beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təfəkkür və təxəyyül

1. Təfəkkürün psixoloji mahiyyəti.
2. Təfəkkürün formaları.
3. Təfəkkürün növləri və prosesləri.
4. Təfəkkür və məsələ həlli.
5. Ağlın keyfiyyətləri.
6. Təxəyyül haqqında anlayış.
7. Təxəyyülün növləri.
8. Təxəyyül və yaradıcılıq.
1-ci sual. Duyğu və qavrayış səviyyəsində cisim və hadisələrin mahiyyətinə var-maq, onlar arasındakı ən ümumi, vacib və zəruri cəhətləri əks etdirmək mümkün olmur. Yaxud əksər hallarda bu cür əməliyyat aparmaq əlverişli olmur. Ona görə də cisim və hadisələrin mahiyyətinə varmaq, onlar arasındakı ümumi, zəruri əlaqələri tapmaq, əməliyyat aparmaq başqa bir psixi prosesin yaranmasına səbəb olur. Bu isə təfəkkür prosesidir. Təfəkkür cisim və hadisələrin, onlar arasındakı əlaqə və asılılıqların ümumiləşmiş və vasitəli inikasından ibarət olan psixi prosesdir.
təfəkkür,təxəyyül,fantaziya,yaradıcılıq,xəyalTəfəkkürün duyğu və qavrayışdan fərqi ondan ibarətdir ki, duyğu və qavrayış bilavasitə inikasdır. Təfəkkür isə vasitəli inikasdır.
Təfəkkür və şüurun ümumi cəhəti ondan ibarətdir ki, hər ikisi beynin məhsuludur, varlığı əks etdirir. Fərqləndirici cəhəti ondan ibarətdir ki, şüur ideal inikas kimi yalnız və yalnız ictimai insana məxsusdur. Şüur münasibətdə olan münasibətin inikasıdır. Təfəkkür daha qədim tarixə malikdir. Təfəkkür varlığın inikasının ali səviyyəsidir. Təfəkkür — obyektiv varlığın vasitəli, ümumiləşdirilmiş, nitqin köməyilə daha dəqiq inikasından ibarətdir.
Təfəkkürün əsas keyfiyyətləri aşağıdakılardır:

1. Təfəkkür obyektiv varlığın vasitəli inikasıdır (cismin temperatur xassələrinin təyin edilməsi).Təfəkkür obyektiv varlığın ümumiləşmiş inikasıdır (ayn-ayrı hallardan ümumi hala keçmək).
Təfəkkür digər psixi proseslərdən fərqli olaraq, varlığın daha dəqiq, daha düzgün inikasıdır.
Təfəkkür obyektiv varlığın nitq vasitəsilə inikasıdır. Nitqsiz təfəkkür yoxdur. Təfəkkürsüz nitq var.
Hər bir psixi proses antogenetik inkişafda inkişaf dinamikasına malikdir. Belə ki, təfəkkür də digər psixi proseslər kimi fərdi inkişafa malikdir. Təfəkkürün inkişafı haqqında müxtəlif yanaşmalar var. İsveçrəli Jan Piaje qeyd edir ki, təfəkkür öz inkişafında 4 əsas mərhələni keçir. I — sensomotor — hissi — hərəki mərhələdir. Bu mərhələdə təfəkkürün inkişafı əsasən nitqin inkişafı ilə paralel getməyə başlayır. Ayrı-ayrı hərəkətlər vasitəsilə uşaq fikirləşməyə başlayır. II — əməliyyatlara qədərki mərhələ adlanır. Bu mərhələdə demək olar ki, uşaq müəyyən əməliyyatlara başlayır. Burada nitqlə təfəkkürün inkişafı fərqlənir. Nitq təfəkkürü üstələyir. III — konkret əməliyyatlar mərhələsidir. Burada uşaq bir qədər mücərrəd düşünməyə başlayır. IV — formal əməliyyat mərhələsidir ki, insan abstrakt düşünməyi öyrənir.
Təfəkkürün xarakterik xüsusiyyətlərindən biri də onun nitqlə əlaqədə, vəhdətdə olmasıdır. İnsan daim sözlər əsasında fikirləşir. Həm nitqin, həm də təfəkkürün əsasını ikinci siqnal sistemi təşkil edir. Lakin nitq təfəkkür prosesinin özü deyil.

2-ci sual. Təfəkkürün 3 forması vardır: məfhum, hökm, əqli nəticə və ya istidlal.
Cisim və hadisələrin ümumi və mühüm olan əlamətlərin inikasına məfhum deyilir. Ümumi, konkret, fərdi və mücərrəd məfhumlar var. Müəyyən cisim və hadisələr qrupunun ümumi və mühüm əlamətlərini əks etdirməsi ümumi məfhum adlanır. Məs, tələbə, müəllim, şagird və s. Gerçək cisimlərin mühüm əlamətlərinin inikası konkret məfhum adlanır (dəftər, kitab və s.). Ayrı-ayrı cisim və hadisələrin ümdə xüsusiyyətlərinin əksi fərdi məfhumdur (məs, dahi şair Fizuli, Moskva və s.). Mücərrəd məfhum isə cisim və hadisələrin keyfiyyət və xassələrinin onun özündən təcrid edilib, müstəqil surətdə düşünülməsidir (məs, xoşbəxtlik, yaxşılıq, bədbəxtlik və s.)
Cisim və hadisələrin arasında müəyyən əlaqə və münasibətin olub-olmamasını iqrar və inkar edən təfəkkür formasına hökm deyilir. Ümumi, xüsusi və fərdi hökmlər vardır. «Bütün balıqlar üzür» ümumi, «bəzi balıqlar yırtıcıdır» xüsusi, «bu balıq çox gözəldir» fərdi hökmdür. Hökmlər iqrari və inkari olur. Məs, «təfəkkür və təxəyyül insana məxsusdur» iqrari, «heyvanlarda şüur yoxdur» inkari hökmdür. Cisimdə hər hansı bir sifətin iqrar və inkar edilməsinin səciyyəsinə görə şərti, təqsimi və qəti hökmlər vardır.
Hər hansı bir fikrin həqiqiliyi hökmdə söylənilmiş şərtlərdən asılıdırsa, bu, şərti hökm adlanır.
Təqsimi hökmlərdə hər hansı cismə aid olan bir neçə xüsusiyyətlər iqrar və ya inkar
edilir.
Hökm cisimdə bu və ya başqa əlamətin olduğunu şərtsiz, danışıqsız iqrar və ya inkar edirsə, o, qəti hökm adlanır.
Bir neçə hökmdən bir nəticənin çıxarılması istidlal və ya əqli nəticə adlanır. Əqli nəticənin 3 növü vardır: induktiv əqli nəticə (induksiya), deduktiv əqli nəticə (deduksiya) və təşbih. İnduksiya — bir neçə fərdi hökmdən bir ümumi nəticənin çıxarılmasıdır. Xüsusidən ümumiyə gedən əqli nəticədir. Deduksiya — ümumidən xüsusiyə gedən əqli nəticədir. Təşbih isə bir hökmdən bir nəticənin çıxarılmasıdır. Xüsusidən xüsusiyə gedən əqli nəticədir.

3-cü sual. Təfəkkür proseslərinə təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, konkretləşdirmə və təsnifat daxildir. Təhlil cismi və ya hadisəni fikrən hissələrə ayırmağa deyilir, yəni elementləri parçalamaq. Təhlil real ola da bilər, olmaya da bilər. Tərkib bu hissələri fikrən birləşdirməkdən ibarətdir. Cisim və hadisələr arasında oxşar və fərqli cəhətləri fikrən müəyyənləşdirməkdən ibarət olan əməliyyata müqayisə deyilir. Müqayisə zamanı cisim və hadisələr qarşılaşdınlır, onlar arasındakı ümumi və fərqli cəhətlər tapılır. Cisim və hadisələri aralarındakı mühüm əlamət və xassələrinə görə birləşdirməkdən ibarət olan əməliyyata ümumiləşdirmə deyilir. Ümumiləşdirmə 3 istiqamətdə olur:

Ümumi və mühüm əlamətlər ümumiləşdirilir (meyvə, tərəvəz, meşə və s.).
Ümumi və mühüm münasibətlər ümumiləşdirilir (hündür, alçaq və s.)
Təlim ümumiləşdirmələri (tezis, plan və s.)
Konkretləşdirmə müəyyən ümumi müddəaya aid olan xüsusi halları fikrən müəyənləşdirməkdən ibarətdir.
Cisim və hadisələrin ümumi və oxşar cəhətlərini müəyyənləşdirib, onların fikrən hər hansı qruplara, dəstəyə, növə ayrılması əməliyyatı təsnifat adlanır (məs, xorda-ılar, sürünənlər, quşlar).
Təfəkkürün növlərinə daxildir: əyani — əməli təfəkkür, əyani — obrazlı təfəkkür, texniki təfəkkür, mücərrəd təfəkkür, bədii təfəkkür, dialektik təfəkkür, məntiqi təfəkkür.
Əyani-əməli təfəkkür 3 yaşına qədər uşaqlarda üstünlük təşkil edir. Təfəkkürün bu növü ən çox bilavasitə təsir edən cisim və hadisələrin dərk edilməsi ilə əlaqədardır, yəni əşyalar üzərində praktik fəaliyyətlə bağlıdır.
Əyani-obrazlı təfəkkür obrazlı materiala istinad edir. Bu halda cisim və hadisənin qavrayış və təsəvvür surətləri təhlil edilir, müqayisədən keçirilir.
Texniki təfəkkür texniki məsələlərin həllinə yönəlir və bu sahədə yüksək göstəricilərə nail olmağa imkan yaradır.
Mücərrəd təfəkkür zamanı fikri fəaliyyət əsasən ümumi və mücərrəd məfhumlara istinad edir.
Əməli təfəkkür əməli məsələlərin həlli ilə əlaqədar olan təfəkkürdür.
Bədii təfəkkür varlığı obrazlı surətdə əks etdirməklə bağlı olan təfəkkürdür.
Dialektik təfəkkür ictimai və təbiət hadisələrini daim inkişaf edərək dəyişmə prosesində əks etdirən təfəkkürdür.
Məntiqi təfəkkür obyektiv gerçəkliyin qanunauyğun əlaqələrinin düzgün inikas etdirilməsi ilə əlaqədar olan təfəkkürdür.

4-cü sual. Təfəkkür məqsədyönlü idrak prosesidir. Təfəkkür o zaman fəaliyyətə gəlir ki, insanın qarşısına yeni problem, yeni sual və ya məsələ çıxır, qarşıya onları başa düşmək, mahiyyətini açmaq və ya həll etmək məqsədi qoyulur. Yəni insanın qarşısına yeni məsələ çıxanda, yeni məqsəd qoyulanda, həm də məlum qayda və üsullar onu həll etməyə yaramadıqda təfəkkürün fəaliyyəti güclənir.
Məsələnin həlli üçün o, ilk növbədə qəbul edilməli, anlaşılmalıdır.
Anlama fikri məsələ həllində mühüm mərhələ kimi çıxış edir. Belə ki, insan cisim və hadisələri sadəcə qavramır, həmçinin onların mahiyyətini müəyyənləşdirməyə çalışır. Əgər o, buna nail olursa, deməli, həmin obyekti anlayır. Cisim və hadisəni anlama onların səbəbini, nəticəsini, əmələgəlmə xüsusiyyətlərini, mühüm əlamətlərini, müəyyən cisimlır qrupuna aid olmasını müəyyənləşdirmək deməkdir.
Anlama vasitəsiz və vasitəli olur. Vasitəsiz anlamanın əsasında məlum və naməlum cisim və hadisələr arasında əlaqə yaratmaqdan ibarət olan tanıma durur. Vasitəli anlama daha mürəkkəbdir. Çünki o qabaqcadan düşünməyə istinad edir.
Hər bir məsələnin həllində zəruri şərtlərdən biri də məlumla məchul arasındakı əlaqə və asılılığın dərk edilməsidir.
Məsələnin həllində müəyyən fərziyyələrin irəli sürülməsi və onların yoxlanılması mühüm cəhətdir.

5-ci sual. Ağlın keyfiyyətləri hər şeydən əvvəl təfəkkürün müxtəlif növlərinin inkişaf səviyyəsi və bir-birilə çulğaşmasının xüsusiyyətləri ilə bağlıdır. Ağlın keyfiyyətlərinə ağlın müstəqilliyi, tənqidiliyi, çevikliyi, genişliyi, dəqiqliyi, fikrin surəti daxildir. Ağlın müstəqilliyi insanın bilik və təcrübəsinə əsasən cisim və hadisələrin mühüm əlamət və xüsusiyyətlərinin, əlaqə və münasibətlərinin qanunauyğunluqlarının başa düşməsində, yeni məsələlər irəli sürüb onları həll etməsində və biliklərini tətbiq etmə bacarığında özünü göstərir.
Ağlın tənqidiliyi onun müstəqilliyi ilə bağlı olub insanın a) dərk olunan fikirləri, faktları, fərziyyələri, eləcə də fikir və rəyləri ölçüb biçməsində b) idrak obyektlərindəki səhv və uyğunsuzluqları axtarıb tapmasında v) bunların səbəblərinin araşdırılmasında ifadə olunur. Ağlın tənqidiliyinə malik olan insanlar öz fikirlərini dönə-dönə yoxlayır, öz fikirlərinə tənqidi surətdə yanaşırlar.
Geniş ağla malik olan adamlar müxtəlif bilik sahələrində yaradıcı surətdə düşünməyə qadir olmuşlar. Ağlın dərinliyi məsələlərin mahiyyətini, hər bir hadisəni törədən səbəbləri müəyyənləşdirməkdə, problemi hərtərəfli anlamaqda, hadisələrin mənşəyini düzgün müəyyənləşdirməkdə ifadə olunur. Ağlın çevikliyi- insanlar həyat təcrübəsi boyu müxtəlif məsələlərlə, problemlərlə rastlaşır, onları müəyyən üsullarla həll edir. Bu halda insanlar müxtəlif tərzdə hərəkət edirlər. Bir çox insanlar bu vaxt məsələni həll edə-edə yeni yol və vasitələr tapırlar. Bu ağlın çevikliyi ilə əlaqədardır.
Fikrin surəti də mühüm keyfiyyət olub insanın həll etdiyi məsələyə verdiyi son cavabın müddəti ilə təyin edilir. Fikrin məntiqiliyi insanın ardıcıl əsaslı və düzgün düşünməsində ifadə olunur.

6-cı sual. Təfəkkür və təxəyyül arasında əlaqə hər ikisinin yeni obraz yaratması, fərq isə təfəkkürün ideya, təxəyyülün isə həmin ideyanın obraza keçməsidir.
Təxəyyül nədir?

Tarixən mövcud olmuş, bizim qavradığımız obyektlərin surətini yaradırıq.
İndi mövcud olan obyektlərin surətini yaradırıq.
Hər bir adam gələcəyin surətini yaradır. Hər bir adam özünü gələcəkdə görür.
Heç bir zaman mövcud olmamış, mövcud olması mümkün olmayan obyektlərin surətini yaratmaq.
Keçmiş qavrayış materiallarının yenidən işlənməsi sayəsində yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə təxəyyül deyilir. Təxəyyül surətlərini yaradanda şişirtmələrdən daha çox istifadə olunur: keyfiyyət və kəmiyyət şişirtmələri. Keyfiyyət etibarilə şişirtməyə, məsələn, əjdaha ayın qabağını tutdu. Təxəyyül surətlərində istifadə olunan üsullardan biri də kiçiltmədir. Məs, cırtdan.
Təxəyyül də bütün psixi hadisələr kimi xarici aləmin inikasıdır. Bununla birlikdə, təxəyyülün özünə aid xüsusiyyətləri də var. Təxəyyül prosesində insan xarici aləmdə bilavasitə olmayan yeni surətlər yaradır. Lakin insan təxəyyül prosesində nə qədər yeni surətlər yaratsa da heç bir şeyi özündən artırmır, yeni surətin ayrı-ayrı əlamət və ünsürlərini ancaq həyatdan götürür.

Bill Geyts (Bill Gates)

7-ci sual. Təxəyyülün iki növü vardır: passiv və aktiv təxəyyül.
İnsan bəzən elə şeylər fikirləşir ki, onları həyata keçirmir və yaxud da həyata keçirmək qeyri-mümkün olur. Belə təxəyyül passiv təxəyyül adlanır. Passiv təxəyyülə aiddir: xülya və xəyal. Xülya niyyətlidir. Xülya zamanı insan müxtəlif surətlər yaradır, onları gözünün qarşısında canlandırıb xoşhallanır. Lakin onların həyata keçirməsi mümkün deyil. Xəyal isə niyyətsizdir. Xəyal zamanı insan arzu ediləcək gələcəyin surətlərini yaradır.
Aktiv təxəyyülə aiddir: bərpaedici və yaradıcı təxəyyül.
Obyektin çertyoj, not, xəritə və s. əsasında yaradılan surətinə bərpaedici təxəyyül deyilir.
Fəaliyyətin orijinal və dəyərli məhsullarında reallaşdıran yeni surətlərin müstəqil yaradılması yaradıcı təxəyyül adlanır.

8-ci sual. Yaradıcılıq nədir? Yaradıcılıq psixologiya elmini 2 cəhətdən maraqlandırır: bir tərəfdən yeni surətlərin yaradılması prosessual xarakter daşıyır, digər tərəfdən təxəyyül yaradıcılıq prosesində bir qabiliyyət kimi formalaşır, yəni şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərindən biri kimi meydana çıxır. Psixologiyada yaradıcılıq prosesi müxtəlif istiqamətlərdə öyrənilir. I istiqamət alimlərin, yazıçıların, bəstəkarların, rəssamların ayrı-ayrı əsərlərin yaradılmasına aid fikirlərinin öyrənilməsindən ibarətdir. II istiqamət hər bir rəssam, yazıcı, bəstəkar müəyyən bir əsər üzərində işləyərkən müxtəlif istiqamətlərdə yaradıcılıq işi aparır. Məs, bəstəkar müəyyən bir musiqini bir neçə variantda yazır.
Təxəyyülün xüsusiyyətlərini aydınlaşdırmaq üçün bu tədqiqatlar xüsusi əhəmiyyətə malik olan nəticələr çıxarmağa imkan verir. Onlardan bəzilərini qeyd edək:

Yaradıcılıq mürəkkəb prosesdir. hər hansı bir surətin yaradılmasında müxtəlif psixi proseslər (qavrayış, hafizə, təfəkkür, təxəyyül, nitq, hisslər və s.) iştirak edir. Lakin onların içərisində təxəyyül xüsusi yer tutur.
Təxəyyül fəaliyyət prosesində formalaşır. O, özünün quruluşuna görə fəaliyyətin struktur xüsusiyyətlərini əks etdirir.
Yaradıcılıq prosesində insanda özünüaktuallaşdırma tələbatı formalaşır. Yaradıcı insanlar həmişə bu məsələyə diqqət vermişlər, əməksevərliyin yaradıcı fəaliyyət sahəsində də böyük əhəmiyyətə malik olduğunu xüsusilə qeyd etmişlər.
Bütün psixi proseslər şəxsiyyət xarakteri daşıyır. İnsanın öz şəxsiyyətini yaratdığı surətlər vasitəsilə ifadə etməsi üçün ən optimal şərait məhz yaradıcılıq prosesində əmələ gəlir.


Tarix: 27.11.2014 / 11:41 Müəllif: Aziza Baxılıb: 315 Bölmə: Ümumi Psixologiya