şəkildə cərəyan edir.
Pedaqoji psixologiyanın həll etməli olduğu problem­lərdən biri də təlim və inkişafın qarşı­lıqlı əlaqəsini aşkara çıxarmaqdan ibarətdir. Uzun müddət­dən bəri dünya psixoloqlarının diqqətini cəlb edən bu problem hələ də pedaqoji psixologiya­nın əsas problem­lərindən biri kimi qalır.
Pedaqoji psixologiyanın həll etməli olduğu başqa bir problem təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərinin əlaqəsinin aşkara çıxarılmasından ibarətdir. Məlum olduğu kimi, uşağın hər bir yaş dövrü əqli və şəxsi inkişaf üçün özünəməxsus imkan yaradır. Lakin bu sahədə müəy­yən tədqiqatların aparılmasına baxmayaraq hələ də uşaq həyatının hər bir konkret mərhələsində təlim və tərbiyədən hansına üstünlük vermək, vahid pedaqoji pro­sesdə tərbiyəedici və öyrədici təsir­lərin bir-birini tamam­laması üçün hansı yollardan istifadə etmək özünün əsaslı həllini tapmamışdır.
Pedaqoji psixologiyanın həll etməli olduğu problem­lərdən biri də uşaqların psixoloji və dav­ranış nöqteyi nəzərdən inkişafında onların ana­dangəlmə, genotipik imkanlarının və mühitin ayrılıqda və ya birgətəsirinin xüsusiyyətlərini aşkara çıxarmaqdan ibarətdir.
Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixo­loji xüsusiyyətlərinin öyrənilməsi də pedaqoji psixolo­giyanın həll etməli olduğu əsas problemlərdəndir. Pedaqoji fəaliyyətin psixoloji strukturunu, müəllim şəxsiyyətinin, xüsusilə onun pedaqoji bacarıq və qabiliyyətlərinin, peda­qoji ün­siyyət və pedaqoji mərifətin psixoloji xüsu­­­siyyətlərini aşkara çıxarmaqla pedaqoji psixologiya pedaqoji fəaliyyətin idarə olunmasına düzgün istiqamət vermiş olur.
Müasir dövrdə pedaqoji psixologiyanın qar­şısında duran və həll edilməsi zəruri olan prob­lemlərdən biri də pedaqoji cəhətdən baxımsız uşaqlar problemidir. Bu prob­lemlə sıx bağlı “çə­tin” uşaqlar problemi ən ümdə prob­lem kimi diqqəti cəlb edir.
Son illərdə respublikamızda yaşlı nəsillə birlikdə qaç­qınlıq həyatı keçirən uşaqların həyatı hamını düşündürür. Bu baxımdan pedaqoji psixo­logiya da kənarda qala bilməz. Bu cür uşaqların sosial-psixoloji adaptasiyası və psixoloji reabi­litasiyası probleminin öyrənilməsi ən ciddi prob­lemlərdən biridir.
Yuxarıda qeyd olunan problemlərin həll edil­məsi gənc nəslin təlim və tərbiyəsi işinə öz önəmli təsirini göstərə bilər.
Bütün qeyd edilənlərdən aydın olur ki, müasir peda­qoji psixologiyanın qarşısında mühüm nəzərivə praktik vəzifələr durur. Həmin vəzifələri hə­yata keçirmə­dən pedaqoji psixologiya tələb olunan səviyyəyə qalxa bilməz.
Müasir pedaqoji psixologiyanın nəzəri vəzi­fələrinə, hər şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanuna­uyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixo­logiyanın qarşısında duran mühüm nəzəri vəzifə­lərindən biri kimi gənc nəslin yüksək elmi dünya­görüşünə, şüuruna xas olan keyfiyyətlərlə forma­laş­dırıl­masının ən səmərəli elmi yollarını müəy­yənləşdirməyi göstərmək olar.
Müasir pedaqoji psixologiyanın praktikvəzi­fələrinə gəldikdə buraya təlimin idarə olunması­nın psixoloji məsələlərini, təlim və əqli inkişa­fın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, ba­carıq və vərdişlərə yiyələnmə xüsu­siyyətlərini və s. öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pe­daqoji psixologiya təlim və tərbiyənin motivlərini aşkara çıxarmaq və müəllimləri bu sahədə zəruri biliklərlə silahlandırmaq kimi mühüm praktik vəzifəni həyata keçirir.
Pedaqoji psixologiyanın bir-biri ilə sıx bağlı olan bölmələri vardır. Pedaqoji psi­xologiyanın həmin bölmələrinə tərbiyə psixologi­yasını, təlim psixologiyasını, pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyasınıaid etmək olar. Bununla yanaşı psixoloji ədəbiyyatın bir ço­xunda anomal uşaqlarla təlim, tərbiyənin psixolo­giyasını da pedaqoji psixologiyanın şöbə­lərindən biri kimi qeyd edirlər.
Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının psixoloji mexanizmlərini, tərbiyə işinin metodları və formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılmasını, şagird kollektivinin psixologiyasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin idarəolünması problemini, «çətin» uşaqlar, onların davranışının korreksiyası məsələlərini öyrənir. Bunların hamısı vahid bir vəzifəni — şəxsiy­yətin formalaşdırılması vəzifəsini yerinə yetir­məyə yönəlmiş olur.
Təlim psixologiyası təlimin mahiyyəti və psixoloji qanunauyğunluqlarını, didaktikanın, xü­susi metodikaların, problemli təlimin, proqramlaş­dırılmış təlimin, əqli əməliy­yatların formalaş­masının psixoloji əsaslarını, təlim və inkişa­fın qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəa­liyyətində müasir texniki vəsaitlərdən istifa­dənin psixo­loji əsaslarını və s. məsələləri tədqiq edib öyrənir.
Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixo­logiyasıpedaqoji fəaliyyətin psixoloji st­rukturunu, müəllim şəxsiyyəti və onun peşə-psixo­loji istiqamətini, pedaqoji funksiyasının, peda­qoji bacarıq, vərdiş və qabiliyyətlərin psixoloji əsaslarını, pedaqoji mərifət və pedaqoji ünsiyyə­tin psixoloji xüsusiyyətlərini və s. öyrənir.
.

Yaş və pedaqoji psixologiyasının tədqiqat metodları


Yaş psixologiyasında istifadə olunan tədqiqat metodları kompleksi bir neçə blokdan ibarətdir. Bu metodların bir qismi ümumi psixologiyadan, digər qismi differensial psixologiyadan, üçüncü qismi sosial psixologiyadan götü­rülmüşdür.
Uşaqlarda idrak proseslərinin və şəxsiyyətin öyrənilməsi üçün tətbiq olunan bütün metodlar ümumi psixolo­giyadan götürülmüşdür. Bu metodlar uşaqla­rın yaşına uy­ğunlaşdırılmaqla ayrı-ayrı yaş dövr­lərində qavrayışın, diq­qətin, hafizənin, təxəyyülün, təfəkkürün və nitqin inkişaf xüsusiyyətlərinin öy­rənilməsinə yönəldilmişdir.
Differensial psixologiya yaş psixologiyasını uşaqların fərdi və yaş xüsusiyyətlərini öyrənmək üçün zəruri olan metodlarla təmin etmişdir. Bu me­todlar içərisində əkizlər metodu xüsusi yer tutur.
Sosial psixologiyadan götürülmüş metodlardan müx­təlif uşaq qruplarında şəxsiyyətlərarası müna­sibətləri, eləcə də uşaqlarla yaşlı adamlar arasın­dakı qarşılıqlı münasibətləri öyrənmək üçün isti­fadə olunur. Həmin metodlar uşaqların yaşına uy­ğunlaşdırılmış olur. Bunlara müşahidə, sorğu, in­tervyu, sosiometrik metodu, sosial-psixoloji ekspe­rimenti aid etmək olar.
Qeyd olunan metodların bəzilərinin tətbiqi xüsusiyyətlərinə nəzər salaq.
Müşahidə metodunun müxtəlif variantların­dan istifadə olunması uşaq haqqında kifayət qədər əsaslandırılmış məlumat əldə etməyə imkan verir. Hər cür müşahidəni məqsədəyönəlmiş və müvafiq proqrama, plana uyğun şəkildə aparmaq lazımdır.
Müvafiq nəticə əldə etmək üçün müşahidəni müntəzəm aparmaq tələb olunur. Uşaqlar çox sürətlə inkişaf edirlər. Onların psixologiyası və davra­nışı sürətlə dəyişir. Ona görə də uşağın yaşından asılı olaraq müşahidələr arasındakı fasilə də­yişməli olacaqdır. Məsələn, yeni doğulmuş uşaq üzə­rində hər gün, 2-3 aylıqdan bir yaşa qədər dövrdə hər həftə, 1-3 yaşlı uşaqlarda hər ay, bağça yaşlı uşaq­larda ildə ən azı iki dəfə və s. müşahidə aparmaq lazım gəlir. Uşaqlar üzərində müşahidənin gizli təşkil edilməsi, uşağın bunu hiss etməməsi daha dəqiq nəticə əldə etməyə imkan verir.
Müşahidənin bir növü kimi "ana gündəlik­ləri”ndən istifadə də səmərəli nəticə verir.
Çox vaxt uşaqlarla aparılan şifahi və yazı­lı sorğu zamanı bir sıra çətinliklərlə rastlaşmaq olur. Bəzən uşaqlar ona verilmiş sualı o qədər də düzgün başa düşmürlər. Ona görə də sorğu zamanı uşağın ona verilən sualı nə qədər düzgün başa düşdüyünü müəyyənləşdirmək lazımdır.
Uşaqlarla aparılan tədqiqat işində uşağın psixologiyası və davranışı barədə daha düzgün məlumatlar əldə etmək üçün eksperiment daha səmə­rəli metodlardan biri hesab olunur. Eksperimentlə­rin daha səmərəli olması üçün onların təbii şə­raitdə, oyun və təlim fəaliyyətində aparılması zə­ruridir. Bu zaman uşaqları eksperimentin gedi­şinə maraqlandırmaq lazımdır.
Testləşdirmənin tətbiqi zamanı da uşaqların bu işdə iştirakının stimullaşdırılması zəruri­dir. Bunun üçün Kettelin və Vekselerin testlərinin uşaq variantlarından və sosiometrik testin bəzi formalarından istifadə olunması daha yaxşı nəticə verə bilər.
Pedaqoji psixologiyanın tədqiqat metodlarına gəldikdə ümumi psixologiyada, yaş psixologiyasında və psixo­logiyanın digər sahələrində istifadə olunan tədqiqat metod­larından pedaqoji psixologiyada da istifadə olunur. Bu metodlara müşahidə, şifahi və yazılı sorğu, eksperiment, fəaliyyət məhsullarının təhlili, anketlər, testləşdirmə və s. aid etmək olar. Peda­qoji psixologiyada bu metodlardan istifadə edərkən uşaqların yaş xüsusiyyəti, psixoloji-pedaqoji prob­lemin xüsusiyyətləri, onların köməyi ilə uşaqların tərbiyəlilik və hazırlıq səviyyələrini, təlim və tərbiyənin təsiri altında onların psixologiyası və davra­­nışında baş verən dəyişiklikləri aşkara çı­xarmaq imkanları nəzərə alınaraq müvafiq dəyişik­liklər edilir. Məsələn, pedaqoji müşahidədən uşaqların müxtəlif sosial şəraitdə özlərini necə aparmala­rını, eləcə də müxtəlif həyati məsələləri həll edərkən əldə etmiş olduqları bilik və vərdişləri tətbiq edə bilmək bacarığını aşkara çıxarmaq üçün istifadə etmək olar. Daha yaşlı uşaqları — yeniyet­mə və gəncləri öyrənərkən bu məqsədlə yazılı sorğu və testlərdən, məktəbəqədər və kiçik məktəb yaşlı uşaq­larla şifahi sorğu­dan istifadə etmək mümkündür.
Bu cür ümumi metodlarla yanaşı pedaqoji psi­xo­logiyanın özünəməxsus xüsusi metodları da var­dır. Bu cür metodlara psixoloji-pedaqoji eksperi­menti və uşaqların öyrənməyə qabillik, biliklilik və tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq üçün xü­susi psixoloji-pedaqoji testləş­­dirməni aid etmək olar.
Pedaqoji psixologiyada istifadə olunan metod­ları aşağıdakı şəkildə qruplaşdırmaq olar: təş­kiledici,prose­dur, qiymətləndirici, eləcə də fakt­ların toplanması və işlənməsiilə bağlı metod­lar.Təşkiledici metodlara məq­­səd, məzmun, aparı­lan tədqiqatın strukturu və təşkili, onların tərki­bi və hazırlıq aiddir. Prosedur metodlara bütöv­lükdə aparılacaq tədqiqatın, eləcə də onun hissələ­rinin həyata keçirilmə forması aiddir. Qiymətlən­dirici metodlara tədqiqatın nəticələrinin psixolo­ji-pedaqoji qiymətlən­dirilməsi yolları daxildir. Faktların toplanması və işlənməsi üçün tətbiq olu­nan metodların köməyi ilə yoxlanılanlar haqqında zəruri məlumatlar əldə edilir. Əldə edilmiş fakt­ların işlənməsi üçün tətbiq olunan metodların kö­məyi ilə müvafiq nəzəri və praktik psixoloji-peda­qoji nəticələr və tövsiyyələr irəli sürmək müm­kün olur.
Qeyd etdiyimiz tədqiqat xarakteri daşıyan me­todlarla yanaşı elə metodlar da vardır ki, onların köməyi ilə uşaqlara birbaşa praktik psixoloji-pedaqoji təsir göstərmək olur. Bu cür metodlara psixoloji məsləhət və korreksiyanı aid etmək olar. Psixoloji məsləhət adi söhbət şəklində şagirdlə, onun valideynləri və ya onun təlim-tərbiyəsi ilə məşğul olan adamlarla aparıla bilər. Psixoloji məsləhətdən fərqli olaraq psixokorreksiyanın kömə­yi ilə psixoloq maraqlandığı şəxsə bilavasitə psi­xoloji-pedaqoji təsir göstərir.
Pedaqoji psixologiyada eksperiment metoduna xüsusi yer verilir. Əldə edilmiş nəticələrin taleyi və səmərəliliyi psixoloji-pedaqoji eksperimentin düzgün təşkili və aparıl­masından asılıdır. Psixo­loji-pedaqoji eksperimentin nəticə­sinin etibarlı­lığı üçün bir sıra şərtlərə əməl olunmalıdır. Hər şeydən əvvəl, nəticələrdə səhvlərə yol verməmək üçün eksperimentin təşkili məntiqi əvvəlcədən düşünül­məlidir.
Psixoloji-pedaqoji tədqiqatın aparılmasına verilən ikinci xüsusi tələb testlər və digər psixo­diaqnostik metod­larla bağlıdır. Onlar kifayət qədər yoxlanmalı və uşaqların yaşına uyğunlaşdırıl­malıdır.


Tarix: 27.11.2014 / 12:07 Müəllif: Aziza Baxılıb: 321 Bölmə: Ümumi Psixologiya
loading...